Məhkəmə qərarları › İş №2-1(112)-2990/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2990/2022

01.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2990/2022 01.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları

1. X9 ərizə ilə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, ailə üzvü olan İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdeh 30.09.2021-ci il tarixdə 065-26071H-3221 saylı məktubla müraciəti təmin etməkdən imtina etmiş və qeyd etmişdir ki, İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığı ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcə də qanunvericilkdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədlərin təqdim edilmədiyi halda məhkəmə orqanlarına müraciət etmək məqsədəmüvafiqdir.

3. Bundan sonra İddiaçı (bundan sonra – İddiaçı) cavabdehə qarşı 06.10.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 3 ünvanına qeydiyyata alınması üçün lazım olan hərəkətlərin edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı 15.11.2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, onun ünvan 4 ünvanında yerləşən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması

5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, X7 ilə nikaha daxil olduqdan sonra, yəni 2010-cu ildən qayınatasının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda yerləşən yaşayış evi iddiaçının qayınatası X5 məxsusdur. Bu faktı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təqdim olunmuş 4464 nömrəli 16.09.2021-ci il tarixli arayış təsdiq edir. İddiaçının qayınatası və yoldaşı ünvan 6 ünvanına qeydiyyatdadır. X8 iddiaçının da həmin ünvana qeydiyyata düşməsinə razılıq vermiş və bu məqsədlə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə ərizə ilə müraciət olunmuşdur. Səbail Rayon Polis İdarəsi 30.09.2021-ci il tarixli imtina məktubu ilə iddiaçını ev Ö\T 34 ünvanına qeydiyyata almaqdan imtina etmişdir. İddiaçı hazırda hər hansı bir ünvanda qeydiyyatda deyil. Şəxsiyyət vəsiqəsində qeydiyyat yeri (yaşayış yeri) olaraq ünvan 8 ünvanı qeyd olunmasına baxmayaraq, həmin yaşayış evi satıldıqdan sonra məhkəmə qətnaməsi əsasında həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hazırda iddiaçı heç bir ünvanda qeydiyyatda deyil, bu isə öz növbəsində iddiaçı üçün bir sıra çətinliklər yaradır. İddiaçı vaksinasiya olunmaq üçün poliklinikaya müraciət etsə də, qeydiyyat yeri olmadığı üçün iddiaçıya vaksin vurulması mümkün olmamışdır. Həmçinin bir sıra sənədləşmə işlərində də qeydiyyat yeri olmadığı üçün problemlərlə qarşılaşmışdır.

6. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Cavabdeh 21.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Səbail Rayon Polis İdarəsinə qarşı iddia tələbinə dair keçirilən bütün məhkəmə iclaslarının cavabdehin əməkdaşlarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. III. Tərəflərin mövqeyi

9. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

10. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

11. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

14. Belə ki, işdə olan cavabdehin 02.09.2021-ci il tarixli 065-22990H-3221 saylı məktubundan görünür ki, cavabdeh iddiaçının Səbail rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması ilə bağlı müraciətinə baxmış, müraciəti təmin etməyərək rayon polis idarəsinin inzibati binasına qeydiyyata alınması məsələsinin müvəqqəti olaraq dayandırıldığını və iddiaçıya əlavə məlumat veriləcəyini bildirmişdir.

15. Bu imtina cavabından sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

16. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır.

17. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

18. İddiaçı Səbail rayonunda yaşadığı mənzilə qeydiyyata alınmaq üçün qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmədiyindən cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin tələbinə əsasən iddiaçını yaşadığı ünvan üzrə qeydiyyata alınmasından imtina etmişdir.

19. İşin hallarından görünür ki, 26.07.2003-cü il tarixdə Səbail Rayon Polis İdarəsi tərəfindən iddiaçıya AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi verilmiş, bu zaman iddiaçının yaşayış yeri ünvan 8 kimi göstərilmişdir.

20. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan çıxarışdan görünür ki, iddiaçının qeydiyyat ünvanı barədə məlumat yoxdur.

21. İddiaçı hazırda ünvan 8 ünvanından qeydiyyatdan çıxarıldığını, ailə üzvlərinin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər olmadığından həmin ünvana qeydiyyata alına bilmədiyini bildirməklə cavabdehin yerləşdiyi inzibati binaya qeydiyyata alınmasını xahiş edir.

22. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 3-cü maddəsinə görə yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2003-cü il 31 yanvar tarixli qərarı ilə qərara alınmışdır ki:

1. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur.

2. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz.

3. Bu Qərarın 2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin.

24. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Qanunun göstərilmiş maddəsində işlənilən «Vətəndaşın yaşadığı yerə gəldikdə isə bunun müəyyən edilməsi üçün ilk növbədə onun faktiki yaşayış yeri, o cümlədən yaşayış yeri və olduğu yer nəzərə alına bilər. Belə ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adatən yaşadığı yer onun yaşayış yeri sayılır. ..Qanunun müddəalarından göründüyü kimi qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. Digər tərəfdən özünə yaşayış yerini azad seçmək hüququ mütləq xarakter daşımır və bəzi hallarda isə məhdudlaşdırıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»ndə vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas vermir. Beləliklə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi onların vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarının pozulmasına səbəb ola bilər. Yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi həmçinin bərabərlik hüququnu poza bilər. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətinə görə məhdudlaşdırmaq qadağandır. Yaşayış yeri olmayan vətəndaşlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməməsi Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinin müddəalarının pozulması kimi qəbul oluna bilər. Bu müddəalara əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bununla belə, Konstitusiya Məhkəməsi hesab edir ki, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər.”

25. Həmin Qərarın 3-cü bəndinin icrasını təşkil etmək məsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 09.04.2003-cü il tarixdə 55s saylı sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini qəbul etmişdir.

26. Beləliklə, isitinad olunanlardan müəyyən olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə şəxsin yaşayış yeri olmasa da, ona şəxsiyyət vəsiqəsinin verilməsi təsbit olunmuş, bu zaman yaşayış yeri olmayan şəxsin şəxsiyyət vəsiqəsində yaşayış yerinin şərti olaraq şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı kimi qeyd edilməsi nəzərdə tutulmuşdur.

27. İşdə olan Mənzil Kommunal Təsərrüfatı Departamentinin Səbail rayon MKTB-nin 149 saylı Mənzil Kommunal İstismar Sahəsinin 28.03.2022-ci il tarixli, 285 nömrəli arayışından görünür ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.

28. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim olunmuş 01.11.2021-ci il tarixli, **********34 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanı barədə məlumat Ünvan Reyestri İnformasiya Sistemində mövcud deyildir.

29. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən təqdim olunmuş 28.10.2021-ci il tarixli, 018-17141- 1221 nömrəli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxs müəyyən edilməmişdir. ünvan 9 ünvanında 03.07.1958-ci il təvəllüdlü X1, 06.10.1984-cü il təvəllüdlü X3, 11.10.2011-ci il təvəllüdlü X4 və 19.07.2017-ci il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatda olmaları müəyyən edilmişdir.

30. Göründüyü kimi, iddiaçının ailə üzvləri (əri və uşaqları) Bakı şəhəri, ünvan 10 ünvanda yaşayır, lakin həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olduğundan cavabdeh iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina edir.

31. İddiaçının başqa yaşayış yerinin olması iş materialları ilə müəyyən olunmadığından, onun yaşadığı fərdi yaşayış evi isə özbaşına tikili olduğundan məhkəmə bu halı iddiaçının yaşayış yerinin olmaması kimi qiymətləndirir və hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.04.2003-cü il tarixli 55s saylı sərəncamı iddiaçıya tətbiq olunmalı və o, cavabdehin inzibati binası üzrə qeydiyyata alınmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı :

İddia təmin olunsun. xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Bakı şəhər Səbail Rayon Polis İdarəsinin ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhər Səbail Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar