Məhkəmə qərarları › İş №2-1(112)-2950/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2950/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2950/2022 17.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi Əsədova Türkanə Malik qızının katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qanuni nümayəndə, cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “xx.xx.2004-cü il təvəllüdlü oğlu X3 təyin olunmuş əlillik müavinətinin dayandırılması ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin və müavinətinin bərpa edilməsini, qətnamə qəbul edilənədək ödənilməmiş qalan aylıq müavinətin və dayə pulunun (150 manat və 50 manat) həmçinin keçirdiyi əsəb və streslərə görə 3000 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” tələbi barədə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2004-cü il təvəllüdlü oğlu X3 təyin olunmuş əlillik müavinətinin dayandırılması ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin və müavinətinin bərpa edilməsi, qətnamə qəbul edilənədək ödənilməmiş qalan aylıq müavinətin və dayə pulunun (150 manat və 50 manat) həmçinin keçirdiyi əsəb və streslərə görə 3000 manat pul vəsaitinin cavabdehdən tutularaq ödənilməsi” barədə iddiа ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2004-cü il təvəllüdlü oğlu X5 anadan gəlmə serebral iflic xəstəsidir. xx.xx.2006-ci il tarixindən isə müvafiq olaraq oğluna əlillik vəsiqəsi verilmişdir. İddiaçının oğlunun əlilliyi səbəbindən aylıq olaraq 150 manatlıq müavinət onlara ödənilmişdir. Lakin təqribi olaraq 6 ay bundan əvvəl həmin müavinətlərin ödənilməsi və dövlət tərəfindən dayə üçün ayrılmış 50 manat pul vəsaiti məlum olmayan səbəbdən dayandırılmışdır. Bununla bağlı dəfələrlə tərəfindən aidiyyəti qurumlara müraciət olunmuşdur. Lakin cavabdeh qismində əlavə olunan orqanlardan heç biri tərəfindən iddiaçıya cavab verilməmiş, nə də yol verilən qanunsuzluq aradan qaldırılmamışdır. Belə ki, cavabdeh orqanlar tərəfindən heç bir əsas olmadan oğlunun əlillik dərəcəsi etibarsız hesab edilmişdir. Halbuki əlil vətəndaşların sosial təminatı dövlət orqanlarının fəaliyyətinin əsas istiqaməti olmalıdır. Lakin hazırda cavabdeh orqanlar verilməsi dayandırılmış müavinətin bərpa etmirlər, hüquqları pozulan iddiaçının yazılı müraciətlərinə belə cavab vermirlər. Hazırki tələbi isə cavabdeh orqanların hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Həmçinin may ayından etibarən oğluna verilən müavinətlər dayandırılmışdır. Bu səbəbdən də qətnamə qəbul edilənədək ödənilməmiş qalan aylıq müavinət və dayə pulu (150manat+50manat) cavabdehlərdən tutulmalıdır. Həmçinin keçirdiyi əsəb və streslərə görə 3000 manat pul vəsaiti cavabdehlərdən tutulmasını tələb edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəməyə iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə icraatı davam edən zaman iddiaçının sağlamlıq imkanları məhdud övladına görə müavinətin ödənilməsi ilə bağlı yaranmış problem aradan qaldırılmışdır. Kart məlumatları yenilənmişdir. X3 xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət təyin edilmişdir. X1 Sisteminin Sosial ödənişlər alt sisteminə və Əlillik alt sisteminə əsasən N.Qocayevin qəyyumu atası İddiaçı müəyyən edilmişdir. N.Qocayevin anası X4 xx.xx.2020-ci il tarixində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün verilməsi üçün müraciət etmişdir. Lakin N.Qocayevin qəyyumu atası olduğu üçün həmin təqaüdün verilməsindən imtina edilmişdir. Sosial ödənişlər alt sisteminə əsasən İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməmişdir. İddiaçı təqaüdün ona təyin edilməsi ilə bağlı müraciəti Mərkəzi Filiala daxil olmamışdır. Cavabdeh iddiaçıya sağlamlıq imkanları məhdud övladına görə Prezident təqüdünün ödənilməsi üçün iddiaçının yoldaşı deyil, özünün müraciət etməsi bildirilsə də, iddiaçı tərəfindən hər hansı müraciəti olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçının xx.xx.2004-cü il təvəllüdlü oğlu X3 təyin olunmuş əlillik müavinətinin dayandırılması ilə bağlı cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, əlillik dərəcəsinin və müavinətinin bərpa edilməsi, qətnamə qəbul edilənədək ödənilməmiş qalan aylıq müavinətin və dayə pulunun (150 manat və 50 manat) həmçinin keçirdiyi əsəb və streslərə görə 3000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə iddia tələbi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə münasibətdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi “ təqaüdün, həmçinin keçirdiyi əsəb və streslərə görə 3000 manat pul vəsaitinin tutulması” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-nin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Sosial müavinətlər haqqında ”Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir:”1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0. –ci maddəsinə əsasən, bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: ...4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət. Həmin Qanunun 7.0.-ci maddəsinə əsasən, “ Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.3. əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda; Həmin Qanunun 9.1.2-cü maddəsinə əsasən, əlilliyə görə müavinət-əlillik müddətinə təyin edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçıya sosial müavinət - 150 manat pul vəsaiti ödənilmiş, iddiaçıya nağdsız qaydada ödəniş təmin edilmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçının tələb etdiyi 150 manat məbləğində müavinət məbləğinin ödənilməsini təmin etdiyi üçün, tərəflərin arasında bu hissədə mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 150 manat məbləğində sosial müavinət məbləği ödənildiyi üçün, iddiaçının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı bu tələb üzrə işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39, 67, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbinin “xx.xx.2004-cü il təvəllüdlü oğlu X3 ödənilməmiş aylıq müavinətin (150 manatın) cavabdehdən tutularaq ödənilməsi” hissəsində inzibati iş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar