Məhkəmə qərarları › İş №2-1(112)-2979/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2979/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2979/2020 27.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Naximov küşəsi ev 37, mənzil 36; ixtisası: orta təhsil; iş yeri: işləmir), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsi, Hüquq və kadrlar sektorunun böyük məsləhətçi-hüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün vəzifə maaşının 20 %miqdarında almadığı əlavənin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı AR Müdafiə Nazirliyində zabit kimi hərbi xidmət keçmiş və 2000-ci ildə ehtiyata buraxılmışdır. Həmin vaxtdan-xx.xx.2000-ci il tarixdən ona AR Müdafiə Nazirliyi tərəfindən xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. Lakin bu zaman ehtiyata buraxıldığı an yüksəkliyə görə aldığı vəzifə maaşının 20 %-miqdarında əlavə nəzərə alınmamışdır. Bu isə sırf pensiya təyin edən orqanın-AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin pensiya təyinatı şöbəsinin günahı ucbatından baş vermişdir. Yüksəkliyə görə aldığı vəzifə maaşının 20 %-miqdarında əlavənin pensiya təyin edilərkən nəzərə alınmamasını iddiaçı 2019-cu ilin iyul ayında bilmiş və bundan sonra AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ərizə ilə müraciət edərək yüksəkliyə görə aldığı vəzifə maaşının 20 %-miqdarında əlavənin pensiyasına hesablanmasını xahiş etmişdir. Nəticədə onun pensiyasının hesablanmasına yenidən baxılmış və vəzifə maaşının 20 %-miqdarında əlavə nəzərə alınmaqla barəsində tərtib olunmuş 51668 N-li, xx.xx.2019-cu il tarixli “Məlumat vərəqi” AR Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə göndərilmişdir. Və ona xx.xx.2019-cu il tarixdən həmin əlavə pensiyasına daxil edilərək ödənilir. Lakin hesab edir ki, əvvəlki müddət üçün-pensiyaya çıxdığı xx.xx.2000-ci il tarixindən xx.xx.2016-cı il tarixədək olan müddət üçün vəzifə maaşının 20 % miqdarında əlavə də hesablanaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən - “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2000-ci il tarixdə əmək pensiyası təyin edilmişdir. Yenidən iddiaçının adına “məlumat vərəqi” idarəyə daxil olmuş və dağ yüksəkliyi əlavə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunin a edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Bu səbəbdən də son 3 ilin ödənişi həyata keçirilmiş və iddiaçıya ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi V bəndinə əsasən - “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.” Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının Pensiya uçot vərəqini (N 004049) məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı adı - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi) tərəfindən İddiaçı yaşa görə pensiya ilkin olaraq xx.xx.2000-ci il tarixdə təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına tərtib edilmiş “Məlumat vərəqi” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair yazılı etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə görə - həmin Qanunun 32.1-1 maddəsinə əsasən son 3 il nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ödənilməsinə qərar verilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş, lakin ona qanjunvericilikdə nəzərdə tutulmuş müddət ərzində iddiaçının müraciətinə cavab verilməmişdir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın təmin olunmasını əsaslı hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü yarımbəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun (01 iyul 2017ci ilədək olan redaksiyası): 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən (01 yanvar 2006-cü il) tez olmayaraq ömürlük təyin edilir. 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 mart 2014-cü il tarixli Plenum Qərarında göstərilmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsində qanunverici Konstitusiyanın tələblərini nəzərə almaqla mülahizə sərbəstliyinə malikdir. Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli Qərar). Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır.” Hazırkı halda, iddiaçının pensiya hüququ 2003-cü ildən yarandığından, cavabdeh tərəfindən ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasının tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə 01 iyul 2007-ci ildən qoyulması həm də onunla şərtlənir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-111 QD nömrəli Qanunu və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 saylı Fərmanın 2.2 və 4-cü bəndlərinə əsasən 01 yanvar 2007-ci il tarixdən hərbi qulluqçularının və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1-ci maddəsinə istinad etməklə iddiaçının əmək pensiyasının yalnız 3 il nəzərə alınaraq keçmiş müddət üçün hesablanması, pensiya hüququnun yarandığı bundan əvvəlki müddət üçün hesablanmasından imtina edilməsi qanunvericiliyə ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən əvvəl pensiya təyin edildiyi üçün İddiaçı iddia tələbi təmin edilməli, ona yaşa görə pensiya kimi xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək tətbiq edilməklə yenidən hesablanmalı və ödənilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2007-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətdə ödənilməli olan yaşa görə pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar