Məhkəmə qərarları › İş №2-1(112)-299/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-299/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-299/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və övladlarının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında 30 oktyabr 2022ci il tarixli ******* nömrəli və 30 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarlarının ləğv edilməsi, 30 dekabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 və 27 iyul 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, X2 və X3 iddiaçının övladlarıdır, X2 30 dekabr 2009-cu il tarixdə, X3 05 aprel 2005-ci il tarixdə Bakı şəhərində anad olmuşlar, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmiş, müvafiq olaraq şəxsiyyət vəsiqəsi və xarici pasport da verilmişdir. İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, övladlarıda Azərbaycan Respublikasının vətəndaşları olsalar da, sonuncu dəfə şəxsiyyət vəsiqəsi dəyişən zaman, şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmiş, övladlarının Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyətinin olmaması qeyd edilmişdir. Dövlət Miqrasiya Xidməti məktubla cavab verərək, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsinin zəruri olması qeyd edilmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanuna əsasən Azərbaycan Respublikası vətəndaşlığı verilməlidir. Qeyd olunan hal ilə bağlı dəfələrlə müraciət olunmuşdur. Lakin 30 oktyabr 2022-ci il tarixli, ******* nömrəli və 30 oktyabr 2022-ci il tarixli ******* nömrəli arayışlar tərtib edilərək, vətəndaşlıq verilməsindən imtina edilməsi qeyd edilmişdir. İddiaçı həmin arayışları 31 mart 2023-cü il tarixli sorğu əsasında 01 iyun 2023-cü il tarixdə əldə etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh 15 yanvar 2024-cü il tarixdə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, şəxslərin xx.xx.2019-cu il tarixli sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun 12ci maddəsinin 1-ci hissəsinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşı olmaması müəyyən edilmiş və bu barədə inzibati akt qəbul edilmiş və inzibati akt ona 2019-cu ildə təqdim edilmişdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, şəxsin ərizəanketində atasının Rusiya Federasiyasının, anasının isə Gürcüstan vətəndaşı olduğu müəyyən edilmişdir. Bir sözlə, şəxslər doğulduqları anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmamışdırlar. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılmasını və mahiyyəti üzrə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququnun pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Əvvəla, iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə deyil, məcburetmə növündə iddiadır. Bu halda, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunmalıdır ki, sözügedən iddialar da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və bu müddət, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). İşin araşdırılması nəticəsində müəyyən edilir ki, iddiaçı, hazırkı tələblə övladlarının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı xx.xx.2019-cu il tarixdə cavabdehə müraciət etmiş, bununla bağlı cavabdeh tərəfindən araşdırma aparılmış və xx.xx.2019-cu il tarixli, ******* nömrəli, xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışlar tərtib olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş qeydiyyat kitabından çıxarışa əsasən iddiaçı həmin arayışları 2019-cu ildə əldə etmişdir. (qeydiyyat kitabından imzalanmış səhifənin surəti əlavə olunmuşdur) Bu məlumat, iddiaçının 2019-cu ildə öz müraciətinin nəticəsi barədə xəbərdar olduğunu və həmin dövrdə müvafiq qərarın qəbul edildiyini təsdiq edir. İddiaçının bu müddət ərzində müraciətinin nəticəsindən xəbərsiz olması ağlabatan deyil və bu, onun hüquqi məsuliyyətini artıran faktorlardan biridir. İddiaçı, həmin dövr ərzində, yəni 2019-cu il tarixində övladlarının vətəndaşlığı ilə bağlı verilmiş imtina qərarlarından məlumatlı olmuşdur. Bu da onun həmin vaxt kəsiyində iddia qaldırmaq imkanına malik olduğunu göstərir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən cavablandırılmış müraciətlərdən biri, xx.xx.2019-cu il tarixli 754894 nömrəli qərar üzrə, X4 tərəfindən daha əvvəllər məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-1562/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı cavabdehin imtina qərarlarından artıq ən geci həmin tarixdə məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı həmin zaman kəsiyində iddia qaldırmamağı seçmişdir. İddia müddətinin müəyyən edilməsi şəxsin öz iradəsinə bağlıdır və həmin müddətə riayət etməməsi onun məsuliyyətini doğurur. İddiaçının mövcud imtina qərarlarından xəbərdar olduğu halda, iddia müddətini ötürməsi onun təqsirli davranışına əsaslanır. Bu səbəbdən, iddiaçı müddətin ötürülməsinin hüquqi nəticələrini qəbul etməli və buna uyğun olaraq məsuliyyət daşımalıdır. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin hər-hansı üzürlü səbəbdən ötürüldüyünü iddia ərizəsində əsaslandıra bilməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırki iş üzrə iddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “30 oktyabr 2022-ci il tarixli ******* nömrəli və 30 oktyabr 2022-ci il tarixli ******* nömrəli qərarlarının ləğv edilməsi, 30 dekabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 və 27 iyul 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş X1 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar