Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2986/2024 26.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Nizami Bələdiyyəsi, X13 və X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər Nizami Bələdiyyəsi, X13 və X17 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz hesab edilməklə, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. metr torpaq sahəsinə dair icarə hüququ əsasinda dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı və Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 oktyabr 2007 ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Nizami rayon şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. m torpaq sahəsi 2000-ci il tarixdən bu günə qədər onun istifadəsindədir. 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi 40/85-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. m. torpaq sahəsini icarə hüququ əsasında Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata götürülməsinə və icarə hüququ əsasında torpaq sahəsinə çıxarışın verilməsinə münasibət bildirməsini xahiş etmişdir. 27 aprel 2021ci il tarixdə Bakı şəhəri Nizami Bələdiyyəsi onun müraciətinə məktubla cavab olaraq bildirmişdir ki, istifadəsində olan torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 26 sentyabr 2000-ci il tarixli 91 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədi daxilindədir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamına və Bakı şəhər İcra Hakimiyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələlərinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. Bakı şəhəri Nizami Bələdiyyəsinin 27 aprel 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqinda Azərbaycan Respublikasi Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarinin səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. Bu səbəbə görə də istifadəsində olan torpaq sahəsinə icarə hüququ əsasında çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunması tövsiyyə edilmişdir. Onun istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair Bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini və torpaq sahəsinin plan və ölçünü dövlət reyestrindən icarə hüqüqu əsasında çıxarışın verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sənədlərlə müraciət etmişdir. Lakin cavabdeh orqan ona heç bir əsas gətirmədən sənədlərinin qəbul etməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhər Nizami Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə X13 və X17 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşdurlar. xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair etirazı onunla əsaslandırılmışdır ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar olunmamışdır və şərti göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X13) adına qeydiyyatdan keçmiş sahə daxilində yerləşir. Həmçinin, torpaq sahəsinə digər fiziki şəxs (X18) tərəfindən müraciət olmuşdur. xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 810 kv. m. göstərilsə də, faktiki ölçüsü 785 kv. m. təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması,yerli şərait,əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə-0,04 hektaradək, 5-8-ci zonalar üzrə-0,05 hektaradək, 9-12-ci zonalar üzrə 0.06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Üçüncü şəxslər Bakı şəhər Nizami Bələdiyyəsi, X13 və X17 tərəfindən iddaya dair yazılı münasibətləri (etiraz) məhkəməyə təqdim olunmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş tərəflər və üçüncü şəxslər müvafiq olaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi-X8 iddianı qəbul etməyərək, yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X9 vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək, iddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsinin oan heç bir aidiyyatının olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X4 nümayəndəsi və vəkili X15 məhkəmə iclasında izahat verərək, iddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsinin ona heç bir aidiyyatının olmadığının nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhər Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il 10 saylı iclasının protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Nizami Bələdiyyəsinin ümumi iclasında Nizami rayonu Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 810 (səkkiz yüz on) kv. m olan ərazini yaşıllıq və abadlıq məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, “İcarəyəverən” Bakı şəhəri Nizami Bələdiyyəsi ilə “İcarəçi” İddiaçı Lentoş qızı arasında Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı əsasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında Nizami rayon Şərq küçəsi 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv.m olan gələcəkdə “Sahə” adlanan ərazini “İcarəçi”yə uzun müddətli 49 (qırx doqquz) il müddətinə istifadəyə vermiş, “İcarəçi” isə onu qəbul etmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 02/526 №-li, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, onunla Nizami bələdiyyəsi arasında xx.xx.2007-ci ildə bağlanmış torpaq icarə müqaviləsində qeyd olunan və istifadəsində olan ünvan 5də yerləşən ümumi sahəsi 810 kv. m. torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təsdiq edilmiş Bakı şəhər Nizami bələdiyyəsinə ayrılmış torpaq sahələrinin sərhədləri daxilində olan torpaq sahəsinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin tələblərinə əsasən torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılır. Nizami Bələdiyyəsi ünvan 5də yerləşən ümumi sahəsi 810 kv.m olan bələdiyyə mülkiyyətinin icarə hüququ əsasında onun adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına etiraz etmir. Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış Q-111- 032 №-li, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə Nizami rayonu Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən ümumi sahəsi 810 kv. m. torpaq sahəsinin icarə hüququ əsasında dövlət qeydiyyatına götürülməsinə dair münasibət bildirilməsi ilə bağlı müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bununla əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlakın Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Bakı şəhəri Nizami Bələdiyyəsinin 03/180-4 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubunda Nizami Bələdiyyəsinin 2000-2016-cı illərin iclas protokolları və qərarlarının əlavələri ilə birlikdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 3-48-2F1/2-07828/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri Nizami Bələdiyyəsinin “Bakı şəhər sakini İddiaçı faktiki istifadə etdiyi boş torpaq sahəsinin icarəyə verilməsi haqqında” 10 №-li xx.xx.2007-ci il tarixli qərarından müəyyən olunur ki, qeyd olunan qərarla Nizami rayonu, Şərq küçəsi 4085-ci məhəllədə yerləşən 810 kv. m. faktiki istifadədə olan torpaq sahəsinin 49 (qırx doqquz) il müddətinə yaşıllıq və abadlıq məqsədi ilə İddiaçı icarəsinə verilməsi qərara alınmışdır. Bakı şəhər Nizami Bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi,4085-ci məhəllədə yerləşən torpaq sahəsinin eskizi tərtib və təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 3-16-9/2- 50336-3-248/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Ədliyyə Nazirliyində qeydə alınmış Nizami rayonu Nizami Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı iclas protokolun surətindən müəyyən olunur ki, iclasın gündəliyində mövcud qarajların rəsmiləşdirilməsi, hüquqi və fiziki şəxslərlə bağlanacaq icarə müqavilələrinin təsdiqi, maliyyə vəsaitinin ayrılmasına münasibət bildirilməsi olmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3-35-1/2-3105/2023 saylı xx.xx.2023cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən 810 kv. m. torpaq sahəsinin ayrılması ilə bağlı rəyin alınması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin: **********71 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2020-ci il tarixli müayinə aktının surətində qeyd olunmuşdur ki, iddia olunan torpaq sahəsi Nizami rayonu, Q.Qarayev prospekti ünvanında yerləşir. Torpaq sahəsi hər tərəfdən şərti olaraq göstərilmişdir. Torpaq sahəsində tikililər yoxdur. Hüquqmüəyyənedici sənəd üzrə sahəsi 125,0 kv. m., faktiki sahəsi 125,0 kv.m. təşkil edir. Torpaq sahəsi yaşayış binasından 26,0 metr aralı məsafədə yol kənarında, yaşıllıq ağacları olan ərazidə yerləşir. Torpaq sahəsinin faktiki koordinatları müayinə aktına əlavə olunmuşdur. **********63 saylı xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim olunmuş: Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2928H №-li, 00600066 KOD nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhər sakini X5, X7, X10, X14 Suraxanı rayonu İHB-nın xx.xx.1999-cu il tarixli 1477 saylı, xx.xx.2000-ci il tarixli 1650 saylı sərəncamları ilə 0,12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətlərinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4429 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X11 adına qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 2270D №-li, ********* kod nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Bakı şəhəri 34 saylı Dövlət Notariat kontorunun 21 aprel 2004-cü il tarixli 4-ə-7/138 saylı alqı-satqı müqavilə ilə satılmış 0,15 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan (surəti) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində yerləşən ümumi sahəsi 0,1455 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydə alınmışdır. AN-İ seriyalı ******* №-li xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən (surəti) müəyyən olunur ki, X13 Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,1455 ha olan torpaq sahəsini X1 almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışdan (surəti) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsində yerləşən ümumi sahəsi 0,1455 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 579 nömrəli reyestr kitabının 54766 nömrəli vərəqində xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. X11 müraciətinə **********94 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarının təqdim olunması ilə bağlı müraciətinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən faktiki torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlkın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşdüyündən döngə nöqtələrinin koordinatlarının təqdim olunması tərəflərindən mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin: **********18 saylı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. , elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmiş sahə daxilində yerləşir. Həmçinin, torpaq sahəsinə dəfələrlə digər fiziki şəxslər tərəfindən müraciətlər olmuşdur. Bundan başqa, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş idarəsinin rəyi əlavə edilməmişdir. Əlavə olaraq, texniki baxış keçirilən zaman torpaq sahəsinin ölçüsü sənəd üzrə 810 kv.m göstərilsə də faktiki ölçüsünün 785 kv.m olduğu aşkar olunmuşdur. **********76 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 40/85-ci məhəllədə yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair təkrar müraciətinə baxılmışdır. Qeyd olunan məsələ ilə bağlı müraciətinə **********18 nömrəli xx.xx.2021-ci il tarixli məktubda cavab verilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/3297 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ekspert aşağıda qeyd olunan nəticəyə gəlmişdir: - Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarına əlavə edilmiş, Bakı şəhəri, Nizami rayonu, Şərq küçəsi, 4085-ci məhəllədə yerləşən torpaq sahəsinin eskizində göstərilən planlı yerləşmə və ölçüləri baxış zamanı təqdim edilən torpaq sahəsi ilə müqayisə etdikdə iddia olunan torpaq sahəsinin ümumi planlı yerləşməsinin və hasarlanmış hissələrinin ölçülərinin Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarına əlavə edilmiş eskizə uyğun olduğu müəyyən edilmişdir. - “kadastrportali.az” elektron kadastr portalında qeyd olunanlara əsasən, Bakı şəhəri Nizami Bələdiyyəsinin 21 sentyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı ayrılmış və eskizi tərtib olunmuş ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin Bakı şəhəri Nizami Bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. - İddiaçı tərəfindən faktiki iddia olunan torpaq sahəsinin faktiki ölçüsü 810 kv. metr olduğu və həmin torpaq sahəsinin koordinatlarının Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakı Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışla X4 adına qeydə alınmış 0,1455 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Tətbiq edilən hüquq. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır (maddə 2.1). İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür (maddə 2.2). Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər (maddə 2.3). Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər (maddə 2.4). Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır (maddə 4.0). qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək (4.0.1); müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək (4.0.2); yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək (4.0.3); bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq (4.0.4); ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq (4.0.5); bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək (4.0.6); hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək (4.0.7); bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq (4.0.8); bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək (4.0.9); bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək (4.0.10); öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək (4.0.11); Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək (4.0.12). Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir (maddə 6.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (maddə 6.2). Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (1-ci cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir) (maddə 6.5). Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır (maddə 6.9). Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (maddə 9.1 xx.xx.2008-ci il tarixədək olan redaksiyası). Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə: 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir; 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2- 4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (4-cü cümlənin xx.xx.2008-ci il tarixədək olan redaksiyası - Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2021-ci il tarixli qərarı: Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə "İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1 -ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq- planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. "İnzibati icraat haqqında” Qanunun 13.1 -ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”. 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 iyul tarixli 308 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları”na və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunu aparmaq məqsədi ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması mexanizmini müəyyən edir. 1.2. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə. 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının əsasları: Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (19.1). Torpaq sahəsi və ya yerin təki sahəsi icarəyə (istifadəyə) verildikdə qeydiyyat üçün təqdim edilən müqaviləyə torpaq sahəsinin və yerin təki sahəsinin planı əlavə edilir (19.2).
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit edilmiş hüquq müəyyənedici sənədə - bələdiyyə qərarına istinad etmişdir. Məhkəmə razılaşır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1ci maddəsinə istinadla təqdim edilmiş bələdiyyə qərarı əsasında mübahisəli torpaq sahəsi üzərində iddiaçının icarə hüquqlarının qeydiyyatı aparılmalıdır. Lakin işin araşdırılan hallarından müəyyən olunmuşdur ki, bələdiyyə tərəfindən mübahisəli torpaq sahəsi üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadığı halda, mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi qərara alınmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən faktiki iddia olunan 810 kv. metr torpaq sahəsinin koordinatları Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakı Dövlət reyestrindən RX seriyalı ******* №li çıxarışla X4 adına qeydə alınmış 0,1455 ha torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar ilə üst-üstə düşür. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinə dair nə inzibati orqana, nə də məhkəməyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı icarə hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq İddiaçı 100 (bir yüz) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev