Məhkəmə qərarları › İş №2-1(112)-2972/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2972/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2972/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin və həmin tarixdən əmək pensiyasının hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1959-cu il tarixdə doğulmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından ötrü ərizə ilə müraciət etmişdir. Lakin həmin idarədən ona 06 mart 2020-ci il tarixli məktubda güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, ümumi iş stajı 25 ildən çox olmaqla o cümlədən, 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının" təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli Qərarında öz əksini tapmışdır. Lakin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina edir. Belə olan halda onun konstitusion hüquqları pozulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ məhdudlaşdırılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndində göstərilir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 04.12.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Belə ki, iddiaçının əmək kitabçasında olan məlumatlardan da göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə işlədiyini istinad etdiyi iş yerində 02.04.2007-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır ki, həmin dövr əsas götürüldüyü halda iddiaçıya güzəştli şərtlərlə pensiyası təyin olunması üçün qanunla müəyyən olunmuş məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunur. Lakin araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının kifayət qədər fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mövcud deyil. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın əsassız olduğu üçün təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan: - Qaradağ RPİ tərəfindən 30.01.2010-cu il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Ю ******* №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1974-cü ildən 1977-ci ilədək Bakı Sovet Ticarət Texnikomunda ali təhsil almışdır. İddiaçıya məxsus Əli-Bayramlı rayon Hərbi komissarlığı tərəfindən 10.05.1978-ci il tarixdə verilmiş NZ seriyalı ******* №li hərbi biletində (notarial qaydada təsdiq edilmiş surəti) aparılmış qeydlərə əsasən iddiaçı 10.05.1978-ci il tarixdən 30.05.1980-cı il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus ИТ-İ ******* №li əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı Ticarətə işə başlamazdan əvvəl Diplom Ю №006775, 04.07.1977-ci il, Bakı Sovet Ticarəti Texnikomunda təhsil almışdır. 57 №-li mağazaya 08.08.1977-ci ildə satıcı qəbul olunmuşdur (əmr № 66, 05.08.77-ci il), 05.05.1978-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur (Əmr № 35, 05.05.1978-ci il); 05 may 1978-ci ildən 30 may 1980-ci ilədək Sovet Ordusunda xidmət etmişdir NZ №3687730; 23.07.1980-ci ildən 22 №-li mağazaya satıcı kimi müvəqqəti qəbul edilib (Əmr 69/п, 21.07.1980-ci il); 11.09.1980-ci ildə Təsərrüfat anbarına müavin kimi müvəqqəti keçirilmiş (Əmr 85/п12.09.1980-ci il); 01.11.1980-ci il Tərəvəz anbarına fəhlə kimi keçirilmişdir ( Əmr № 106/п, 04.11.80-ci il); 31.03.1981-ci ildə Tərəvəz anbarına müavin kimi keçirilib müvəqqəti ( Əmr № 33/п, 31.03.1981-ci il); 30.04.1981-ci ildə Tərəvəz anbarına fəhlə kimi keçirilib ( Əmr № 45/п, 28.04.1981-ci il); 19.06.1981-ci ildə 20 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilmişdir ( Əmr № 67/п, 19.06.1981-ci il); 02.07.1985-ci ildə 56 №-li mağazaya satıcı vəzifəsinə qəbul edilmişdir (Əmr № 74/л, 27.06.1985-ci il); 19.04.1989-cu il tarixdə Tərəvəz anbarının anbardarı kimi keçirilmişdir ( Əmr №- 26/л19.04.1989-cu il); 22.12.1992-ci il tarixdə Azərbaycan Respublikası BT Ticarət İdarəsinin 24.02.1992-ci il tarixli 2 saylı əmrinə əsasən 65 №-li Hərbi Ticarətin adı 5 №-li Hərbi Ticarət adlandırılmışdır. (Əmr № 63, 22.12.1992-ci il)); 04.01.1993-cü ildə Mühasibat üzrə mühasib vəzifəsinə keçirilmişdir ( Əmr №-11/л, 01.02.1993-cü il); 25.09.1996-cı il tarixdə Əmtəəşünas vəzifəsinə keçirilmişdir (Əmr №- 15/л, 25.09.1996-cı il); 29.12.2000-ci il tarixdə işdən azad edilmişdir (Əmr №- 13/л, 29.12.2000-ci il ); 02.04.2007-ci ildə Səngəçal Texniki Xidmət Məntəqəsinə 3-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər işinə qəbul edilmişdir (Əmr №-115, 20.03.2007-ci il); 30.04.2007-ci il tarixdə Səngəçal TXM-nin 3-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri həmin məntəqədə sərbəst işə buraxılmışdır (Əmr №- 174, 30.04.2007-ci il); 04.07.2007-ci il tarixdə Səngəçal TXM-nin 3cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri həmin məntəqədə 4-cü dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər işinə keçirilmişdir ( Əmr №- 259, 04.07.2007-ci il); 09.01.2008-ci ildə Səngəçal TXM-nin 4-cü dərəcəli, klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri həmin məntəqədə 5-ci dərəcəli klapan dəyişdirməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər işinə keçirilmişdir ( Əmr №-3, 09.01.2008-ci il); 12.12.2008-ci ildə Səngəçal TXM-nin 5-ci dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingəri, 4-cü dərəcəli hərəkət heyətinin təmiri üzrə çilingər həmin TXM işinə keçirilmişdir ( ƏMR №- 290, 12.12.2008-ci il); 23.01.2009-cu ildə Səngəçal TXM-nin 4-cü drəcəli hərəkət heyətinin təmiri üzrə çilingəri 5-ci dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər həmin TXM işinə keçirilmişdir (Əmr №- 80, 22.04.2009-cu il); 13.05.2009-cu ildə Səngəçal TXM-nin 5ci dərəcəli klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər sərbəst işə buraxılmışdır (Əmr №- 118, 13.05.2009-cu il); 31.01.2018-ci ildə əmək müqaviləsi ləğv edilmişdir ( Əmr №-494, 31.01.2018-ci il); 31.01.2018-ci ildə Səngəçal texniki xidmət məntəqəsinə klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir ( Əmr №- 531, 31.02.2018-ci il). “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən verilmiş 19.02.2020-ci il tarixli 150 №li arayışdan müəyyən edilir ki, İddiaçı Azərbaycan Dəmir Yolu Biləcəri vaqon deposunda 02.04.2007-ci ildən 12.12.2008ci ilədək texniki xidmət məntəqəsində klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər, 12.12.2008-ci ildən 22.04.2009-ci ilədək hərəkət heyətinin təmiri üzrə çilingər, 22.04.2009-cu ildən klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyib.’’xxxx” Qapalı Səhmdar Cəmiyyəti sədrinin 03.11.2017-ci il tarixli 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında Şimal vaqon deposunun yaradılması ilə əlaqədar İddiaçı 31.01.2018-ci ildən əmək müqaviləsi ləğv edilib və Şimal vaqon deposuna işə qəbul edilib, 31.01.2018-ci ildən hazırkı dövrədək Şimal vaqon deposunda klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingər peşəsində işləyir.İddiaçı yuxarıda qeyd edilmiş peşələrdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş,zərərli işə görə iş stajı :12(on iki) il 10 (on) ay 17 (on yeddi) gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 21.1 Dəmiryol nəqliyyatı və metropoliten bəndinə və 21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bəndinə əsasən arayışda qeyd olunan peşələr üzrə iş stajı və yaş həddi qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə İddiaçı güzəştli pensiya almaq hüququna malikdir. Pensiya təyinatı alt sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 29.466,90 manat təşkil edir. İddiaçı hazırki tələblə cavabeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, cavabdehin 06.03.2020-ci il tarixli **********4 saylı məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsatin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən göründüyü kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 06 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçı 1959-cu il təvəllüdlü olmaqla onun qanunda nəzərdə tutulmuş 57 yaşı 19.08.2016-cı ildə tamamlanmışdır. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaya dair imtina məktubunda və yazılı etirazında iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iş materiallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə işlədiyini istinad etdiyi müəssisədə (“xxxx” QSC) 02.04.2007-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır ki, həmin dövr əsas götürüldüyü halda, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 06 ay zərərli iş stajı 02.10.2019-cu il tarixdə tamam olmuşdur. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Lakin iş materiallarından müəyyən olunduğu kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29.466,90 manat təşkil edir. Bu səbəblərdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar