Məhkəmə qərarları › İş №2-1(112)-2951/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2951/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2951/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi, qaçqın statusunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı nümayəndəsi Vəkil cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-254/1 saylı xx.xx.2019-cu il tarixli və 04 saylı xx.xx.2020-ci il tarixli qərarlarının ləğv edilməsi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və İddiaçı “qaçqın” statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi iddiaya dəqiqləşmə barədə ərizə verərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-254/1 saylı xx.xx.2019-cu il tarixli və 04 saylı xx.xx.2020-ci il tarixli qərarlarının qanunsuz hesab edilməsi, İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi və İddiaçı “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.2000-ci il tarixində Əfqanıstan İslam Respublikasının paytaxtı Kabil şəhərində anadan olub, Əfqanıstan İslam Respublikasının vətəndaşıdır. O, etnik mənsubiyyətinə görə tajikdir və islamın sünni təriqətinə etiqad edir. İddiaçı 2006-2018-ci illərdə 10 sinif Kabildə orta məktəbdə, 11-12-ci sinifləri isə Əfqanıstanın Herat şəhərində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra o, “Herat” Universitetinin ədəbiyyat fakültəsinə qəbul olmuş, lakin təhsilini yarımçıq qoymuşdur, iddiaçı subaydır, onun valideynləri, bir qardaşı və üç bacısı hazırda Bakıda yaşayırlar.İddiaçının atası Kabildə baş verən partlayış zamanı yaralanmış və buna görə onlar Herata köçmüşlər. 2018-ci ildə Taliban terror təşkilatı iddiaçının atasını bu təşkilatın sıralarına qoşulmasını tələb etmiş, lakin iddiaçının atası imtina etmişdir. Bundan sonra iddiaçının ailəsinə təhdidlər başlamışdır. İddiaçının atası ailə üzvləri ilə birlikdə 31 iyul 2019-cu il tarixində Özbəkistan Respublikasına, oradan isə Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2019-cu il tarixində “qaçqın” statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatətdə iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 1-ci bəndinin 8-ci abzasına müvafiq olaraq, özünə “qaçqın” statusunun verilməsini xahiş etmişdir. Onun vəsatəti cavabdeh inzibati orqanda ***-**** nömrə ilə qeydiyyata alınmış və iddiaçı ilə müsahibə aparılmışdır. İddiaçı müsahibədə bildirmişdir ki, onun ailəsi Taliban terror təşkilatı tərəfindən təhdid olunduğu üçünvətəndaşı olduğu və yaşadığı ölkəyə geri qayıtmaq istəmir. Cavabdeh inzibati orqanın İQ-254/1 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçıya “qaçqın" statusu verilməsindən imtina edilmişdir. İddiaçı həmin qərardan narazı olduğu üçün “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə müvafiq olaraq qərardan inzibati qaydada şikayət vermişdir. Cavabdeh inzibati orqanın 04 saylı xx.xx.2020-ci il tarixli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçı barəsində qəbul edilmiş müvafiq qərarı əsaslı hesab etdiyini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Əfqanıstan İslam Respublikasının vətəndaşı (Pasport: O 0928677), hazırda Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında müvəqqəti yaşayan, 15 avqust 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir.Müsahibə zamanı ərizəçi Əfqanıstan islam Respublikasının Kabil şəhəri (pasportunda Herat qeyd edilib) Dərləman məntəqəsində dünyaya gəldiyini, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, orta məktəbi 2006-2018-ci illərdə 10-cu sinfə qədər Kabildə, 11-12-ci sinifləri isə Heratda oxuduğunu, orta məktəbi bitirdikdən sonra 2018-ci ildə “Herat” Universitetinin ədəbiyyat fakültəsinə daxil olduğunu, bir semestr oxuduqdan sonra Azərbaycana gəldiyi üçün təhsilini yarımçıq qoyduğunu qeyd etmişdir. Özü və ailə üzvləri barədə məlumat verən İddiaçı subay olduğunu, Ahmad Bəşir adlı dayısının ailəsi ilə birlikdə Almaniyada, Humayun adlı dayısının isə İranın Tehran şəhərində yaşadıqlarını, 1 qardaşı və 3 bacısının olduğunu, özünün 1-ci uşaq olduğunu, Azərbaycana gələnə qədər ailəsi ilə birlikdə Herat şəhəri Golyurdu məntəqəsində yaşadıqlarını bildirmişdir. Ərizəçi 2019-cu ilin əvvəllərindən etibarən atasının daha öncələr taliblər tərəfindən təhdid olunduğunu hiss etdiyini, daha sonra bu barədə anasından öyrəndiyini, bu səbəbdən Kabildə yerləşən bir turist şirkəti vasitəsilə dəvətnamə aldıqlarını və xx.xx.2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Özbəkistandan keçməklə viza əsasında Azərbaycana gəldiklərini qeyd etmişdir. Ərizəçi müsahibəsi zamanı 2018-ci ildə atasının taliblər tərəfindən təhdid olunmasını Əfqanıstanı tərk etməsinin başlıca səbəbi kimigöstərməsinə baxmayaraq, təqib edildikdən sonrakı ötən müddət ərzində yaşadığı məntəqədə özünün və ailə üzvlərinin heç bir təhdidə məruz qalmadığı, həmin məntəqədə təhlükəsiz şəraitdə yaşadıqları məlum olmuşdur. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Bununla baglı məhkəmə qeyd edir ki, Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır.Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” Avropa Məhkəməsinin presedent hüququnda da bu məsələ beynəlxalq hüququn hamılıqla tanınan məsələsi hesab olunur ki, iştirakçı dövlətlər öz müqavilə öhdəliklərinə, o cümlədən Konvensiyadan irəli gələn öhdəliklərinə əməl etmək şərti ilə əcnəbilərin ölkəyə gəlişinə, yaşayış yerinə və ölkə daxilində yerdəyişmələrinə nəzarət etmək hüququna malikdirlər (Əbdüləziz, Kabales və X1rşı, 28 may 1985-ci il tarixli qərar, A seriyaları, c. 94, b. 67; və Bujlifa Fransaya qarşı, 21 oktyabr 1997-ci il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1997-Vİ, b. 42). Bundan əlavə, nə Konvensiya, nə də onun Protokolları siyasi sığınacaq hüququ vermir (bax: Vilvaraca və başqaları Birləşmiş Krallığa qarşı, 30 oktyabr 1991-ci il tarixli qərar, A seriyaları, c. 215, b. 102; və Əhməd Avstriyaya qarşı, 17 dekabr 1996-cı il tarixli qərar, Qərar və qərardadlar toplusu, 1996-Vİ, b. 38). İddiaçı Əfqanıstan İslam Respublikasına qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X4rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə ərizəçinin 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə ərizəçinin öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, 26 iyul 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə ərizəçini onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və ərizəçinin şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Konkret ölkədəki ümumi situasiyanı araşdırmaq məqsədi ilə məhkəmə çox vaxt insan hüquqlarının müdafiəsi üzrə müstəqil beynəlxalq assosiasiyaların son dövrlərə aid hesabatlarında yer alan informasiyaya önəm verir (Çahalın işi üzrə qərar, b. 99-100; Müslim Türkiyəyə qarşı, ərizə N 53566/99, b. 67, 26 aprel 2005; Səid Niderlanda qarşı, ərizə N 2345/02, b. 54, 5 iyul 2005; və Əl-Moayad Almaniyaya qarşı (qərardad), ərizə N 35865/03, b. 65-66, 20 fevral 2007). Eyni zamanda, bir çox işlərdə Məhkəmə qərara alıb ki, sadəcə şəxsi qəbul edəcək ölkədə nizamsız situasiyanın olması səbəbindən qəddar rəftar ehtimalının mövcud olması özlüyündə 3-cü maddənin pozuntusuna səbəb olmur (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 111; və Fatqan Katani və başqaları Almaniyaya qarşı (qərardad), ərizə N 67679/01, 31 may 2001) və Məhkəmənin əlində ümumi situasiyanı təsvir edən mənbələr olduqda, onun konkret işdə ərizəçinin konkret iddialarını digər sübutlarla tutuşdurması tələb olunur (bax: Mamatkulov və Askarovun işi üzrə qərar, b. 73; və Müslimin işi üzrə qərar, b. 68). Ərizəçinin mütəmadi olaraq qəddar rəftar praktikasına məruz qalan qrupun üzvü olduğunu iddia etdiyi işlərdə Məhkəmə hesab edir ki, ərizəçi əvvəlki bənddə qeyd edilmiş mənbələrin əsasında zərurət yarandığı təqdirdə sözügedən praktikanın mövcud olduğunu və onun sözügedən qrupun üzvü olduğunu düşünmək üçün ciddi səbəblərin olduğunu sübut edərsə, o halda Konvensiyanın 3-cü maddəsinin müdafiə mexanizmi işə düşür (Salah Şixin işi üzrə qərar, b. 138-149). Hazırkı işdə ərizəçi ölkəsini tərk etməsini əsası kimi iddiaçının atasının dövlət agentliyində işlədiyi dövrdə Taliban terror təşkilatı ilə əməkdaşlıq etməkdən imtina etdiyini və buna görə də Taliban terror təşkilatı tərəfindən təhdidlər aldıgını göstərmiş, lakin özünün siyasi mənsubiyyətinə görə, hər hansı cinayət təqibinə məruz qalması (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin dıgər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız bəhailərin qeyri-adekvat mühitdə yaşamaqlarını ümumi formada ifadə edib. Beləliklə də ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-254/1 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən İran İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən ona qaçqın statusunun verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-254/1 saylı xx.xx.2019-cu il tarixli və 04 saylı xx.xx.2020-ci qərarının qanunsuz hesab edilməklə, iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-in 75 və 85-ci maddələrini rəhbər tuturaq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar