Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-296/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “təxris olunma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri Nümayəndə və X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “təxris olunma ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (bundan sonra mətndə DSX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən hərbi xidmətdən təxris edilməsinə dair DSX-nin müvafiq əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, DSX-nin müvafiq əmrinə əsasən o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən hərbi xidmətdən tərxis edilərək ehtiyata buraxılmışdır. Onun tərxis edilməsinə səbəb isə DSX-nin rəhbərliyinin göstərişinə əsasən 2021 X8 Dəstəsində ümumi heyət üzrə narkoloji test yoxlamasının keçirilməsi olmuşdur. Aparılmış və götürülmüş narkoloji testin nəticəsində rəhbərlik tərəfindən ona bildirilmişdir ki, onun analizin cavabları pozitiv çıxmış və analizlərin cavabına əsasən onda marixuana narkotik vasitəsi aşkar edilmişdir. Narkoloji test hərbi hissənin daxilində DSX hospital tərəfindən ezam olunmuş tibb heyəti tərəfindən xx.xx.2022-ci il tarixdə götürülmüşdür, o, narkoloji testin cavabları ilə razılaşmamış, elə həmin gün də ondan təkrar analizlərinin götürülməsini və dəqiqləşmə aparılmasını xahiş etmişdir. Lakin onun bu xahişi DSX rəhbərliyi tərəfindən nəzərə alınmamış və ondan təkrar analizlər götürülməmişdir. O, DSX rəisinin müavinin qəbulunda olan zaman xahiş etməsinə baxmayaraq ona tərxis əmri ilə tanış olmaq imkanı yaradılmamış, sadəcə ona narkoloji testin cavabları şifahi bildirilmiş və bu səbəbdən də onun xidmətdən tərxis olunması bildirmişdir. O, bunun əsassız və qanusuz olduğunu bildirdikdə isə ona şifahi qaydada məhkəməyə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə ona təyinat vərəqəsi verilərək qeydiyyata düşmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində qeydiyyata düşməsi barədə hərbi hissə komandiri tərəfindən əmr verilmişdir. Hesab edir ki, onun barəsində qəbul edilən DSX-nin rəisinin müvafiq əmri qanunsuz və əsassızdır. Belə ki, o, qəti sürətdə narkoloji testin cavabları ilə razılaşmır, narkotik və psixiotrop maddələrdən heç vaxt istifadə etmədiyini bildirir, hərbi hissədə keçirilən testin cavablarında uyğunsuzluğun olduğuna inanır və bu barədə rəhbərliyə öz fikrini bildirmişdir. DSX-nin Hərbi Həkim komissiyası tərəfindən hər il keçirilən dispanserizasiyadan keçmişdir, qan və digər analiz növlərində narkotik və psixotrop maddələrin istifadəsi ilə bağlı pozitiv nəticə heç vaxt olmamışdır. Narkoloji testin cavabları ilə razılaşmayan o, öz vəsaiti hesabına elə həmin gündən bir gün sonra yəni, xx.xx.2022-ci il tarixində Stimul Hospitalda narkoloji analiz vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında N-614 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir narkotik və psixotrop maddələri aşkar edilməmişdir. Həmçinin o, AR Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji - Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasında verdiyi qanın tərkibinə görə analizlərin cavabında da heç bir narkotik vasitələr aşkar olunmamışdır. O, narkotik və psixotrop maddələrinin aludəçisi deyil, DSX-nin Hərbi Hospitalının tibb heyəti tərəfindən narkotik vasitələrin təyin edilməsi üçün götürülmüş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər o, analiz nəticələrində aşkar edilmiş narkotik və psixotrop maddələri mütəmadi olaraq qəbul edirdisə bu sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. DSX-nin Hərbi Hospitalının narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə o, qanunsuz əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinin 41.0.6 bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. O, 2012-ci ildə keçmiş DSX Akademiyasına daxil olmuş, 2016-cü ildə təhsil müəssisəsini bitirərək, zabit qismində xidmətini davam etdirmişdir. Xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş. 2019-cu ildən etibarən xidmətini ən ağır xidmətlərdən biri sayılan xüsusi təyinatlı hərbi hissədə davam etdirmişdir. Xüsusi təyinatlı birləşməyə yalnız xüsusi imtahan verərək qəbul olunmaq mümkündür. Həmin xüsusi imtahan fiziki dözümlükdən ibarətdir və şəxs sağlamlıq göstəricilərinə cavab verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri: DSX-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 16/7685 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı İddiaçı iddia ərizəsində N nömrəli hərbi hissədə xidmət etdiyi zaman həmin hərbi hissənin şəxsi heyətindən narkoloji test yoxlamasının keçirildiyini, həmin testin nəticəsinin pozitiv çıxaraq analizin cavabı nəticəsində onda narkotik vasitə olan marixuana aşkar edildiyini, bundan sonra özünün testin cavabı ilə razılaşmayaraq həmin gün ondan təkrar analiz götürülməsini və dəqiqləşdirmə aparılmasını xahiş etməsinə baxmayaraq bu xahişi nəzərə alınmamış və ondan təkrar analiz götürülməmişdir. İddiaçı qeyd olunan analizin cavabı ilə razılaşmayaraq müxtəlif vaxtlarda “Stimul Hospital”da, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ Toksikoloji - Kimyəvi Müayinələr üzrə Referans labaratoriyasında verdiyi analizlərin nəticəsinin neqativ çıxdığını onda narkotik vasitələrdən istifadənin qeydə alınmadığını göstərmişdir. İş üzrə toplanmış müvafiq sənədlər məhkəməyə təqdim edilməklə bildirmişlər ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı, xx.xx.2016-cı il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasını bitirməsi ilə əlaqədar DSX rəisinin sərəncamına götürülmüş, xx.xx.2017-ci il tarixli 1610 ş/h nömrəli əmrlə X5nin N nömrəli hərbi hissəsində çevik hərəkət taborunda tağım komandiri vəzifəsinə təyin edilmiş, DSX rəisinin xx.xx.2019-cu il tarixli 0017 nömrəli əmri ilə xidmət yeri “Zəfər” çevik hərəkət dəstəsinə dəyişdirilmiş, xx.xx.2022-ci il tarixli 0056 ş/h nömrəli əmrlə xidmətində buraxdığı ciddi nöqsanlara görə DSX rəisinin sərəncamına götürülmüş və DSX rəisinin xx.xx.2022-ci il tarixli 0056 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. xx.xx.2022-ci il tarixli Təqdimatdan görünür ki, xx.xx.2022-ci il tarixdə “Zəfər” çevik hərəkət dəstəsinin şəxsi heyətinin narkotik vasitələrdən istifadəsinin yoxlanılması zamanı baş leytenant İddiaçı götürülmüş sidik nümunəsində (texicology) marixuana (THC) pozitiv nəticə vermişdir. Qəbul edilmiş sidik nümunəsi yoxlanılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyi”nə göndərilmiş, 1808/K nömrəli akta əsasən məhkəmə-kimyəvi ekspertizasının nəticəsində sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. İddiaçı xidməti vərəqəsindən görünür ki, N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində ona, yalnız 1 (bir) halda həvəsləndirmə elan edilsə də, 2 (iki) halda intizam cəzası verilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının xx.xx.2022-ci il tarixli test nəticəsinə dair arayışa əsasən İddiaçı götürülmüş sidik nümunəsində (texicology) marixuana (THC) pozitiv nəticə vermişdir. İddiaçı götürülmüş sidik nümunəsi yoxlanılması üçün xx.xx.2022-ci il tarixli 1369 nömrəli məktubla məhkəməkimyəvi tədqiqatı üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyi”nə göndərilmiş, xx.xx.2022-ci il tarixli 1808/K saylı məhkəmə-kimyəvi akta əsasən məhkəmə- kimyəvi ekspertizanın nəticəsində İddiaçı sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edilmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş “Təyinat vərəqəsi”ndən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə təyinat vərəqəsi təqdim edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh DSX-nin nümayəndələri Nümayəndə və X3 məhkəmə iclasında ayrıayrılıqda yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Cavabdehin mübahisəli əmri 1) inzibati orqan (DSX) tərəfindən 2) ümumi hüquq sahəsinə aid olan konkret məsələni (hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasını) həll etmək məqsədilə qəbul edilmiş və 3) ünvanladığı şəxs (hərbi qulluqçu olan iddiaçı) üçün müəyyən hüquqi nəticələr yaradan (iddiaçının xidmətinə xitam verən) əmr formasında hakimiyyət tədbiri olduğu və bu baxımdan "İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati akt sayıldığı üçün, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımından; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün iki şərtin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik) 2.inzibati aktın qüvvədə olan hüquqauyğun olması. İnizbati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar: Məhkəmənin müvafiq sorğularına əsasən:
DSX-nin xx.xx.2024-cü il tarixli, 16/421m/24 saylı cavab məktubu ilə məhkəməyə təqdim edilmiş: - DSX rəisinin “X5 Komandanlığının “Zəfər” çevik hərəkət dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2022-ci il tarixli, 0056 №-li əmrinin təsdiq edilmiş surətində göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinin 38.2.2-ci bəndinə və Azərbaycan Respublikası Silahlı X1 47-ci maddəsinə müvafiq olaraq Baş leytenant İddiaçı Xidmətində buraxdığı ciddi nöqsanlara görə 1-ci əməliyyatlar şöbəsi 1-ci əməliyyatlar bölməsi 1-ci qrupun rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüş və son qərar qəbul edilənədək bütün təminat növlərində N №-li hərbi hissədə saxlanılmışdır. Əsas: X5 Komandanının xx.xx.2022-ci il tarixli 4/977tm №-li raportu. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxs tərəfindən DSX-ya ünvalanmış xx.xx.2022-ci il tarixli, 85/km №li məktubu təqdim edilmiş məhkəmə-kimyəvi tədqiqatına dair xx.xx.2022-ci il tarixli, 1808/K saylı məhkəmə-kimyəvi aktında göstərilmişdir ki: Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında olan MÖƏ/1995 (marixuana aşkar edilmişdir) sidik nümunəsinin MTE və PA birliyində narkotik, psixotrop, uyuşdurucu. kefləndirici və dərman maddələrinə meyilliyini yoxlanılaraq nəticəsi barədə DSX Hərbi Hospitalına rəsmi məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə-kimyəvi ekspertizanın nəticələri:
1. Məhkəmə-kimya şöbəsinə daxil olmuş MÖƏ/1995 sidik nümunəsinin məhkəmə kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir:
2. MÖƏ/1995 sidik nümunəsində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “Kannabinoid” aşkar edildi.
3. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon. 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar aşkar edilmədi. - DSX rəisinin “X5 Komandanlığının “Zəfər” çevik hərəkət dəstəsi (N №-li h/h) üzrə” xx.xx.2022-ci il tarixli, 0058 №-li əmrinin təsdiq edilmiş surətində göstərilmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan (N №-li h/h) baş leytenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilməsi əmr edilmişdir. Baş leytenant İddiaçı 01 iyun 2022-ci il tarixə xidmət illəri: 09 il, 08 ay, 18 gün qeyd olunmuşdur. Əmrin verilməsi əsas: X5 Komandanının xx.xx.2022-ci il tarixli 4/1036tm nömrəli vəsatəti və “Məhkəmə- Tibbi Ekspertiza və X4”nin xx.xx.2022-ci il tarixli 1808/K nömrəli aktı göstərilmişdir. Məhkəmə araşdırması zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T 381/2023 №li (ekspertizanın başlanma tarixi xx.xx.2023 – xx.xx.2023) ekspert rəyindən görünür ki, ekspertlər aşağıda qeyd olunan nəticəyə gəlmişlər: 1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdə DSX-nın tibb heyəti tərəfindən götürülmüş sidik test nümunələrin məhkəmə-kimyəvi tədqiqatı zamanı çətənə bitkisindən alınan təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir.
Tətbiq edilən hüquq. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
1. bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
2. bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir.
163. Ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Hərbi qulluqçunun hərbi xidmətə, habelə suüstü gəmilərdə və xüsusi qurğularda xidmətə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibbi müayinə haqqında Əsasnaməyə uyğun, uçuş işlərinə yararlılıq səviyyəsi Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi müayinəsi haqqında Əsasnaməyə uyğun həyata keçirilir.
168. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: … b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması
“Narkoloji xidmət və nəzarət haqqında” Qanun Maddə 1.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: ... 1.0.4. Narkoloji xəstə - insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi nəticəsində inkişaf etmiş asılılıq vəziyyətində olan və ya şüur pozuntusu, o cümlədən psixi və davranış pozuntuları ilə müşahidə olunan, barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada alkoqolizm, narkomanlıq və ya toksikomanlıq diaqnozu təyin edilmiş şəxsdir. ... 1.0.11. Narkoloji tibb müəssisəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir; ... Maddə 10.1. Tibbi yoxlama şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada narkoloji tibb müəssisələrində həyata keçirilir.
... Maddə 14.1. Azərbaycan Respublikasının ərazisində narkoloji xəstəliklərin müalicəsi, cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, yalnız narkoloji tibb müəssisələrində həyata keçirilir. Cəzaçəkmə müəssisələri və istintaq təcridxanaları istisna olmaqla, narkoloji xəstəliklərin narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi, habelə narkoloji sahədə qeyriixtisaslaşdırılmış tibb müəssisələrinin nəzdində narkoloji bölmələrin yaradılması qadağandır. Hüquqi şəxs yaratmadan narkoloji xəstəliklərin müalicəsinə yol verilmir. Maddə 14.2. Dövlət narkoloji tibb müəssisələri istisna olmaqla narkoloji yardım sahəsində fəaliyyət göstərən hər hansı hüquqi şəxs bu fəaliyyəti yalnız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş xüsusi razılıq əsasında həyata keçirir.
... Maddə 20.1. İnsan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir.
...Maddə 24.3. Əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Bu şəxslərin müayinədən keçməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məhkəmənin mövqeyi:
İddiaçının barəsində verilmiş xidmətdən xaric edilməyə dair əmrin əsasını onun tibbi müayinə zamanı narkotik vasitədən istifadə etməsinin aşkarlanması təşkil etmişdir. Əmr verilərkən əsas olaraq “Məhkəmə-Tibbi Ekspertiza və X4”nin xx.xx.2022-ci il tarixli 1808/K nömrəli aktına istinad olunmuşdur. Həmin akta əsasən iddiaçıdan götürülmüş sidik nümunəsinin tərkibində çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannobionid” aşkar edilmişdir. Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazında da iddiaçının xidmətinə xitam verilməsinin əsasını onun yol verdiyi kobud pozuntu (narkotik maddənin qəbulu faktının aşkar edilməsi) təşkil etmişdir. Beləliklə, aydınlaşdırılmalı olan ilk məsələ ondan ibarətdir ki, şəxsin narkoloji xəstə olduğu təsdiq olunmadığı halda belə, narkotik maddələrin qəbulu faktı özü-özlüyündə DSX-da xidmətdən xaric edilmə üçün yetərli əsas təşkil edirmi? Məhkəmə qeyd edir ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsində narkoloji nəzarətin təmin edilməsinə yönəlmiş xüsusi tədbirlərdən biri kimi müəyyən peşə fəaliyyəti ilə məşğul olan şəxslərin, o cümlədən DSX əməkdaşlarının işlədikləri müddətlərdə ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçməli olduqları təsbit edilmişdir. Sözügedən müayinə həm də insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunmasını təmin etməyə yönəlmişdir. Qanunvericilikdə təsbit olunmuş bu imperativ tələb əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlət təhlükəsizliyinin müdafiəsi kimi legitim məqsədlərə xidmət edir. Məhkəmə hesab edir ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan müayinə zamanı şəxsin narkotik vasitə istifadə etdiyi aşkar edilirsə, bu halın özü DSX əməkdaşının xaric edilmə üçün yetərli əsas ola bilər. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılırlar. Qanunvericiliyin sadalanın normalarının tələblərindən göründüyü kimi narkotik vasitə qəbulu DSX əməkdaşının nüfuzunu aşağı sala biləcək hərəkət olduğu və etik davranış qaydalarına uyğun olmayan davranış sayıla bildiyi, eyni zamanda əməkdaşın xidmətdənkənar fəaliyyətində də ictimai davranış normalarına zidd bir hərəkət kimi qiymətləndirildiyi və qanunvericiliyə uyğun olaraq kobud pozuntu hesab olunduğu üçün DSX-dan xaric edilməyə əsas ola bilər. Lakin şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı qanunvericilikdə təsbit olunmuş qaydada müəyyən olunmalıdır. Bu isə onu nəzərdə tutur ki, sözügedən faktın aşkarlanması qanunvericiliklə müəyyən olunmuş prosedurlara riayət etməklə aparılmalıdır. Qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd (“contra legem”) olmamasını və qanunla nəzərdə tutulmayan (“praeter legem”) tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında (“secundum legem”) həyata keçirilməsini də müəyyən edir. Beləliklə, inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Bu mənada, hazırkı işin hallarına münasibətdə qanunçuluq prinsipinin tələbləri baxımından şəxsin narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələri qəbul etməsi faktı həm qanunvericinin səlahiyyətləndirdiyi müvafiq orqan tərəfindən müəyyən olunmalı, həm də qeyd edilən faktın mövcudluğunu sözügedən orqan qanunun tələb etdiyi mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. İşin hallarından müəyyən olunduğu kimi iddiaçı tibbi müayinədən “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş normanın tələblərinə görə keçirilmişdir. Həmin norma təsbit edir ki, belə müayinə dövlət narkoloji tibb müəssisəsində keçirilməlidir. Sözügedən 23.4-cü maddədə şəxslərin belə müayinədən keçməsi qaydasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcəyi göstərilmiş, daha sonra “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə üç ay müddətində Qanunun 24.3-cü maddəsində nəzərdə tutulmuş müayinədən keçmə qaydasını müəyyən etmək tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti özünün 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanının 1-ci hissəsinin 17-ci abzasının icrasını təmin etmək məqsədilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasını təsdiq etmişdir. Sözügedən Qaydaların 1-3-cü bəndlərində də aşkar şəkildə təsbit edilmişdir ki, əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Beləliklə, qanunvericiliyin aşkar və imperativ tələbi ondan ibarətdir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktını aşkar etmək üçün işlədiyi müddətdə ildə bir dəfədən az olmayaraq keçirilməli olan tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər. Müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. Başqa sözlə, yalnız həmin müəssisələrin müayinələrinin nəticələri qanunilik prinsipinə uyğun və inzibati aktın səbəb ünsürünün tələbləri baxımından əlverişli və yetərli əsas kimi qəbul edilə bilər. Hazırki işin halları baxımından cavabdehin bildirdiyi odur ki, onu mübahisələndirilən əmri (inzibati aktı) qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə şəxsin narkotik vasitə qəbul etməsi faktıdır. Ona görə də, inzibati aktın əsasını təşkil edən həmin səbəb (narkotik vasitə qəbulu halı) həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” qaydada aşkar edilməlidir. İnzibati aktın əsasını təşkil edən səbəb (narkotik vasitə qəbulu halı) yalnız dövlət narkoloji tibb müəssisəsində aparılmaqla təsdiq olunduğu halda, “real mövcud” və “hüquqa uyğun” kimi qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının müayinəsinin səlahiyyətli qurum kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza vəX4” publik hüquqi şəxs tərəfindən aparılmasının heç də qanunvericiliyə zidd deyildir. Ən azından “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda belə bir qadağanedici norma mövcud deyil. Məhkəmə həmçinin qeyd edir ki, şəxs tərəfindən narkotik vasitə və ya insan psixikasına təsir edən digər maddələrin qəbulu faktı həm də mötəbər və aidiyyəti sübutlarla təsdiq etməlidir. Yalnız bu qaydada təsdiq olunmuş fakt qulluqdan xaric edilmə barədə inzibati aktın maddi və hüquqi əsasını təşkil edə bilər. Bunun üçün isə sözügedən mötəbər və aidiyyəti sübutlara dair qanunvericilikdəki tənzimləmənin hansı qaydada aparıldığına diqqət yetirilməlidir. “Narkoloji xidmət və nəzarət haqqında” Qanunun 24.3-cü maddəsinin icrası qaydasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 fevral 2003-cü il tarixli 18 nömrəli qərarı ilə “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydası təsdiq olunmuşdur. Həmin Qaydaların 5-6-cı bəndlərində təsbit edilmişdir ki, dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibbi yoxlama) keçməsi təmin olunmalıdır. Dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olub-olmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının narkoloji yoxlaması hazırkı qərarın tətbiq edilən hüquq hissəsində qeyd olunan müddəaların tələblərinə əsasən keçirilmişdir. Bundan əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən fərqli səhiyyə müəssisələri tərəfindən təqdim edilmiş analiz nəticələri qanunvericiliyin tələbləri baxımından tibbi müayinə yalnız dövlət narkoloji tibb müəssisəsində aparıla bilər və müvafiq olaraq yalnız belə müəssislərin keçirdiyi tibbi müayinələrin nəticələri şəxsin barəsində tətbiq edilən xidmətdən xaric edilmə növündə intizam tənbeh tədbirinin əsasını təşkil edə bilər. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilibedilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. İddiaçıya barəsində cavabdehin təşəbbüsü ilə aparılmış narkotestin nəticəsinin təqdim edilməsi, onun alınmış nəticəyə dair münasibətinin öyrənilməsi, iddiaçıya narkotik vasitələrdən istifadəyə görə ehtiyata buraxılacağı barədə məlumat verilməsi, onunla bu barədə söhbət aparılması, iddiaçıya narkotik vasitələrdən istifadə etməməsi barədə sübutların təqdim edilməsinə şərait yaradılması, başqa sözlə, inzibati icraatın düzgün aparılması hazırki iş üzrə müəyyən olunmuşdur. Digər tərəfdən, cavabdeh orqanının istinad etdiyi testin mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin tələblərini pozduğu üçün cavabdeh inzibati orqan tərəfindən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq vəzifəsindən azad edilməsi və həqiqi hərbi xidmətdən ehtiyata buraxılması müəyyən olunmuş, cavabdeh tərəfindən bu barədə müvafiq inzibati akt qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi müəyyən edilməmişdir. İddiaçının isə öz tələbində əsaslandığı iddiasının hüquqi əsasları mövcud deyildir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev