Məhkəmə qərarları › İş №2-1(112)-2980/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2980/2022

29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2980/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim: Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, iddiaçı İddiaçı Əhməd oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. 28 iyun 1972-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2007-ci ilə qədər müxtəlif orqan və təşkilatlarda işləmişdir. Ümumilikdə 25 ildən çox siğorta stajı vardır. Əmək fəaliyyətinə başladığı 28 iyun 1972-ci il tarixində o Ağdam rayon Heydər Hüsüyev adına üzümçülük sovxozunda fəhlə işləmişdir. Lakin bütün arxiv sənədləri işğal zonasında qaldığı üçün əmək kitabçasının tərtib edilmə vaxtı xx.xx.1980-ci il görünür. İddiaçı cavabdehə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin, iddiaçının müraciət etdiyi vaxt kifayət qədər əmək stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur, kifayət qədər siğorta stajı olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, əmək kitabçası xx.xx.1980-ci ildə tərtib edildiyi üçün sığorta stajı 01.01,2006-cı il tarixinədək 21 il 10 ay olduğu üçün imtina edilmiş və yaşa görə müavinət təyin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 29 mart 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi K.Dadaşov iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və inzibati iş üzrə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 1972-ci il tarixindən əmək fəaliyyətinə başladığını, 2007-ci il tarixədək müxtəlif orqan və təşkilatlarda işləyərək 25 ildən çox sığorta stajının olduğunu iddia edərək həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasını və yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Cavabdeh orqanın **********3 nömrəli xx.xx.2021 -ci il tarixli qərarı ilə idiaçının işin faktiki hallarına əsasən xx.xx.2021-ci il tarixədək 2-ci qrup əlilliyə görə əmək pensiyası almış, əlilliyin müddəti bitdiyi üçün təyi edilmiş pensiya xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş, xx.xx.2021-ci il tarixindən iddiaçıya 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən maddənin qeyd hissəsində müəyyən olunur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin mətnindən aydın olduğu kimi yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır. 1.Vətəndaşın yaşı qanunda göstərilən yaş həddinə çatmalıdır. 2.Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və ya azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2019-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 21 il 10 ay 24 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. İddiaçının cavabdeh orqan tərəfindən mübahisələndirilməyən 21 il il 10 ay 24 gün sığorta stajı mövcuddur. Belə ki, iddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1976-xx.xx.1977-ci illər təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-xx.xx.1996-cı illər, xx.xx.1996-xx.xx.1996-cı illər, xx.xx.1996- xx.xx.1997-ci illər, xx.xx.1997-xx.xx.1999-cu illər, xx.xx.1999-30.11,1999-cu illər işlədiyi dövr üzrə 01.01,2006-cı il tarixinədək sığorta stajı 21 il 10 ay 24 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən vətəndaşın pensiya hüququ yararan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X2 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən iddiaçının xx.xx.1977-ci il tarixindən 01,08.2007-ci il tarixinədək işlədiyi "xxxx" ASC-də xx.xx.1996-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, 11.01,1999-cu il tarixindən 01,10.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək öz hesabına məzuniyyətdə olduğu aşkar edilmiş və sözügedən dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçının cəmi mübahisələndirilən dövrü 8 il 10 ay 19 gündür. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi 28 iyun 1972ci il tarixində Ağdam rayon Heydər Hüsüyev adına üzümçülük sovxozunda fəhlə işlədiyi dövr əmək kitabçasında qeyd edilməmiş, heç bir sənədlə öz təsdiqini tapmamış və iddiaçı tərəfindən cavabdeh orqana işləmə faktı ilə bağlı sənəd təqdim edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının sovxozda işlədiyini iddia etdiyi dövr əmək kitabçasında öz əksini tapmadığından və həmin dövrü təsdiq edən heç bir sənəd olmadığından qanunvericiliyə əsasən sığorta stajı kimi nəzərə alına bilməz. İddiaçı xx.xx.1977-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyi "xxxx" ASC-də xx.xx.1996-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.1996-cı il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək öz hesabına məzuniyyətdə olmuşdur. İşin hərtərəfli, obyektiv araşdırılması məqsədi ilə "xxxx" ASC-nə 04 noyabr 2021-ci il tarixli ********** nömrəli sorğu ünvanlanmışdır. "xxxx" ASC-nin 17 noyabr 2021-ci il tarixli 125/027 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1977-ci ildən (əmr 240/xx.xx.1977-ci il) xx.xx.2007-ci ilədək (əmr 46/xx.xx.2007-ci il) "xxxx" ASC-də işləmiş, zavod tam gücüylə işləmədiyinə görə xx.xx.1999-cu ildən işdən azad olunan günə kimi (xx.xx.2007- ci ii) müəssisə rəhbərliyi tərəfindən ödənişsiz məzuniyyətə buraxılmışdır. Həmçinin məktubda iddiaçının öz xahişi ilə ödənişsiz məzuniyyətdə olduğu dövrlər (xx.xx.1996-xx.xx.1996; xx.xx.1996-xx.xx.1996; xx.xx.1996xx.xx.1996 göstərilmişdir. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr qanunvericiliyin tələblərinə görə sığorta stajına daxil edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta stajı kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1 -ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Nazirliyin "Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi"nin "Sığorta" (Hesabat) altsisteminin "Sığortaolunanların hesablan" bölümündən əldə edilən məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək sığortaedənlər tərəfindən təqdim edilmiş hesabatlara əsasən xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənilməsi barədə məlumatlar aşkar olunmamışdır. Bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməməlidir. İddiaçının yasa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- xx.xx.2021-ci il tarixli, 01 nömrəli Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Agdam rayon KT və Heydər Hüsiyev adına üzümçülük sovxozunun arayışından görünür ki, arxiv sənədləri işğal zonasında qaldığı üçün əmək haqqının hesablanması mümkün deyildir. - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci ildə Ağdam rayonunun, Abdal Gülablı kəndində anadan olmuşdur. - xx.xx.2021-ci il tarixli cavabdeh orqanın imtina məktubuna əsasən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - X3 filalı məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Agdam rayon KT və Heydər Hüsüyev adına üzümçülük sovxozunun arxiv sənədləri X3 filalına təhvil verilməmişdir və mühafizə olunmur. Ona görə İddiaçı xx.xx.1972-xx.xx.1976-cı il tarixlərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi Agdam rayon KT və Heydər Hüsüyev adına üzümçülük sovxozunda fəhlə vəzifəsində işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır. - İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-xx.xx.1977-ci il dövrdə təhsil almış, xx.xx.1977-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. - "xxxx" ASC tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının sorğusuna cavab olaraq göndərilmiş 125/027 nömrəli xx.xx.2021ci il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də işləmişdir. Zavod tam gücü ilə işləmədiyinə görə o, xx.xx.1999-ci ildən işdən azad olunana kimi (xx.xx.2007-ci ilə kimi) müəssisə rəhbərliyi tərəfindən ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçı öz xahişi ilə xx.xx.1996-xx.xx.1996, xx.xx.1996-xx.xx.1996 və xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1-ci və 2.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir.( İPM-nin 2.2.3-cü və 34-cü maddələri). İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddia əsaslı olmadığından təmin edilməməlidir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hər hansı hüquqlarının pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə hesab edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Əvvəllər qüvvədə olmuş Əmək Qanunları Məcəlləsi: Maddə 74. Əmək haqqı saxlanılmadan məzuniyyət ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Əmək Məcəlləsi: Maddə 112. Məzuniyyətin növləri 1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri 1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. 2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericiliklə əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Cavabdehin imtina üçün dəlillərini əsaslı hesab edən məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin, iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mətnindən aydın olduğu kimi yasa görə əmək pensiyasının təyin edilməsi üçün, 2 əsas eyni anda mövcud olmalıdır:

1. Vətəndaşın yaşı qanunda göstərilən yaş həddinə çatmalıdır.

2. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir və ya azı 25 il sığorta stajı olmalıdır. İddiaçıya birinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İddiaçının pensiya almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2019-ci il tarixində yaranmışdır. İkinci əsasla bağlı qeyd olunmalıdır ki, iddiaçının cəmi 21 il 8 ay 21 gün sığorta stajı vardır ki, bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından azdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təhsil aldığı dövr əmək ktabçasında göstərilmişdir və xx.xx.1976-xx.xx.1977-ci illəri əhatə edir. (09 ay 24 gün) Həmçinin, məhkəmə qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının iş stajı xx.xx.1977-xx.xx.2007-ci il tarixləri arasındakı dövrü (30 il 1 ay 2 gün) əhatə etsə də, iş materiallarında olan "xxxx" ASC-nin məktubundan görünür ki, zavod tam gücü ilə işləmədiyinə görə o, xx.xx.1999-ci ildən işdən azad olunana kimi (xx.xx.2007-ci ilə kimi) müəssisə rəhbərliyi tərəfindən ödənişsiz məzuniyyətə buraxılmışdır. İddiaçı öz xahişi ilə xx.xx.1996-xx.xx.1996, xx.xx.1996-xx.xx.1996 və xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə ödənişsiz məzuniyyətdə olmuşdur. Nəticədə iddiaçı 7 il 5 ay 21 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin dövlərdə əmək haqqı almadığı üçün məcburi dövlət sosial sığorta haqları da ödənilməmişdir. Beləliklə, iddiaçının 30 il 10 ay 26 gün fəaliyyət dövrünün 7 il 5 ay 21 günü ödənişsiz məzuniyyətdə olması nəzərə alınarsa, onun həmin tarixədək faktiki 23 il 5 ay 5 gün iş stajı mövcud olmuşdur. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş yuxarıda sadalanan əmək və pensiya qanunvericiliyinə görə 7 il 5 ay 21 gün ödənişsiz məzuniyyət dövrünün (məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi dövrlərin) iş stajına daxil edilə bilməsi üçün əsas olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazında göstərdiyi dəlillər «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olduğunu əsas tutaraq hesab edir ki, cavabdehin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar