Məhkəmə qərarları › İş №2-1(112)-297/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-297/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-297/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X9 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada mənzillə təmin olunacaq şəxslərin siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 13.02.2020-ci il tarixli, 2-1(112)-1631/2020 nömrəli qərardadı ilə “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1956-cı ildə Qusar rayonunda anadan olmuşdur. 1970-ci ildə Bakı şəhərinə gəlmişdir. 5 saylı Peşə məktəbində 2 il təhsil almışdır. Oradan onu təyinatla Qossnabın “Azərmaşavadanlıq İdarəsi”nə işləməyə göndəriblər. “Azərmaşavadanlıq idarəsi” onu ünvan 1 yerləşən yataqxanada 75 nömrəli bir otaqla təmin etmişdi. Həmin ünvana onu qeydiyyata salıb ilk pasport vermişlər. 1974-cü ildə onun həmin ünvandan hərbi xidmətə çağırılmışdır. 1976-cı ildə hərbi xidmətdən qayıtmış və yenə də yataqxanada yaşamağa başlamışdır. 1977-ci ildə evlənmişdir. Həmin ünvanda 1978, 1980, 1986-cı illərdə 3 oğlan övladı doğulmuşdur. 5 nəfərlə 1 otaqda qalmaq çətin olduğundan o, bir müddət kirayədə qalmalı olmuşdur. Böyük oğlu 3 il 4 ay hərbi xidmətə olub qayıtdıqdan sonra o, yenidən yataqxanadakı otaqlarına qayıtmaq istəmişdir. Lakin yataqxanaya gələndə görmüşdür ki, onun qapısını bağlayaraq getdiyi otaqda məcburi köçkünlər məskunlaşıbdır. Onlara isə dövlət tərəfindən toxunulmazlıq hüququ verildiyindən o, otağında məskunlaşan məcburi köçkünü çıxarda bilməmişdir. 2019-cu ilin əvvəllərində iş yoldaşları ona bildirmişlər ki, köçkünlər yataqxanadan çıxarılıb, onun otağı boşdur. O, yataqxanaya gəlmiş və görmüşdür ki, otağının pəncərələri sındırılıb, otaq özü isə zibilin içərisindədir. O, bu barədə MİS-nə müraciət etmişdir. Orada ona bildirmişlər ki, otağın təmirinə artıq pul xərcləməyi, çünki yataqxana söküləcək və yerində yeni buna tikiləcək. sənədlərini onlara təqdim etsin, göndərsinlər Cavabdehə, cavab gələndə ona xəbər verərlər gəlib müqavilə ilə tanış olub imza atar. O, 75 nömrəli otaqa olan hüquqlarını təsdiq edən sənədləri Mənzil İstismar sahəsinə təqdim etmişdir. Bir müddətdən sonra ona zəng edib çağırmış və yataqxananın söküntüsü və yeni tikiləcək bina ilə məşğul olan hökümət işçiləri onu qəbul etmişlər. Ona bildirmişlər ki, yeni tikiləcək binadan mənzil almaq hüququ olan şəxslərin siyahısında onun adı yoxdur. Oradan ona bildirmişlər ki, onun adının siyahıya düşməməsinə səbəb odur ki, o, neleqaldır və onu bina söküləndən sonra polisin inzibati binasına qeydiyyata salacaqlar. O, 1972-ci ildə dövlət tərəfindən həmin ünvanda otaqla təmin edilmişdir, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. Lakin onun adı yeni tikiləcək binada mənzil alacaq şəxslərin siyahısına salınmayıb. O, adının siyahıya salınması üçün ərizə ilə Bakı şəhəri Cavabdehə müraciət etmişdir. Bakı şəhəri Nəimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 18 iyun 2019-cu il tarixli, İ-8 saylı məktubu ilə ona bildirilmişdir ki, onun ərizəsinə baxılıb və onun mənzili yataqxana binasında yaşayan ailələrin siyahısındadır və 51-ci sırada qeyd olunmuşdur. Lakin bundan sonra Bakı şəhəri Cavabdehin İ-37/2-071/2-t/l saylı, 22 iyul 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, əldə edilmiş məlumata görə həmin ünvanda yaşamaq hüququna dair mövcud sənədlərində uyğunsuzluq və çatışmazlıqların olması səbəbindən müraciətləri təmin edilmir. Sənədlərdəki uyğunsuzluq və çatışmazlıqların nədən ibarət olması ona izah edilmir. Onun adının ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada mənzillə təmin olunacaq şəxslərin siyahısına salınmaması barədə Bakı şəhəri Cavabdehin imtinası əsassızdır. Polis şöbəsində saxlanılan Forma A surətindən görünmüşdür ki, 18 avqust 1956-cı il təvəllüdlü İddiaçı Mehti oğlu 11 avqust 1972-ci ildən yaşamaqla 1977-ci ildən Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski 8/9 ünvanda yataqxanada qeydiyyatdadır. 26 noyabr 1976-cı ildə verilmiş Sovet Pasportunun surətindən görünmüşdür ki, o, 1977-ci ildən həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Kontakt Korporasiyası “Azərkontakt” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 31 yanvar 2019-cu il tarixli 9 saylı orderindən görünmüşdür ki, “Azərmaşavadanlıq İdarəsi”nin mexaniki vəzifəsində işləyən İddiaçı Bakı şəhəri, Mayakovski küçəsi 8/9-da yerləşən yataqxanada 75 saylı yaşayış sahəsi ilə təmin edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçı iddia tələbinin əsası kimi iddia ərizəsinə Azərbaycan Respublikası X3 "Azərkontrak" Səhmdar Cəmiyyətinin (bundan sonra “Azərkontrakt”) ünvan 12 №-li evin 75 №-li mənzilinə dair verilmiş 31.01.2019-cu il tarixli 9 №-li dublikat orderini, Mayakovski, 8/9 №-li ünvanda yerləşən yataqxanada 15.12.1977-ci il tarixli qeydiyyata düşmüş SSRİ vətəndaşı İddiaçı İİİ JQ № 500460 №-li 26.11.1976-cı ildə verilmiş Sovet pasportunun surətini, “A" Forma üzrə arayışını və ərazi aidiyyətli 38 №-li MKİS tərəfindən Mayakovski küçəsi 8/9 ünvan üzrə tərtib edilmiş siyahını əlavə etmişdir. Qeyd etdiyi əsaslara istinad edən iddiaçı Mayakovski küçəsindəki 8/9 ünvanda yerləşən yataqxanaya və onun mövcud olmayan 75 №-li mənzilinə mənzil hüquqlarının (istifadə, icarə, sərəncam, mülkiyyət və s.) yarandığını bildirirək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı mübahisələndirdiyi yaşayış sahəsinə hansı hüquqlarının yaranmasını, pozulmuş hüquqlarının nədən ibarət olmasını və nədə ifadə olunmasını hüquqi normaları ilə əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İddiaçının təqdim etdiyi “A” forması üzrə arayışa və SSRİ vətəndaşının İİİ JQ №-li 500460 №-li pasportuna əsasən onun 1976-cı il tarixdən qeyd edilən ünvanda yataqxanada güşə (qoyka) hüququ ilə qeydiyyatda olması onun həmin yataqxananın hər hansı bir otağına mənzil hüququnun yaranması anlamına gələ bilməz. Nərimanov RİH başçısının 16.04.2019-cu il tarixli, 109 №-li və 30.05.2019-cu il tarixli, 140 №-li sərəncamları ilə Mayakovski küçəsindəki 8/9 və 10 ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının və ona bitişik ərazidə “xxxx” MMC tərəfindən sökülməsi, sakinlərin müəvəqqəti yaşayış sahələrinə köçürülməsi, köçürülmə ilə əlaqədar mənzil kirayə xərclərinin ödənilməsi, köçürülmə işlərinin təşkili, ərazinin hasara alınması vəzifəsi “xxxx” MMC-yə həvalə edilmişdir. Bu inzibati aktlarda söküntü ərazisində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri, icarədarları və mülkiyyətçiləri barədə hər hansı siyahının tərtib edilməsi ilə bağlı məlumat yoxdur. Tikinti şirkəti tərəfindən inzibati orqanın inzibati aktlarına uyğun olaraq, Mayakovski küçəsindəki 8/9 ünvanındakı yaşayış binasında yaşayan bütün sakinlər qəbul edilmiş, 48 mənzildə yaşayan bütün sakinlərlə onlara məxsus yaşayış sahələrinin hüquqmüəyyənedici sənədləri əsasında müqavilələr bağlanmış, sakinlər qəzalı şəraitdə olan binadan aylıq müavinətlər verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüş və qəzalı vəziyyətdə olan bina sökülmüşdür. Tikinti şirkəti tərəfindən qəzalı binanın qəbul edildiyi vaxt orada yaşayan sakinlər barədə bütün məlumatların qeydiyyatı aparılmışdır və iddiaçı barədə həmin siyahıda hər hansı bir məlumat olmamışdır. Nərimanov rayonu 38 №-li MKİS tərəfindən tərtib edilmiş, Nərimanov rayon MKTB tərəfindən təsdiq edilmiş siyahıda müvafiq hüquqmüəyyənedici sənədlər əsasında yaşamış bütün 48 ailələr üzrə məlumatlar tikinti şirkətinin tərtib etdiyi siyahı ilə üst-üstə düşür. Siyahının 48,49,51,52,53,54 və 55-ci qrafasında isə sözügedən ünvanda qeydiyyatsız yaşayan və yaşayış sahəsinə hüquqmüəyyənedici sənədləri olmayan və məcburi köçkünlər (2 ailə) barədə məlumatlar yerləşdirilmişdir. 38 №-li MKİS-in tərtib etdiyi siyahıda bütün mənzillərin (otaqların) ümumi sayı 35, qeyri-yaşayış sahəsi isə 1 ədəddir. Siyahının 51-ci qrafasında 3-cü şəxsin Mayakovski küçəsindəki 8/9 №-li evin 5-ci mərtəbəsində 75-ci mənzildə 31.01.2019-cu il tarixli, 9 №-li order əsasında “yaşaması” barədə məlumat yerləşdirilmişdir. Ərazi aidiyyətli 38 №-li MKİS-in 30.03.2020-ci il tarixli, 38/452 №-li arayışında sözügedən binanın 28.06.2001-ci il tarixdən 38 №-li MKİS-in xidməti ərazisinə daxil edilməsi bildirilir. Həmin vaxta qədər iş üzrə iddiaçının sözügedən yaşayış evinin hansı otağına və ya mənzilinə dair hər hansı hüquqmüəyyənedici sənədinin mövcudluğu barədə hər hansı bir məlumat olmamışdır. İş materiallarına əlavə edilmiş 31.01.2019-cu il tarixli, 9 №-li order isə dublikatdır. Belə olan halda orderin əsli haradadır və arxiv arayışı nə üçün təqdim edilməmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ötən əsrin 80-ci illərində sözügedən ünvanda yaşamış, ailə qurmuş və 3 övladı mübahisələndirdiyi yaşayış sahəsində dünyaya gəlmişdir. Belə olan halda onun ailə tərkibi barədə nə üçün məlumatlar yoxdur, onun 75-ci və ya digər mənzildə yaşaması barədə hər hansı bir hüquqmüəyyənedici sənədi, sərəncam, yaşayış sahəsini kirayə müqaviləsi və s. nə üçün yoxdur. Onun iddialı olduğu mənzildə məcburi köçkünlər barədə məlumat və onların mübahisəli yaşayış sahəsindən inzibati qaydada çıxarılmaları barədə nə üçün iddiaçının hər hansı bir müraciəti olmamışdır. Bütün bunlar bir daha onu qeyd etməyə əsas vermişdir ki, iddiaçı sözügedən ünvanda yataqxanada güşə (qoyka) hüququ ilə qeydiyyatda olmuş, ötən əsrin 80-ci illərindən isə həmin yataqxanada yaşamamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqların həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi çağırış, məhkəmə qərarlarının icrası və s) üçün zəruri şərait yaratmaqdır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2006-cı il tarixdə Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişikliklər və əlavə edilməsi barədə imzaladığı qanunun b) bəndinə görə “Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər”. Məhz həmin əsaslarla sözügedən yataqxananın 48 otağında (mənzillərində) yaşayan sakinlər həmin mənzillər üzrə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının dövlət qeydiyyatını apararaq, müvafiq çıxarışlar almışlar. 2009-cu il oktyabrın birinədək qüvvədə olan (köhnə redaktədə) Azəbaycan Respublikasının Mənzil Məcəlləsinin 4-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu). Həmin Məcəllənin 4-ci maddəsinin 1-ci hissəsinə görə dövlət mənzil fondu yerli xalq deputatları sovetlərinin (yerli sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 48-ci maddəsinin tələbinə görə dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhərdə rayon, qəsəbə, kənd, X7 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddəninin 1-ci və 2-ci hissələrinin tələbinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 106-cı maddəsinin birinci bəndinə əsasən, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinin ikinci hissəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Həmin Məcəllənin 108-ci maddəsinə görə işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasənda işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxsləri iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar.. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzrlü səbəblər olmadan öz arzusu ilə əmək inzizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikası (Azərbaycan Respublikası) X1 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının Yerli X8 aid edilməsi səlahiyyətlərini yerli icra Hakimiyyəti orqanları həyata keçirir. 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş və hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsinə görə mənzil hüquq və vəzifələr qanunda nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları, mülkiyyət hüququnun əldə edilməsi; mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə barədə əsaslar olduqda yaranır. işdən görünür ki, cavabdehin mənzildən istifadə etməsinə əsas verən həmin hallarda mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 №-li Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti orqanının mənzil- kommunal sahədə vəzifələri nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 3.9-cu bəndinə əsasən, yerli icra hakimiyyəti orqanları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür, müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir, mənzil fonmdunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirir, qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür, müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanmasına nəzarəti həyata keçirir, mənzil fondunun və sosial-mədəni obyektlərin qış mövsümündə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görür, yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir, istehsalat və məişət tullantılarının yığılması və daşınması işini təşkil edir, icazəsiz tullantı yerlərinin ləğv edilməsi üçün tədbirlər görür, tullantılarla davranma qaydaları barədə şəxslətin məlumatlandırılmasını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüquqi əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən mülki qanunvericilik, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçiirilməsi qaydasını müəyyənləşdin, müqavilə və digər öhdəlik münasibətlərini, habelə və sair əmlak münasibətlərini və onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan habelə, fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddiaçının belə bir hüquqularının mövcudluğu barədə iş materiallarında hər hansı bir sübut yoxdur. Hazırki halda iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni, qanunverici orqan yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququ verir. Qeyd edilmişdir ki, hər bir inzibati iddia onun mümkünlüqü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən müddəalarının tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Qeyd edilənlərdən göründüyü kimi iddiaçının nəinki mövcud olmayan 75 №-li otağın mübahisəli yaşayış sahəsinə Mayakovski küçəsindəki 8/9 ünvanında yerləşən yataqxanaya dair hər hansı bir mənzil hüquqları yaranmamış, bu hüquqların mövcudluğu iş materiallarında öz əksini tapmır. İddiaçının özünün subyektiv mülahizələrinə uyğun tərtib etdiyi iddia tələbi əsassızdır və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaya etirazının məzmununa uyğun izahat verərək iddianı mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi və vəkili X10 iddia tələbi ilə bağlı verdiyi izahatında bildirmişdir ki, Bakı şəhər, Cavabdeh Başçısının 140 №-li, 30.05.2019-cu il tarixli sərəncamına əsasən V.Mayakovski küçəsi, 8/9 və 10 №-li beşmərtəbəli binaların, həmçinin bitişik ərazidə yerləşən fərdi evlərin gələcəkdə sökülüb, əvəzində yeni çoxmənzilli binaların tikintisi məqsədi ilə hasara alınması və sakinlərin kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsi işinin “xxxx” MMC tərəfindən həyata keçirilməsinə icazə verilmişdir. İcra Hakimiyyət tərəfindən siyahı təqdim edilsə də həmin siyahı tərəflərindən mənzillə təmin oluncaq şəxslərin siyahısı kimi qəbul edilə bilməz. Belə ki, “xxxx” MMC həmin ünvanlarda yaşayan və hüquqmüəyyəndici sənədlərə, yəni müvafiq order, müqavilə, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa malik olan şəxslərin təqdim etdikləri sənədləri araşdıraraq həmin şəxslərlə müvafiq müqavilələr bağlamışdır. Bina qəzalı vəziyyətdə olduğu üçün təcili söküldüyündən yerində aktlaşdırılmalar aparılmamışdır. Həmin binada məcburi köçkünlər məskunlaşsalar da onlara mənzillər onlar tərəfindən deyil, müvafiq orqan tərəfindən verilmişdir. İddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, təqdim etdiyi sənədlərin mötəbərliyi şübhə doğurduğundan, təqdim edilmiş order “dublikat” olsa da onun verilməsinə əsas olmuş sübutlar müəyyən edilmədiyindən iddiaçının tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə ünvan 3 ünvanıdır. - ünvan 4Kommunal İstismarı Sahəsinin 38/355 №-li, 07.10.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Mayakovski küçəsi, 8/9 evdə pasport qeydiyyatındadır. - İddiaçı aid SSRİ vətəndaşının pasportunun surətindən görünür ki, İddiaçı 13.12.1976-cı ildən 25.11.1977-ci il tarixədək, 15.112.1977-ci ildən yaşadığı yer Mayakovski küçəsi 8/9 yataqxana qeyd edilmişdir. - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 078-37-1221 №-li, 04.01.2021-ci il tarixli məktubdan görünür ki, İsmayılov X2 rayonu, Mayakovski küçəsi 8/9 ünvanına 21.12.2004-cü ildə qeydiyyata alınmışdır. Qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün tərəflərindən məhv edilmişdir. - Azərbaycan Respublikası X3 “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 9 №-li, 31.01.2019-cu il tarixli dublikat orderin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azərmaşavadalıq” İdarəsində mexanik vəzifəsində işləyən İddiaçı DKK “Azərkontrakt” Səhmdar Cəmiyyəti rəhbərliyinin, həmkarlar təşkilatının və mənzil məişət komissiyasının birgə qərarına əsasən ünvan 6 ünvanında yerləşən yataqxanada yaşayış sahəsi ilə təmin edilmişdir. Əsas 31 yanvar 2019-cu il tarixli, 9 saylı protokol. - Bakı şəhər, Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 №-li binaların “xxxx” MMC tərəfindən hasara alınması və sakinlərin köşürülməsi haqqında” 109 №-li, 16.04.2019-cu il tarixli sərəncamının surətindən görünür ki, V.Mayakoviski küçəsi 8/9 və 10 №-li ünvanlarda yerləşən, 1934-cü ildə inşa edilmiş binalar istismar müddətlərini bitirərək yararsız vəziyyətə düşmüşdür. Əvvəllər yataqxana tipli olmuş binalarda daimi yaşayan sakinlər və müvəqqəti məskunlaşmış məcburi köçkünlər tərəfindən mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə xeyli vaxt bundan əvvəl aparılmış rekonstruksiya və əlavə tikitnti işləri, ən əsası isə uzun müddət istismarı nəticəsində mərtəbələrarası örtükləri, pilləkan qəfəsələri, dam örtüyü, digər konstruktiv hissə və elementləri qəzalı vəziyyətə düşmüşdür. Sözügedən binaların qəzalı vəziyyətdə olması barədə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən 2016-cı ildə müvafiq aktlar tərtib edilmişdir. Aparılmış danışıqlar nəticəsində “xxxx” MMC həmin qəzalı binalarda yaşayan və bitişik ərazidə yerləşən, layihə üzrə köçürülməsi zəruri olan köhnə, istismar müddəti bitmiş, ilkin araşdırmalara görə sayı 15 ədəd təşkil edən fərdi evlərdəki sakinlərin müvəqqəti kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsini, binaların və fərdi evlərin sökülüb yeni, müasir layihəyə uyğun hündürmərtəbəli, çoxmənzilli binaların tikintisini, həmçinin əhalinin yeni binalarda müvafiq ölçülərdə mənzillərlə təmin olunmasını öz üzərinə götürmüşdür. Bu işlərin görülməsi nəticəsində büdcə vəsaitindən istifadə olunmayaraq qəzalı vəziyyətdə olan binaların yenilənməsi və sakinlərin rahat, təhlükəsiz yaşamasının təmin olunması prosesi baş tutmuş olacaqdır. Yuxarıda göstərilənləri, sakinlərin real təhlükə altında yaşadığını, hər an bədbəxt hadisə baş verəcəyi ehtimalı nəzərə alınaraq V.Mayakovski küçəsi, 8/9 və 10 №-li beşmərtəbəli binaların, həmçinin bitişik ərazidə yerləşən fərdi evlərin gələcəkdə sökülüb, əvəzində yeni çoxmənzilli binaların tikintisi məqsədi ilə hasara alınması və sakinlərin kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsi işinin “xxxx” MMC tərəfindən həyata keçirilməsinə icazə verilməsi qərara alınmış, “xxxx” MMC-yə ərazinin hasara alınması və sakinlərin köçürülməsi işinin təşkili və həyata keçirilməsi zamanı mövcud qanunvericiliyin tələblərinə, qüvvədə olan norma və qaydalar riayət olunmasını təmin etməsi tapşırılmış, “xxxx” MMCni nəzərinə çatdırılmışdır ki, bu sərəncam yalnız ərazinin hasaralanması və sakinlərin köçürülməsi üçün əsasdır. “xxxx” MMC-yə ərazinin zəbt olunmadan qorunmasını, sanitar vəziyyətinə diqqətin artırılmasını təmin etməsi, müvafiq layihələndirmə və tikintiyə icazə ilə bağlı sənədləşdirmə başa çatdırılmadan hər hansı inşaat işlərinin aparılmasına yol verməməsi tapşırılmışdır. Sərəncamın icrasına nəzarət Rayon təsərrüfatı şöbəsinə tapşırılmışdır. - Bakı şəhər, Cavabdeh Başçısının “V.Mayakovski küçəsi 8/9 və 10 ünvanlarında yerləşən qəzalı binaların sökülməsi haqqında” 140 №-li, 30.05.2019-cu il tarixli sərəncamının surətindən görünür ki, V.Mayakovski küçəsi 8/9 və 10 ünvanlarında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binalarının “xxxx” MMC tərəfindən sökülməsinə icazə verilmişdir. - Bakı şəhəri Cavabdeh Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən iddiaçıya və məlumat üçün Cavabdehə ünvanlanmış 18.06.2019-cu il tarixli, İ-8 №-li məktubun surətindən görünür ki, Cavabdehdən daxil olmuş 24.05.2019-cu il tarixli, İ- 37-071 saylı məktub ilə V.Mayakovski küçəsi, ev 8/9 mənzil 75 ünvanına qeydiyyatda olmağı və orderi olduğunu nəzərə alaraq adının yeni inşa ediləcək binada mənzillə təmin ediləcək şəxslərin siyahısına salınmağına köməklik göstərilməsinə dair müraciətinə baxılması və müvafiq tədbirlərin görülməsi tapşırılmışdır. Məlumat üçün bildirilir ki, onun mənzili yuxarıda qeyd olunan yataqxana binasında yaşayan ailələrin siyahısındadır və 51ci sırada qeyd olunmuşdur. - ünvan 9 ünvanında yerləşən texniki cəhətdən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələr haqqında Nərimanov rayon Mənzil-X5 tərəfindən tərtib edilmiş siyahıdan görünür ki, İddiaçı adı 51-ci sırada qeyd edilməklə, yaşadığı mənzilin №-si (mərtəbə) 75/5, hüquqmüəyyənedici sənəd kimi 9 №li, 31.01.2019-cu il tarixli order qeyd edilmişdir. - Bakı şəhəri, Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış İ-37/5-071/5-t/2 №-li, 07.10.2019-cu il tarixli məktubundan görünür ki, V.Mayakovski küçəsi 8/9 ünvanında qəzalı vəziyyətdə olan yataqxana binasının sökülməsi və əhalinin köçürülməsi zaman hüquqlarının pozulması barədə təkrar ərizəsinə baxılmışdır. Məsələ ilə əlaqədar əvvəlki, eyni məzmunlu müraciətlərinə əsasən müvafiq işçi qrupu və tərəfindən ona şifahi və yazılı surətdə məlumat verildiyini diqqətə çatdırır və bir daha bildirilir ki, həmin ünvanda qeydiyyatda olmağına və yaşamağına dair mövcud sənədləri uyğunsuzluq və çatışmazlıqların olduğuna görə mübahisə doğuran bu məsələnin hüquqi müstəvidə həll olunması üçün məhkəmə orqanlarına müraciət edə bilər. - Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 1/1797 №-li, 02.12.2019-cu il tarixli məktubdan və ona əlavə edilmiş ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada mənzillə təmin olunacaq şəxslərin siyahısından görünür ki, ünvan 1 ünvanda yerləşən yataqxananın sökülməsindən sonra yeni tikiləcək binada mənzillə təmin olunacaq şəxslərin siyahısında İddiaçı adı qeyd olunmamışdır. - Azərbaycan Respublikası X3 “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə ünvanlanmış **-SM-*** №-li, 23.04.2020-ci il tarixli məktubdan görünür ki, X3 «Azərkontrakt» Səhmdar Cəmiyyəti (keçmiş Azərbaycan SSR Dövlət Maddi-Texniki Təchizat Komitəsi) tərəfindən həmin Komitənin tabeliyində fəaliyyət göstərmiş «Azərmaş» birliyinin vaxtı ilə işçisi olmuş İddiaçı 29.01.2019-cu ildə Səhmdar Cəmiyyətə ərizə ilə müraciət edərək, ona ünvan 12 ünvanında yerləşən yataqxanada qeydiyyata düşməsi və yaşayış sahəsi ayrılması məqsədilə verilmiş orderi itirdiyindən orderin dublikatının verilməsini xahiş etmişdir. İddiaçı hazırda adı çəkilən ünvanda qeydiyyatda olduğunu əsas götürərək ona 31.01.2019-cu il tarixli, 9 nömrəli orderin dublikatı verilmişdir. - Həmin məktuba əlavə edilmiş Bakı şəhəri, Mayakovski küçəsi 8/9 ünvanında yerləçən yataqxananın 75 №-li otaqda qeydiyyatda olan İddiaçı tərəfindən “Azərkontrakt” SC sədri M.Qənbərova ünvanlanmış 29.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, o cəmiyyətin tabeliyində fəaliyyət göstərmiş Azərmaş birliyində müxtəlif vəzifələrdə çalışmışdır. Azərmaş birliyinin balansında yerləşən yataqxanada 75 №-li otaqda yer vermişlər. Bunun üçün ona verilən order itmişdir. Yuxarıda qeyd etdiklərini nəzərə alıb ona yeni orderin dublikatının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Həmin məktuba əlavə edilmiş X6 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31.01.2019-cu il tarixli, 9 saylı protokolunun surətindən görünür ki, iclasda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin keçmiş “Azərmaş” birliyində işləmiş İddiaçı ərizəsinə baxılmışdır. Eşidilmişdir ki, keçmiş “Azərmaş” birliyində işləmiş İddiaçı “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyinə ərizə ilə müraciət edərək bildirmişdir ki, keçmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsinin rəhbərliyi və Birləşmiş Həmkarlar Komitəsinin birgə qərarı ilə, vaxtı ilə cəmiyyətin tərkibində olmuş, Mayakovski küçəsi, 8/9 ünvanında yerləşən yataqxanaya qeydiyyata düşmək üçün ona 75 nömrəli mənzilə order verilmişdir. Lakin həmin orderin naməlum səbəbdən itdiyini nəzərə alıb orderin dublikatının verilməsi xahiş olunur. İddiaçı ərizəsini nəzərə alaraq “Azərkontrakt” Səhmdar Cəmiyyətinin keçmiş “Azərmaş” birliyinin işçisi olmuş İddiaçı Mayakovski küçəsi, 8/9, mənzil 75 ünvanında yataqxanaya qeydiyyata düşməsi üçün verilmiş orderin dublikatının verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası X3 “Azərkontrakt” Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə ünvanlanmış **-SM-*** №-li, 06.10.2020-ci il tarixli məktubdan görünür ki, X3 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin (keçmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsi) tabeliyində fəaliyyət göstərmiş “Azərmaş” birliyinin işçisi olmuş İddiaçı Səhmdar Cəmiyyətinin nomenklaturasına daxil olmadığından, onunla əmək müqaviləsinin bağlanması və xitam olunması tarixləri barədə məlumatın təqdim edilməsi qeyrimümkündür. Lakin İddiaçı məxsus əmək kitabçasında qeydiyyatdan göründüyü kimi o 1972-ci il 01 avqust tarixindən (əmr № 77-k) 995-ci il 16 may tarixinə qədər (əmr № 22/k) “Azərkontrakt” Səhmdar Cəmiyyətinin “Azərmaş” birliyində müxtəlif vəzifələrdə işləmişdir. Vaxtı ilə Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərmiş “Azərmaş” birliyinin balansında olmuş ünvan 12 ünvanında yerləşən yataqxanada İddiaçı mənzillə təmin olunmuş və pasport qeydiyyatına alınmışdır. - Bakı şəhəri Cavabdeh Nərimanov rayon Mənzil-Kommunal Təsərraft Birliyinin 29.03.2021-ci il tarixli, 3/98 nömrəli məktubuna əsasən ünvan 13 ünvanında yerləşən binada yaşayan ailələr haqqında siyahının tərtib olunmasına əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. - Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri Cavabdeh Nərimanov rayon Mənzil- Kommunal Təsərraft Birliyinin baş mühəndisi X11 verdiyi izahatında bildirmişdir ki, ünvan 12 ünvanında yerləşən yataqxana qəzalı vəziyyətdə olduğundan sökülmüşdür. Bina qəzalı vəziyyətdə olduğundan və orada yaşayan şəxslərin həyatı üçün təhlükə olduğundan həmin binadan yaşayan şəxslər köçürülüb, sonra həmin şəxslərin təqdim etdikləri sənədlər əsasında siyahı tərtib edilmişdir. Siyahı yataqxana sökülməmişdən 5-6 ay əvvəl onlar tərəfindən tərtib edilmişdir. İddiaçı da yataqxanada qeydiyyatda olması barədə sənəd və order təqdim etdiyindən onun da adı siyahıya əlavə edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 14 ünvanlarda yerləşən, 1934-cü ildə inşa edilmiş binalar istismar müddətlərini bitirərək yararsız vəziyyətə düşdüyündən, qəzalı vəziyyətdə olduğundan cavabdeh inzibati orqan tərəfindən V.Mayakovski küçəsi, 8/9 və 10 №-li beşmərtəbəli binaların, həmçinin bitişik ərazidə yerləşən fərdi evlərin gələcəkdə sökülüb, əvəzində yeni çoxmənzilli binaların tikintisi məqsədi ilə hasara alınması və sakinlərin kirayə haqları ilə təmin olunmaqla digər ünvanlara köçürülməsi işinin “xxxx” MMC tərəfindən həyata keçirilməsinə və həmin binaların sökülməsinə icazə verilmişdir. ünvan 9 ünvanında yerləşən texniki cəhətdən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələr haqqında Nərimanov rayon Mənzil-X5 tərəfindən tərtib edilmiş siyahıda İddiaçı adı 51-ci sırada qeyd edilməklə, yaşadığı mənzilin №-si (mərtəbə) 75/5, hüquqmüəyyənedici sənəd kimi 9 №li, 31.01.2019cu il tarixli order qeyd edilmişdir. X6 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31.01.2019-cu il tarixli, 9 saylı protokoluna əsasən İddiaçı ərizəsini nəzərə alaraq “Azərkontrakt” Səhmdar Cəmiyyətinin keçmiş “Azərmaş” birliyinin işçisi olmuş İddiaçı Mayakovski küçəsi, 8/9, mənzil 75 ünvanında yataqxanaya qeydiyyata düşməsi üçün verilmiş orderin dublikatının verilməsi qərara alınmışdır. Sonradan cavabdeh inzibati orqan tərəfindən həmin ünvanda qeydiyyatda olmağına və yaşamağına dair mövcud sənədlərdə uyğunsuzluq və çatışmazlıqlar olduğuna görə İddiaçı adı mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməmişdir. İddiaçı cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. 01.10.2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X7 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. - 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. - 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. - 107-ci maddəsinə əsasən yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi order 31.01.2019-cu il tarixli, 9 №-li olmaqla “dublikat”dır və müraciəti əsasında X6 “Azərkontrakt” Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar təşkilatının birgə iclasının 31.01.2019-cu il tarixli, 9 saylı protokoluna əsasən verilmişdir. Məhkəmənin müfafiq sorğusu ilə həmin orderin əslinin əvvəllər mövcud olması barədə məlumatlar həmin qurumdan tələb edilsə də qurum bu barədə təsdiqedici məlumatları məhkəməyə təqdim etməmişdir. İddiaçı Mayakovski küçəsi, 8/9 ünvanında qeydiyyatda olsa da onun 75 nömrəli mənzillə təmin olunması və həmin mənzildən istifadə etməsi üçün vaxtı ilə işlədiyi müəssisə tərəfindən ona Azərbaycan Respublikasının həmin zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun sənədlər təqdim edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının adının müvafiq siyahıya daxil edilməsindən imtina etməsi qanunsuz olmamışdır. “İnzibati icraat haqqında” Qanunun: - 11.1-ci maddəsinin tələblərinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar