Məhkəmə qərarları › İş №2-1(112)-2989/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2989/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2989/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 işirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla reyestrdən arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundaan sonra mətndə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxslərinin Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 102, mənzil 46 da, 12 kv. metr sahəsi olan evin mərhum əri X1 adına (mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması və reyestirdən) arayış - çıxarışına dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üzrə hərəkətsizliklərinin və bununla bağlı imtinanın qanunsuz hesab edilməsinə və Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 102, mənzil 46 da, 12 kv. metr sahəsi olan daşınmaz əmlaka dair mərhum əri X1 adına (mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması və reyestirdən) arayış çıxarışı verlilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin “sığınacaq qaydasında mənzillə təmin edilməsi haqqında” 11.03.1992-ci il tarixli, 24/13 №-li sərəncamına əsasən X2 ayrılmış ünvan 6, mənzil 46-da yerləşən daşınmaz əmlak üzərində iddiaçının mərhum əri X1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinin 241/13 saylı 11.03.1992-ci il tarixli sərəncamı ilə mərhum əri X2 yaşayış sahəsi ayrılmışdır. Qeyd olunan sərəncamla Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 102, mənzil 46 da 12 kv. metr sahəsi olan ev M.İ.İsmayılova verilmişdir. Həmin mənzil dövlət qeydiyyatına alınmamışdır. Əri M.İ.İsmayılov 04.12.2015-cı il tarixdə vəfat etmiş, vərəsəlik yolu ilə mirası o, qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 102, mənzil 46 da 12 kv. metr sahəsi olan evin mərhum əri X1 adına (mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınması və reyestrdən) arayış (çıxarışın) verilməsi üçün 14.07.2021-ci il tarixdə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuşdur. 16.09.2021-ci il tarixdə ərizəsinə imtina cavabı verilmişdir. Cavabda qeyd olunmuşdur ki, Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 102, mənzil 46 Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11.03.1992-ci il tarixli, 241/13 saylı sərəncama əsasən şığınacaq kimi verilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 11.10.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 102 saylı evin, 46 saylı mənzili Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11.03.1992-ci il tarixli, 241/13 saylı sərəncama əsasən sığınacaq kimi verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların döylət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın, (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X14 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, təqdim olunmuş yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatında mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı mərhum ərinə məxsus mənzilə dövlət reyestrindən arayışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona mərhum ərinə məxsus mənzilə dair dövlət reyestrindən arayışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA ******* №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan görünür ki, xx.xx.1959-cu ildə Sabirabad rayonu, Əsədli kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2ə verilmiş İİ-ЖГ seriyalı 489742 №-li nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 ilə X15 01.06.1984-cü ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin “M.İ.İsmayılovun sığınacaq qaydasında mənzillə təmin edilməsi haqqında” 11.03.1992-ci il tarixli 241/13 nömrəli Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Nizami küçəsində yerləşən 102 saylı evin, sahəsi 12 kv. metr olan 46 saylı mənzili M.İ.İsmayılova ev növbəsi çatanadək müvəqqəti yaşamaq üçün verilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 12 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 779438 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 04.12.2015-ci il tarixdə ölmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 029906 №-li Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən 102 saylı evin (20,0 kv.m) 75 saylı mənzili xüsusi mülkiyyət kimi 403 saylı reyestr kitabında 58133 səhifədə 30/3774 nömrə ilə 26.02.2000-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 11.03.2022-ci il tarixli 186 №-li məktubda qeyd olunmuşdur ki, X1 vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 11.03.2022-ci il tarixində tərəflərindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyintələblərinə uyğun olaraq müvafiq sənədləşmə işlərinin aparılması üçün ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum X1 adına çıxarış və texniki pasport verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Asan-Sabirabad tərəfindən verilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında 06.04.2022-ci il tarixli ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı, X4, X5, X6, X8 ünvan 5 ünvanında qeydiyyatdadırlar. İddiaçının müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********67 №li 16.09.2021 tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 102 saylı evin, 46 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı S/11 saylı, 14.07.2021ci il tarixli (********** daxil olma nömrəli, 27.07.2021-ci il tarixli) müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 102 saylı evin, 46 saylı mənzili Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 11.03.1992-ci il tarixli, 241/13 saylı sərəncama əsasən sığınacaq kimi verilmişdir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 17.03.2022-ci il tarixli 018-5394-1222 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 4 ünvanında 12.10.2002-ci il tarixdən hazıra kimi 01.09.1955-ci il təvəllüdlü X19, 14.01.2006-ci il tarixdən hazıra kimi 31.05.1965-ci il təvəllüdlü X11, 18.10.2003-cü il tarixdən hazıra kimi 18.06.2003-cü il təvəllüdlü X22, 14.11.2017-ci il tarixdən hazıra kimi isə 30.09.2004-cü il təvəllüdlü X20 yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 06.04.2022-ci il tarixli 6/336 №-li cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı Abbas qızı Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsində yerləşən 102 saylı evin 76 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzili Nəsimi rayon İcra Hakimiyyətinin 11.03.1992-ci il tarixli 241/13 nömrəli Sərəncamına əsasən iddiaçının əri X2 verilmişdir. Nizami küçəsində yerləşən 102 saylı yaşayış binası Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansındadır. - Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 06.04.2022-ci il tarixli 6/336 №-li məktubuna əllavə olunmuş Bakı şəhər Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 49 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 06.04.2022-ci il tarixli 089 saylı arayışda qeyd olunmuşdur ki, ünvan 1, 11.03.1992-ci il tarixli 241/13 saylı sərəncama əsasən mərhum X1 adına olub. X3 04.12.2015-ci ildə vəfat edib. Mənzildə qeydiyyatda olanlar: arvadı İddiaçı Abbas qızı; qızı-X6; qızı-X8; qızı- X4; oğlu- X5. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. -4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Mübahisəli mənzilin 11.03.1992-ci il tarixdə qanuni əsaslarla mərhum X2 ayrıldığını, həmin vaxtdan hazırki vaxtadək həmin mənzilin yaşayış sahəsi kimi mərhumun özünün (öldüyü günədək) və ailəsinin istifadələrində olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia əsaslı olmaqla təmin olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.10.2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat"ın 7.2-ci bəndində deyilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin “M.İ.İsmayılovun sığınacaq qaydasında mənzillə təmin edilməsi haqqında” 11.03.1992-ci il tarixli, 24/13 №-li sərəncamına əsasən X2 ayrılmış ünvan 6 ünvanında yerləşən mənzil 46 üzərində İddiaçı mərhum əri X1 adına mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və Daşınmaz əmlakın Dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar