Məhkəmə qərarları › İş №2-1(112)-2955/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2955/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2955/2021 04.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Ş.Mirzəyev küçəsi ev 79, mənzil 13; ixtisası: iqtisadçı; iş yeri və vəzifəsi: “xxxx”MMC, satış meneceri), cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən və ölçüsü 0.06 ha olan 31 nömrəli bağ sahəsi üzərində X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alaraq ona müvafiq çıxarış və plan və ölçünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 13.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 20.04.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı X2 əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Həmçinin, iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən və ölçüsü 0.06 ha olan 31 nömrəli bağ sahəsinin X4 oğluna məxsus olması haqqında arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 04.05.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən və ölçüsü 0.06 ha olan 31 nömrəli bağ sahəsi 30 ildən çoxdur ki, X2 mübahisəsiz istifadəsindədir. Həmin bağ sahəsi “Turac" bağçılıq- yoldaşlığın idarə heyəti tərəfindən X3 ayrılmışdır. “Turac" bağçılıq-yoldaşlığı Abşeron rayon XDS-nin 29 aprel 1988-ci il tarixli 71 nömrəli qərarı əsasında “Azərquşsənaye" Birliyinin nəzdində yaradılmış və həmin qərar əsasında bağçılıq-yoldaşlığa Türkan üzümçülük ərazisindən 3,5 ha torpaq sahəsi ayrılmışdır. X4 isə 26 avqust 1988-ci il tarixli 3 nömrəli protokola əsasən “Azərquşsənaye" Birliyinin nəzdində yaradılmış “Turac" bağçılıq-yoldaşlığına üzv qəbul edilmişdir. Bundan sonra bağçılıq-yoldaşlığa ayrılmış 3,5 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. Bu fakt “Turac” bağçılıqyoldaşlığı üçün torpaq sahəsi verilməsinə dair 14 avqust 1989-cu il tarixli Akt”da öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin arxiv əsaslarında “Turac” bağçılıq-yoldaşlıq birliyinə dair qovluq aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********60 saylı 21.10.2020-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilmişdir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən “2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, “Turac" bağçılıq-yoldaşlığı Abşeron rayon XDS-nin 29 aprel 1988-ci il tarixli 71 nömrəli qərarı əsasında “Azərquşsənaye" Birliyinin nəzdində yaradılmış və həmin qərar əsasında bağçılıq-yoldaşlığa Türkan üzümçülük ərazisindən 3,5 ha torpaq sahəsi ayrılmışdır. X4 isə 26 avqust 1988-ci il tarixli 3 nömrəli protokola əsasən “Azərquşsənaye” Birliyinin nəzdində yaradılmış “Turac" bağçılıqyoldaşlığına üzv qəbul edilmişdir. Bundan sonra bağçılıq-yoldaşlığa ayrılmış 3,5 ha torpaq sahəsindən 0,06 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, AZ-İİ 174123 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X4 25.01.2021-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, Bakı şəhəri 40 saylı Notariat Ofisinin 08.04.2021-ci il tarixli 299 nömrəli mktubuna əsasən İddiaçı 25.01.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi tanınmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, İdarənin arxiv əsaslarında “Turac” bağçılıq-yoldaşlıq birliyinə dair qovluq aşkar edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərquşsənaye” Birliyinin nəzdində yaradılmış “Turac” bağçılıq-yoldaşlığına aid qovluğun arxivdə olmaması və vaxtilə arxivə təhvil verilməməsi iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsi üçün əsas ola bilməz. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi məhkəmənin soğusuna cavab olaraq 09.03.2021-ci il tarixli məktubla Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli 71 nömrəli qərarından çıxarışın təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 29 aprel 1988-ci il tarixli 71 nömrəli qərarından çıxarışın 1-ci bəndindən görünür ki, Türkan üzümçülük ərazisindən 3,5 ha torpaq sahəsi “Azərquşsənaye” Birliyinə ayrılmışdır. 5-ci bəndində isə görünür ki, “Azərquşsənaye” Birliyinin nəzdində yaradılmış “Turac” bağçılıq-yoldaşlığın nizamnaməsi qeydiyyata alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun n 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi, müvafiq ünvanda olan bağ sahəsinin iddiaçının mərhum atasına məxsus olması və hal-hazıradək həmin bağın reyestrdə qeydiyyata alınmaması cavabdeh tərəfindən də etiraf olunur. Mövcud qanunvericilik isə, şəxsin mülkiyyət hüququnu qeydiyyata alınanadək öldüyü halda, qeydiyyat orqanı tərəfindən onun vərəsələrinə “hüququn ölmüş şəxsə məxsus olması barədə arayış” verilməsini nəzərdə tutur. Belə olan halda, məhkəmə hesab edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi cavabdeh tərəfindən iddiaçının atasına məxsus bağ sahəsinə dair arayış verilməsini mümkün sayır. Beləliklə məhkəmə hesab edir ki, “Azərquşsənaye” Birliyinin nəzdində yaradılmış “Turac” bağçılıq-yoldaşlığına aid qovluğun arxivdə olmaması və vaxtilə arxivə təhvil verilməməsi iddiaçının təqsiri olmadığından, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən və ölçüsü 0.06 ha olan 31 nömrəli bağ sahəsinin X4 oğluna məxsus olması haqqında arayışın iddiaçıya verilməsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən və ölçüsü 0.06 ha olan 31 nömrəli bağ sahəsinin X4 oğluna məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar