Məhkəmə qərarları › İş №2-1(112)-2979/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2979/2024

29.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2979/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı “nəqliyyat vasitəsinin rənginin dəyişdirilməsinin qeydiyyata alınması və yeni qeydiyyat şəhadətnaməsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Mitsubişi L-200 pikap minik markalı ** MT *** nömrəli avtomobilimin rənginin ağ rəngdən tünd boz parıltısız rənglə dəyişdirilərək rənglənməsinin qeydiyyata alınması və yeni qeydiyyat şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 2 dəfə müvafiq ərizələrlə və tələb olunan sənədlərlə elektron qaydada müraciət edərək Mitsubişi L-200 pikap minik markalı ** MT *** nömrəli avtomobilinin rənginin ağ rəngdən tünd boz parıltısız rənglə dəyişdirilərək rənglənməsinin qeydiyyata alınması və yeni qeydiyyat şəhadətnaməsinin verilməsinin xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli 3-12- 16/2-Ə-66237 nömrəli cavab məktubu ilə tələb etdiyi sənədləri 2-ci ərizəsi ilə birlikdə təqdim etməyinə baxmayaraq, həmin ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli 3-12- 16/2-Ə-l27343 nömrəli cavab məktubu ilə təkrarən həmin sənədləri istəməklə faktiki olaraq ona imtina vermişdir. İzah olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, bu vəziyyətdə qeydiyyat həyata keçirilmir. Halbuki, bu günə qədər dəfələrlə oxşar vəziyyətdə eyni qaydada 24 digər avtomobil üçün qeydiyyat aparılmışdır. Məsələn, 77HG013 - qara mat texniki baxış xx.xx.2023, 99SA320 - qara parıltısız - texniki baxış xx.xx.2022, 01BB044 boz parıltısız raptor - texniki baxış xx.xx.2022, 10EY161 - qara parıltısız-texniki baxış xx.xx.2022 və s. Göründüyü inzibati orqan digərlərini təmin etmiş, lakin ona qarşı ayrıseçkilik edərək onun qanunla nəzərdə tutulmuş hüququnu pozmuşdur. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia nəqliyyat vasitəsinin qeydiyyatının aparılması ilə bağlı olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, “MİTSUBİSHİ L200 minik” markalı, 2011-ci il buraxılışlı, MMBJNKB40CD007417 ban nömrəli, ağ rəngli ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixə İddiaçı adına qeydə alınmışdır. "CAHAN-22” MMC-nin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Mitsubişi L-200 pikap minik markalı 2011-ci il buraxlışlı ** MT *** dövlət nömrə nişanlı avtomobili heç bir qəza hadisəsi baş vermədən ağ rəngdən tünd boz parıltısız rənglə "xxxx" MMC-nin avtotəmir sexində rənglənmişdir. İşdə olan BƏŞ seriyalı, 572698 nömrəli xx.xx.2023-cü il tarixli mədaxil qəbzindəm görünür ki, nəqliyyat vasitəsinin boyanmasına görə 900 manat ödəniş edilmişdir. İşdən görünür ki, iddiaçı avtomobilin rənginin dəyişdirilməsinin qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, avtomobilin istehsalçı müəssisə tərəfindən nəzərdə tutulmayan müxtəlif rəng çalarlarının tətbiqi istisna olmaqla bütövlükdə rənginin dəyişdirilməsi mövcud standartların tələblərinə uyğun olaraq boyavurma üsulu ilə texniki xidmət stansiyası və ya müvafiq təmir bazası olan avtomobil müəssisələrində həyata keçirilə bilər. Rəngi dəyişdirilmiş nəqliyyat vasitəsinin sənədləşdirilməsi üçün qeydiyyat hərəkətləri həyata keçirilən zaman DİN Baş X4i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə avtomobilin standarta uyğun rənglənməsi işlərinin aparıldığı avtotexniki xidmət müəssisəsinin müvafiq arayışı, görülmüş işlərin dəyərini göstərən kassa mədaxil orderi, avtomobilin qeydiyyat şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə qeyd edir ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin , yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. -İV hissəsinə əsasən Hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: 1) əldə edildiyi vaxtdan on gün ərzində; 2) fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; 3) nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar (bu Qanunun 27-ci maddəsinin Vİ-İİ hissəsinin tələbləri nəzərə alınmaqla) aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XİV hissəsinə əsasən təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət. qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: -nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. -2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - 2.6-1-ci bəndinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - 2.8-ci bəndinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılması üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlara bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə müvafiq olaraq aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və yığımların ödənilməsi barədə sənəd; 5) Xarici dövlətlərdən alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanlarını. İşin hallarından görünür ki, iddiaçı onun mülkiyyətində olan nəqliyyat vasitəsinin rəngini bu sahədə fəaliyyət göstərən müəssisədə dəyişdirmiş, bununla bağlı müvafiq ödəniş etmiş və zəruri sənədləri cavabdehə təqdim edərək, nəqliyyat vasitəsinin qeydə alınmasını xahiş etmişdir. Cavabdeh isə rənglənməsi işlərinin aparıldığı avtotexniki xidmət müəssisəsinin müvafiq arayışı, görülmüş işlərin dəyərini göstərən kassa mədaxil orderi, avtomobilin qeydiyyat şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi təqdim edilməsini xahiş etmiş, iddiaçının təqdim etdiyi sənədlərin hansı əsasla tələb etdiyi sənədlərə uyğun gəlmədiyini əsaslandırmamışdır. Halbuki işdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC xx.xx.2021-ci ildən avtomobil təmiri ilə fəaliyyət göstəririr (VÖEN **********). Ustalar ayrı-ayrılıqda sahibkar olaraq özlərinin də işçiləri var. Bu münvalla hamısı özü öz hesabatını çek vasitəsi ilə aparır. xx.xx.2023-cü il tarixdə DİN BDYP-nin Qİİ-nə ünvanlanmış arayışda da qeyd olunmuşdur ki, "xxxx" MMC-nin təmir sexində bu iş görülüb. X1 (VÖEN **********) özü sahibkardır, nağd alış-verişdə çek ilə işlərini həyata keçirə bilir. Şirkət və yaxud Dövlət idarələri arasında iş görülərsə, onda qayimə faktura, elektron qaimə ilə hesalaşma aparılır. Göründüyü kimi, iddiaçı cavabdehin tələb etdiyi sənədləri ona təqdim etmişdir. Bundan əlavə, cavabdeh həmin sənədləri hansı normativ hüquqi akta əsasən tələb etdiyini əsaslandırmamış, məhkəmənin sorğusuna cavab olaraq isə xx.xx.2024-cü il tarixli məktubda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin İV hissəsinin 4-cü bəndinə əsaslanaraq hüquqi və fiziki şəxslər nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngi dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalı olduğunu bildirməklə kifayətlənmişdir. Halbuki Qanunun yuxarıda qeyd olunan 27-ci maddəsinin XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Lakin işin yuxarıda qeyd olunan hallarından görünür ki, cavabdeh bu normanın tələblərini pozmuşdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, “DAF FT CF 85” yük markalı, 2008-ci il buraxılışlı, ban nömrəsi XLRTE85MC0E851000 olan nəqliyyat vasitəsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Rəngi ağ rəngdən parıltısız boz rəngə dəyişdirilmiş 2011-ci il buraxılışlı “MİTSUBİSHİ L200 minik” markalı, MMBJNKB40CD007417 ban nömrəli, ** MT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı adına dövlət qeydiyyatına alınması və qeydiyyat şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar