Məhkəmə qərarları › İş №2-1(112)-2965/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2965/2022

01.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2965/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş imtina məktubunun əsassız və qanunsuz hesab edilməsi və Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 36019 saylı icarə müqaviləsi əsasında verilmiş, hazırda iddiaçının qanuni sahibliyi və istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha ölçüdə "255f" nömrəli bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentinin X1 istismarı Birliyi ilə arasında olan xx.xx.2005-ci il tarixli, 36019 saylı müqaviləsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha ölçüdə "255f" nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsi 2005-ci il tarixdən etibarən hazırki vaxta kimi qanuni əsaslarla iddiaçının sahibliyində və daimi istifadəsindədir. Belə ki, hazırda zərurət yarandığından sözügedən bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış verilməsi üçün iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra-cavabdeh Bakı Ərazi İdarəsi) müraciət etmişdir. Lakin, cavabdeh Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq **********76 saylı xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bağ sahəsinə (ümumi hasar daxilində yerləşməsi və bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapamaması səbəbi ilə) dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtina məktubunda göstərdiyi hallar iddiaçının istifadəsində olan bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. İmtina məktubunun məzmunundan göründüyü kimi, cavabdeh orqan iddiaçının müraciətini qanuni və düzgün şəkildə araşdırmaq və təmin etmək əvəzinə, təqdim etdiyi sənədlərə etinasız yanaşaraq kobud şəkildə hüquqlarını pozaraq şablon xarakterli imtina məktubu vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Qeyd edilən ərazidə bağ sahələri fərqli bağ nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya xx.xx.2021-ci il **********76 saylı cavab məktubları ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilir. İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha ölçüdə "255f" nömrəli bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıb reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park -X3 Departamenti X1 və istismar Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli 36019 saylı müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 266 nömrəli sərəncamına əsasən Binəqədi rayonunun Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 255f nömrəli bağ sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə istifadəçiyə verir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********29 nömrəli məktubu ilə Goradil ərazisində 255f nömrəli bağ sahəsinə dair təqdim olunmuş arxiv sənədlərindən görünür ki: - Baş mühəndis A.Quliyev tərəfindən tərtib edilmiş Görədil ərazisindəki 255f nömrəli bağ barədə arayışda göstərilir ki, İddiaçı xahiş edir ki, uzun müddət istifadə etdikləri bu bağ sahəsini onun adına təhkim etsinlər. 255f nömrəli bağdan istifadə olunur. İddiaçı bu bağdan uzun müddət istifadə etməsini bağ qonşuları və sahə mühəndisləri tərtib etdikləri aktla təsdiq edirlər. 0.12 hektar torpaq sahəsi olan Goradil ərazisindəki 255f nömrəli bağın İddiaçı adına təhkim edilməsindən ötrü sənədlər Bakı şəhər İcra Hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilir. - İddiaçı tərəfindən Bağlar İdarəsinin direktoru Allahverdiyev T.T.-yə ünvanlanan 8109 nömrəli xx.xx.2005-ci il tarixli ərizədə göstərilmişdir ki, yazıb sizə bildirirəm ki, Goradil sahəsində 255f saylı bağa neçə illərdi mən baxıram. Ağac əkirəm, abadlıq işləri aparıram. Xahiş edirəm ki, bu bağı mənim adıma sənədləşdirəsiniz. -Göradil 255 f nömrəli bağ sahəsinin ölçü və cizgisi mühəndis İsmayılov.Ş tərəfindən xx.xx.2005-ci il tarixdə tərtib edilmişdir. - xx.xx.2005-ci il tarixli Abşeron rayonu İcra hakimiyyətinin Fatmayı kəndi üzrə nümayəndəsi Yusifov F., Bağlar İdarəsinin mühəndisi Sərxanov P., mühənds İsmayılov Ş., icarədar Dadaşov M, icarədar Qurbanova Y., icarədar Bünyadzadə S., İddiaçı tərəfindən tərtib edilmiş, imzalar və möhür ilə təsdiq edilmiş akta əsasən Goradil sahəsində 255f saylı bağdan İddiaçı istifadə edir. Həmin bağa hasar çəkmiş və öz ailəsi ilə birlikdə bağdan istifadə edir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7- 5731/17 nömrəli xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 266 nömrəli sərəncamından çıxarışa əsasən «Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə» X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il 104 nömrəli protokolu təsdiq edilmişdir. X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il 104 nömrəli protokoluna əsasən Bakı Şəhər icra Hakimiyyətinin 17.03.97-ci il tarixli, 233 nömrəli sərəncamına əsasən: Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilsin: 1.274. Goradildəki 255f N°-li bağ -İddiaçı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsinin sərhədlərinin bir tərəfi qonşu hasar digər tərəfləri isə şərti olmaqla ümumi sahə faktiki olaraq 7880,0 kv.m təşkil edir. Sahə hasarla 3(üç) hissəyə ayrılmışdır. Göstərilən ümümi sahənin 5640,0 kv.m hissəsi hasar daxilində 2240,0 kv.m hissəsi isə sahəyə bitişik qərb hissədə şərti olaraq yerləşir. İddiaçı həmin sahənində onlara aid olmasını bildirmişdir. Sözügedən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini mümkün olmamışdır. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200,0 m2 olsa da, faktiki olaraq ümumi sərhəd daxilində 5640,0 m2 sahə təşkil edir. Həmçinin iddia olunan əraziyə qərb tərəfdən bitişik şərti olaraq göstərilmiş əlavə 2240,0 m2 sahə mövcuddur. Torpaq sahəsi üzərində natamam ikimərtəbəli tikililər yerləşir. Vahid elektron kadastr bazasına əsasən göstərilən ərazidə keçmiş X2 və İstismarı Birliyi tərəfindən əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritədə iddia olunan bağ nömrəsi qeyd olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli, **********76 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri. Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “255f” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tərəfinizdən göstərilən bağ sahəsi ümumi hasar daxilində yerləşməklə, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb. Qeyd edilən ərazidə bağ sahələri fərqli bağ nömrələri ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 'Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv ediiməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, ‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2005-ci il tarixli, 36019 saylı icarə müqaviləsi əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha ölçüdə "255f" nömrəli bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən bağ sahəsinin ümumi hasar daxilində yerləşməklə, bağların bölgüsünə adir sxematik xəritədə öz əksini tapmadığına istinad edərək müraciətin təminindən imtina etmişdir. Hazırkı halda iddiaya etirazın əsasları cavabdehin imtina əsasları ilə eynidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park –Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və istismar Birliyi ilə İddiaçı arasında xx.xx.2005-ci il tarixli 36019 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Binəqədi rayonunun Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 255f nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Eyni zamanda həmin müqavilənin bağlanmasına əsas olmuş istinad edilən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 266 nömrəli sərəncamı (çıxarış) Bakı şəhər İH-nin arxivindən əldə edilmiş, həmin sərəncamla Goradildəki 255f N°-li bağın İddiaçı sənədləşdirilməsi barədə X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il 104 nömrəli protokolu təsdiq edilmişdir. Beləliklə, adıçəkilən xx.xx.2005-ci il tarixli 36019 saylı icarə müqaviləsi İddiaçı Binəqədi rayonunun Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 255f nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədi qismində çıxış edir. Cavabdehin imtina dəlillərinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh orqanın öz arxivindən təqdim etdiyi 255 f saylı bağ sahəsinə dair sənədlərdən görünür ki, iddiaçı hələ xx.xx.2005-ci il tarixli ərizə ilə Bağlar İdarəsinə müraiət edərək Goradil sahəsində 255f saylı bağa illərdir baxdığını, bağın onun adına sənədləşdirilməsini xahiş etmiş, İddiaçı 255f saylı bağ sahəsindən uzun müddət istifadə etməsi bağ qonşuları, icra nümayəndəsi və sahə mühəndisinin tərtib etdikləri aktla təsdiq edilmiş, həmin bağın İddiaçı adına təhkim edilməsindən ötrü sənədlərin Bakı şəhər İcra Hakimiyyəti aparatının komissiyasında baxılmasına göndərilməsi barədə bağlar idarəsinin baş mühəndisi tərəfindən arayış tərtib edilmiş, eyni zamanda bağın ölçüsü, forması, qonşu bağ nömrələri göstərilməklə bağlar idarəsinin mühəndisi tərəfindən sxem tərib edilmişdir. Hazırkı halda iddiaçının faktiki istifadəsində torpaq sahəsinin olmasını cavabdeh tərəf mübahisələndirmir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Goradil sahəsində 0.12 ha ölçüdə 255f saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı, iddia edilən torpaq sahəsi iddiaçının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. Cavabdehin istinad etdiyi sxematik xəritədə iddia olunan 255f bağ nömrəsinin qeyd olunmamasına gəlincə qeyd edilməlidir ki, təqdim edilmiş sxematik xəritə mühəndislər tərəfindən tərtib edilən müvafiq qaydada təsdiq edilməmiş sxem olmaqla hüquqmüəyyənedici sənəd hesab olunmur, cavabdehin özünün də qeyd etdiyi kimi koordinatları və coğrafi istinad məlumatları olmadan tərtib edilmiş yardımçı vasitədir. Məhkəməyə surəti təqdim edilmiş bağ sahələrinin sxemində bağların nömrələri adi gözlə sezilməyəcək, ümumən oxunmaz şəkildədir. Məhkəmə hesab edir ki, qeyd edilən sxematik xəritə iddiaçının iddia etdiyi 255 f saylı bağ sahəsinə qeydiyyat hüququnu məhdudlaşdıra bilməz. Yuxarıda da qeyd edildiyi kimi iddiaçıya Göradil ərazisində 0.12 ha ölçüdə bağ sahəsinin ayrılması barədə müqavilə, sərəncam var, torpaq sahəsi iddiaçıya bağlar idarəsinin dövründə idarə tərəfindən naturada təhvil verilmiş, hazırda da faktiki istifadəsindədir. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan və 255 f nömrəli bağ sahəsi kimi iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahələrinə dair arxiv saxlayıcı olan cavabdeh orqan isə sözügedən torpaq sahəsinin iddiaçıya aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha ölçüdə 255f nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 0,12 ha ölçüdə 255f nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar