Məhkəmə qərarları › İş №2-1(112)-2951/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2951/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2951/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nun X3 cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi və əmək pensiyasının hesablanması tələbini irəli sürərık iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 2018-ci ilin aprel ayında xidmət etdiyi Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb İdarəsinin Məhkəzi Hərbi Həkim Komissiyasında tibbi şəhadətləndirmədən keçərək, həmin Komissiyanın rəyinə əsasən xidmət dövründə aldığı xəsarət səbəbindən hərbi xidmətə yararsız hesab edilmiş, nəticədə Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin 13 aprel 2018-ci il tarixli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Həmin vaxtdan 3 ildən artıq müddət keçməsinə baxmayaraq, bu günədək aidiyyəti dövlət qurumları tərəfindən ona əlillik təyin edilməmişdir. Ötən bu dövr ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan cinayət işi ilə əlaqədar iddiaçı 2018-ci ilin oktyabr ayında həbs edilmiş və sonra Bakı Hərbi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli hökmü ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu səbəbdən də pensiya hüququnun təyinatı ilə bağlı olan əlillik dərəcəsinin təyin olunması üçün cavabdeh orqanda sənədləşmə işlərini başa çatdıra bilməmişdir. Həbsdə olduğu müddətdə müalicə və bərpa prosedurları keçmək məqsədilə dəfələrlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürülsə də, orada lazımi tibbi avadanlıqların, həmçinin onun (iddiaçının) xəstəliyinin müalicəsi üzrə ixtisaslaşmış tibbi personalın olmaması səbəbindən heç bir müalicə ala bilməmişdir. Bununla yanaşı, əlilliyin təyin edilməsi məqsədilə adəçəkilən Müalicə Müəssisəsinə müraciət etdikdə məlum olmuşdur ki, Dövlət Təhlükəsizlik Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi tibbi göndərişin qüvvədə olma müddəti 6 aydır. Buna görə də iddiaçı həmin Müalicə Müəssisəsinin həkiminin müşayiəti ilə xüsusi ayrılmış konvoy naryadı vasitəsilə ilk dəfə 2019-cu ilin avqust ayında, 2-ci dəfə isə 2021-ci ilin fevral ayında yenidən müayinədən keçmək və müvafiq tibbi rəyin alınması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ortopediya və Travmatologiya İnstitutuna etap edilmişdir. İddiaçı daha sonra Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin daxili həkim-tibb komissiyasından keçmiş, adıçəkilən komissiyanın gəldiyi nəticəyə əsasən onun barəsində tərtib olunmuş sənədlər və digər məlumatlar ilkin əlilliyin təyin edilməsi məqsədilə xüsusi göndəriş formasında (forma 088) rəsmişləşdirilərək cavabdehin elektron portalında yerləşdirilmişdir. Qeyd olunduğu kimi, bütün bu prosedurlar məhkumluq dövründə tam iki dəfə təkrarlanmışdır (o cümlədən, dövlət xəstəxanasına iki dəfə etap olunmuşdur). İlk forma 088 cavabdeh qurum tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. Səbəb kimi isə, sənədin Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən natamam doldrulması göstərilmişdir. Bu cavab ilk baxışdan sadə və texniki bir sənəd səhvini özündə ehtiva etsə də, cavabdehin laqeyd yanaşması səbəbindən 6 aydan gec gəlib çıxmışdır. İddiaçı məcbur qalıb yenidən yuxarıda qeyd olunan iş prosedurunu bir daha təkrar etmiş və yenidən cari ilin mart – aprel aylarında onun barəsində tərtib edilmiş forma 088 cavabdehin elektron portalına göndərilmişdir. 6 ay gecikdiyi üçün rəy də yenilənməli idi. Texniki tərtibat ucbatından ləngimiş sənəd vaxtında, yəni 6 ay ərzində geri qaytarılsa idi, qeyd edilən natamam doldurma nöqsanı da vaxtında aradan qaldırılmış olardı və yenidən tibbi rəy, xüsusi etap və komissiyalardan təkrar keçməyə ehtiyac olmazdı. Bundan əlavə, yuxarıda göstərilən prosedurlar azadlıqda olan bir şəxs üçün 1 – 2 gün sərf olunursa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs üçün aylarla və bəzən illərlə vaxt aparır. Beləliklə, cari ilin aprel ayında cavabdehə ünvanlanan forma 088-ə bu dəfə tibbi-sosial ekspet komissiyası tərəfindən baxılmış, lakin olduqca absurd səbəbdən ona əlillik təyin olunmasından imtina edilmişdir. Səbəb kimi isə, əlavə müalicəyə və bərpa müalicəsinə ehtiyacın olması göstərilmişdir. Cavabdeh qurum Penitensiar Xidmətin Müalicə Müəssisəsinin maddi-texniki bazasına və ümumiyyətlə tibbi imkanlarına əvvəlcədən çox yaxşı bələd olduğu halda (hər il məhkumların əlillik məsələləri üzrə onlarla müraciət cavabdeh tərəfindən baxılır və təhlil olunur), iddiaçıya məhkumluq dövründə aradan qaldırılması mümkün olmayan bir səbəb göstərir. Sual yaranır ki, məhkum olunmuş şəxs qeyd olunan müalicə və bərpa prosesini Penitensiar Xidmətin müalicə Müəssisəsindən başqa daha harada keçə bilər?! İddiaçı bütün yuxarıda göstərilənlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də cavabdehin ünvanına dəfələrlə yazılı müraciət etsə də, heç bir cavab alınmamışdır. 3 illik məhkumluq dövründə o, atasını və qardaşını itirmişdir. Qardaşı Azərbaycan Ordusunun zabiti X6 25 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçıya əmək pensiyasının təyin olunmaması, onun və ailəsinin (arvadı və üç övladı) sosial-məişət durumunu çox ağırlaşdırmışdır. Azərbaycan Respublikası mülki və mülki-prosessual qanunvericiliyinin tələblərini rəhbər tutaraq, məhkəmədən əlilliyin müəyyən olunması ilə bağlı hüquqlarının cavabdeh tərəfindən bərpa olunması, əlillik təyin olunduqdan sonra 2020-ci ilin mart ayından (cavabdehə ünvanlanan ilk forma 088 tarixindən) pensiya təminatının hesablanmasının həyata keçirilməsi barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı əlillik vəziyyəti Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin 25 fevral 2020-ci il tarixli 4449003AAA9B nömrəli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S60-S69 - Bilək və əlin travmaları => S66 - Əzələ və vətərin bilək və əl səviyyəsində travması => S66.0 Diaqnozun mətni: Əlin baş barmağını bükən uzun əzələ və onun vətərinin bilək və əl səviyyəsində travması. Sağ saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş yarsından sonrakı çapıqlar. Oynaqların kontrakturası. İ-İİ-İİİ barmaqların açıcı konturakturası, əzələlərin kəskin atrofiyası, hissiyatın zəifləməsi. Sağ orta sinirin neyropatiyası. Digər polinevropatiyalar. Postravmatik sağ orta sinirin polineyropatiyası. L5- S1 fəqərəarası diskin yırtığı, sinir kökcüyünün kompressiyası, daimi ağrı sindromu; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin TSEK-ə göndərişində aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapmır” səbəbi ilə imtina verilmişdir. Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Müalicə Müəssisəsinin 7 may 2021-ci il tarixli 4449003AABC2 nömrəli göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S51 - Saidin açıq yarası => S51.7 - Saidin çoxsaylı açıq yaralar; Diaqnozun mətni: Saidin səthi travması, Sağ saidin aşağı 1/3nin ön səthinin kəsilmiş yarasından sonrakı çapıqları. Oynaqların kontrakturası, l-ll-lll barmaqların açıcı kəskin konturakturası əzələlərin atrofiyası hissiyatın zəifləməsi sağ orta sinirin neyropatiyası daimi ağrı sindromu və əlin tutma funksiyasının pozulması. Onurğanın osteoxondrozu, L5-S1 fəqərəarası diskin yırtığı sinir kökcüyünün kompressiyası daimi ağrı sindromu; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə-əlavə müalicə təyin edilir. Bərpa müalicəsi məsləhət görülür.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxanda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia “əmək pensiyasının hesablanması” hissəsində mümkün sayılmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın əsassız olduğunu bildirdi, təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Həmin Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: - (2.3.2) dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Qaydanın 1.2-ci bəndnə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Qaydanın 2.4-cü bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, tibbi-sosial ekspert komissiyalarının müraciəti əsasında bu müddət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15 iş gününədək uzadıla bilər. Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. Həmin Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: - (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; - (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); - (1.5.3) əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; - (1.5.4) peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; - (1.5.5) əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əlillik təyin edilməsi məqsədilə onun müayinəsi üzrə müvafiq tibb müəssisəsi müvafiq göndəriş rəsmiləşdirmiş və bu barədə məlumatı “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil etmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyası həmin göndərişinin natamam doldurulması və iddiaçıya “əlavə müalicə məsləhət görülür” səbəbi ilə ona əlillik təyin etməmişdir. Qeyd olunmalıdır ki, normatov-hüquqi aktların tələblərinə görə şəxsin müayinəsi üzrə adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. Göründüyü kimi, müvafiq normativ-hüquqi aktların tələbləri aidiyyəti tibb müəssisəsinin göndərişinin natamam doldurulmasını şəxsə əlillik təyin olunmasından imtina üçün əsas kimi müəyyən etməmiş, lakin əlilliyinin təyinatında müayinə zamanı şəxsin orqanizmində pozulmuş fuksiyaların bərpa olunmamasını və onun cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit pozuntuların (fiziki, psixi, əqli və ya hissiyyat) olmasını eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması ilə şərtləndirmişdir. Hazırkı işin hallarına görə isə, iddiaçının müayinəsi üzrə oynaqların konfrakturası diaqnozu (M24.5) qoyulsa da, hansı kimi həmin diaqnoz «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 2.3.2-ci bəndinə görə üçüncü dərəcə əlilliyin təyin olunmasına əsas verir, onun müalicə müddətlərinin yetərli həddə olmaması əlilliyin təyinatının mümkünlüyünü istisna edir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar