Məhkəmə qərarları › İş №2-1(112)-2959/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2959/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2959/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək özü və övladları X10, X11, X2 hal-hazırda yaşadıqları Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar bağ evlərində yerləşən 3 otaqlı ümumi yaşayış sahəsi 60 kv.m. olan, qayınatası X12 məxsus evə qeydiyyata salınması barədə qərar çıxarılmasına kömək göstərilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “İddiaçı və yetkinlik yaşına çatmayan övladları X10, X11, X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi, 71-72 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildən digər ailə üzvlərilə bərabər körpə uşaqları X10, X11 və X1 Rayon Polis İdarəsinə qayınatasının adına Bahar qəsəbəsindəki evə qeydiyyata alınmaq üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci ildə Suraxanı Rayon Polis İdarəsinin tərəfindən ona rəsmi imtina cavabı verilmişdir. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarında gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirdi ki, qeydiyyata alınmaq istədikləri evdə uzun müddətdir ki, yaşayırlar. Digər ailə üzvləri də həmin evdə qeydiyyatdadırlar. Göstərilənlərə əsasən tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının sözügedən ünvana qeydiyyata alınmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8906/2022 nömrəli qərarının surətindən görünür ki, X3 iddiası təmin edilərək onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71-72 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin üzərinə qoyulmuşdur. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-10085/2023 nömrəli qərarının surətindən görünür ki, X7 iddiası təmin edilərək onun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71-72 ünvanına qeydiyyata alınması öhdəliyi Cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis idarəsinin üzərinə qoyulmuşdur. -Elektron məhkəmə informasiya sisteminin şəxsiyyət vəsiqəsi bölməsindən əldə edilmiş məlumatlara əsasən ASAN 4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi 71-72 ünvanıdır. -Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZ-T 004702 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Sadıqova (Mirzəyeva) Könül Taryel qızı ilə X13 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. -Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Zığ qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı və onun övladları X10, X11, X1 rayonu, Zığ qəsəbəsi, Bahar bağ evləri 71-72 ünvanında 2013-cü ildən (nikahın bağlandığı tarixdən) qeydiyyatsız yaşayırlar. -xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X8 və X14 qeydiyyatda olduqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, Bloq “B”, bağ sahəsi 71-72 ünvanına xx.xx.2020-ci il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmalarına etiraz etmirlər. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq şərtləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı iş üzrə iddiaçı övladları ilə birlikdə faktiki yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi, 71-72 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaq istəyir. Sözügedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması işin mübahisəsiz halıdır, buna baxmayaraq, evin ünvanı vardır, habelə iddiaçı və övladlarının həmin evdə yaşaması təsdiq olunur. Həmçinin mübahisəli evdə iddiaçının ailə üzvlərinin – X8 və X7 da qeydiyyatları mövcuddur. Belə olan halda vurğulanmalıdır ki, cavabdeh inzibati orqan başqa şəxslərin qeydiyyatlarının aparıldığı ünvana iddiaçının da (bu ünvanda daimi olaraq uzun müddət yaşamasına baxmayaraq) qeydiyyatının aparılmasından yalnız göstərilən əsaslarla imtina edə bilməz. Həmçinin qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, mübahisəli fərdi yaşayış evi müvafiq reyestrdə qeydiyyata alınmasa belə, iddiaçının digər ailə üzvləri yaşayış yeri üzrə həmin evə qeydiyyata alındıqlarından, iddiaçının da bərabərlik hüququnun məfhumu baxımından eyni əsaslar ilə övladları ilə birlikdə yaşayış yeri üzrə qeydiyyata alınmalarını tələb etmək hüququ yaranır. İddiaçı və azyaşlı övladlarına münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və onların yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ona deməyə əsas verir ki, əgər iddia olunan yaşayış yeri üzrə başqa fiziki şəxslərin qeydiyyata alınması halı müəyyən olunursa, bu zaman qeydiyyata alınmağı tələb edən şəxsin də bərabərlik hüququ baxımından həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. (Bax: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(103)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı və yetkinlik yaşına çatmayan övladları X10, X11, X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi, 71-72 ünvanına qeydiyyata alınmaları üçün hüquqi əsas mövcuddur və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Əks yanaşma onların yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı və yetkinlik yaşına çatmayan övladları X10, X11, X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağ massivi, bloq “B” bağ sahəsi, 71-72 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar