Məhkəmə qərarları › İş №2-1(112)-2983/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2983/2021

20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2983/2021 20.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit borcunun restrukturizasiya edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs "xxxx" ASC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı "xxxx" ASC-nin Xaçmaz Filialı ilə bağladığı 6 iyul 2013-cü il tarixli BAL0312119/2013 nömrəli müqaviləyə əsasən 2.500 manat məbləğində kredit xətti, 10 yanvar 2014-cü il tarixli CC0787319U/A nömrəli müqaviləyə əsasən 2.629 manat nəğd pul krediti, 9 sentyabr 2014-cü il tarixli CC/37534/44/19 nömrəli müqaviləyə əsasən 1.000 manat məbləğində nəğd pul krediti almışdır. Cavabdehin verdiyi 20 fevral 2020-ci il tarixli rəsmi arayışda göstərilir ki, cari tarixə "xxxx" ASC-də BAL0312119/2013 nömrəli müqaviləsi üzrə 1.646,85 manat məbləğində (1.524,06 manat əsas, 122,79 manat faiz), CC07873191J/14 A nömrəli müqavilə üzrə 701 manat məbləğində (481,20 manat əsas, 219,80 manat faiz), CC /37534/44/19 nömrəli müqavilə üzrə 461,98 manat məbləğində (301,22 manat əsas, 140,76 manat faiz, 20 manat məhkəmə rüsumu) borcum vardır. İddiaçı hesab edir ki, hesablanmış faizlər silinməli, kredit borcları üzrə əsas məbləğlər restrukturizasiya olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən 2012-ci il yanvarın birindən bu fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və faiz borcların ödənilməsi 360 gündən çox gecikdirilmiş olduğda, kredit borcları restrukturizasiya olunmaqla illik faiz dərəcəsi 1% dərəcəsi ilə 5 il müddətinə güzəşt edilməlidir. İddiaçının aldığı kreditlər də həmin Fərmanın əhatə dairəsinə düşmüş və ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının saytından çıxarışda da bu əks olunur. Çıxarışda "xxxx" ASC-nə qalıq borcları kimi 481,20 manat, 301,22 manat və 1.524,06 manat göstərilmişdir. Həmin Fərmanın 3.2-ci bəndinə görə, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğinin, ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin qırx beş gün müddətində müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmış, Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğdə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» təsdiq edilmişdir. Göründüyü kimi, subyektlərdən "xxxx" ASC kredit borcunun restrukturizasiyası edilməsində iştirak etmir və iddaçı şəxsin qarşısında məsuliyyət daşıya bilməz. Sözügedən Fərmana əsasən həmin məbləğ Mərkəzi Bank tərəfdən müəyyən edilir. Bankın və ya kredit təşkilatlarının belə bir məbləği müəyyən etmək səlahiyyətləri yoxdur. Sözügedən Fərmana əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı müvafiq məbləğin hesablanmasında iştirak edir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə və İPM-in 2, 33, 45-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının "xxxx" ASC-də olan 2.306 manat məbləğində kredit borcunun restrukturizasiya edilməsi öhdəliyinin cavabdeh AR Mərkəzi Bankının üzərinə qoyulması xahiş olunur. Cavabdeh AR Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilir: - «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın 1 mart 2019-cu il tarixə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Müraciətlə bağlı bildirilir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı müvafiq qaydada kompensasiya hesablansa da, onun adı Fərman çərçivəsində kredit borcu restrukturizasiya ediləcək şəxslər siyahısına düşməmişdir. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə – 1 mart 2019-cu il tarixə İddiaçı "xxxx" ASC ilə 6 iyul 2013-cü il tarixdə bağladığı kredit müqaviləsi üzrə 2.495,08 manat məbləğində, 10 yanvar 2014-cü il tarixdə bağladığı kredit müqaviləsi üzrə 787,78 manat məbləğində, 9 sentyabr 2014-cü il tarixdə bağladığı kredit müqaviləsi üzrə 493,14 manat məbləğində əsas kredit borcları ilə yanaşı, həmçinin "xxxx" QSC ilə bağlanılmış 22 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə 9.556,20 ABŞ dolları (16.245,54 manat) və 13 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 976,43 manat əsas kredit borcları ödənilməmiş qalmışdır. Fərmana əsasən 1 mart 2019-cu il tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.3-cü bəndinə görə bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Göründüyü kimi, İddiaçı 1 mart 2019-cu il tarixə bütün banklara əsas kredit borclarının ümumi qalıq məbləği 17.000 manatdan (10.000 ABŞ dollarından) artıq olduğu üçün onun adı bu hissədə Fərmanın təsiri dairəsinə daxil edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı tərəflərə və üçüncü şəxsə bildiriş məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlmişlər, üçüncü şəxsin təmsilçisi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmçin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X3 ilə "xxxx" ASC (hazırkı "xxxx" BOKT ASC) arasında 24 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqavilə əsasında "xxxx" ASC iddiaçıya 26%-lə 36 ay müddətinə 21.000 manat məbləğində kredit vermişdir. Müvafiq məhkəmə icraatında alınmış ekspert rəyinə əsasən müqavilə üzrə nəzərdə tutulan ödənişdən sonuncusunun tarixi 13 fevral 2017-ci il tarixdə olmuşdur, 1 mart 2019-cu il tarixə borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayı 780-dən artıqdır. Müvafiq bazada kreditin gecikdirilmiş günlərinn sayı isə, 207 gün göstərilmişdir. Bunu əsas gətirərək, Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətlərini həyata keçirən qurum kimi) iddiaçı X1 qalıq kredit borcunu Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Qeyd olunmalıdır ki, İddiaçı "xxxx" ASC ilə bağladığı 6 iyul 2013-cü il tarixli BAL0312119/2013 nömrəli, 10 yanvar 2014-cü il tarixli CC0787319U/A nömrəli və 9 sentyabr 2014-cü il tarixli CC/37534/44/19 nömrəli kredit müqavilələri üzrə qalıq borcunun Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının müddəalarına uyğun olaraq restrukturizasiya ediləcək kreditlərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2013-cü ilin iyul ayından 9 sentyabr 2014-cü il taroxədək olan dövrdə verilməsi, həmin müqavilələr "xxxx" ASC-yə olan qalıq məbləğin hər bir halda 17.000 manatdan və ya 10.000 ABŞ dollarından az olması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Məhkəmə həmçinin vurğulayır ki, həmin müqavilələr üzrə borcun 10.000 ABŞ dolları (17.000 manat) məbləğindən artıq olmaması aidiyyəti bankın ("xxxx" ASC-nin) yazılı arayışında təsdiqini tapmışdır. Mübahisənin mahiyyətinə gəldikdə isə məhkəmə vurğulayır ki, sözügedən Fərmanın məqsədləri üçün fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə, onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi başa düşülür. Hazırkı işin hallarına görə isə, iddiaçı "xxxx" ASC-dən başqa digər banka – "xxxx" ASC-yə də əsas kredit borcu mövcuddur və onun bu iki banka olan əsas borcunun cəmi 10.000 ABŞ dollarındaan (17.000 manatdan) artıqdır. Belə olan halda, iddiaçı sözügedən Fəreman çərçivəsində kredit borcları restrukturizasiya olunacaq fiziki şəxslərin sırasına daxil edilə bilməz. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd saymır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirmir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs "xxxx" ASC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 13, 14, 23.1, 52, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respubılikasının Mərkəzi Bankına və üçüncü şəxs "xxxx" ASC-yə qarşı «kredit borcunun restrukturizasiya edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar