Məhkəmə qərarları › İş №2-1(112)-2955/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2955/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2955/2025 24.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, A.Aslanov küçəsi, 105 saylı evin yaşayış sahəsi 12 kv.m olan 1 otaqlı 10 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında olan 105 saylı evin 10 A saylı mənzilə çıxarışın və texniki pasport verilməsi ilə bağlı ********** qeydiyyat nömrəsi ilə müraciət etmişdir. Aparılmış inzibati icraat zamanı məlum olmuşdur ki, iddiaçının tələbi təmin olunmuş mənzilə dair çıxarış və texniki pasport hazırlanmışdır. Məhkəmə iddia ərizəsini və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. İPM-in 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaətinə görə iddiaçının arzuladığı hərəkət, yəni mənzil üzərində mülkiyyət hüquqları qeydiyyata alındığından, tərəflər arasında mübahisə mövcud olmur və bu səbəbdən də iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 67, 83-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar