Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-297/2025 29.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs “X4” Şirkəti və Xocasən bələdiyyəsi cəlb olunmaqla) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi ilə onun arasında bağlanmış 600 kv metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparıb uyğun “çıxarışı”ın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/20 saylı qərarı ilə 600 kv.m. torpaq sahəsini fərdi yaşayış evi tikdirmək məqsədi ilə almışdır. Sözügedən torpaq sahəsinin planı və ölçüsündə əsas döngə nöqtələrinin koordinatlarının düz göstərməsi və 600 kv metrin kadastr planını işlənilib xüsusi mülkiyyətin obyekti olaraq öz adına dövlət qeydiyyatının aparılmaqla çıxarışın verilməsi üçün cavabdehə müraciət olunmuşdur, lakin cavabdeh onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı həmin imtina ilə razı deyil, onu əsassız sayır və belə qənaətdədir ki, inzibati orqanın vəzifəli şəxsinin hərəkətsizliyi onun qanuni mənafeyini və mülkiyyət hüququnu pozur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 2-1(112)-1546/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə “X4” Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, İdarənin elektron kadastr məlumatlarında qeyd edilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Bundan əlavə, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisi qeyri-müəyyən olmaqla faktiki torpaq sahəsini əks etdirmir. Belə ki, yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir. Üçünücü şəxs “X4” Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum "xxxx" saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X4” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X5 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Sazişin 4-cü bəndinə əsasən, Bu Sazişin məqsədləri baxımından Kontrakt sahəsi dedikdə, bu Sazişə 2-ci Əlavədə verilmiş coğrafi koordinatlar pertimetri daxilində qalan, ARDNŞ-in balansında olan sahələr, habelə həmin perimetr hüdudlarında şaquli yeraltı formasiya, yeraltı lay və horizontlar, Qüvvəyə minmə tarixənədək ARDNŞ-in kəşf etdiyi Karbohidrogen ehtiyatları həmçinin, bu Sazişin həyata keçirilməsi nəticəsində kəşf edilə biləcək bütün Karbohidrogen ehtiyatları başa düşülür. Yuxarıda qeyd olunanların məzmunundan aydın olur ki, qeyd olunan torpaq sahəsi ARDNŞ-nin balansında olmuş, sonradan "xxxx" Saziş əsasında Şirkətin qanuni sahiblik və istifadəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2004-cü il tarixli, 150 saylı qərarı ilə Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (e) bəndində Saziş ərazisi üzərindəki hüquqların qəsb edilməsinin qadağan olunması qeyd olunur. Müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Şirkətin hüquq və təminatlarının - mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunmalıdır ki, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu”na və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən “Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı_obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə normativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və suların yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarını göstərmək olar. Bu qaydalara əsasən neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 300 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Qeyd olunmalıdır ki, vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsi 1 saylı mədənin 6-cı sahəsində yerləşən 161673 saylı neft quyusunun mühafizə zolağı daxilində yerləşir. Əlavə olaraq bildirilir ki, DƏDK və RPHŞ-in 1 saylı Bakı Əİ-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və AR ƏN-nin MEM-nin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən sözügedən sahənin ARDNŞ-nin və “X4” Şirkətinin istifadəsində olması öz əksini tapmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir Məhkəmə üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti təmin edilməmişdir. -Bakı şəhəri Binəqədi Rayon Xocasən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11/20 nömrəli qərarına əsasən Binəqədi rayon Xocəsən bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmşdir. -Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11/20 nömrəli qərarına əsasən İddiaçı ayrılan torpaq sahəsinin dəyərini ödəmişdir. -FĞB 014630 nömrəli, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderindən görünür ki, iddiaçı ona ayrılmış torpaq sahəsinin dəyərini ödəmişdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubuna əsasən vahid elektron kadastr baza məlumatlarına əsasə torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi Oyl). Həmçinin torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı, cizgidə istinad və məsafələr qeyd edilmədiyindən mövqeni müəyənləşdirmək mümkün olmamışdır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı istifadəsində olan Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11/20 nömrəli qərarı ilə ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınaraq bu barədə ona çıxarışın verilməsini istəyir. Bununla bağlı cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, iş üzrə mübahisəli halların araşdırılması üçün məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin, Xocasən bələdiyyəsinin və “X4” şirkətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Xocəsən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/20 saylı qərarı ilə İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin yerləşdiyi yer, sərhədləri, döngə nöqtələri və koordinatları müəyyən edilsin.
2. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilsin.
3. İddiaçıya Xocəsən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/20 saylı qərarı ilə cizgisi ilə iddiaçının naturada göstərdiyi (faktiki olaraq istifadə etdiyi) torpaq sahəsi üstüstə düşürmü? Həmin torpaq sahəsinin yerləşmə sxemindəki konfiqurasiyası ilə faktiki vəziyyəti arasındakı fərq varmı? Əgər varsa ölçüləri müəyyən edilsin.
4. Naturada göstərilən torpaq sahəsinin mülkiyyət növü müəyyən edilsin. Əgər bələdiyyə mülkiyyətində olan torpaqdırsa, həmin topaq sahəsi Xocəsən bələdiyyəsinin hüdudları daxilində yerləşirmi?
5. Göstərilən torpaq sahəsi X4 Şirkətinin istifadəsində olan sahəyə düşürmü? Əgər düşürsə, hansı hissədə və ölçüdə düşür? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/6271 №li ekspert rəyində tədqiqatın nəticəsində qoyulmuş suallara əsasən aşağıdakılar müəyyən edilmişdir:
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-17893/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 600,0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Sahənin sərhədləri bir tərəfdən qonşu sahənin sərhəddi olan daş hasarla, iki tərəfdən hasar təməli qazılaraq, bir tərəfdən isə şərtidir.
2. Vahid elektron məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır.
3. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bütövlüklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). Məhkəmə cavabdehin imtinasının qanunauyğun olduğunu hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəlləin 2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;... öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 46-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); ....2 Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4.Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. 2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. 4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. 5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. 6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. 7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Mövcud qanunvericiliyin tələblərindən göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunması hüquqların dövlət qeydiyyatına alınması üçün kifayət edir. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddia olunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, müvafiq torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi Xocasən bələdiyyəsi tərəfindən ayrıldığından, sözügedən hüquq müəyyənedici sənəd səlahiyyətsiz qurum tərəfindən verilmiş sayılır və belə olan halda torpaq sahəsinə hüququn qeydiyyatından imtina olunmasına əsas verir. Qeyd olunmalıdır ki, qanunvericilik torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətlərini müəyyənləşdirərək, qanunvericiliklə müəyyən olunmuş qaydada məhz bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi qaydalarını müəyyən etmişdir. Odur ki, qanunvericiliyin tələbinə görə Azərbaycan Respublikası ərazisində torpaqlar növündən asılı olaraq səlahiyyət daxilində və həddində istifadə edilməlidir. Hazırkı halda isə qeydiyyatı istənilən torpaq sahəsinin bələdiyyə mülkiyyəti deyil, dövlət mülkiyyəti torpağı olduğu müəyyən edildiyindən cavabdeh inzibati orqanın imtinası qanunauyğun olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Həmçinin, iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi hüdudlarında olması da təsdiqini tapmışdır. Bu xüsusda nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinin daxilində (161673 saylı) və 30 metr məsafədə ləğv olunmuş neft quyusunun yerləşməsi barədə cavabdeh inzibati orqanın dəlilləri neft şirkətinin təqdim etdiyi məlumatlar və xəritədən çıxarışlarla təsdiq olunduğundan təhlükə potensiallı ərazi baxımından iddiaçının tələbinin təmin edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli, 31 saylı qərarının İİİ bəndinə görə, fontan, qaz-lift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, yanacaq dəzgahı ilə istismar olunan və basqı quyuları ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 150 metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evləri arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının və ailə üzvlərinin təhlükəsizliyi baxımından həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını məhkəmə qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin araşdırılan halları ilə iddia olunan torpaq sahəsinə yaxın ərazilərdə dövlət reyestrində qeydiyyata alınmış sahənin olması müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən də qonşuluqda qeydiyyata alınmış sahənin olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan, cavabdeh tərəfindən iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulması və fərqli rəftara dəlalət edən hallar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 11/20 nömrəli qərarı ilə ayrılmış 600 kv.m torpaq sahəsinin həmin bələdiyyənin mülkiyyətinə verilmiş torpaq sahəsində olması müəyyən olunmadığından cavabdehin imtina əsası kimi istinad etdiyi digər əsaslara (yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi, alqı-satqı aktının DTXK tərəfindən təsdiq edilməməsi) ayrıca münasibət bildirilməsinə zərurət yoxdur. Çünki cavabdehin imtina əsasları digər hissələrdə əsassız olsa belə, hazırkı şərtlər altında iddia tələbinin təmini istisna olunur. İddia əsassızdır və təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/6271 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İddia tələbi təmin edilmədiyindən qeyd olunan pul vəsaiti iddiaçıya aid edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Mərkəzinin (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE********************) xeyrinə tutulmalıdır. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasəm prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində prosessual xərcin X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** hesaba ödənilməsi vəzifəsi İddiaçı üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov