Məhkəmə qərarları › İş №2-1(112)-2950/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2950/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2950/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, vərəsəsi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, (keçmiş Tramvaynaya) küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardad ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən A tikiliyə dair mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Məhkəmənin qərardad ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən A tikiliyə və 420 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcrayə Komitəsi tərəfindən ayrılmış torpaq sahəsində 524 nömrəli icazə sənədinə əsasən atası X11 1956-cı ildə ünvan 2 ünvanda özünə fərdi yaşayış evi tikmişdir. ünvan 2 ünvanına Bakı şəhər İcrayə Komitəsinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu verilmişdir. xx.xx.1993-cü il tarixdə atası X11 dünyasını dəyişmişdir. Hal-hazırda həmin ünvanda on dörd nəfərdən ibarət ailəsi və yaxın qohumları yaşayırlar. O vərəsə kimi yaşayış ünvanına reyestrdən çıxarışın verilməsi ilə bağlı ünvan 4t etmişdir. Bakı şəhəri 10 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 789 nömrəli məktubu ilə xx.xx.1993-cü il tarixdə ölmüş, mərhum-X2 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, (keçmiş Tramvaynaya) küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar mərhumun qızı İddiaçı, oğlu X9, gəlini - X10, nəvələri - X5, X3 tərəfindən müraciət olunmuş və vərəsəlik işi açıldığını, təqdim edilən sənədlər araşdırılarkən məlum olmuşdur ki, qeyd olunan əmlaka, (Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, (keçmiş Tramvaynaya) küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə) hüquqmüəyyənedici sənədin alınmadığı səbəbindən vərəsəlik işinin həlli ilə əlaqədar zərurət yarandığı üçün, qeyd edilən əmlaka (Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, (keçmiş Tramvaynaya) küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə) dövlət reyestrindən Çıxarışın verilməsi məsələsinə baxılması üzrə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-39846/2023-**********46 nömrəli, daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə, onun ünvan 5 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə baxıldığını, müraciətlə əlaqədar bildirmişlər ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 237 kv.m hissəsi və fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşdiyini, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab olaraq, 13-13/2-1/06-4- 7846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda, sözügedən ünvan "xxxx" ASC-yə məxsus 6 kV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşdiyi göstərildiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Sonradan o, xx.xx.2024-cü il tarixdə məcburiyyət qarşısında qalıb, ünvan 2 ünvana bitişik olan işıq dirəyinin, köçürülməsi barədə ərizə ilə "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin 13-13/2-2/06-M-1086- /2024 nömrəli, xx.xx.2024- cü il tarixli məktubunda müraciətinə cavab olaraq, qeyd olunan ərazidə yüksək gərginlikli 6 kb-luq hava elektrik veriliş xəttinin yerinin dəyişdirilməsi üçün “ASAN xidmət” mərkəzinə müraciət etməyi tövsiyə olunmuşdur. "xxxx" ASC-dən alınan cavaba müvafiq olaraq, o “ASAN xidmət” mərkəzinə yazılı ərizə ilə müraciət etdi. “ASAN xidmət” xx.xx.2024-cü il tarixdə onunla xidmət göstərilməsi haqında 00578/24 nömrəli müqavilə bağlamışdır. Bağlanmış müqavilə üzrə ASAN xidmət” ona ünvan 6 ünvanında yerləşən ona məxsus fərdi yaşayış sahəsində dayaq yerinin dəyişdirilməsi ilə bağlı qiymətlərinin razılaşdırma protokolu təqdim etmişdir. Həmin protokola əsasən o, "xxxx" ASC-nə işıq dirəyinin dayaq yerinin dəyişdirilməsi üçün YEKUN dəyəri (ƏDV(18%) ilə birlikdə 12876,39 manat məbləğində pul vəsaitini müqavilə üzrə göstərilmiş bank rekvezitlərinə ödəniş etməyi bildirmişdir. O “ASAN xidmət” tərəfindən təqdim edilmiş qiymətlərin razılaşdırma protokolu üzrə təqdim edilən pul vəsaitinin ödənilməsinə heç bir maddi imkanı yoxdur. Belə ki, o, təqaüdçüdür. Ailə üzvləri də, kifayət qədər maddi cəhətdən təminatlı deyillər. Yaşadığı fərdi yaşayış evi atası tərəfindən Bakı şəhər İcrayyə Komitəsinin ayırdığı torpaq sahəsində tikmiş, həmin elektrik xətti sonradan həmin evə bitişik çəkilmişdir. Hal-hazırda, həmin evi özəlləşdirmək istəyərkən, Əmlak Komitəsi tərəfindən həmin işıq dirəyinə görə imtina edilmişdir. Bu səbəbdən də, o, vərəsə kimi, məcburiyyət qarşısında qalıb, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, (keçmiş Tramvaynaya) küçəsi, ev 41 ünvanında yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli oldu.

5. Cavabdeh qurumun iddiaçıya ünvanlanan imtina məktubunda qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 237 kv.m hissəsi və fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab olaraq 13-13/2-1/06-4-7846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan "xxxx" ASC-yə məxsus 6 kV-luq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə, texniki pasportun baş planında göstərilən sahə ilə faktiki torpaq sahəsi arasında perimetrik ölçü fərqi mövcuddur.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin 237 kv.m hissəsi və fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Belə ki, yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası "xxxx" ASC-yə göndərilmiş sorğuya cavab olaraq 13-13/2-1/06-4- 7846/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, sözügedən ünvan "xxxx" ASC-yə məxsus 6 kVluq hava elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Bakı şəhər İcraiyyə Komitəsi “Bakqorispolkom” X18 tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli 524 nömrəli fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılması icazəyə əsasən, Bülbülə qəsəbəsi, 1-ci Paralelnaya küçəsi ünvanında X7 fərdi yaşayış evinin tikilişi üzrə işlərin aparılması üçün icazə verilmişdir.

8. Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2008-ci il tarixli 2631 nömrəli arxiv çıxarışında qeyd edilmişdir ki, keçmiş Ordjenikidze rayonunun İşçi Deputatlarının İcraiyyə Komitəsinin iclasının xx.xx.1956-cı il tarixli 59 nömrəli protokolunda qeyd edilmişdir ki, fərdi yaşayış evinin tikilişi üçün torpaq sahəsinin ayrılması ilə bağlı Rayonkommunxoz tərəfindən təqdim edilmiş siyahı təsdiq edilməsi qərara alınmıışdır. 18 bəndində “Ayrılmış torpaq sahəsi” bölümündə X8 Bülbülə qəsəbəsi Ordjenikidze, 1-ci Paralelnaya küçəsi ünvanında 21x20=420 kv.metr sahənin ayrıldığı qeyd edilmişdir.

9. Keçmiş Bakı şəhər sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda Bül-Bülə qəsəbəsi Tranvaynaya 41 ünvanında yerləşən evin sahibi kimi Məməmədov Əmirəli qeyd edilmişdir.

10. 29.07.2023-cü il tarixli AZ-İİ seriyalı 310411 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X12 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.

11. ünvan 8 ünvanlandığı xx.xx.2023-cü il tarixli 289 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1993-cü ildə ölmüş, mərhum-X4 miras qalmış, Bakı şəhəri, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar mərhumun qızı- İddiaçı, oğlu - X9, gəlini-X10, nəvələri-X6, X3 tərəfindən müraciət olunmuş və vərəsəlik işi açılmışdır. Təqdim edilən sənədlər araşdırılarkən məlum oldu ki, yuxarıda göstərilən əmlaka (Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə) hüquqmüəyyənedici sənəd alınmamışdır. Vərəsəlik işinin həlli ilə əlaqədar zərurət yarandığı üçün yuxarıda qeyd edilən, miras əmlaka (Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayaış evinə) dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxılması xahiş edilir.

12. Cavabdehin xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktında qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasportda 0.08132 ha qeyd olunsa da, faktiki 0.08132+53.20 ha təşkil edir. Torpaq sahəsi mişar daş ilə bir neçə hissəyə bölünüb. B f.y.e və köhnə köməkçilər sökülüb. Ərazidə 2 ədəd 2 mərtəbəli fərdi yaşayış evi və köməkçi tikililər inşa edilib. A f.y.e bir neçə ailə istifadə edir. Küçə tərəfdən 7.50. m 9.0 m və düz hasarın üstündən 6 kv YGEX keçir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. II. İddianın növü və mümkünlüyü

15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

19. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

21. İş materiallarından görünür ki, keçmiş Ordjenikidze rayonunun İşçi Deputatlarının İcraiyyə Komitəsinin iclasının xx.xx.1956-cı il tarixli 59 nömrəli protokoluna əsasən, fərdi yaşayış evinin tikilişi üçün X7 Bülbülə qəsəbəsi, 1-ci Paralelnaya küçəsi ünvanında yerləşən 420 kv.metr torpaq sahəsi ayrılmışdır. Sözügedən ünvanda fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılması üçün X7 Bakı şəhər İcraiyyə Komitəsi “Bakqorispolkom” X18 tərəfindən icazə verilmişdir. Bakı şəhər sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda Bül-Bülə qəsəbəsi keçmiş Tranvaynaya 41 ünvanında yerləşən evin sahibi kimi Məməmədov Əmirəli qeyd edilmişdir. X11 xx.xx.1993cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

22. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

30. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının atasına qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

31. Surəti iş materiallarında olan keçmiş Ordjenikidze rayonunun İşçi Deputatlarının İcraiyyə Komitəsinin iclasının xx.xx.1956-cı il tarixli 59 nömrəli protokolu fərdi yaşayış evinin tikilişi üçün X7 ayrılan Bülbülə qəsəbəsi, 1-ci Paralelnaya küçəsi ünvanında yerləşən 420 kv.metr ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin protokol ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

32. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlil odur ki, torpaq sahəsinin 237 kv.m hissəsi və fərdi yaşayış evinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir.

33. Bununla bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.

34. Mübahisəli ünvanda yerləşən iddiaçının mərhum atasının istifadəsində olan torpaq sahəsi sözügedən «Tələblər» qəbul edilənə qədər, yəni keçmiş Ordjenikidze rayonunun İşçi Deputatlarının İcraiyyə Komitəsinin iclasının xx.xx.1956-cı il tarixli 59 nömrəli protokolu ilə ona ayrılmış, daha sonra Bakı şəhər İcraiyyə Komitəsi “Bakqorispolkom” X18 tərəfindən fərdi yaşayış evinin tikintisi üzrə işlərin aparılması üçün icazə verilmişdir.

35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

37. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, ünvan 12 ünvanında yerləşən A tikiliyə və 420 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar