Məhkəmə qərarları › İş №2-1(112)-2958/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2958/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2958/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 sentyabr 2013-cü il tarixdə doğulmuş övladlarının soyadının dəyişdirilərək “Qurbanlı” yazılmasının və uşağın soyadının dəyişdirilməsi ilə bağlı müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, həyat yoldaşı İddiaçı2 Abbas qızı ilə 07 iyul 2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahlarından 31 may 2020-ci il tarixdə ikinci övladı dünyaya gəlmişdir. Əmiləri və onların övladları babasından qalan Məmmədov soyadını hamılıqla daşıyırlar. Uşağın adı 20 avqust 2020-ci il tarixli, 4527 saylı doğum haqqında şəhadətnamədə Fərhad, soyadı Məmmədov kimi qeyd edilmişdir. Lakin, belə qərara gəlmişdir ki, nəslinin Məmmədov ilə deyil atasının adının yaşaması üçün övladlarına Fərhadın babasının adı “Qurban” uşağa soyad kimi verilsin və rəsmi sənəddə X2 qeyd olunsun. Bununla əlaqədar olaraq, atası Məmmədov Qurban Heydər oğlu və anası X7 uşağın soyadının dəyişdirilməsi təşəbbüsünü dəstəklədiyini bildirmiş, onlar da, nəvələri Fəhada Qurbanlı soyadının verilməsini arzu etmişlər. Qeyd edirlər ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-2089/2014 saylı, 23.10.2014-cü il tarixli qərarı ilə ilk övladları X1 atasının adının yaşaması məqsədilə “Qurbanlı” soyadı ilə dəyişdirilmişdir. Hazırki məqamda övladları arasında soyad fərqinin olması həm çaşqınlıq yaradır, həm də birinin Qurbanlı digərinin Məmmədov familyası daşıması hər hansı məsələnin həlli zamanı dövlət orqanları qarşısında anlaşılmazlığa gətirib çıxarır. Tərəflərindən ikinci övladlarının soyadının “Qurbanlı” kimi qeydə alınması barədə Yasamal rayon İcra Hakimiyyətinə və Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş və imtina cavabı alınmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim olunaraq bildirilmişdir ki, İddiaçı1 21.09.2021-ci il tarixində oğlunun soyadının dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Qanunvericiliyin tələbləri göstərilməklə vətəndaşa 23.09.2021-ci il tarixində xahişinin təmin edilməsinin imkanları xaricində olduğu bildirilmişdir. İşə əlavə edilməsi üçün sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1985-ci il təvəllüdlüdür. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1988-ci il təvəllüdlüdür. İşdə olan AZ-İ seriyalı, 768703 nömrəli Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.06.2012-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1988-ci il təvəllüdlü X8 arasında 07 iyun 2012-ci il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2012-ci ilin 06 ayının 07 günündə 626 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 12289670 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Said Qurbanlı 08.09.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd olunmuşdur. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İV seriyalı, 483284 nömrəli, 08.12.2020-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 31.05.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin avqust ayının 08 günündə, 4527 nömrə ilə qeyd edilmişdir. Atası İddiaçı1, anası İddiaçı2 göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 23.09.2021-ci il tarixli, 05/Q-3755/15 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının övladının doğum haqqında akt qeydinin uşaq bəndində soyadının “Məmmədov”dan “Qurbanlı”ya dəyişdirilməsi barədə müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 26-cı maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərərindən müəyyən olunur. Göstərilənlərə əsasən, soyadın “Məmmədov”dan “Qurbanlı”ya dəyişdirilməsi imkan xaricindədir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2089/2014 saylı, 23.10.2014-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı məhkəmədə iddia qaldıraraq, 08.09.2013-cü il tarixdə doğulmuş övladlarının soyadının dəyişdirilərək “Qurbanlı” yazılmasını və uşağın soyadının dəyişdirilməsi ilə bağlı müvafiq şəhadnamənin verilməsinin cavabdehə tapşırılması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 08 sentyabr 2013-cü il tarixdə doğulmuş övladının soyadının dəyişdirlərək “Qurbanlı” yazılması və uşağın soyadının dəyişdirilməsi ilə bağlı müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 488358 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 08.09.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2013-cü ilin noyabr ayının 27-si günündə, 636 nömrəsi ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 ilə İddiaçı2 rəsmi nikahlarından 31.05.2020-ci il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı və onun arvadı İddiaçı2 övladlarının soyadının “Məmmədov” soyadından “Qurbanlı” soyadına dəyişdirilməsinə dair müraciətləri cavabdeh tərəfindən Azərbaycan Respublikası Ailə Məcəlləsinə istinad edilməklə təmin edilməmişdir. Məhkəmə aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Mcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyninin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000ci il tarixli 297 saylı Fərmanının 2-ci bəndinin 8-ci abzasına əsasən, Ailə Məcəlləsinin 54.1ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 4-cü bəndinə əsasən, yetkinlik yaşına çatmayanın vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi üçün yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4-cü maddəsinə görə uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmaqla, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. Həmin Qaydaların 6.26-cı maddəsinə görə hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, yetkinlik yaşına çatmayanın vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi üçün yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi tələb olunur. Hazırki işin halları ilə həmçinin, səlahiyyətli orqanın, yəni yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının rəyi tələb olunmasına baxmayaraq, belə bir rəyin olması da, iş materialları ilə müəyyən edilmir. “Uşaq hüququları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqularının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüququi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən uşağa ad valideynlərinin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Beləliklə, məhkəmə işin hallarına məcmu halda qiymət verərək hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından, uşağa soyad bir qayda olaraq valideynlərinin soyadına uyğun olaraq verildiyindən, həmçinin uşağın soyadının və adının dəyişdirilməsi üçün bir qayda olaraq qəyyumluq və himayəçilik orqanının rəyi tələb edildiyindən, hazırki işin halları ilə belə bir rəyin olması da, iş materialları ilə müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar