Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2953/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə DSMF) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 05.04.1993-cü ildən 03.07.2006cı ilədək "xxxx" X5 Cəmiyyətində əmtəəşünas vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil edilməklə, ona əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun 05.04.1993-cü ildən 03.07.2006-cı ilədək "xxxx" ATSC-də əmtəəşünas vəzifəsində işlədiyi dövrün sığorta stajına daxil etməklə ona əmək pensiyası təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı) həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni xx.xx.1956cı il təvəllüdlü İddiaçı 27.06.2021-ci il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Gədəbəy rayonunda doğuulmuşdur. Pensiya yaşı tamam olmuşdur. Müxtəlif sahələrdə işləmişdir və əyani təhsil almışdır. Lakin əmək pensiyası ilə bağlı olaraq ərizə ilə müraciət etməsinə baxmayaraq, DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona imtina məktubu göndərilmişdir. Həmin məktuba əsasən onun 05.04.1993-cü ildən 03.07.2006-cı ilə qədər olan dövr iş stajına daxil edilməmişdir. Səbəb isə arxiv sənədlərinin tapılmadığı olmuşdur. Həmin illərdə o, "xxxx" ATSC-də əmtəəştinas vəzifəsində işləmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, İddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının ümumi iş stajı 16 il 10 ay 12 gün olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Yəni iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə İddiaçı işlədiyini iddia etdiyi müəssisənin mövcudluğunu və iddiaçının 05.04.1993-cü il tarixdən 03.07.2006-cı il tarixədək həmin müəssisədə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təqdim edilmiş 23 dekabr 2021-ci il tarixli, 4/2554 nömrəli məktubda "xxxx" müəssisəsinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi qeyd edilmişdir. Eyni zamanda “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6- 1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 45-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. Lakin 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajına uyğun (16 il 10 ay 12 gün) sığorta kapitalı 12825,63 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. İş materiallarından aydın olur ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş 05.04.1993-cü il tarixdən 03.07.2006-cı il tarixədək işlədiyini iddia etdiyi "xxxx" müəssisəsinin faktiki və arxiv sənədlərini saxlanıldığı ünvan məlum olmadığı üçün (müəssisənin fəaliyyət göstərməsinə dair hər hansı bir sübüt yoxdur və sənədləri arxivə təhvil verilməmişdir) həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. İddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil. Buna görə də həmin dövrlər (05.04.1993- 03.07.2006-cı il illər) sosial sığorta stajına daxil edilə bilməz. İddiaçı məhkəmə iclasında iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - 22.04.2009-cu il tarixdə Bakı şəhəri, Nəsimi RPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1956-cı ildə Gədəbəy şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. НЗ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 02.11.1974-cü il tarixdən 09.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. ЗВ seriyalı 686038 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1977-ci ildən 1982-ci ilədək X3 İnistutunda təhsil almışdır. - İddiaçıya məxsus ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı 01 iyul 1973-cü il tarixdən 30 oktyabr 1974-cü il tarixə kimi “Gədəbəy” İxtisaslaşdırılmış arıçılıq sovxozunda işləmişdir. 02.11.1974-cü ildən 01.12.1976-cı ilədək həqiqi hərbi xidmətdə olmuşdur (09.11.1976 Hərbi bilet Əmr 188, 01.12.1976-cı il); 23.07.1977-ci ildən 23.07.1982-ci ilədək X3 İnistutunda təhsil almışdır ( Diplom № 686038, 23.07.1982-ci il); 03.12.1982-ci ildə Maddi texniki təminat üzrə Blaqoveşensk rayon müəssisəsinin maddi texniki bazasının texniki təminat sanatoriyasına mühəndis-texnoloq vəzifəsinə qəbul olunmuşdur (Əmr № 95, 03.12.1982-ci il); 01.09.1986-cı ildə Komisyon ticarət üzrə mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir (Əmr № 33, 01.09.1986-ci il); 22.11.1989-cu ildə öz xahişi ilə işdən azad olunmşdur (Əmr № 176, 22.11.1989-cu il); 10.12.1989-cu il mühəndis vəzifəsinə qəbul olunmuşdur (protokol № 11, 10.12.1989-cu il); 14.02.1991-ci ildə öz istəyi ilə tutduğu vəzifədən azad olunmuşdur ( protokol № 3, 14.02.1991-ci il); 02.03.1991-ci ildə Hesablama texnikası üzrə mühəndis-texnoloq vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 4, 02.03.1991-ci il); 02.10.1992-ci ildə işdən azaad olunmuşdur (Əmr № 27, 02.10.1992-ci il); 13.01.1993-cü il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur (Əmr № 184, 13.01.1993-cü il); 05.04.1993-cü ildə 2 №li Respublika Mərkəzi Təchizat Bazasına əmtəəşünas vəzifəsinə qəbul olunmuşdur. (Əmr № 20/k, 05.04.1993-cü il); 03.07.06-cı il tarixdə işdən azad olunmuşdur. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş müvafiq sorğulara cavab olaraq verilmiş aşağıdakı məktublardan; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli 4/2554 saylı məktubda qeyd olunmuşdur ki, sorğuda qeyd olunan "xxxx" müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş 10.01.2022-ci il tarixli **********92800 saylı məktubda qeyd olunmuşdur ki, 10.07.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" MMC 21.06.2006-cı il tarixdə 0106-P230-46139 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bazasında yaradılmış və onun hüquqi varisidir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 22.09.2021-ci il tarixli **********2 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 20.03.1977-ci il tarixində tərtib olunmuş MT-İ № ******* saylı əmək kitabçasına, H3 № ******* saylı hərbi biletinin və 3B № 686038 saylı diplomunun surətlərinə əsasən onun ümumi sığorta stajını 16 il 10 ay 12 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 10 ay 12 gün sığorta stajına uyğun olaraq 12.825,63 manat pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Mərkəzi Filialın 07.09.2021-ci il tarixli aktına əsasən həmin 05.04.1993-cü il tarixindən 03.07.2006-cı il tarixinədək işlədiyi "xxxx" ATSC-nin arxiv sənədlərinin saxlanılmaması səbəbindən qeyd olunan dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlara əsasən müraciətçiyə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Ona 27.06.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq aşağıdakı sənədlərdən: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 13.01.2022-ci il tarixli **********57 saylı məktubunda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin 2 saylı Respublika Mərkəzi Təchizat bazasının əsasında keçmiş Dövlət Əmlak Komitəsinin 02.03.1998-ci il tarixli, 393 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 06.07.2004cü il tarixində tam özəlləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 18.01.2022-ci il tarixli **********59300 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin nizamanaməsinin surətindən müəyyən olunur ki, Cəmiyyət Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 21.06.2006-cı il tarixdə, 0106- P230-46139 nömrə ilə Dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin bazasında yaranmışdır və onun hüquqi varisidir. "xxxx" ASC 21.06.2006-cı il tarixdə hüquqi şəxs kimi Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyatdan keçmişdir. Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 06.04.1998-ci il tarixdə, D-2590 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" ATSC-nin özəlləşdirilmiş əmlakının bazasında yaradılıb və onun hüquqi varisidir. Vergilər Nazirliyi yaında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 12.12.2016-cı il tarixli çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" MMC 10.07.2006-cı ildə qeydiyyata alınmışdır. İPM-nin 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia həmçinin əsaslıdır və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İşin hallarına görə müvafiq dövrə münasibətdə sosial sığorta stajının mövcudluğunu cavabdeh qəbul etmədiyindən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasında qeyd olunsa da həmin illərə münasibətdə cavabdeh tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). İşin müəyyən edilmiş hallarına görə əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla iddiaçının 01.01.2006-cı il tarixə qədər 25 ildən artıq stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialarından müəyyən olunur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla müəyyən olumuş yaş həddinə (65 yaş) 27.06.2021-ci il tarixdə çatmışdır. Yuxarıda sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı müəyyən dövrə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək kitabçasındakı qeydlər qanunla müəyyən olunmuş qaydada (əmək stajı haqqındaişə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir) aparılmış və iddiaçının işlədiyi (cavabdeh tərəfindən mübahisələndirilən dövr üzrə) müəssisə Azərbaycan Respublikasının müvafiq Qanunvericiliyinə uyğun olaraq dövlət qeydiyyatındam keçmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıxx.xx.1956-cı il təvəllüdlü İddiaçı 27.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-xx.xx.1956-cı il təvəllüdlü İddiaçı 65 yaşının tamam olduğu 27.06.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-2953/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2953/2022
17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver