Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2953/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatdadır) İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydində düzəlişin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinin 05/15-113 saylı aktı ləğv edilməsi, iddiaçının soyadının Mustafayev kimi tanınması və soyadının tanınmasının icra öhdəliyini Xəzər rayon icra və Probasiya şöbəsinin vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək doğum haqqında akt qeydində soyadının “Qurbanov”dan “Mustafayev”ə düzəliş edilməsilə bağlı öhdəliyin Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçıya 24 noyabr 2020-ci il tarixdə rəsmi qadada olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05/15-113 saylı cavabı qəbul edərək, məlum oldu ki, doğum haqqında akt qeydində soyadı “Qurbanov”dan “Mustafayev”ə düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 05/15-113 saylı cavab qeyri obyektiv, qanuna zidd və əsassızdır. Belə ki, onun 08 iyul 1953-cü il tarixli doğum haqqında şəhadətnaməsində soyadı Mustafayev qeyd olunmuşdur. X1 26 mart 1998-ci il tarixli ölüm haqqında şəhadətnaməsində soyadı Mustafayev kimi qeyd olunmuşdur. Bundan başqa 19 avqust 1978-ci il tarixli onunla həyat yoldaşı X4 arasında bağlanmış nıkah haqqında şəhadətnamədə də artıq Mustafayev soyadı qeyd olunmuşdur. Bundan başqa övladlarının doğum haqqında şəhadənamələrində və şəxsiyyət vəsiqələrində Mustafayev Soyadını qeyd olunmuşdur. Hətta iddiaçının şəxsiyyət vəsiqəsində də Mustafayev soyadı qeyd olunmuşdur. Hesab edir ki, Xəzər rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən iddiaçıya verilmiş 24 noyabr 2020-ci il tarixli, 05/-15-1131 saylı imtina məktubundan görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadının “Qurbanov”dan “Mustafayev”ə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından, ərizənizin icrası cavabdeh tərəfindən mümkün olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Veysəlli kənd soveti tərəfindən 08 iyul 1953-cü il tarixdə verilmiş ИЕ №879670 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı 07 iyul 1953-cü il tarixdə Veysəlli kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 08 iyul 1953-cü il tarixdə 12 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X7, anası qrafasında X6 yazılmışdır. - MYİ seriyalı ******* №li müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, soyad qrafasında Mustafayev, ad qrafasında Kamal qeyd edilmişdir. -V-ЖГ275330 №li 26 mart 1998-ci il tarixli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1998-ci il tarixdə kəskin miokard infarktı səbəbindən ölmüşdür. Məhkəmə araşdırması dövründə sorğu əsasında xx.xx.1953-cü il təvəllüdlü İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Xəzər Rayon Polis İdarəsindən tələb olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi tərəfindən 25 dekabr 2020-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış məktubdan görünür ki, vətəndaşın təqdim edilən doğum haqqında şəhadətnaməsində, passportunda və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində soyadı ’’Mustafayev” qeyd olunduğu halda, doğumu haqqında akt qeydində soyadının “Qurbanov” qeyd edildiyi, doğumu haqqında akt qeydində soyadının “Qurbanov”-dan “Mustafayev”-ə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından müvafiq düzəlişin şöbə tərəfindən edilməsinin mümkün olmadığı, xx.xx.1953-cü il tarixdə Füzuli rayonun Veysəlli kəndində anadan olmuş vətəndaş İddiaçı doğumu haqqında akt qeydi şöbədə aşkar edilmədiyi qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə iddiaçının qardaşları hesab edilən X5 və X3 da doğum akt qeydlərinin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Qeyd olunan akt qeydlərindən çıxarışlardan da müəyyən edilir ki, iddiaçının hər iki qardaşının da soyadı qrafasında “Mustafayev” qeydi aparılmışdır. Beləliklə işin hallarından görünür ki, 08 iyul 1953-cü il təvəllüdlü İddiaçı ona məxsus bütün sənədlərdə soyadının “Mustafayev” olaraq qeyd olunduğuna istinad edərək, həmin səbəbdən doğum akt qeydində soyadının “Qurbanov”dan “Mustafayev” soyadına dəyişdirilməsi barədə Xəzər rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsasın olmadığına istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə məhkəmə, hazırki halda doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi üçün qanunvericiliklə qadağa olmadığını, o cümlədən Veysəlli kənd soveti tərəfindən 08 iyul 1953-cü il tarixdə verilmiş ИЕ №879670 saylı doğum haqqında şəhadətnaməyə əsasən iddiaçının soyadının Mustafayev qeyd olunduğu, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında qeyd aparıldığı, MYİ seriyalı ******* №li müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində soyad qrafasında Mustafayev qeyd olunduğu, o cümlədən mərhum atasının V-ЖГ275330 №li 26 mart 1998-ci il tarixli Ölüm haqqında Şəhadətnaməsində də soyadının Mustafayev qeyd olunduğu, ən nəhayət məhkəmə araşdırması zamanı sorğu əsasında əldə olunan qardaşlarının da doğum akt qeydində soyadlarının Mustafayev qeyd olunduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, doğum haqqında akt qeydində İddiaçı soyadının “Qurbanov”dan “Mustafayev”ə düzəliş edilməsi Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı doğum haqqında akt qeydində soyadının “Qurbanov”dan “Mustafayev”ə düzəliş edilməsi Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-2953/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2953/2021
02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver