Məhkəmə qərarları › İş №2-1(112)-2978/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2978/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2978/2022 28.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı 31 avqust 2021-ci il tarixli **********6 nömrəli qərarının ləğv edilib “Gəncə Gil-Torpaq” İstehsalat sahəsində nəzarət ölçü cihazları elektro-çilingər vəzifəsində 25.12.1981- 31.07.1989-cu illər üçün iş stajını güzəştli iş stajına hesablayıb güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 25 dekabr 1981-ci il tarixdən 24 iyul 1989-cu il tarixədək "xxxx" ASC-nin Gəncə "Gil-Torpaq" İstehsalat Sahəsində nəzarət ölçü cihazları sexi-kimyəvi və köməkçi sexslər sahəsində elektroçilingər vəzifəsində çalışmışdır. 31 iyul 1989-cu il tarixdən etibarən 12 yanvar 1995-ci il tarixədək isə əmək fəaliyyətini "Azərenerjitikinti" trestinin "Elektrikquraşdırma" İdarəsinin Gəncə sahəsində tikinti quraşdırma işləri üzrə tikinti ustası vəzifəsində davam etdirmişdir. 03 avqust 1998-ci il tarixdən isə "xxxx" ASC-nin "Elektrikquraşdırma" İdarəsinə iş icraçısı vəzifəsinə keçirilərək, elə həmin əmrlə köçürmə yolu ilə “Şamxor SES” tikinti sahəsinə keçirilmişdir. Onun "Gəncə Gil-Torpaq" İstehsalat sahəsində nəzarət ölçü cihazları elektroçilingər vəzifəsində işlədiyi 25.12.1981-31.07.1989-ci il dövr üçün iş stajı 7 il, 7 ay, 6 gün, “Azərenerjitikintiquraşdırma" ASC-də iş icraçısı vəzifəsində işlədiyi 31.07.1989- 04.08.1998-ci il dövrdə isə iş stajı 9 il 3 gündür. Ümumilikə iş stajı 16 il 7 ay 6 gün təşkil etdiyindən və hər iki iş üzrə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olduğundan, güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı cavabdehə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh mübahisələndirdiyi 31 avqust 2021-ci il tarixli "Azərenerjitikintiquraşdırma” ASC-də iş icraçısı vəzifəsində işlədiyi 31.07.1989- 04.08.1998-ci il dövrü güzəştli şərtlərlə pensiya hüququ alınmasına iş stajına daxil olduğunu qeyd etsə belə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şənlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Kimya İstehsalatı bölməsinə (8) istinad edərək, onun "Gəncə Gil-Torpaq” İstehsalat sahəsində işlədiyi dövrü (7 il, 7 ay, 6 gün) güzəştli iş stajına daxil olmadığından güzəştli iş stajının cəmi 9 il 3 gün təşkil etdiyindən güzəştli şənlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Güzəştli şərtlərlə yaşa görə pensiyanın təmin edilməsindən imtina barədə qərarında cavabdeh Azərbavcan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»na istinad etmişdir. Onun "Gəncə Gil- Torpaq” İstehsalat sahəsində nəzarət ölçü cihazları elektro-çilingər vəzifəsində 25.12.1981-31.07.1989-cu illərdə işlədiyini nəzərə alaraq, cavabdeh həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 saylı siyahıya istinad edilməli idi. Həmin Qərarın "Kimya İstehsalı" adlanan 10-cu bölməsində "Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssislərinin” güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hüquqlarının olması qeyd edilmişdir. "Gəncə Gil-Torpaq” İstehsalat sahəsində ölçü cihazları elektro-çilingər, başqa sözlə, kimya müəssisəsində mütəxəssis qismində işlədiyini nəzərə alaraq, adı çəkilən İstehsalat sahəsində işlədiyi dövrü təşkil edən 7 il, 7 ay və 6 gün güzəştli iş stajına daxil edilməli idi və güzəştli şənlərlə yaşa görə əmək pensivası təyin edilməli idi. Lakin cavabdeh yanlış normativ akta istinad etməklə onun "Gəncə Gil-Torpaq” İstehsalat sahəsində çalışdığı dövrü güzəştli iş stajına daxil etməmiş və nəticə etibarı ilə güzəştli iş stajının az olmasını əsas gətirərək güzəştli şərtlərlə vaşa görə əmək pensiyasının təyin edilməsi barədə əsassız qərar qəbul etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə 25.12.1981-31.07.1989cu il tarixləri arasındakı dövr ərzində “Gəncə Gil-torpaq” İstehsalat sahəsində işlədiyi elektro-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya İstehsalatı bölməsində (8) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 gün (31.07.1989-04.08.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əəsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 31.08.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 28 aprel 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X4 qərarlarını, X4 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə 25.12.1981-31.07.1989-cu il tarixləri arasındakı dövr ərzində “Gəncə Gil-torpaq” İstehsalat sahəsində işlədiyiniz elektro-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Kimya İstehsalatı bölməsində (8) nəzərdə tutulmamışdır. Bu səbəbdən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 3 gün (31.07.1989-04.08.1998-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan "xxxx" ASC-nin 21.04.2021-ci il tarixli 15 saylı güzəşt arayışdan görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuş X3 həqiqətən əmək kitabçasına, "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən 31.07.1989-cu il tarixdən (Əmr №117, 31.07.1989-cu il) 12.01.1995-ci il (Əmr №3/k, 12.01.1995-ci il) tarixinədək “Azərenerjitikinti” trestinin “Elektrikquraşdırma” idarəsinin Gəncə sahəsində tikinti quraşdırma işləri üzrə zərərli sahədə tikinti ustası vəzifəsində işləmişdir. 12.01.1995-ci il tarixindən (Əmr №3/k, 12.01.1995-ci il) köçürmə yolu ilə "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” idarəsinin Gəncə sahəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir və 03.08.1998-ci il (Əmr №29/k, 03.08.1998-ci il) tarixinədək həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. 03.08.1998-ci il tarixdən (Əmr №29/k, 03.08.1998-ci il) köçürmə yolu ilə "xxxx" ASC-nin “Elektrikquraşdırma" idarəsinə iş icraçısı vəzifəsinə keçrilmişdir. 03.08.1998-ci il tarixdən (Əmr №29/k, 03.08.1998-ci il) "xxxx" ASCnin “Elektrikquraşdırma” idarəsindən iş icraçısı köçürmə yolu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şamxor SES” tikinti sahəsinə keçrilmişdir. İddiaçı zərərli sahələrdə tikinti quraşdırma işləri üzrə tikinti ustası, iş icraçısı peşələrində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 29. ’’Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” b) mütəxəssislər bölməsinin-tikinti, quraşdırma üzrə ustalar və iş icraçıları bəndinə əsasən güzəştli şərtlərlə imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayış təqaüdün hesablanması üçün Gəncə şəhər Kəpəz rayonu Dövlət Sosial Müdafiə Fonduna təqdim etmək üçün verilmişdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya, indeksasiya nəzərə alınmamışdır və əmək haqqı cədvəlinə əsasən yazılmışdır. SSRİ Energetka Nazirliyinin 31.07.1991-ci il tarixli 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezdentinin 20 may 1993-cii il tarixli 619 saylı sərəncamına əsasən "Azərenerjitikinti" İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma”-nın bazası əsasında "xxxx" Dövlət Şirkəti (DŞ) yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradılmışdır. "xxxx" ASC “Azərenerjitinti” trestinin “Elektrikquraşdırma” idarəsinin Gəncə sahəsinin və "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” Gəncə sahəsinin hüquqi varisidir. İş materiallarında olan "xxxx" ASC Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin (Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsi) 03.12.2014-cü il tarixli 01-507 saylı arxiv arayışından görünür ki, İddiaçı 25.12.1981-ci ildə Nəzarət ölçü cihazları sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 3-cü dərəcəli NÖC elektro-çilingər işinə qəbul edilmiş (əsas: 10.12.1981-ci il tarixli 796 saylı əmr), 07.12.1982-ci ildə Nəzarət ölçü cihazları sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 4-cü dərəcəli NÖC elektro-çilingər işinə qəbul edilmiş (əsas: 15.12.1982-ci il tarixli 209 saylı əmr), 01.04.1987-ci ildə Nəzarət ölçü cihazları sexi - Kimyəvi və köməkçi sexlər sahəsində 5-ci dərəcəli NÖC elektro-çilingər işinə qəbul edilmişdir (əsas: 24.08.1984-cü il tarixli 226 saylı əmr). 24.07.1989-cu il tarixində Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmr № 309, 24.07.1989-cu il. Əsas: işçinin şəxsi ərizəsi. İş materiallarında olan "xxxx" ASC Sumqayıt “Alüminium” İstehsalat Sahəsinin 18.02.2021-ci il tarixli 03 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" ASCnin Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində (keçmiş Kirovabad Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifə) işləmişdir. 25.12.1981-ci ildən 24.07.1989-cu ilədək (peşənin adı, bölmə və kodu) siyahı nömrə 2, bölmə X, yarımbölmə 10a Kimya istehsalatı 2110A000a. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri və mütəxəssisləri. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarında pensiya siyahısı üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir və İddiaçı peşəsi 2 saylı pensiya Siyahısında mövcuddur. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 02.10.1979-cu ildən 13.11.1981-ci ilədək hərbi xidmətdə olmuş, 25.12.1981-ci ildə Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində nəzarət ölçü sexinin kimyəvi və köməkçi sexlər sahəsinə 3-cü dərəcəli NÖC üzrə elektro-çilingər peşəsinə qəbul edilmiş, 07.12.1982-ci ildə 3-cü dərəcə 4-cü dərəcə ilə əvəz edilmiş, 01.04.1987-ci ildə 4-cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 24.07.1989-cu ildə öz xahişi ilə işdən azad edilmişdir, 31.07.1989-cu ildə “Azərenerjitinti” trestinin “Elektrik quraşdırma” idarəsinin Gəncə sahəsinə tikinti ustası vəzifəsinə işə qəbul olunmuş, 12.01.1995-ci ildə "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” İdarəsinin Gəncə sahəsinə iş icraçısı vəzifəsinə keçirilmiş, 03.08.1998-ci ildə "xxxx" ASC-nin “Elektrikquraşdırma” idarəsindən iş icraçısı köçürmə yolu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şamxor SES” tikinti sahəsinə keçirilmiş, 04.08.1998-ci ildə "xxxx" ASC-nin “Şəmkir SES” Silsiləsi Tikintiquraşdırma idarəsinin Gəncə təsərrüfat hesablı “Elektrikquraşdırma və Sazlama” sahəsinə köçürmə yolu ilə rəis vəzifəsinə işə qəbul olunmuş, 28.12.2004-cü ildə idarənin ləğv olunması ilə əlaqədar olaraq işdən azad edilmiş, 03.01.2005-ci ildə "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilmiş, 26.11.2010-cu ildə MMC-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar işdən azad olunmuş, 05.11.2015-ci ildə “X7” ASC-də enerji sistemlərinin istismarı şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş, 07.12.2018-ci ildə Texniki İstismar İdarəsinin İdarə rəisi Baş mühəndis vəzifəsinə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İddiaçı 02.10.1979-cu ildən 13.11.1981-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 25.12.1981-ci ildə Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində nəzarət ölçü sexinin kimyəvi və köməkçi sexlər sahəsinə 3-cü dərəcəli NÖC üzrə elektro-çilingər peşəsinə qəbul edilmiş, 07.12.1982-ci ildə 3-cü dərəcə 4-cü dərəcə ilə əvəz edilmiş, 01.04.1987-ci ildə 4cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 24.07.1989-cu ildə öz xahişi ilə işdən azad edilmiş, 31.07.1989-cu ildə “Azərenerjitinti” trestinin “Elektrik quraşdırma” idarəsinin Gəncə sahəsinə tikinti ustası vəzifəsinə işə qəbul olunmuş, 12.01.1995-ci ildə "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” İdarəsinin Gəncə sahəsinə iş icraçısı vəzifəsinə keçirilmiş, 03.08.1998-ci ildə "xxxx" ASC-nin “Elektrikquraşdırma” idarəsindən iş icraçısı köçürmə yolu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Şamxor SES” tikinti sahəsinə keçirilmiş, 04.08.1998-ci ildə "xxxx" ASC-nin “Şəmkir SES” Silsiləsi Tikintiquraşdırma idarəsinin Gəncə təsərrüfat hesablı “Elektrikquraşdırma və Sazlama” sahəsinə köçürmə yolu ilə rəis vəzifəsinə işə qəbul olunmuş, 28.12.2004-cü ildə idarənin ləğv olunması ilə əlaqədar olaraq işdən azad edilmiş, 03.01.2005-ci ildə "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilmiş, 26.11.2010-cu ildə MMC-nin fəaliyyətinin dayandırılması ilə əlaqədar işdən azad olunmuş, 05.11.2015-ci ildə “X7” ASC-də enerji sistemlərinin istismarı şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş, 07.12.2018-ci ildə Texniki İstismar İdarəsinin İdarə rəisi Baş mühəndis vəzifəsinə keçirilmişdir (01.01.2006-cı ilədək iş stajı 23 il 11 ay 27 gün təşkil edir). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. İddiaçının həqiqi hərbi xidmət keçdiyi müddət də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 26 il 01 ay 08 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 25.12.1981-ci ildən 24.07.1989-cu ilədək Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsində nəzarət ölçü cihazları sexinin kimyəvi və köməkçi sexlər sahəsində nəzarətölçü cihazları elektro-çilingər, 31.07.1989-cu ildən 12.01.1995-ci ilədək “Azərenerjitinti” trestinin “Elektrik quraşdırma” idarəsinin Gəncə sahəsində tikinti ustası, 12.01.1995-ci ildən 03.08.1998-ci ilədək "xxxx" Dövlət Şirkətinin “Elektrikquraşdırma” İdarəsinin Gəncə sahəsində iş icraçısı vəzifələrində işləmişdir (cəmi 16 il 07 ay 03 gün). Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur - X bölmə - Kimya istehsalatı, yarımbölmə A - Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri, kod 2110A010 - 1. Asfalt, pek materialları, asfaltpek kütlələri və onlardan məmulatlar; bitum və bitum materialları; toxuculuq və sair sənaye sahələri üçün köməkçi maddələr; giltorpaq; Kod 2110A030— 17531 - 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və (2110A030) ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər; işləri kanat üsulu ilə yerinə yetirərkən, yüksək kimya müəssisələri qurğularının təmiri ilə məşğul olan fəhlələr. XXVİİ Bölmə - Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, Kod 2290000b - b) rəhbərlər və mütəxəssislər; Kod 2290000b—23419 - yeni tikinti və quraşdırma işlərinin ustaları; Kod 2290000b—24441 - iş icraçıları. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 07 ay 03 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi iş yerindən arayışda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 03.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar