Məhkəmə qərarları › İş №2-1(112)-2985/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2985/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2985/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Bələdiyyəsi üçüncü şəxs qismində göstərilməklə “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Bələdiyyəsi üçüncü şəxs qismində göstərilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 299 kv. m. torpaq sahəsinə dair icarə hüququ əsasında dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 oktyabr 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağladıqları müqaviləyə əsasən Bakı şəhəri Nizami rayon Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 299 kv. m. torpaq sahəsindən 2000-ci il tarixdən bu günə qədər onun istifadəsindədir. 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir ki, istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 299 kv. m. torpaq sahəsini icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə məktubla cavab olaraq bildirmişdir ki -istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000-ci il tarixli 91 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2021-ci il tarixli ********** saylı və xx.xx.2021-ci il tarixli ********** ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli **********78 saylı və xx.xx.2021-ci il tarixli **********96 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş xx.xx.2007-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə istinad olunan Nizami Bələdiyyəsinin xx.xx.2007-ci tarixli, 10 saylı Qərarı təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən göstərilən ərazi dövlət mülkiyyəti torpağı olmaqla yaşıllıq ərazisidir. Torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahələrlə bir ərazi daxilindədir və ayrıca giriş-çıxış yolu olmamaqla ümumi giriş-çıxışa malikdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında inzibati iş olmuşdur (iddiaçı: İddiaçı). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9441/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyəti"ndə olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təscc edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı" qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin halları: İş materiallarında olan: Bakı şəhər Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı iclasının protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Nizami Bələdiyyəsinin iclasında Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 299 (iki yüz doxsan doqquz) kv.m., olan ərazini yaşıllıq və abadlıq məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi boş torpaq sahəsinin icarəyə verilməsi haqqında” 10 №-li, xx.xx.2007-ci il tarixli qərarı ilə Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən, 299 kv. m. faktiki istifadədə olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2007-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, “İcarəyəverən” Bakı şəhəri Nizami Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı arasında Nizami rayon Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 299 (iki yüz doxsan doqquz) kv.m., olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətində sonuncunun istifadəsinə (icarəsinə) verilməsinə dair müqavilə bağlanmışdır. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 02/524 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onunla Nizami bələdiyyəsi arasında xx.xx.2007-ci ildə bağlanmış torpaq icarə müqaviləsində qeyd olunan və istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 299 kv. m. torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər, Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılır. Nizami Bələdiyyəsi Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 299 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********96 saylı xx.xx.2021-ci il tarixli cavab mətubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, məhəllə 4085-də yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciətinə təkrar baxılmışdır. Torpaq sahəsi ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlarımın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9441/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və İddiaçı Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 299 kv. m. torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9441/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı iddiasının təmin edilməməsi qərara alınmışdır. İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən qaldırılmış hazırki iddia ilə eyni mahiyyətdə olan onun tərəfindən əvvəllər verilmiş iddia məhkəmənin müvafiq qərarı ilə təmin edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 15.5-ci bəndinə əsasən İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar