Məhkəmə qərarları › İş №2-1(112)-2966/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2966/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2966/2025 04.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkii Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X9 Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-200060/2024 saylı inzibati aktının qanunsuz hesab edilməsi və güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi barədə müraciətinin təmin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X8 X9 Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci il tarixdən hazıradək həmin Rentgen şöbəsində sanitar qadın vəzifəsində çalışır. Ümumilikdə iş sosial sığorta və iş stajı 23 il 3 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyətləri aşağıdakılardır. Belə ki, iddiaçı Rentgen diaqnostika şöbəsində rentgen trubkalarının, trubkalı rentgen aparatlarının və bilavasitə otaqların təmizliyini təmin edir. Həmin vəzifədə zərərli işdə işlədiyinə görə hər ay 15% əlavə əmək haqqı alır, habelə hər 3 aydan bir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ X4 Sanitariya-gigiyena, fizikikimiyəvi, toksikoloji və radioloji müayinələr üzrə laborotoriyasında ionlaşdırıcı şüa mənbələrinin təsiri əhatəsində işləyən həyətin fərdi dozimetrik nəzarətindən keçir. İnsan sağalmlığı üçün zərərli işdə çalışdığı üçün və nəticə etibarı ilə güzəştli pensiya hüququna malik olduğuma görə onun tərəfindən cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunaraq güzəştli şərtlərlə pensiya təyin olunması xahiş olunmuşdur. Lakin cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-200060/2024 saylı inzibati aktına əsasən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı tərəf olaraq hesab edirik, cavabdeh inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-200060/2024 saylı inzibati aktı əsassız olduğundan qanunsuz hesab edilməli, habelə müraciətinin təmin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir. İddiaçı İ.X3 təqdim etdiyi “X8” PHŞnin arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində Rentgen şöbəsində tibbi qeydiyyatçı, xx.xx.2005-ci tarixdən bugünədək sözügedən şöbədə sanitar vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının arayışda istinad olunan, işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda xüsusilə diqqət çəkən məqamlardan digəri isə, Siyahıda göstərilən bir sıra yarımbəndlərdə “kiçik tibb işçisi” vəzifəsi ilə yanaşı, həm də “sanitar” vəzifəsinin qeyd olunmasıdır (Nümunə olaraq, sözügedən Siyahının 19-cu bölməsinin “ə" yarımbəndində vəzifə üzrə işin xüsusiyyətinin eyniliyindən asılı olaraq, pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri) birgə qeyd edilmişdir). Lakin rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları yarımbölməsinə münasibətdə xüsusi olaraq, sanitar vəzifəsi həmin yarımbəndə daxil edilməmişdir. Bu isə açıq formada göstərir ki, “sanitar və ya qeydiyyatçı” vəzifəsi, sözügedən yarımbənddə qeyd olunan “kiçik tibb bacısı” vəzifəsi ilə hər hansı uyğunluq təşkil etmir. Bundan başqa “X8” PHŞ-a məxsus olan arayışın son hissəsində qeyd olunur ki, Rentgen şöbəsində tibbi qeydiyyatçı və sanitar vəzifələri sözügedən Siyahının “19-a” bəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. Yuxarıda qeyd olunan bənddə nəzərdə tutulan, “vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində fəaliyyət göstərən kiçik və orta tibb heyəti” ilə İddiaçı fəaliyyət göstərdiyi "sanitar və qeydiyyatçı” vəzifələrinin eyniliyi sual doğuran növbəti məqam hesab edilə bilər. Çünki, arayışda qeyd olunan vəzifə üzrə işin xüsusiyyətlərində sözügedən Siyahının “19-a” bəndi ilə hər hansı uyğunluq təşkil etmədiyi görünür. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verdi və tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli, 3-17-1/2-M-200060/2024 nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazın dəlillərinə uyğun imtina cavabı verilmişdir. -ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək iqtisadçı; xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək mühasibatçı; xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək iqtisadçı; xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək mühasibatçı; xx.xx.2001-ci il tarixdə Rengen şöbəsinin tibbi qeydiyyatçısı təyin edilmiş, xx.xx.2005-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və həmin şöbəyə sanitar vəzifəsinə təyin edilmişdir. -Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının ümumi iş stajı 23 il 03 ay təşkil edir. İşlədiyi vəzifə “Rentqendiaqnostikada rentqen trubkalarının və trubkalı rentgen aparatının bilavasitə oraqların təmizliyi və dezinfeksiyalanmasını” təmin etməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 19 a bəndində müəyyən edilmiş sahənin və xüsusiyyətləri ilə eynidir. -İonlaşdırıcı şüa mənbələrinin təsir əhatəsində işləyən heyətin fərdi dozimetrik nəzarətinin nəticələrinə dair xx.xx.2024-cü il tarixli, 636 nömrəli protokolundan görünür ki, iddiaçının adı həmin siyahıda yer almışdır. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxs “X8” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18-1-17/2- 3851/2024 nömrəli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı xx.xx.2001-ci il tarixindən Şüa diaqnostika (şöbənin əvvəlki adı Rentqen) şöbəsinə tibb qeydiyyatçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixində isə Şüa diaqnostika şöbəsinə sanitar vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. İddiaçı tutduğu vəzifə və gördüyü işlər insan sağlamlığına zərərli işlər kateqoriyasına daxildir, eləcə də onun gördüyü işlər güzəştli şərtlərlə pensiya hüququna imkan verir. İddiaçı tutduğu vəzifə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-ixtisas sorğu kitabça”sının təsdiq edilməsi barədə 19 iyun 2017-ci il tarixli 8 saylı qərarına əsasən kiçik tibb heyətinə aiddir. İddiaçı Şüa diaqnostika şöbəsində xx.xx.2024-cü il tarixinə olan əmək stajı 23 il 06 ay 08 gündür. Aylıq əmək haqqı 480,10 AZN təşkil edir. Onun əmək haqqına insan sağlamlığı üçün təhlükəli və ağır olan əmək şəraitinə görə 56,10 AZN məbləğində əlavə ödənilir. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1965-cü il təvəllüdlü iddiaçının cavabdeh inzibati orqana 59 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən onun güzəştli iş stajının olmadığı qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 5.2-ci bəndinə əsasən 1 iyul 2024 - 30 iyun 2025 dövrlər arasında qadınların pensiya yaş həddi 64 yaşdır. Məhkəmə qeyd edir ki, qadınların pensiya yaşı hazırkı vaxt üçün 64 yaş kimi müəyyən edildiyindən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin yeni redaksiyasına görə güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün yaş həddi 5 il azaldılmaqla, daha dəqiq desək 59 yaş kimi müəyyən olunur. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 59 yaşına çatması; b) azı 20 il ümumi iş stajının mövcud olması; c) azı 10 il güzəştli iş stajının mövcud olması. Məhkəmə qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatması, ümumi iş stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarında olan sənədlərdən iddiaçının xx.xx.2024-cü il tarixdə 59 yaşının tamam olması, habelə əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 20 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Cavabdeh inzibati orqanın yeganə mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajı ilə bağlıdır və cavabdeh iddiaçının aşağıdakı əmək fəaliyyətini güzəştli iş stajına daxil etmir: - Rentgen şöbəsində tibb qeydiyyatçı və sanitar vəzifəsində işlədiyi müddət. Məhkəmə ilk növbədə bildirir ki, X7 PHŞ-nin iddiaçıya təqdim etdiyi güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışda iddiaçının işlədiyi sanitar və tibbi qeydiyyatçı vəzifəsinin AR NK-nın xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 19-cu bəndinə uyğun olduğu göstərilsə də, konkret hansı yarımbənddəki peşəyə uyğunluğu dəqiq göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Belə olan halda, baxmayaraq ki, iddiaçının işlədiyi vəzifədə insan sağlamlığı üçün təhlükəli və ağır əmək şəraitində çalışdığına görə əlavə haqq aldığı təsdiq olunub, lakin bu, həmin vəzifənin güzəştli iş stajına daxil edilməsinə hüquqi əsas yaratmır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixi, 8 №-li Qərarı ilə təsdiq olunmuş Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1 sanitar qadın (sanitar) vəzifəsi kiçik tibb heyətinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında 19-cu bölmədə nəzərdə tutulan Tibb və sosial təminat müəssisələri bölməsində yalnız müəyyən tibb bölmələrində, o cümlədən vərəm və infeksion xəstəxanalarında, leprozoriyalarda, psixiatrik və onkoloji bölmələrdə işləyən kiçik tibb heyətinin bu hüquqdan yararlanması nəzərdə tutulmuşdur. Bu zaman, kiçik tibb işçilərinin kateqoriyasına daxil olan əməkdaşların hansı fəaliyyətin icra etməsinin müyyən edilməsi mühüm rol oynayır ki, bunun müəyyən edilməsi “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X2” əsasında həyata keçirilir. İstinad olunan Siyahının 19-cu bölməsindəki Tibb və sosial təminat müəssisələri bölməsində aşağıda göstərilən vəzifələr güzəştli şərtlərlə pensiya hüququna təminat verir: a) vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində orta tibb heyəti; kiçik tibb heyəti b) leprozoriyalarda: orta tibb heyəti; kiçik tibb heyəti c) uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində: orta tibb heyəti; kiçik tibb heyəti ç) sosial təminat sisteminin psixi xəstələr üçün internat evlərində, əqli zəif inkişaf etmiş uşaq internat evlərində: orta tibb heyəti; kiçik tibb heyəti d) işlənmiş duz şaxtalarında yerləşən yeraltı xəstəxanalarda: həkimlər, orta və kiçik tibb heyati; xəstəxanaların şaxtalarını normal vəziyyətdə saxlamaq üçün yer altında daim işləyən fəhlələr e) yanıq və irin bölmələrində: həkimlər, orta və kiçik tibb heyəti ə) onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində: həkimlər, orta və kiçik tibb heyəti; uşaq onkoloji bölmələrində orta tibb heyəti; iş yerində radioaktiv maddələrin aktivliyi 226 radiy 0,1 milliküridən az olmamaqla və ya radioaktiv maddələrin miqdarı radiozəhərliliyi üzrə on ekvivalent olan işlərdə daim və bilavasitə işləyən tibb müəssisələrinin işçiləri; pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda kiçik tibb bacıları (sanitar işçiləri); rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacıları; xidməti vəzifələri yerinə yetirərkən, QİÇS virusuna tutulmuş tibb və əczaçılıq işçiləri Nəzərə alınmalıdır ki, sanitar (qadın) əmək funksiyası müəyyən prinsip əsasında xarakterizə olunmuşdur ki onlar müəssisənin sanitar-gigiyena rejiminə uyğun olaraq otaqlarda və dəhlizlərdə təmizlik işlərini yerinə yetirir. Dərman, alət və avadanlıq alınarkən onların şöbəyə daşınması üçün böyük tibb bacısına (qardaşına) köməklik göstərir. Təsərrüfat bacısından yataq dəstlərini, təsərrüfat inventarını və yuyucu vasitələri alır və onların düzgün saxlanılmasını və istifadə olunmasını təmin edir. Hər yemək qəbulundan sonra yataq xəstələrinin çarpayıyanı stollarını yığışdırır. Palata tibb bacısının (qardaşının) göstərişi ilə xəstələri müalicə-diaqnostika kabinetlərinə müşayiət edir. Kuryer funksiyasını yerinə yetirir, tibb müəssisələrində əczaçılıqda istifadə olunan qabları yuyur. Qızdırıcı, su təchizatı, kanalizasiya sistemlərində və elektrik cihazlarında olan nasazlıqlar barədə təsərrüfat bacısına (qardaşına) xəbər verir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi sanitar vəzifəsi faktiki olaraq kiçik tibb heyətinə aid olsa da, qanunverici yalnız rentgen bölmələrində (kabinetlərində) məşğul olan, xəstələrə qulluq edən kiçik tibb bacılarına güzəştli şərtlərlə pensiya hüququ verir. Göründüyü kimi tibb və sosial təminat müəssisələri bölməsində bir sıra sahələrdə (məsələn, vərəm və infeksion müəssisələrində, bölmələrində kabinetlərində, onkoloji müəssisələrin kimyəvi-terapiya bölmələrində və kabinetlərində, uşaq evlərinin psixiatriya (psixonevroloji) müalicə-profilaktika müəssisələrində, bölmələrində və s.) çalışan kiçik tibb heyətinə, o cümlədən pataloqoanatomik bölmələrdə, proyektorlarda, morqlarda çalışan kiçik tibb bacıları ilə yanaşı sanitar işçilərinə bu hüquq tanınsa da, rentgenologiya bölməsində çalışan işçilərdən güzəştli pensiya hüququ bütün kiçik tibb heyətinə deyil, ancaq rentgen kabinetlərində işləyən və xəstələrə qulluq edən kiçik tibb bacılarına aid edilmişdir. Lakin iddiaçının konkret vəzifəsi rentgenologiya bölməsində sanitar kimi qeydə alınmışdır və onun fəaliyyət sahəsi, əmək funksiyası və iş yeri qeyd olunan siyahıda əksini tapmamışdır. Bu baxımdan, iddiaçı kiçik tibb bacısı olmamaqla yanaşı, onun vəzifələrində (əmək funksiyalarında) xəstələrə qulluq etmək nəzərdə tutulmadığından həmin vəzifə ona güzəştli şərtlərlə pensiya hüququ vermir. Hüquqi baxımdan güzəştli pensiya hüququnun verilməsi üçün yalnız əmək şəraitinin çətin və ya insan sağlamlığı üçün təhlükəli olması kifayət etmir, həmin şəraitdə çalışan işçinin konkret olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi vəzifələr və bölmələr çərçivəsində fəaliyyət göstərməsi tələb olunur. İnsan sağlamlığına zərər verən işlər isə, ümumiyyətlə, işçinin daim zəhərli kimyəvi maddələr, radiasiya, bioloji təhlükələr və ya ağır fiziki yüklənmə ilə qarşılaşmasını nəzərdə tutur. Lakin bu hallar belə, hüquqi müstəvidə mütləq şəkildə güzəştli pensiya hüququnun yaranmasına səbəb olmur, çünki bu hüquq yalnız qanunvericilikdə dəqiq müəyyən edilmiş peşə və vəzifələrə şamil edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının işlədiyi müddət ərzində onun güzəştli iş stajına malik olması müəyyən olunmur. Odur ki, cavabdehin imtinası əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar