Məhkəmə qərarları › İş №2-1(112)-2952/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2952/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2952/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə, müqavilə üzrə ümumi sahəsi 101,9 kv.m olan 10 saylı mənzillə bağlı aparılmış dövlət qeydiyyatının, çıxarışın (qeydiyyat vəsiqəsinin) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə, müqavilə üzrə ümumi sahəsi 101,9 kv.m olan 10 saylı mənzillə bağlı aparılmış dövlət qeydiyyatının, çıxarışın (qeydiyyat vəsiqəsinin) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci il tarixdə "xxxx" MTK-dan müqavilə əsasında mənzil almışdır. MTK-ya 81.250 (səksən bir min iki yüz əlli) manat pul ödənilmişdir. Həmin dövrdə binanın tikintisi başa çatmaq üzrə idi və mənzil 4-cü mərtəbədə yerləşirdi. Sonradan hansısa səbəbdən binanın tikintisi dayandırıldı. Uzun müddət müxtəlif fikirlər bildirildi və gözləmək məcburiyyətində qaldılar. İddiaçı müəyyən dövr Azərbaycanda olmamış və qayıtdıqdan sonra yenə də mənzili ilə maraqlanmışdır. Onlara bildirilmişdir ki, bu binanın istismarını "xxxx" MTK həyata keçirir. Mənzilini təmir etdirib, köçüb yaşamaq istədiyini bildirmiş və bu barədə rəsmi ərizə ilə “İnfina” Tikinti şirkətinə müraciət etmişdir. Cavablarında da həmin binanın istismarını həyata keçirdiklərini qeyd etmişlər. Şəhid ailəsi kimi ümid yolunu məhkəməyə müraciət etməkdə gördülər. İlkin olaraq maneələrin aradan qaldırılması barədə iddia qaldırmışlar. Məhkəmə prosesləri zamanı məhkəmə və tərəflərindən müvafiq qurumlara mübahisəli mənzillə bağlı sorğular verilmiş, onlara verilən rəsmi cavabdan məlum olur ki, vaxtı ilə müqavilə ilə onlara verilmiş mənzil hazırda başqa şəxsin mülkiyyətindədir. Bir neçə dəfə alqı-satqı predmeti olmuşdur. Özü də bu proseslər son illərdə həyata keçirilmişdir. Bu mənzil əvvəlcə "xxxx" MMC tərəfindən X16, sonradan o da mənzili X1. "xxxx" MTK və "xxxx" MTK-ı eyni şəxs idarə edir. Məqsədləri onların evi mənimsəmək və qazanc əldə etmək olmuşdur. Bu müqavilələr formal olmuş və qanunsuz həyata keçirilmişdir. Yasamal Rayon Məhkəməsində manelərin aradan qaldırılması ilə bağlı ərizəsinə baxılarkən məlum olmuşdur ki, mənzili özəlləşdirilmiş və alqı-satqı predmeti olmuşdur. Bu mənzilə o qanuni yolla əldə etmiş, ödəniş etmiş və sənədlərin əsli özündədir. Aldığı mənzilin ünvanı ünvan 1 mənzil 10-dur. Özəlləşmənin (çıxarışın) ləğvi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh qurumun cavabı səthi və anlaşılan olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, ev 60, 10 saylı mənzil ilkin olaraq xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Daha sonra Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 4Ə-1997 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixdə X13 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-316 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə, **********63-05301-093004 reyestr nömrəsi ilə X9 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışların verilməsinə əsas olmuş alqı-satqı müqavilələr artıq iddiaçı tərəfindən ümumi məhkəmədə mübahisələndirildiyindən və iddiaçının irəli sürdüyü tələb “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğvi olduğundan hazırki iddia tələbi inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtlərinə cavab verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyinin icrası iddia növünə aid olduğunu və iddiaçı ilə cavabdeh arasında yaranmış inzibati mübahisənın Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə 610, 60 saylı evin 10 saylı mənzilin dövlət reyestrində qeydlərin ləğvi ilə bağlı olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cavabdeh məhkəmə bахışında iştirak etməmiş və öz nümаyəndələrini göndərməmişlər. Tərəflər məhkəmə iclasına gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə işə iddiaçı və cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq edilmiş sənədlər. İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. 8115 nömrəli xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, satıcı "xxxx" MMC Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış binasının 1 blok, 4 mərtəbəsi, 10 saylı mənzil ümumi sahəsi 101.9 kv.m olan yaşayış sahəsini alıcı X6 mülkiyyətinə verir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X11 tərəfindən 1 ədəd, 2 otaqlı, bina №1, blok 1, mənzil 10 üçün 81520 manat kassaya mədaxil edilmişdir. "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışına əsasən, Bakı şəhəri C.Cabbarlı və Z.Əhmədbəyov küçələrinin kəsişdiyi 610-cu məhəllədə inşa edilən 14 mərtəbəli yaşayış evi "xxxx" MMC-yə məxsusdur. Bu binanın 4 mərtəbə 1 blok 10 saylı mənzilində ümumi sahəsi 101.9 kv.m olan yaşayış sahəsinin pay dəyəri 27 noyabr 2011-ci il tarixli 8/15 saylı müqaviləyə əsasən payçı X12 tərəfindən tam ödənilmişdir, "xxxx" MMC-yə borcu yoxdur Yasamal rayon Məhkəməsinin 2(004)-237/2024 saylı xx.xx.2024 saylı qətnamədən görünür ki, İddiaçı cavabdehlər "xxxx" MMC, X17, X18, Bakı şəhəri 12 saylı dövlət notariat kontoru, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri 29 saylı dövlət notariat kontoruna qarşı “əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilən, istismarı "xxxx" MTK tərəfindən davam etdirilən Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi 60, 1 blok, 4-cü mərtəbə, mənzi 10 üzərində hüquqların bərpa oluması ilə bağlı maneələrin aradan qaldırılması, Bakı şəhəri, 12 saylı NK-da xx.xx.2020-ci il tarixdə, 4Ə1197 reyestr №-li "xxxx" MMC ilə vətəndaş X18 ilə bağlanmış alqı-satqı müqaviləsinin, Bakı şəhəri 29 saylı NK-da xx.xx.2022-i il tarixdə, 4Ə-316 reyestr №-li vətəndaş X18 ilə vətəndaş X14 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin qətnaməyə əsasən iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli **********15 nömrəli məktubunda bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 16 aprel 2025-ci il tarixli qərarı ilə 3-21-3- 30/2-14692/2025 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş: **********63-05301-093004 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10 (yeni qaydalarla: AZ1065, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır; Daşınmaz əmalkın alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10 (yeni qaydalarla: AZ1065, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 93.2 kv.m olan mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəsini alıcı X13 mülkiyyətinə vermişdir. **********63-05301-093004 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10 (yeni qaydalarla: AZ1065, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X13 adına qeydiyyata alınmışdır; 11 aprel 2022-ci il tarixli GMİP-00015-11/22a nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X18 Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10 (yeni qaydalarla: AZ1065, ünvan 2 ünvanında yerləşən və mülkiyyət hüquqları ilə DƏDRX tərəfindən 02 sentyabr 2020-ci il tarixində verilmiş qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyan X9 mülkiyyətinə vermişdir; **********63-05301-093004 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, məhəllə 610, ev 60, mənzil 10 (yeni qaydalarla: AZ1065, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır; Bakı Apellyasiya Məhkəməsi xx.xx.2025-ci il tarixli 3-6-11/2-9980/2025 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 Fevral 2025-ci il tarixli, 2(102)-623/2025 nömrəli qərarı ilə İddiaçı cavabdehlər "xxxx" MMC, X17, X18, Bakı Şəhəri 12 Saylı Dövlət Notariat Kontoru, "Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri" X21 1 Saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 29 Saylı Dövlət Notariat Kontoruna qarşı “əqdin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5424/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətin təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)-5424/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5424/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən qanuni qüvvəsini almışdır. Əlavə olaraq, yuxarıda qeyd olunan mülki iş 10 apreı 2025-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2(103)-5424/2024 nömrəli qətnaməsində göstərilmişdir: “23. Birinci instansiya məhkəməsi "xxxx" MMC (tikinti işləri üzrə direktoru X3 şəxsində) ilə X11 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin qanunazidd olması barədə qənaətə gələrkən Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli hökmü və X5 tərəfindən Azərbaycan Respublikasının səlahiyyətli dövlət, icra hakimiyyəti, hüquq-mühafizə və digər orqan və təşkilatlarına təqdim edilmiş 25 noyabr 2012-ci il tarixli ərizəsinə istinad etmişdir.

25. Əvvəla, sözügedən hökmdən iddiaçının cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması görünmür. O, həmin cinayət işi üzrə şahid qismində də ifadə verməmişdir. Ona görə də həmin hökmlə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisiallığı yoxdur. Bundan əlavə, təqsirləndirilən şəxs X5 həmin hökmdə öz əksini tapmış ifadəsində iddiaçı ilə bağlanmış müqaviləyə, onun etibarlı, yaxud etibarsız olmasına dair hər hansı ifadə verməmişdir. Ümumiyyətlə, məhkəmə kollegiyası adı çəkilən hökmdə mübahisəli mənzillə bağlı hər hansı epizoda rast gəlmədi.

29. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC ilə X11 arasında bağlanmış 8/15 nömrəli 27 noyabr 2011-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarlılığı başqa məhkəmə icraatında mübahisələndirilə bilər və hazırkı iş üzrə gəlinən nəticə onun qarşısını almır.

30. Məhkəmə kollegiyası iddiaçının tələbinə mahiyyəti üzrə qiymət verərək hesab edir ki, bu tələb birinci instansiya məhkəməsinin istinad etdiyi əsaslar üzrə deyil, digər əsaslar rəhbər tutulmaqla rədd edilməlidir.

33. İşdən göründüyü kimi, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İddiaçı hazırkı işdə bu qeydiyyat yazısını mübahisələndirməmişdir. Məhkəmə isə MPM-nin 218.3-cü maddəsinə əsasən yalnız irəli sürülmüş tələblər həddində işə baxır.

34. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC mübahisəli mənzili X16, sonuncu da 11 aprel 2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X2. X25, istərsə də Esmira Bağırova mübahisəli mənzili notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən əldə edərkən özlərindən əvvəlki mülkiyyətçinin hüququnun daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatına, bu qeydiyyatın həqiqliyi və tamamlığı prezumpsiyasına əsaslanmışlar. Başqa sözlə, onlar mübahisəli daşınmaz əmlakı əldə edərkən vicdanlı olmuşlar və iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı bunun əksini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, X18 və X11 vicdanlı əldə edən olduğundan, onlarla bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab edilə və həmin müqavilələr əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə X18 və X17 bağladıqları əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimliyi barədə onlarda hər hansı şübhə olmamış, mənzili əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırmışlar. Bununla da vicdanlı əldə edən kimi X18 və X17 iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışlar

41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı işdə "xxxx" MMC-nin mübahisəli mənzil üzərində mülkiyyət hüququnu mübahisələndirmədən birbaşa cavabdehlər Q.Siraclı və E.Bağırova ilə bağlanmış alqı-satqı müqavilələrini mübahisələndirmişdir. Halbuki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq "xxxx" MMC-nin adına mülkiyyət hüququ üzrə qeydə alınmışdır.

43. Məhkəmə kollegiyası iddiaçıya izah edir ki, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini ümumi əsaslarla iddia qaldırmaqla ayrıca məhkəmə icraatında tələb edə bilər.” Sözügedən qətnamə ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin olunması, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılmasını, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, X10, X16, Bakı şəhəri 12 saylı dövlət notariat kontoruna, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X21 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 29 saylı dövlət notariat kontoruna qarşı “əqdlərin etibarsızlığı və mənzilin təhvil verilməsi” tələbinə dair iddiasının təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2025-ci il tarixli 3-35/2-3906/2025-ci il tarixli məktubu ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 001 nömrəli tikinti obyektinin istismarına icazə sənədinin və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı Şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinin xx.xx.2009-cu il tarixli 3754 nömrəli tikintiquraşdırma işlərinin aparılmasına icazənin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. 001 №-li xx.xx.2020-ci il tarixli “Tikinti obyektinin istismarına İcazə”dən görünür ki, tikinti obyektinin ünvanı, döngə nöqtələrinin koordinatları, adı (adı olduqda): Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, “60”; X-400580, Y-4471250-dir. Tikinti obyektinin istismar təyinatı çoxmənzilli yaşayış binasıdır... Tikinti obyektinin sifarişçisi: "xxxx" MMC, tikinti obyektinin layihəçisi "xxxx" MMC, tikinti obyektinin podratçısı: ”İnşaatçı-3” MMC. Obyekt dövlət vəsaiti hesabına tikilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun olaraq inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 13 yanvar 2020-ci il tarixindən "xxxx" MMC-yə tikinti obyektinin istismarına icazənin verilməsi qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər Tikintiyə İcazə və Qeydiyyat Müfəttişliyinin “2009-cu il 31 dekabra”dək etibarlı olan 3754 №-li “Tikinti-quraşdırma işlərinin aparılmasında icazə”dən görünür ki, Bakı şəhər Tikintiyə İcazə və X7 rayonu, C.Cabbarlı ilə Z.Əhmədbəyov küçələri arasında 610-cu məhəllədə yaşayış binalarının (2 girişli, 10-12-14 mərtəbəli 1və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbələr, – 8.20 və -4.80 m səviyyələrində yeraltı avtodayanacaq, 2 mərtəbəli ticarət və ofis binası) tikintisini, ərazidə söküntü və torpaq bərtikmə işləri aparılan vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə icazə verir. (Tikintiyə nəzarəti aparır: "xxxx" MMC)

Məhkəmənin mövqeyi

Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası əsassızdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən -139-1.1.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. - 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). - 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. - 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. - 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. - 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; - 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə , tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; İş materiallarından görünür ki, iddiaçının tələbi “Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə, müqavilə üzrə ümumi sahəsi 101,9 kv.m olan 10 saylı mənzillə bağlı aparılmış dövlət qeydiyyatının, çıxarışın (qeydiyyat vəsiqəsinin) ləğv edilməsi”ndən ibarətdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə 10 saylı mənzillə bağlı dövlət qeydiyyatların aparılmasına və çıxarışların verilməsinə əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən tikintiyə icazə, tikinti obyektinin istismarına icazə və alqı-satqı müqavilələri (əqdlər) olmuşdur. Belə ki, mübahisəli mənzilin yerləşdiyi yaşayış binası tikinti-quraşdırma işlərinə icazə əsasında inşa edilmiş və həmin yaşayış binasının istirmara icazə sənədi mövcuddur. Göründüyü kimi mübahisəli mənzil “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və 8.0.10.1-ci maddələrində göstərilmiş əsaslar mövcud olduğundan ilkin olaraq "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmin qeydiyyatın qanunvericilik normalarına uyğun olmaması müəyyən edilməmişdir. Sonradan həmin mənzillə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.3-cü maddəsinin tələblərinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr (alqı-satqı müqavilələri) əsasında aparılmışdır. Yuxarıda təsvir edilmiş məhkəmə qətnaməsindən (Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5424/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsi) görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə 10 saylı mənzillə bağlı alqı-satqı müqaviləsini mübahisləndirmiş, həmin qətnaməyə əsasən sözügedən alqı-satqı müqavəsinin əsaslı olmasına məhkəmə tərəfindən münasibət bildirilmişdir və qeyd edilmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda isə X18 və X17 bağladıqları əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimliyi barədə onlarda hər hansı şübhə olmamış, mənzili əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırmışlar. Bununla da vicdanlı əldə edən kimi X18 və X4 Səbinə Nizami qızına nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışlar. Həmin qətnamədə, mənzil üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyindən iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə ona vurulmuş zərərin əvəzinin ödənilməsini ümumi əsaslarla iddia qaldırmaqla ayrıca məhkəmə icraatında tələb etmək hüququnun olması da İddiaçı izah edilmişdir. Hazırda məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5424/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli qətnaməsində iddia tələbinin fərqli olmasına baxmayaraq, həmin qətnamə hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, sözügedən məhkəmə qətnaməsi (yuxarı instansiya məhkəməsində qüvvədə qalmış və hazırda qanuni qüvvəsini almışdır) Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə 10 saylı mənzillə bağlı alqı-satqı müqavilələrinin əsaslı olduğunu təsdiq etmişdir. Beləliklə mübahisəli mənzilə dair ilkin "xxxx" MMC-nin adına, və sonrakı alqı-satqı müqavilələri əsasında aparılmış qeydiyyatları qanunvericiliyin tələblərinə uyğun olduğundan, iddiaçının hazırda tələb etdiyi çıxarışın (dövlət qeydiyyatının) ləğv edilməsi mümkün deyildir və məhkəmə inzibati icraatı zamanı cavabdeh tərəfindən qanunun tələblərinə riayət edilməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halları müəyyən etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati Prossesual Məcəlləsinin 68.1.-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2.-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsi, 610-cu məhəllə, 14 mərtəbəli bina, 1-ci blok, 4-cü mərtəbə, müqavilə üzrə ümumi sahəsi 101,9 kv.m olan 10 saylı mənzillə bağlı aparılmış dövlət qeydiyyatının, çıxarışın (qeydiyyat vəsiqəsinin) ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar