Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-296/2021 25.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib oğlu nın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı( Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, işsiz), iddiaçının vəkili X8 (Bakı şəhərində qeydiyyatdadır, iİxtisası hüquqşünas, 11 saylı vəkil bürosunda vəkil işləyir ), cavabdehin nümayəndəsi X9 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi işləyir) iştirakı ilə, iddiaçı İskəndərov Mirhəsən Ağası oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn vəfat etmiş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İskəndərov Mirhəsən Ağası oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262 K saylı bağ sahəsinə dair hüququn mərhum babası X12 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 262k saylı bağ massivi babası X12 Bakı şəhər İK-nin 6/387 saylı 21 may 1991-ci il tarixdə verilmişdir.Bir müddət həmin sahədən istifadə etmişdir. Lakin sonradan babasının xəstəliyi ilə əlaqədar olaraq uzun müddət ərazidən istifadə etməmişdir.Bağa sənəd almaq üçün cavabdehə müraciət etdikdə İdarədən iddiaçının babasına məxsus olmuş bağ sahəsinin başqa şəxs tərəfindən hasarlanması barədə məlumat verilmişdir. Bu səbəbdən də həmin torpaq sahəsinə sənəd verməkdən imtina edilmişdir. İddiaçının babası X15 bütün əmlakı iddiaçıya vəsiyyət etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmiş, iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)... Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin iddiaçıya göndərdiyi imtina məktubunda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçını, iddiaçının nümayəndəsi və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Pirşağı bağlar sahəsindəki 218 nömrəli kooperativi tərəfindən X11 adına verilimiş b/s nömrəli orderinə əsasən, Bakı şəhər icraiyyə komitəsinin 21 may 1991-ci il tarixli, 6/387 nömrəli qərarına əsasən, ona Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 262 k nömrəli bağ ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçıya verilən Xalq deputatları Sovetinin icraiyyə komisinin 6\387 nömrəli 21 may 1991-ci il tarixli qərarından arxiv çıxarışına əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 195 nömrəli,02 iyun 1988-ci il qərarına əsasən Bakı şəhər Sovetinin 6/333 nömrəli, 14 iyun 1988-ci il tarixli qərarı ilə: 2.3. Fəaliyyət göstərən bağ tikinti kooperativlərin tərkibində vətəndaşlara bağ sahələrinin ayrılması qərara alınmışdır: 2.3.9. Seyidov Həsənə- 218 nömrəli BTK-dan Pirşağı massivində. “Ölüm haqqında şəhadətnamə”yə əsasən X15 08 iyun 1999-cu ildə vəfat etmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 09 dekabr 1999-cu il tarixində Bakı şəhəri 41-ci dövlət notariat kontorunun dövlət notariusu R.Ş.Rzayev təsdiq etmişdir ki, Bakı şəhəri,5-ci dövlət notariat tərəfindən 06 yanvar 1999-cu ildə təsdiq edilən və İ K/K-4 nömrəli reyerstrdə qeyd olunan vəsiyyətnaməyə əsasən 08 iyun 1999-cu ildə ölmüş X15 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Bakı şəhəri,Yeni Günəşli qəsəbəsi, “A” və “B” yaşayış sahəsi,ev 131 mənzil 7-də yaşayan X2r. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşagıdakılardan ibarətdir: Bakı şəhəri, Qarayev küçəsi, ev 22, mənzil 84-də yerləşən şəxsi mənzil. X3 verilmiş 040290 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Qarayev küçəsi 22 saylı evin 73,0 yaşayış sahəsindən ibarət 4 otaqlı 84 saylı mənzil X1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanlanmış 216 nömrəli, 11 iyun 2019-cu il tarixli məktubuna əsasən, X11 vəfat etməsi ilə əlaqədar vərəsəsi İskəndərov Mirhəsən Ağası oğlunun ərizəsi əsasında 21 iyul 1999-cu il tarixdə vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Məktubda miras qalmış Bakı şəhəri, Sabunçu rayonu,Pirşağı bağlar sahəsində 218 saylı BTK-nın nəzdində yerləşən 0,12 hektar torpaq sahəsinə və 262 k saylı bağa dair Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış veriməsi xahiş edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış 08.05.2019-cu il tarixli, **********62 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 262 k saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli 25.04.2019-cu il tarixli ərizəyə baxılmış, göstərilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar olunmadığından bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. Cavabdehin 02.07.2019-cu il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 262 K saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi, 262 k saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşməsi əsası ilə X10 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 262 K saylı bağ sahəsi üzərində hüquqların qeydə alınmasından imtina edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23.07.2019-cu il tarixli, **********55 nömrəli məktubuna əsasən, X10 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 262 K saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki göstərilən sahə 262 k saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşir. Bundan əlavə kənardan göstərilən sahə sənədlə 1200 kv.m olsa da, faktiki 700,0 kv.m təşkil edir. Cavabdehin məhkəmənin sorğusuna əsasən 14.02.2020-ci il tarixli, **********08 nömrəli məktubunda məhkəməyə bildirilmişdir ki, 218 saylı bağ tikinti kooperativinin nəzdində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262k saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. Sorğu ilə əlaqədar olaraq, 218 saylı bağ tikinti kooperativinin nəzdində Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 262k saylı bağ sahəsinə dair sənədin təsdiq edilmiş surəti göndərilmişdir.(Məktuba X11 adına olan b/s nömrəli orderin təsdiq edilmiş surəti əlavə edilmişdir.) Məhkəmənin 18 noyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262 k nömrəli bağın yerləşdiyi torpaq sahəsinin koordinatları, konfiqurasiyası, faktiki ölçüləri, faktiki vəziyyəti(istifadə olunur və ya boş sahəsi olması) müəyyən edilməsi üçün məhkəmə yerquruluşu və kadastr ekspertizası təyin edilmişdir. “X5” MMC-nin tikinti-texniki eksperti, ali texniki təhsilli Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizazı Mərkəzində aparıcı ekspert vəzifəsində işləmiş və 1 dərəcəli ədliyyə quluqçusu rütbəsində olmuş, 1998-ci ildən ekspert iş stajına malik olan X6 və Mərkəzin yerquruluşu mühəndisi, ali texniki təhsilli1994-cü ildən iş stajına malik olan X7 tərəfindən aparılmış ekspertizanın nəticəsində tərtib edilmiş ekspert rəyinə əsasən, təqdim edilmiş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə görə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivindəyerləşən 218 nömrəli BTK-nın nəzdində olan 262 k nömrəli bağın yerləşdiyi torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları müəyyən edilərək, naturada 262 k nömrəli bağ torpaq sahəsinin metal torla sərhədə alındığı, orada hər hansı tikinti işlərinin aparılmadığı və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilir. Həmin bağ torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyin tədqiqat hissəsində və rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Məhkəmə yuxarıda sadalanan sənədlərdən, verilən izahatlardan müəyyən etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli kooperativin 262k saylı bağ sahəsi iddiaçının babası X12 Bakı şəhər icraiyyə komitəsinin qərarı ilə ayrılmışdır, yəni bağ sahəsi iddiaçının babasının istifadəsinə qanuni əsaslarla ayrılmışdır və o, həmin əmlak üzərində qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmişdir, lakin həmin hüququ rəsmiləşdirmək üçün müraciət etməmişdir. X11 23 iyun 1999-cu ildə vəfatı ilə əlaqədar vərəsəsi İskəndərov Mirhəsən Ağası oğlunun ərizəsi əsasında vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur, X10 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 218 nömrəli kooperativin 262k saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədin - çıxarışın verilməsi xahiş edilsə də cavabden tərəfindən müraciət təmin edilməmişdir, imtina onunla əsaslandırılmışdır ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir, belə ki göstərilən sahə 262 k saylı bağ sxematik xəritəyə əsasən göstərilən sahənin cənub qərbində yerləşir, kənardan göstərilən sahə sənədlə 1200 kv.m olsa da, faktiki 700,0 kv.m təşkil edir. Odur ki, iddiaçı hazırki iddia ilə məhəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 6-cı bəndinə görə bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər;.. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasinin Qanununun 8.0-ci maddəsində deyilir: Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçının babası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş babası X11 adına çıxarış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişində göstərdiyi- bağın bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edilməsi, kənardan baxış nəticəsində sahənin faktiki 700,0 kv.m təşkil edilməsi barədə birldirdiklərinə gəldikdə isə məhkəmə qeyd edir ki, məhkəmə yerqurluşu və kadastr ekspertizası üzrə ekspert rəyində cavabdehin göstərdiyi hallar öz təsdiqini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinasında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262 K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X12 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci,85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri,Sabunçu rayonu, Pirşağı bağ massivində yerləşən 0,12 ha sahəsi olan 262 K saylı bağ sahəsinə dair hüququn iddiaçının mərhum babası X12 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-296/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-296/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver