Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2982/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adına tərtib olunmuş 1004 saylı, 14 iyul 1954-cü il tarixli doğum haqqında akt qeydində düzəliş edib soyadının, adının və atasının adının - «X8», doğum tarixi «xx xxxx 1953-cü il», atasının soyadı, adı, atasının adı «X10», anasının soyadı, adı və atasının adı isə «X11»olması barədə qeydiyyatın aparılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tərəf məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 1004 saylı, 14 iyul 1954-cü il tarixli doğum haqqında akt qeydində soyad, ad və ata adı qrafasında – “X8”, doğum tarixi “xx xxxx 1953-cü il”, atanın soyadı, adı, atasının adı qrafasında “X10” qeydiyyatının aparılması vəzifəsinin Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X10, anası isə Smolnikova (Dadaşidze) İrina Vladimirovnadır. Hazırda məlum olmuşdur ki, adına Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 1004 saylı xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində doğum tarixi səhvən xx.xx.1954-cü il, onun və anasının soyadları «Dadaşidze», ata haqqında məlumat qrafasında isə heç bir məlumat qeyd edilməmişdir. İddiaçının adına tərtib olunmuş VDK 185473 saylı xx.xx.1954-cü il tarixli Doğum haqqında şəhadətnamədə isə həqiqətdə olduğu kimi doğum tarixi xx.xx.1953-ü il, soyadı «Smolnikova», ata haqqında məlumatlar qrafasında isə «X10» qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, hazırda həyat yoldaşının soyadını daşıyır. Doğum haqqında akt qeydində dəyişiklər edilməsi məqsədi ilə tərəfindən Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə müraciət edilmiş və həmin şöbə xx.xx.1922-ci il tarixli 132 saylı məktubu ilə xahişini rədd edərək, məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Buna əsasən iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmənin 15 noyabr 2022-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilərək, həmin məsələni həll etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf verdiyi izahatında iddia ərizəsinə və iddianın dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, X2 adına Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 1004 saylı xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1954-cü il”, soyadı "Dadaşıdze",ananın soyadı “Dadaşidze” ata haqqında məlumat qrafasında isə heç bir məlumat elavə edilməmişdir. Lakin, iddiaçıya təqdim olunan ИЖ №185473 saylı xx.xx.1954-cü il tarixli şəhadətnamədə doğum tarixi xx.xx.1953-cü il, soyadı “Smolnikov” ata haqqında məlumatlar qrafasında isə atası X10 qeyd edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001—ci il tarixli 52 saylı qərarı ilə A təsdiq edilmiş 'X6 qeydində dəyişiklik,bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalarının birinci bəndinə əsasən kifayət qədər əsas (doğum haqqında tibbi şəhadətnamə) olmadığı üçün ərizə təmin edilə bilmir. Doğum haqqında akt qeydinə düzəliş edilməsi üçün təqdim edilən sənədlərdə zidiyyət olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunur. -Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş iddiaçıya məxsus xx.xx.1954-cü il tarixli, 1004 saylı doğum akt qeydindən görünür ki, qeydin uşaq haqqında məlumat qrafasında iddiaçının soyadı “Dadaşidze”, adı “Nataliya” kimi qeyd edilmişdir. Atası haqqında məlumat qrafasında heç bir qeyd aparılmamışdır, anası haqqında məlumat qrafasına əsasən anası X7 . -Keşlə (Nərimanov) rayon Qeydiyyat bürosu tərəfindən xx.xx.1954-cü il tarixdə verilmiş 185473 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1953-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.1954-cü il tarixdə X6 qeydiyyatı kitabında 1004 nömrəli qeydiyyat aparılmışdır. Atası X10, anası X7. -1 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. -Bakı şəhəri Nəsimi rayonu, 46 №-li orta məktəbin xx.xx.1970-ci il tarixli attestatının təsdiq edilmiş surətindən görünür ki, həmin attestat xx.xx.1953-cü ildə anadan olmuş X4 verilmişdir. -Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1973-cü ildə X9 ilə X8 arasında nikah bağlandıqdan sonra arvada “Talıbina” soyadı verilmişdir. -Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1986-cı ildə verilmiş boşanma haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X12 arasında bağlanmış nikah ləğv olunmuşdur, bu haqda akt qeydləri kitabında xx.xx.1985-ci il tarixli 654 №-li qeyd aparılmışdır. Nikah ləğv olunduqdan sonra ərə “Talıbin”, arvada “Talıbina” soyadı verilmişdir. -xx.xx.1989-cu ildə verilmiş Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X12 arasında xx.xx.1989-cu ildə nikah bağlanmış, bu barədə akt qeydləri kitabında xx.xx.1989-cu il tarixli, 502 №-li qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Xəlilov”, arvada “Xəlilova” soyadı verilmişdir. -X13 tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada tərcümə və təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki: “Nəzərinizə çatdırım ki, 1953-cü il təvəllüdlü İddiaçı mənim doğma bacımdır. X3 Vasilyeviç və X5. Nikahdan əvvəl anamızın soyadı “Dadaşidze” idi. Bu yaxınlarda məlum olub ki, 14 iyul 1954-cü il tarixli 1004 nömrəli uşağın doğulması haqqında akt qeydində bacımın doğum tarixi səhvən 04 iyul 1954-cü il kimi göstərilib. Bu, texniki səhvdir, çünki bacım əslində xx xxxx 1953-cü ildə anadan olmuşdur. Nikahdan əvvəl bacımın soyadı “Smolnikova” idi.” -xx.xx.1955-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, X13 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Atası X10, anası X5. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı bir sıra hüquqmüəyyənedici sənədlərdə soyadının “Smolnikova”, ata adının “X10”, doğum tarixinin isə xx.xx.1953-cü il” kimi yazıldığına istinad edərək doğum akt qeydində müvafiq dəyişikliyin aparılmasını istəyir. O, mövcud tələbi ilə bağlı Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. -26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. -26.5. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi X6 qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.12. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu aktların saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X6 Reyestri Xidmətinə sorğu verir. 6.13. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydləri olduqda baxılır. Həmin akt qeydləri itirilmişdirsə və ya onlarda hər hansı uyğunsuzluq vardırsa, ərizə və ona əlavə edilmiş sənədlər ərizə verən şəxsə qaytarılır, itirilmiş akt qeydinin bərpa olunması və ya akt qeydində dəyişiklik aparılması qaydası ona izah edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «X6 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 5-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik normaları yetkinlik yaşına çatmış şəxsə qanunla müəyyən edilmiş hallar daxilində öz adını dəyişdirmək hüququ vermişdir. Nazirlər Kabinetinin istinad olunan qərarları isə müvafiq akt qeydlərində bu dəyişikliyin aparılması şərtlərini və qaydasını müəyyənləşdirmiş, dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların mövcud olması ilə məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində onun soyadı “Dadaşidze”, doğum tarixi “xx.xx.1954-cü il” kimi yazılmış, həmçinin ata adı qrafasında heç bir qeyd aparılmamışdır. Halbuki, həmin akt qeydinə istinad olunmaqla verilmiş doğum haqqında şəhadətnaməsindən görünür ki, iddiaçının adı, soyadı, ata adı “X8” kimi göstərilmiş, atası qrafasında X1 qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının doğum akt qeydində valideyninin soyadı, adı, ata adı və milliyyəti göstərilmədiyindən onun müvafiq akt qeydində dəyişikliklər edilməsi üçün hüquqi əsas vardır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçının doğum haqqında şəhadətnaməsində, şəxsiyyətini təsdiq edən vəsiqəsində, attestatında və digər sənədlərində ad, soyad, ata adı “X8”, doğum tarixi isə xx.xx.1953-cü il kimi göstərildiyindən, iddiaçının doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının doğum haqqında akt qeydində müvafiq dəyişiklikləri etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş 1004 saylı, xx.xx.1954-cü il tarixli doğum haqqında akt qeydinin iddiaçının soyad, ad və ata adı qrafasında “X8”, doğum tarixi qrafasında “xx xxxx 1953-cü il”, atasının soyadı, adı, ata adı qrafasında “X10” qeydiyyatının aparılması vəzifəsi Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-2982/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2982/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver