Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2951/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və yaşamaq üçün icazə müddətinin uzadılması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 oktyabr 2020-ci il tarixli, ******* nömrəli inzibati aktın ləğv edilməsi və Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılması barədə 10 avqust 2020-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmasının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1972-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuşdur. 1989-cu ildə həmin rayonda orta məktəbi bitirib Bakı şəhərində Azərbaycan Texniki Universitetinə daxil olmuş və 1994-cü ildə həmin institutu bitirmişdir. 1992-cı ildən X4 (Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi: AZE №********) ilə nikahdadır və bu nikahdan 3 (üç) övladı vardır. Gürcüstan Respublikasının vətəndaşı (pasport GEO 18AE047241) olmaqla, Azərbaycanda daimi yaşamaq icazəsi vardır (DYİ №0014204, DMX tərəfindən 24.06.2015 tarixdə verilib). O, əri X4 ilə birlikdə anasının yas mərasimində iştirak etmək üçün şəxsi avtomobillə “Sınıq Körpü” (“Qırmızı Körpü”) sərhəd buraxılış məntəqəsindən keçərək, Gürcüstana getmiş, 14.03.2020-ci il tarixdə eyni sərhəd buraxılış məntəqəsindən geri qayıdarkən, ona 14.03.2020-ci il tarixdən (saat 00:00-dan) Gürcüstan-Azərbaycan sərhədinin bağlanıldığı, Azərbaycan Respublikasına yalnız Azərbaycan Respublikasının vətəndaşlarının buraxıldığı bildirilərək, ölkəyə girişi qadağan edilmişdir. Daimi yaşama icazəsinin olması və Azərbaycan Respublikası vətəndaşı ilə rəsmi nikahda olduğunu təsdiq edən sənədlər təqdim olunsa da, ölkəyə girişi qadağan olunmuş və o, həmin tarixdən etibarən Gürcüstan Respublikasında qalmışdır. Yardım üçün müxtəlif dövlət qurumlarına müraciət olunmuş və yalnız 29.07.2020-ci il tarixdə Azərbaycan Respublikasının Gürcüstandaki səfirliyinin yardımı ilə Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasında daimi yaşama yerinə qayıda bilmədiyi zaman ərzində onun DYİ-nin müddəti 24.06.2020-ci il tarixdə bitmişdir və göstərilən səbəblərdən o, DYİ-nin uzadılması üçün vaxtında müraciət edə bilməmişdir. Beləliklə, DYİ-nin uzadılması barədə müraciət müddətinin ötürülməsi və DYİ vəsiqəsinin müddətinin bitməsi ondan asılı olmayan səbəblərdən (COVİD-19 pandemiyası ilə bağlı Gürcüstan-Azərbaycan sərhədinin bağlanması) yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X1 cavabdeh orqanın 06 oktyabr 2020-ci il tarixli, ******* nömrəli qərarının qanuni və əsaslı olduğunu qeyd edərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);.. Həmin Məcəllənin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 16559159 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 27.10.1966-cı ildə Gürcüstan Respublikası, Marneuli rayonunda doğulmuş X4 ünvan 1 ünvanında qeydiyyatdadır. - Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Zülfüqar Hacıyev ilə İddiaçı 06 iyul 1992-ci il tarixdə nikaha daxil olmuşlar. - Doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X3 21.04.2004-cü il tarixdə Rusiya, Smolensk vilayət, Smolensk şəhərində doğulmuşdur. Valideyinləri bölməsində atası-X4, anası- İddiaçı göstərilmişdir. - DYİ № ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, İddiaçı daimi yaşamaq üçün icazə vəsiqəsi 24.08.2015-ci il tarixdə verilmişdir. ünvan 2 ünvanı yaşayış yeri kimi göstərilmişdir. İcazə vəsiqəsinin 24.06.2020-ci il tarixədək etibarlı olması qeyd olunmuşdur. - GEO 18AE04721 nömrəli ümumvətəndaş pasportun surətindən görünür ki, İddiaçı 29.07.2020-ci il tarixdə Azərbaycan Respublikasının sərhədinə keçmişdir (həmin tarixdə Gürcüstan Respublikasının ərazisindən çıxmışdır). - Dövlət Miqrasiya Xidməti tərəfindən elektron poçt vasitəsi ilə mailto:zulfuqarali@mail.ruElektron ünvan ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Gürcüstan vətəndaşı İddiaçı Azərbaycan Respublikasına gəlməsinə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qadağa qoyulmamışdır. Vətəndaşa, aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. - “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 oktyabr 2020-ci il tarixli, ******* saylı qərarı ilə Gürcüstan vətəndaşı Gajiyeva Sadagatin 10 avqust 2020-ci il tarixli müraciətinin təmin edilməməsi qərara alınmışdır (səbəb: etibarsız DYİ vəsiqəsi təqdim olunmuşdur). - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimlədə Baş İdarəsinin 06.10.2020-ci il tarixli, 04/3723 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı 10 avqust 2020-ci ildə Dövlət Miqrasiya Xidmətinə daxil olmuş və 300632/m daxilolma nömrəsi ilə qeydiyyatdan keçmiş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.3-cü maddəsinə əsasən müraciətinə imtina verilərək, barəsində qəbul edilmiş qərarın surəti ünvanına göndərilmişdir. Əlavə olaraq müraciətçiyə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.0.1-45.0.11-ci maddələrinə uyğun olaraq və Miqrasiya Məcəlləsinin 46-cı maddəsində nəzərdə tutulmuş sənədlərlə birgə Dövlət Miqrasiya Xidmətinə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə sorğusu əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim olunmuş inzibati icraat materiallarından görünür ki; - xx.xx.1972-ci il təvəllüdlü Gürcüstan Respublikasının vətəndaşı İddiaçı 08.08.2020-ci il tarixdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anketi dolduraraq cavabdeh inzibati orqan müraciət etmiş və iddiaçının sənədləri 10.08.2020-ci il tarixdə 300632/m daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. - X4 (AZE********) Gürcüstan vətəndaşı İddiaçı Azərbaycan Respublikasında daimi yaşama icazə vəsiqəsinin almasına dair etirazının olmadığı, yaşadığı müddət ərzində bütün minimal tələbatını ödəmək öhdəliyini öz üzərinə götürməsi və mülkiyyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə (Seriya RX №0185158 nömrəli çıxarış) daimi qeydiyyata alınmasına etiraz etməməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh inzibati orqana ərizələr vermişdir. Məhkəmə tərəfindən göndərilmiş müvafiq sorğulara; - Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı “xxxx” QSC-nin 13.04.2021-ci il tarixli, 12/1472 saylı cavab məktubundan görünür ki, 14.03.2020-ci il tarixdən 24.06.2020ci il tarixədək Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikasına və ya geriyə “xxxx” aviaşirkəti tərəfindən uçuşlar həyata keçirilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 23.04.2021-ci il tarixli, 33/1311 saylı cavab məktubundan görünür ki, İddiaçı 14.03.2020-ci il tarixdən 24.06.2020-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 06 oktyabr 2020-ci il tarixli, ******* nömrəli “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin müddətinin uzadılmasından imtina olunması haqqında qərarı” ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.3-cü maddələri rəhbər tutularaq Gürcüstan vətəndaşı Gajiyeva Sadagatın 10 avqust 2020-cı il tarixli müraciəti təmin edilməmiş və bunun əsası müraciətçinin icazəsinin etibarlılıq müddətinin bitməsi və etibarsız DYİ vəsiqəsinin təqdim edilməsi olmuşdur. Bununla bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir: Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə daimi yaşamaq üçün icazənin verilməsi (müddətin uzadılması) qaydaları Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə” adlanan Vİİİ fəslində müəyyən olunmuşdur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin uzadılması) üçün tələb olunan sənədlərin əhatə dairəsi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 53-cü maddəsində sadalanmışdır. Həmin Məcəllənin 53.1.2-ci və 53.1.9-cu maddələrinə əsasən, pasportun və ya digər sərhədkeçmə sənədinin surəti; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti daimi yaşamaq üçün icazə müddətinin uzadılması üçün tələb olunan sənədlərə aiddir. Maddənin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 53.1.2-ci, 53.1.13-cü və 53.1.15-ci maddələrində göstərilən sənədlərin surətləri həmin sənədlərin əsli ilə birgə təqdim edilir və tutuşdurma aparıldıqdan sonra sənədlərin əsli onları təqdim etmiş şəxsə qaytarılır. Həmin Məcəllənin 55.0.3-cü maddəsinə əsasən, şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 14-cü maddəsinin 2ci abzasında göstərilmişdir ki, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın status verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). İşin araşdırılan hallarından da göründüyü kimi; - İddiaçı 24.08.2015-ci il tarixdə verilmiş DYİ № ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsində onun 24.06.2020-ci il tarixədək etibarlı olması qeyd olunmuşdur. - İddiaçı Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı müraciəti isə 10 avqust 2020-ci il tarixdə, yəni Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin etibarlılıq müddəti bitdikdən 1 (bir) ay 15 (on beş) gün sonra cavabdeh inzibati orqana daxil olmuşdur. - Cavabdeh inzibati orqan tərəfindən məhz Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 55.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən təqdim olunmuş DYİ-nin etibarsız olması səbəbindən sonuncunun müraciəti əsasında daimi yaşamaq icazəsinin müddətinin uzadılmasından imtina etmişdir. İddiaçı daimi yaşamaq icazəsinin uzadılması ilə bağlı vaxtında müraciət edə bilməməsini onunla əsaslandırmışdır ki, o, 07.03.2020-ci il tarixdən 29.07.2020-ci il tarixədək Gürcüstan Respublikasının ərazisində olmuş, Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan-Gürcüstan sərhədinin bağlı olması və Azərbaycan Respublikasının vətəndaşı olmaması səbəbindən, ölkəyə gəlməsi mümkün olmamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş məlumatdan müəyyən olunmuşdur ki, İddiaçı 14.03.2020-ci il tarixdən 24.06.2020-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 52-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs 180 gün ərzində 90 gündən çox müddətdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmasın. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilməsinə əsas olan hallar mövcud olduqda, Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış bu barədə icazə alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Məcəllənin 54.2-ci və 54.4-cü maddələrinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında daimi yaşamaq üçün şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət edirlər. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizə-anket və tələb olunan digər sənədlər elektron müraciət formasında təqdim edilə bilər. Məcəllənin 54.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. Bu zaman bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan sənədlər yenidən təqdim olunur. Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazənin verilməsi (müddətin uzadılması) ilə bağlı elektron müraciət forması üzrə inzibati prosedur qaydaları Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Kollegiyasının 2014-cü il 09 dekabr tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin alınması (müddətinin uzadılması) üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentin 3-cü bölməsində nəzərdə tutulmuşdur. İstinad olunan müddəaların tələbini hazırkı münasibətə tətbiq edərkən müəyyən edilir ki, qanunverici şəxsin Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazənin verilməsi (müddətin uzadıması) üçün hər hansı məhdudiyyət qoymadan əsas qaydanın şəxsin yaşamaq müddətinin bitməsinə azı 3 ay qalmış müraciət etmək zərurətinin olmasını tələb edir. Qanunvericilik şəxsin müraciətinin məhz yazılı formada olmasını şərtləndirməmiş, əksinə, şəxsin daimi yaşamaq üçün icazənin verilməsi barədə ərizəanket və tələb olunan digər sənədlərin elektron müraciət formasında həyata keçirilməsinədə imkan yaratmışdır. Buna baxmayaraq, İddiaçı daimi yaşamaq üçün icazə vəsiqəsinin 24.06.2020-ci il tarixədək etibarlı olduğunu bildiyi və ən geci 24.03.2020-ci il tarixədək (azı 3 ay) daimi yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı müraciət etməli olduğu halda, bununla bağlı ümumiyyətlə hər hansı bir müvafiq hərəkət etməmiş, Azərbaycan Respublikasının hüdudlarından kənarda (Gürcüstan Respublikasında olduğu) olduğu müddət ərzində icazənin uzadılması barədə ərizə-anket, həmçinin, tələb olunan digər sənədlərin elektron formada göndərilməsi hüququndan istifadə etməmişdir. Məhkəmə Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış “online” müraciət ilə bağlı münasibətdə vurğulamağı zəruri hesab edir ki, sözügedən müraciət forması İddiaçı daimi yaşamaq üçün icazə müddətinin uzadılması ilə bağlı müraciət kimi qiymətləndirilmir. Belə ki, “online” müraciətin məzmunundan göründüyü kimi, iddiaçının əri Z.A.Hacıyev daimi yaşama icazəsinin müddətinin uzadılması üçün əcnəbinin Azərbaycan Respublikasının ərazisində olmasının, ölkənin hüdudlarından kənarda olduğu halda, elektron müraciət üzrə daimi yaşama icazəsinin müddətinin uzadılmasının mümkün olub-olmaması ilə bağlı inzibati orqana müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müraciətinə Dövlət Miqrasiya Xidməti tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, və onların həyata keçirilməsinə maneəçilik yaradılmamışdır, həmin qərarda ifadə edilmiş nəticənin qanunsuzluğu qənaətinə gəlmək üçün əsaslar olmadığından hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və yaşamaq üçün icazə müddətinin uzadılması” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və yaşamaq üçün icazə müddətinin uzadılması” tələbinə dair iddiası təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2951/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2951/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver