Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2961/2024 17.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı, üçüncü şəxs X12 “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, üçüncü şəxs X2 iştiakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (üçüncü şəxs X12) cavabdeh Bakı şəhər Sabunçi rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınmaqla şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə 17 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı2 Balağa oğlunun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin invertarizasiyası və qiymətləndirilməsinə dair” Texniki Pasport tərtib edilmişdir. Bakı şəhəri İHB-nın 504 saylı xx.xx.1999-cu il tarixli sərəncamı ilə Cəfər Cabbarlı küçəsi ünvanının adı dəyişdirilərək, Mirəli Mirəliyev küçəsi olmuşdur. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 2 ünvanında pasport qeydiyyatında olmuşlar. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4935/2022 saylı mülki iş üzrə 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X5 iddiası təmin edilmiş, cavabdehlər X13, X3. İddiaçı1, İddiaçı3, X14, X15, X1, X4, İddiaçı2, oğlu X11, X21, X16, X17, X7, X8, X9 iddiaçı X6 məxsus olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilmişdir. Qətnamə əsasında iddiaçılar həmin ünvandan pasport qeydiyyatında çıxarılmışlar və hazırda onların şəxsiyyət vəsiqəsi deaktiv statusundadır. İddiaçı1 onun, İddiaçı2 və İddiaçı3 ünvan 4 ünvanına qeydiyyata alınmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciəti təmin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, “...qeyd edilən ünvana qeydiyyata alınmaq üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlər təqdim edilməlidir. Göstərilən sənədlər təqdim edilməmişdir. İddia tələbi, iddianın əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanına pasport qeydiyyatına alınmaları öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yaşadıqları fərdi yaşayış evi mərhum atası və babası İddiaçı2 Balağa oğluna məxsus olmuşdur. Onlar qeyd olunan fərdi yaşayış evində anadan olublar və hal-hazırdada orada yaşayırlar. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçılar iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. Əlavə olaraq izahatında bildirdi ki, onun evi ilə iddiaçıların yaşadığı ev ayrı-ayrı evlərdir və ayrı ünvalardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və digər iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçılar ünvan 5 ünvanında yaşayırlar. İiddiaçıların həmin ünvanda yaşaması iş üzrə üçüncü şəxsin izahatı, həmçinin məhkəməyə təqdim edilmiş, notarial qaydada təsdiq edilmiş iddiaçıların qonşuları tərəfindən tərtib edilmiş ərizədən də müəyyən edilir. Həmin ev İddiaçı1 atası, digər İddiaçı2 babası İddiaçı2 məxsus olmuş, sonuncunun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi müliyyət hüququ ilə evlərin invertarizasiyası və qiymətləndirilməsinə dair Texniki Pasport tərtib edilmişdir. İddiaçılar şəxsiyyət vəsiqələri deaktivdir və qeyd edilən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmaları üçün cavabdeh müraciət etmiş, cavadeh iddiaçıların müraciətini təmin etməkdən imtina etdiyinə görə, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanmış maddələrin təhlili nəticəsində müəyyən olunur ki, qanunvericilik şəxsin qeydiyyatının aparılmasını konkret olaraq şərtləndirmişdir ki, bu zaman dəyərləndirmə məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılır. Hazırkı işin araşdırılmış hallarından məlum olur ki, iddiaçıların yaşadığı fərdi yaşayış evinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən “şəxsi müliyyət hüququ ilə evlərin invertarizasiyası və qiymətləndirilməsinə dair” Texniki Pasport tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Göründüyü kimi, qeyd edilən Texniki Pasport daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsində yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi həmçinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər də nəzərdə tutulmuşdur ki, məhkəmə hazırda təqdim edilən Texniki Pasportu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinin tələbləri əsasında qiymətləndirərək normada qeyd edilən, yaşayış sahəsinə köçmək üçün əsas verən digər sənəd kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” 31 yanvar 2003-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”ndə vətəndaş haqqında məlumatların sırasında “yaşayış yeri” bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz”. Qeyd olunan Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cümaddəsinin İX-cu hissəsinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin İ-ci hissəsinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 71-ci maddəsinin İİ-ci hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyata alına bilməməsi səbəbindən şəxsiyyət vəsiqəsinin olmaması vətəndaşlara ən mühüm hüquqlarını (əmək haqqı almaq, bank əməliyyatlarını həyata keçirmək, təhsil müəssislərinə müraciət edərək imtahanlarda iştirak etmək, səhiyyə müəssisələrinə, idarə müəssisə və təşkilatlara müraciət etmək və s. bunun kimi konstitusion hüquqları) həyata keçirmək imkanının məhdudlaşdırılmasına səbəb olur. Bu hal isə vətəndaşlar üçün arzuolunmaz və bərpaolunmaz nəticələrin yaranmasına gətirib çıxara bilər. Hazırkı işin halalrı baxımından da müəyyən edilir ki, iddiaçı şəxsiyyət vəsiqəsinin olmaması səbəbindən onun imthana buraxılmasından imtina edilmişdir. Ona görə də, cavabdehin heç bir əsas göstərmədən iddiaçıların ən mühüm konstitusion hüquqlarını məhdudlaşdmasına səbəb olan imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 4 ünvanına pasport qeydiyyatına alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-2961/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2961/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver