Məhkəmə qərarları › İş №2-1(112)-2961/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2961/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2961/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin nikahın pozulmasına dair X2 müraciəti barədə iddiaçının məlumatlandırmamasını və 22.10.2020-ci il tarixli, 05/Q-2148/15 №-li məktubu ilə nikahın qeydiyyat orqanında pozulmasından imtinasının qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmənin 01.12.2020-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ünvanına daxil olmuş Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 26.10.2020-ci il tarixli məhkəmə bildirişindən müəyyən edilmişdir ki, həmin məhkəmənin icraatında üçüncü şəxs X2 İddiaçı qarşı «Nikahın pozulması» tələbinə dair mülki iş vardır və həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası 05.11.2020-ci il tarixə, saat 12.40-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclası keçirilən gün cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin 22.10.2020-ci il tarixli, 05/Q- 2148/15 №-li məktubunun surəti onlara təqdim edilmiş və həmin məktubun məzmunundan müəyyən edilmişdir ki, X2 nümayəndəsi eyni tarixdə, yəni 22.10.2020-ci il tarixdə cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə nikahın pozulmasına dair ərizə ilə müraciət etmiş və ona cavab olaraq həmin müraciətdə göstərilmişdir ki, «məlumat üçün bildirilmişdir ki, nümayəndəsi olduğu şəxsin arvadı X7 nikahın pozulması ilə əlaqədar razılığını ifadə etməmişdir. Yuxarıda qeyd olunan müvafiq qanunvericiliyin tələblərinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur”. İddiaçı özü müəyyən səbəblərdən nikaha xitam vermək niyyətində olmuşdur. X1 cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinə müraciət etməsindən məlumatı olmamış və bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Hətta iddiaçıya nikahın pozulması ilə əlaqədar öz mövqeyini bildirməyə imkan yaradılmamışdır. Tərəflərin nikahın pozulması ilə bağlı aralarında mübahisə olmadığı halda və İddiaçı özünün nikahın pozulması niyyətində olmasını nəzərə alaraq cavabdeh Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi heç bir araşdırma aparmadan, müraciət edilən eyni gündə, hansısa səbəblərdən müraciət edənə dərhal imtina məktubu verməklə qüvvədə olan ailə qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, iddiaçı Əsgərzadənin də hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1999-cü il tarixdə doğulmuşdur. - Bakı şəhər Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 05/76-3007/13 №-li, 08.09.2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X6 və X3 nikahı haqqında 14 fevral 2019-cu il tarixdə 70 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Əsgərzadə, arvada Əsgərzadə soyadı verilmişdir. X6 tərəfindən verilmiş 14.10.2020-ci il tarixli etibarnamə əsasında X9 22.10.2020-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsinə nikahın pozulması haqqında ərizə ilə müraciət etmişdir. Ərizədə ər - Fəhri Əsgərzadə barəsində məlumatlar qeyd edilmiş, arvad – İddiaçı barəsində məlumatlar qeyd edilməmişdir. Həmin ərizə qeydiyyat şöbəsi tərəfindən 05/75-2148/15 daxilolma nömrəsi ilə 22.12.2020-ci il tarixdə qeydə alınmışdır. Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Yasamal rayonunda qeydiyyatda olan X2 etibarnaməsinə əsasən X8 ünvanlanmış 22 oktyabr 2020-ci il tarixli, 05/Q-2148/15 nömrəli məktubda qeyd edilmişdir ki, onun Yasamal rayon Qeydiyyat Şöbəsinə daxil olmuş 22.10.2020-ci il tarixli müraciətinə əsasən bildirilir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (qeydiyyat orqanı) xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Məlumat üçün bildirilmişdir ki, nümayəndəsi olduğu şəxsin arvadı İddiaçı nikahın pozulması ilə əlaqədar olaraq şöbəsinə gəlməmiş və nikahın pozulmasına razılığının olduğunu ifadə etməmişdir. Yuxarıda qeyd olunan müvafiq qanunvericiliyin tələblərinə əsasən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X6 arasında 14 fevral 2019-cu il tarixdə nikah bağlanmışdır. 22.10.2020-ci il tarixdə X2 etibarnamə əsasında nümayəndəsi nikahın pozulması haqqında ərizə ilə cavabdeh Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət edərək İddiaçı ilə X6 arasında nikahın pozulmasını xahiş etmişdir. Cavabdeh Yasamal rayon X4 Günel Rauf qızı nikahın pozulması ilə əlaqədar olaraq şöbəsinə gəlməməsini və nikahın pozulmasına razılığının olduğunu ifadə etməməsini əsas gətirərək nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hazırda İddiaçı nikahın pozulmasına dair X2 müraciəti barədə onun cavabdeh orqan tərəfindən məlumatlandırmamasını və 22.10.2020-ci il tarixli, 05/Q-2148/15 №-li məktubu ilə nikahın qeydiyyat orqanında pozulmasından imtinasının qanunsuz hesab edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 16-cı maddəsinə əsasən nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19—21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. - 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. - 17.4-cü maddəsinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 5.5-ci bəndinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri Qeydiyyat şöbəsi və konsulluq idarəsində nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. - 5.6-cı bəndinə əsasən ərizə əsasında nikahın pozulmasını ər-arvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə, məhkəmə qətnaməsi əsasında nikahın pozulmasını isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi qeydə alır. - 5.8-ci bəndinə əsasən nikahın pozulmasının dövlət qeydiyyatı: nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə; yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvadın nikahın pozulması haqqında birgə verdikləri ərizəyə; məhkəmə qaydasında itkin düşmüş hesab edilən, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslə nikahın pozulması haqqında ər-arvaddan birinin ərizəsinə; məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsinə əsasən həyata keçirilir. - 5.10-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ərarvadın qarşılıqlı razılığı üzrə nikahın pozulmasının qeydə alınması aşağıdakı qaydada aparılır: 5.10.1. yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə özlərinin qarşılıqlı razılıqlarını və onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını qeyd etməyə borcludurlar; nikahın pozulması haqqında ərizəyə nikah haqqında şəhadətnamə və qeydiyyat üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməlidir. Şəhadətnamənin olmadığı hallarda nikahın pozulması haqqında ərizədə nikah şəhadətnamənin olması qeyd edilir; 5.10.2. ər-arvaddan birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir; gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir; ərizə verərkən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilir, gəlməmiş ərə (arvada) bu barədə məlumat verilir; 5.10.3. nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra həyata keçirilir; 5.10.4. nikahın pozulmasının qeydiyyatı ər-arvadın iştirakı ilə həyata keçirilir; ərarvad üzürlü səbəbə görə onlar üçün müəyyən edilmiş gündə nikahın pozulmasını qeyd etdirmək üçün Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə, qeyd müddəti onların xahişi ilə başqa vaxta keçirilir; müəyyən edilmiş vaxtda gəlməməyin səbəbi üzürlü hesab edildikdə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi yeni vaxt müəyyən etmədən onların gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər. Ərizədə və ərizələrin uçot jurnalında bu barədə qeyd aparılır; gəlməməyin səbəbi üzürsüz hesab edildikdə, lakin ərarvadın nikahı pozmaq arzusu dəyişmədikdə, onlar nikahın pozulması haqqında Qeydiyyat şöbəsi və konsulluq idarəsinə yenidən ərizə verə bilərlər. Qeydiyyat şöbəsi və konsulluq idarəsi nikahın pozulmasını qeyd etmək üçün yenidən 1 ay müddət təyin edir; gəlməməyin səbəbinin üzürlü hesab edilməsini Qeydiyyat şöbəsi və konsulluq idarəsinin vəzifəli şəxsi müəyyən edir; 5.10.5. ər-arvadın biri və ya hər ikisi üzürlü səbəbə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə və nikahın pozulması üçün onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına xahiş edən ərizə təqdim edildikdə, nikahın pozulmasını qeyd etmək olar. Bu zaman gəlməmiş tərəfin (tərəflərin) imzasının həqiqiliyi yaşadığı yerin Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 29.11.2013-cü il tarixli, 13-N №-li Kollegiya Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə”nin: - 2-ci bəndinə əsasən qeydiyyat şöbəsi və nikah evi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ailə Məcəlləsini, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını, nazirliyin kollegiyasının qərarlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası ədliyyə nazirinin əmr və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur. - 7.1.7-ci bəndinə əsasən Qeydiyyat şöbəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq doğumun, nikahın bağlanmasının, övladlığa götürmənin, nikahın pozulmasının, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparmaq, bu barədə şəhadətnamələr vermək vəzifələrini yerinə yetirir. - 8.1.1-ci bəndinə əsasən Qeydiyyat şöbəsi öz vəzifələrini həyata keçirmək üçün nikahın pozulması haqqında ərizə ilə müraciət edən şəxslərlə ailənin qorunub saxlanması istiqamətində söhbət aparmaq hüquqlarına malikdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında ərarvadın və ya onlardan birinin yaşadığı və ya nikahın qeydiyyata alındığı yer üzrə qeydiyyat şöbəsində xitam verilə bilər. Yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan ər-arvad nikahın pozulması haqqında ərizədə özlərinin qarşılıqlı razılıqlarını və onların yetkinlik yaşına çatmayan uşaqlarının olmadığını qeyd etməyə borcludurlar. Ərin (arvadın) nikahın pozulmasına razılığı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın biri və ya hər ikisi üzürlü səbəbə görə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə gələ bilmədikdə və nikahın pozulması üçün onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına xahiş edən ərizə təqdim edildikdə, nikahın pozulmasını qeyd etmək olar. Ər-arvaddan birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə qeydiyyat şöbəsinə gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf ər-arvadın birgə ərizəsini və ya ər-arvadın ayrı-ayrı ərizələrini təqdim edir, gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin qeydiyyat şöbəsi tərəfindən və ya notariat qaydasında təsdiq edilməlidir, ərizə verərkən nikahın pozulmasının qeydiyyat tarixi müəyyən edilir, gəlməmiş ərə (arvada) bu barədə məlumat verilir. Hazırki işin hallarından müəyyən edildiyi kimi üçüncü şəxsin nümayəndəsi nikahın pozulması üçün qeydiyyat şöbəsinə müvafiq ərizə təqdim etsə də həmin ərizədə ərarvadın qarşılıqlı razılığı barədə məlumat olmadığından cavabdeh qeydiyyat şöbəsi nikahın pozulması barədə ərizənin qəbulundan imtina etmişdir. Eyni zamanda üçüncü şəxsin “nikahın bağlaması” ilə bağlı müraciəti üzrə inzibati icraat zamanı hazırki iddiaçının (arvadın) üzürlü səbəbə görə (ağır xəstəlik, uzun müddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə qeydiyyat şöbəsinə gəlmək imkanının olmaması və buna görə də yaşadığı yerin qeydiyyat şöbəsi və ya notariat orqanı tərəfindən təsdiq edilmiş müvafiq ərizəsinin mövcud olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh qeydiyyat şöbəsi tərəfindən üçüncü şəxs X5 nümayəndəsinin nikahın pozulması barədə 22.10.2020-ci il tarixli müraciəti ilə əlaqədar qanunvericiliyin hər hansı tələblərinin pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar