Məhkəmə qərarları › İş №2-1(112)-2961/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2961/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2961/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı rütbəyə görə əmək haqqı və xidmət ilərinə görə əlavənin tam ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” Qərarına əsasən 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi olan dövr üçün rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin tam ödənilməsi barədə qərarın icrasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 15 mart 1993-cü il tarixdə Müdafiə Nazirinin 068 saylı əmri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasına çağırılmışdır. xx.xx.1994cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasinin üzvü seçilərək xidməti vəzifəsini icra etmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli əmri ilə ona “ədliyyə polkovniki” hərbi rütbəsi verilmişdir. xx.xx.2000-ci il tarixdə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2000-ci ildə ştat ixtisarına görə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı xx.xx.1998-ci il tarixli Qərarına əsasən Müdafiə nazirliyinin "polkovnik” hərbi rütbəsi olan hərbi qulluqçularına hərbi rütbəyə görə əmək haqqı 2 dəfə artırılmaqla 105000 manat məbləğində müəyyən edildikdən sonra Müdafiə nazirliyinə rütbəyə görə əmək haqqının artırılması və xidmət illərinə görə faiz əlavəsinin (vəzifə maaşı və rütbəyə görə maaşın 15 % miqdarında) ona verilməsi barədə müraciətləri cavabdeh tərəfindən təmin edilməmiş, imtina belə əsaslandırılmışdır ki, guya o, hərbi qulluqçu statusuna aid olmamışdır. Həmin vaxtlarda hərbi qulluqçu olduğundan, hərbi rütbəyə görə və xidmət illərinə görə faiz əlavəsinin (vəzifə maaşının və rütbəyə görə maaşın 15% miqdarında) ona da, ödənilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 14 may 2002-ci il tarixli qətnaməsilə iddiası təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Apellyasiya Məhkəməsi maddi və prosessual hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmiş, təqdim edilən sənədləri nəzərə almamış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, məhkəmə çıxışlarını nəzərə almamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci ilə tarixli qərarı ilə hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması, işə inzibati məhkəmə icraatı qaydasında baxılması əsasına görə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Hesab edir ki, aşağıdakı əsaslara görə iddiası təmin edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə görə hərbi qulluqçu statusuna Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları malikdirlər. 2001-ci il 30 noyabr tarixədək qüvvədə olmuş "Hərbi tribunallar haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hərbi tribunallar Azərbaycan Respublikası məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində təşkil olunub. Həmin Qanunun 6-cı maddəsində göstərilmişdir ki, Ali Məhkəmənin hərbi kollegiyasının üzvlüyünə 25 yaşına çatmış, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili və zabit heyətinə aid əsgəri rütbəsi olan Azərbaycan Respublikası vətəndaşları seçilə bilərlər. Həmin maddənin məzmunundan görünür ki, Ali Məhkəmənin hərbi kolleqiyası üzvlüyünə əsas tələblərdən biri kimi onların həqiqi hərbi xidmətdə olmaları tələb olunurdu. "Hərbi tribunallar haqqında" Qanunun 21-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyası aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Heyəti Azərbaycan Respublikası Müdafiə naziri ilə razılaşdırmaqla müəyyən edir. Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Müdafiə nazirliyinin vəsaiti hesabına həyata keçirilir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldığı gündən vətəndaş hərbi qulluqçu statusu əldə edir və xidmətdən ehtiyata buraxıldıqda bu ststusu itirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri O.M.Maqsudovun 91 saylı xx.xx.1994-cü il tarixli əmrində göstərilmişdir ki, "Ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 867 saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının üzvü seçilməsinə əsasən xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyəti siyahısına salınsın, həmin tarixdən bütün təminatlarla təmin edilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1994-cü il tarixli 146 saylı əmrində hərbi qulluqçular tərəfindən alınmamış əşya əmlakın əvəzində hərbi qulluqçulara pul kompensasiyasının ödənilməsi göstərilmişdir. Müdafiə Nazirliyinin Maliyyə İdarəsindən ona göndərilən bildirişdə ona ******* manat pul kompensasiyasının ödənilməli olması göstərilmişdir və ona həmin kompensasiya məhkəmə qətnaməsinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında cavabdehin kassasiya şikayətinə baxılarkən şikayətdə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsinin ləğvinin əsas dəlillərindən biri kimi “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 18 may 1993-cü il tarixli 602 nömrəli Qanunu ilə "Hərbi tribunallar haqqında” AR Qanununun 21-ci maddəsində edilən dəyişiklik-hərbi tribunalların maliyyə və maddi-texniki təminatının dövlət büdcəsi hesabına həyata keçirilməsi qeyd edilməsi göstərilmişdir, lakin bütün nazirliklərin, o cümlədən Müdafiə Nazirliyinin də, maddi və texniki təminatının dövlət büdcəsi hesabına həyata keçirilməsi nəzərə alınmalıdır. Cavabdehin kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsi qətnaməsinin ləğvi üçün ikinci dəlili iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmaması göstərilmişdir. Lakin o, Azərbaycan Respublikası Müdafiə nazirinin 068 saylı əmri ilə 15 mart 1993-cü ildə AR Silahlı Qüvvələri sırasına zabit kimi çağırılmış, ona müdafiə nazirinin əmri ilə baş leytenant, polkovnik-leytenant, xx.xx.1997-ci ildə "polkovnik” hərbi rütbəsi verilib, zabit kimi Hərbi Kollegiyanın sədrinin əmri ilə Hərbi Kollegiyanın şəxsi heyətinin siyahısına salınmış və həmin tarixdən bütün təminatlarla təmin edilmiş, yalnız iddia ərizəsində göstərilənlər ona verilməmişdir. İddianın qəbul edilməməsinin üçüncü dəlili—Hərbi Kollegiyanın hakimlərinə vəzifə üzrə pul və digər növ təminatların tamamilə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən həyata keçirilməsi də, əsassızdır. Belə ki, hərbi qulluqçular əşya-əmlakla da təmin edilirlər, Hərbi Kollegiyanın hakimləri və bir çox hərbi qulluqçulara Müdafiə Nazirliyi tərəfindən verilməyən əşya-əmlaka görə kompensasiyalar Müdafiə Nazirliyi tərəfindən ödənilib, ona isə əşya-əmlaka görə Müdafiə Nazirliyi tərəfindən ******* manat kompensasiya ödənilməsi barədə arayış verilib, həmin kompensasiya da, məhkəmənin qətnaməsinə əsasən ona ödənilib, yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci tarixli Qərarı ilə hərbi rütbəyə görə əmək haqqı 2 dəfə artırıldıqdan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kolegiyasının hakimlərinin Müdafiə Nazirliyinin hərbi qulluqçusu sayılmaması əsasında görə vəzifə maaşının və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavə ona ödənilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti kimi ona ödənilməli olan xidmət illərinə görə əlavə - Hərbi Kollegiyanın hakiminin vəzifə maaşı və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1998-ci ilin iyun ayından 2000-ci ilin oktyabr ayının 04-nə kimi olan dövrə görə ödənilməlidir. Müdafiə nazirliyində xidmət edən zabitlərə xidmət illərinə görə faiz əlavəsi, hərbi rütbəyə görə maaş, ərzaq əvəzi pul kompensasiyası ödənilir. Beləliklə, Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kolleqiyasının hakimləri də hərbi qulluqçu ststusunda olmuşlar, Müdafiə Nazirliyinin zabitlərinə ödənilən əlavələr onlara da, aid edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, hesab edirlər ki, İddiaçı əsassız iddia tələbləri istinad etdiyi aşağıdakı hallara görə təmin edilməməlidir. İlk öncə məhkəmənin diqqətinə iddiaçının ərizəsində qanunvericiliyin tələblərinin təhrif edilməsi faktını çatdırmaq istəyirlər. İddia ərizəsinin 2-ci səhifəsində qeyd olunur ki, “2001-ci il 30 noyabr tarixədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, hərbi tribunallar Azərbaycan Respublikası məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində təşkil olunub. Bildirir ki, münasibətlərin yarandığı zaman qüvvədə olan “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.1-ci maddəsinə əsasən hərbi tribunallar Azərbaycan Respublikasının məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərirlər. Göründüyü kimi, hərbi tribunallar Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində təşkil olunmayıb və oluna da, bilməzdi, çünki “Hərbi tribunallar haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 1-ci bəndinə əsasən hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ali Məhkəməsi müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin isə Azərbaycan Respublikası Silahlı Qüvvələri daxilində hər hansı qurumun təşkil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. İddiaçının özünü Müdafiə Nazirliyinin hərbi qulluqçusu kimi təqdim etməklə, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 137-5 saylı Qərarın şamil olunması tələbinə dair Müdafiə Nazirliyinin münasibəti: iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 137-5 saylı Qərarının şamil olunmasını qanunsuz hesab edərək bildirir ki, qeyd olunan qərarda konkret kateqoriyalı dövlət qurumları və şəxslər göstərilmiş, şamil olunma dairəsi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli 8116-23sər sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3,5 dəfə artırılmaqla tarif cədvəli 1 nömrəli əlavəyə uyğun, 3-cü bəndinə əsasən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin hərbi qulluqçuların hərbi rütbəyə görə maaşların məbləğləri orta hesabla 2 dəfə artırmaqla 3 nömrəli əlavəyə uyğun təsdiq edilmişdir. Sözügedən qərarda və qərarın verilməsinə əsas olmuş Azərbaycan Respublikası Prezidentinin sərəncamında Ali Məhkəməsinin Hərbi kollegiyasının hakimləri nəzərdə tutulmamışdır və bununla əlaqədar qeyd olunan normativ hüquqi aktlar Hərbi kollegiyanın hakimi olmuş İddiaçı şamil oluna bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə 1998-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların, Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəsi üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində onların təkliflərinə əsasən əmək haqqının artırılması ilə əlaqədar tələb olunan vəsaitlərin digər xərc maddələrindən əməyin ödənilməsinin köməkçi maddəsinə yönəlməsi tapşırığı verilmişdir. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikasının Qanunun 21 -ci maddəsinə əsasən hərbi tribımallann maliyyə və maddi-texniki təminatı dövlət büdcəsi hesabına, mühafizəsi isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir.” 1994-2000-ci illər üzrə qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarında Ali Məhkəmənin Hərbi Kollegiyası (qurum hərbi tribunallar sisteminin tərkib hissəsini təşkil edirdi) müstəqil xərc istiqaməti kimi göstərilməklə, onun saxlanılmasına tələb olunan xərcin məbləğləri müəyyən edilmişdir. Eyni zamanda, 1994-2000-ci iilər üzrə dövlət büdcələrində müdafiə xərcləri ayrıca istiqamət kimi müəyyən edilmişdir və Ali Məhkəmənin Hərbi Kollegiyasının saxlanılması üçün xərclər bura daxil olmamışdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 90-cı maddəsinin (Məhkəmələrin maddi-texniki bazası və fəaliyyətinin maliyyələşdirilməsi) 4-6-cı hissələrinə əsasən məhkəmələrin fəaliyyəti, maddi-texniki təchizatı dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası dövlət büdcəsinin ayrıca maddəsində məhkəmələrin fəaliyyətinin maliyyələşdirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün vəsait ayrılması nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının döviət büdcəsi ilə müəyyən edilmiş hədlərdə məhkəmələrin fəaliyyətinin maliyyə və maddi-texniki təminatını vaxtında həyata keçirmək üçün zəruri tədbirlər görürlər. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və Məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 1998-ci il tarixli 30 nömrəli Fərmanının 7-ci maddəsinə əsasən “Məhkəmələr və hakimlər haqqında” Azerbaycan Respublikası Qanununun SO-cı maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini — maliyyə məsələləri üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti, maddi-texniki təminat məsələləri üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirilər. Göstərilənlər isə sübut edir ki, iddiaçının tutduğu vəzifə üzrə pul və digər növ təminatlar tamamilə Ali Məhkəmə tərəfindən həyata keçirilmiş, həmin məsələlərin həlli Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə bağlı olmamışdır. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına çağırılmasını və ona hərbi rütbələhn verilməsini əsas tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 137-5 saylı Qərarınının ona şamil edilməsi tələbinə dair Müdafiə Nazirliyinin münasibəti: “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən 25 yaşına çatan, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili və zabit heyətinə aid əsgəri rütbəsi olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Qanunvericiliyində müəyyən edilmiş qaydada hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri seçilirlər. Deməli, mübahisənin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələblərinə görə həqiqi hərbi xidmətdə və zabit rütbəsinə malik olmayan şəxs hərbi tribunallarda hakim, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvü vəzifəsinə təyin edilə bilməzdi. İddiaçının 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılması və ona leytenant hərbi rütbəsinin verilməsi İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müvafiq vəzifəyə təyinatı ilə bağlı olmamışdır. Qeyd olunan faktı aşağıdakı dəlillər sübut edir: - Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1993-cü il tarixli müvafiq nömrəli əmri ilə İddiaçı həqiqi hərbi xidmətə çağırılması, ona ilkin “leytenant” hərbi rütbəsinin verilməsi və kollegiya sədrinin sərəncamına verilməsi qərara alınmışdır. Ali Məhkəmənin Hərbi Kollegiyası sədrinin xx.xx.1994-cü il tarixli 91 saylı əmri ilə ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli 867 saylı qərarı ilə Ali Məhkəməsinin Hərbi Kollegiyasının üzvü seçilməsinə əsaslanaraq, onun xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyanın şəxsi heyət siyahısına salınması və həmin tarixdən bütün növ təminatlarla təmin edilməsi qərara alınmışdır; 23 dekabr 2011-ci il tarixədək qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə (Hərbi vəzifələr) əsasən hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur. İddiaçı Ali Məhkəməsi Hərbi kollegiyasının ştat strukturunda nəzərdə tutulmuş hakim vəzifəsinə təyin olunmuşdur. O, Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmamışdır. Çünki, Müdafiə Nazirliyinin ştat strukturunda hakim vəzifələri mövcud olmamış və indi də mövcud deyil. Müdafiə Nazirliyinin hərbi qulluqçusu olması üçün iddiaçı Müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin ştat strukturunda nəzərdə tutulmuş vəzifəyə təyin olunmaqla, hərbi hissə komandirinin (idarə rəisinin) əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməli idi və müvafiq vəzifələrin icrasını həyata keçirilməli idi. İddiaçı barəsində qeyd olunan qərarlardan hər hansı biri tərəflərindən verilməmiş, əksinə olaraq o, Ali Məhkəməsinin Hərbi kollegiyasında hakim vəzifəsində işləyərkən vəzifələrə təyinatı, təminatı və pensiyaya buraxılması (o cümlədən pensiya təminatı üçün məlumat vərəqənin göndərilməsi) həmin qurum tərəfindən həyata keçirilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 243 nömrəli arayışdan görünür ki, 1952-ci il təvəllüdlü istefada olan polkovnik İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixindən xx.xx.2000-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “Q” bəndinə (ştatların ixtisarına görə) əsasən tərxis olunaraq ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası sədrinin xx.xx.1994-cü il tarixli, 91 saylı əmrinin surətindən görünür ki, ədliyyə leytenantı İddiaçı Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cü il tarixli, 867 saylı qərarı ilə Ali Məhkəməsi Hərbi Kollegiyanın üzvü seçilməsinə əsaslanaraq, onun xx.xx.1994-cü il tarixdən Hərbi Kollegiyasının şəxsi heyət siyahısına salınması və həmin tarixdən bütün növ təminatlarla təmin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi tələbinə dair” iddia ərizəsilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, 18 iyun 1998-ci il tarixli qərarının ona aid edilərək, vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, 14 may 2002-ci il tarixli qətnaməsi ilə (hakim İ.B.Ağayev) iddia təmin edilərək, Azəbraycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, 18 iyun 1998-ci il tarixli qərarının, 04 oktyabr 2000-ci il tarixdə hərbi qulluqçular sırasından tərxis olunmuş ehtiyatda olan ədliyyə polkovniki İddiaçı şamil edilməsi, həmin qərara müvafiq olaraq 1998-ci ilin iyunundan 4 oktyabr 2000-ci il tarixə kimi vəzifə maaşı və rütbəyə görə əmək haqqının tam ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən 11.000 (on bir min) manat məbləğində dövlət rüsumunun dövlətin xeyrinə alınması qət edilmişdir. Həmin qətnamədən cavabdeh təərfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2(103)-8297/2020 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-1020/2002 saylı, 14 may 2002-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3084/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8297/2020 nömrəli iş üzrə 24 noyabr 20220-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vəzifə maaşı və rütbəyə görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzbati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxılmalıdır. Bu səbəbdən də, iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə işin yuxarıda sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdehin iddiaçının müraciətini təmin etməməklə bağlı əsas dəlili ondan ibarət olmuşdur ki, Azəbraycan Respublikası Prezidentinin “Azəbraycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli, 8116-23 saylı sərəncamında və həmin sərəncamın icrası ilə əlaqədar qəbul edilmiş Azərbaycan Respublikası Nazilrər Kabinetinin 1998-ci il 18 iyun tarixli 137-5 saylı Qərarında Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimlərinin nəzərdə tutulmadığına və bununla əlaqədar qeyd olunan normativ hüquqi aktların Hərbi Kollegiyanın hakimi olmuş İddiaçı şamil oluna bilməməsinə, iddiaçının Ali Məhkəməsi Hərbi Kollegiyasının ştat strukturunda nəzərdə tutulmuş hakim vəzifəsinə təyin olunmasına, onun Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmamasına, Müdafiə Nazirliyinin ştat strukturunda hakim vəzifələrinin mövcud olmamasına Müdafiə Nazirliyinin hərbi qulluqçusu olması üçün iddiaçının Müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin ştat strukturunda nəzərdə tutulmuş vəzifəyə təyin olunmaqla, hərbi hissə komandirinin (idarə rəisinin) əmri ilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməli olmasına, müvafiq vəzifələrin icrasının həyata keçirilməli olmasına, iddiaçı barəsində qeyd olunan qərarlardan hər hansı birinin tərəflərindən verilməməsinə, əksinə Ali Məhkəmənin Hərbi Kollegiyasında hakim vəzifəsində işləyərkən vəzifələrə təyinatı, təmiantı və pensiyaya buraxılmasının (o cümlədən pensiya təminatı üçün məlumat vərəqəsinin göndərilməsi) həmin qurum tərəfindən həyata keçirilməli olmasına istinad edilmişdir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli, 8116-23 saylı sərəncamının icrası ilə əlaqədar qəbul edilmiş Azəbraycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli, 137-5 saylı Qərarının 1ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin İdarənin hərbi qulluqçularının vəzifə maaşları orta hesabla 3.5 artırılmaqla tarif cədvəli 1 nömrəli Əlavəyə uyğun, 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin tabeliyində olan qurumların, Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin Daxili Qoşunların, Ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının Baş Mühafizə İdarəsi və Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin hərbi qulluqçuların hərbi rütbəyə görə maaşların məbləğləri orta hesabla 2 dəfə artırmaqla 3 nömrəli Əlavəyə uyğun təsdiq edilmişdir. “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 3-cü bəndinə əsasən Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 228 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2014-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunverici özünün konstitusiya səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3cü maddələrinə görə, hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edirlər. 2001-ci il 30 noyabr tarixinədək qüvvədə olmuş “Hərbi tribunallar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi tribunallar haqqında” Qanun) 1-ci maddəsinin 1-ci hissəsində göstərilmişdi ki, hərbi tribunallar Azərbaycan Respublikasının məhkəmələridir, vahid məhkəmə sisteminə daxildir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində fəaliyyət göstərirlər. Qanunverici bu müddəada konkret olaraq hərbi tribunalların fəaliyyətinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin daxilində təşkil olunmasını qeyd etmişdi. Həmin Qanunun 6-cı maddəsində hərbi tribunalların hakimliyinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmə üzvlüyünə və xalq iclasçılığına namizədlərə irəli sürülən tələblər müəyyən edilmişdi. Belə ki, həmin maddəyə əsasən 25 yaşına çatan, həqiqi hərbi xidmətdə olan, ali hüquq təhsili və zabit heyətinə aid əsgəri rütbəsi olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Qanunvericiliyində müəyyən edilmiş qaydada hərbi tribunalların hakimləri, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvləri seçilirdilər. Həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşı yaşından asılı olmayaraq hərbi tribunalın xalq iclasçısı seçilə bilərdi. 25 yaşına çatan, hərbi xidmətdə olan Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyasının xalq iclasçıları seçilə bilərdilər. Hərbi tribunalların, hərbi kollegiyaya daxil olan Ali Məhkəmə üzvlərinin seçilməsinə və səlahiyyətinə aid digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada həll edilirdi. Qeyd olunan maddənin məzmunundan göründüyü kimi, qanunverici hərbi tribunalların hakimliyinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlüyünə, hətta hərbi tribunalın xalq iclasçılığına namizədlərə əsas tələb kimi onların həqiqi hərbi xidmətdə olmalarını müəyyən etmişdi. Beləliklə, təhlil olunan maddənin mənasına görə, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən həqiqi hərbi xidmətdə olmayan şəxs hərbi tribunallarda hakim, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvü vəzifəsinə təyin edilə bilməzdi və hərbi tribunalın xalq iclasçısı seçilə bilməzdi. Bununla yanaşı, “Hərbi tribunallar haqqında” Qanunun 21-ci maddəsində hərbi tribunalların strukturu, ştatları və komplektləşdirilməsi barədə müddəalar nəzərdə tutulmuşdu. Belə ki, həmin maddəyə əsasən, hərbi tribunalların aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyası aparatının strukturunu və ştatlarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət heyəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edirdi. Hərbi tribunalların və Azərbaycan Respublikası Ali Məhkəməsi hərbi kollegiyasının maliyyə və maddi-texniki təminatı, mühafizəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilirdi. Göründüyü kimi, hərbi tribunalların və Ali Məhkəmənin hərbi kollegiyasının maliyyə və maddi-texniki təminatı bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəsaiti hesabına həyata keçirilirdi. Qanunvericiliyin yuxarıda göstərilən normalarının təhlilindən belə nəticəyə gəlmək olar ki, Nazirlər Kabinetinin 2012-ci il 28 sentyabr tarixli 217 saylı və 2014-cü il 26 dekabr tarixli 399 saylı Qərarlarında nəzərdə tutulmuş “hərbi qulluqçu” müddəası hərbi tribunalların hakimlərini, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərini və onların aparatlarında xidmət etmiş hərbi qulluqçuları da ehtiva edir. Belə olan halda, Nazirlər Kabinetinin mübahisələndirilən qərarları ilə hərbi tribunalların hakimlərinə, hərbi kollegiyaya daxil olan Ali Məhkəmənin üzvlərinə və onların aparatlarında xidmət etmiş hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi istisna edilmir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən mövqeyinə əsasən, hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularının vəzifə maaşlarının və hərbi rütbəyə görə maaşlarının artırılması barədə” 1998-ci il 30 may tarixli, 8116-23 saylı sərəncamının icrası ilə əlaqədar qəbul edilmiş Azəbraycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 iyun tarixli, 137-5 saylı Qərarına əsasən rütbəyə görə əmək haqqı, vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 58, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 137-5 saylı, xx.xx.1998-ci il tarixli “Hərbi qulluqçuların vəzifə maaşları və hərbi rütbəyə görə maaşlar haqqında” Qərarına əsasən 1998-ci ilin iyun ayından xx.xx.2000-ci il tarixə kimi olan dövr üçün rütbəyə görə əmək haqqı və vəzifə maaşının və rütbəyə görə maaşının 15 % miqdarında xidmət illərinə görə faiz əlavəsinin tam ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar