Məhkəmə qərarları › İş №2-1(112)-2990/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2990/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2990/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 07 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyəti onun (əvvəlki adı: "xxxx" İKB ASC) (reyestr nömrəsi **********10-6301) mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi 2D ünvanında yerləşən, ümumi sahəsi 1732,2 kv.m. olmaqla, 2 mərtəbəli qeyri-yaşayış binasının tərkib hissəsi olan kürsü mərtəbəsinin (zirzəmisinin) üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-12/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdeh X6 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması və qeyri-yaşayış binasının qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, X5 xx.xx.2013-cü il tarixli daxili maliyyə lizinq müqaviləsi üzrə 1.773.502,21 manat əsas, 1.207.943,56 manat məbləğində faiz borcu, 500 manat penya borcu, cəmi 2.981.945,77 manat və 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və X9nun müvəqqəti sahiblik və istifadəsinə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-935/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2(010)-12/2020 saylı qətnaməsi 1.207.943,56 manat faiz borcunun, cəmi 2.981.945,77 manatın tutulması hissələrində dəyişdirilərək, faiz borcu 1.111.783,82 manat, cəmi məbləğ 2.885,786,03 manat müəyyən edilməklə qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh X9nun kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-935/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası əvvəlki mülkiyyətçisi X1 alınan zaman və X11 verilən zaman da qeyri-yaşayış binası hazırkı vəziyyətdə olmuşdur. Həmçinin, qeyri-yaşayış binasının əvvəlki mülkiyyətçisi X4 binanın zirzəmisinə hüququn qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2021 saylı 09 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə qərardadını onunla əsaslanmışdır ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış binasının tərkib hissəsidir, sözügedən binanın həmin qeyri-yaşayış sahəsi iddiaçının adına qeydiyyata alına bilməz. Bu qənaətə gələrkən məhkəmə onu əsas götürmüşdür ki, müvafiq daşınmaz əmlak daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi yox, qeyriyaşayış binası kimi qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2021 saylı 09 aprel 2021-ci il tarixli qərardadından göründüyü kimi, İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının zirzəmisi qeyriyaşayış binasının tərkib hisəssidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 12/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsində X9nun müvəqqəti sahiblik və istifadəsinə verilmiş ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarılması qət edilmişdir. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1732.2 kv.m olmaqla, 2 mərtəbəli qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarış ilə İddiaçı ("xxxx" İKB) Açıq Səhimdar Cəmiyyətinin mülkiyyətinə keçmişdir. Lakin həmin qeyri-yaşayış binasının Bankın mülkiyyətinə keçməsi ilə bağlı hüquqlarının dövlət qeydiyyatına alınması zamanı binanın tərkib hissəsi olan kürsü mərtəbəsinə (zirzəmisinə) dair məlumatlar çıxarışda qeyd edilməmişdir. Yuxarıda qeyd edilən əmlakın mülkiyyətçisi İddiaçı ("xxxx" İKB) ASC olduğuna görə əmlakın yerləşdiyi 927,4 kv.m kürsü mərtəbəsi də İddiaçı ("xxxx" İKB) ASC-nin adına mülkiyyət hüququ qeydiyyata alınmalı və reyestrdən çıxarış verilməlidir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, müvafiq daşınmaz əmlakla bağlı ********** nömrəli ərizə ilə müraciət olunan zaman təqdim olunmuş layihədə və binanın istismarına qəbul aktında zirzəmi (kürsü) mərtəbəsi barədə məlumat mövcud olmamış, bu səbəbdən təqdim edilmiş sənədlərə uyğun qeydiyyat aparılmışdır. Bundan başqa, qeyri-yaşayış binasını 1-ci, 2-ci həmçinin zirzəmi mərtəbəsinin bir hissəsinə texniki baxışın keçirilməsi üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Elektron kadastr məlumatına əsasən qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşməklə, yaxınlığından orta təzyiqli yeraltı və yerüstü qaz xətləri keçir. Əlavə olaraq bildiririk ki, qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair (AZE ********) X2 etibarnamə üzrə nümayəndəsi (AZE ********) X7 xx.xx.2020-ci il tarixli, ********** nömrəli müraciəti daxil olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1732.2 kv.m olmaqla, 2 mərtəbəli qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı ("xxxx" İKB) Açıq Səhimdar Cəmiyyətinin mülkiyyətindədir. İddiaçı hazırda həmin qeyri-yaşayış binasının tərkib hissəsi olan kürsü mərtəbəsinin (zirzəmisinin) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İş materialları ilə müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1732.2 kv.m olmaqla, 2 mərtəbəli qeyri-yaşayış binası ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı ("xxxx" İKB) Açıq Səhimdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin qeyri-yaşayış binası əvvəlki mülkiyyətçisi X1 alınan zaman və X11 verilən zaman da hazırkı vəziyyətdə olmuşdur. İddiaçı hazırda həmin qeyri-yaşayış binasının tərkib hissəsi olan kürsü mərtəbəsinin (zirzəmisinin) üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsasını təqdim olunmuş layihədə və binanın istismarına qəbul aktında zirzəmi (kürsü) mərtəbəsi barədə məlumatın mövcud olmaması, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşməklə, yaxınlığından orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin keçməsi, həmin qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair X2 etibarnamə üzrə nümayəndəsi X7 müraciətinin olması təşkil edir. İddiaçının mülkiyyətində olan 2 mərtəbəli qeyri-yaşayış binasının qeydiyyatdan kənar qalan kürsü mərtəbəsi (zirzəmisi) ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissə birinci mərtəbənin aşağısında yerləşdiyindən aydın məsələdir ki, sonradan tikilə bilməz və həmin bina inşa edilən zaman mövcud olmuşdur. Doğrudur, razılaşdırılmış layihədə həmin hissə göstərilməmişdir, lakin bina istismara qəbul edilən zaman həmin kürsü mərtəbəsi (zirzəmi) mövcud olduğu halda, binanın faktiki vəziyyəti səlahiyyətli dövlət orqanı tərəfindən layihəyə uyğun hesab edilmiş və istismarına icazə verilmişdir. Lakin daşınmaz əmlakın dövlət reyestrində faktiki vəziyyətə görə deyil, layihəyə əsasən qeydiyyat aparılmışdır. Məhkəmə hesab edir ki, nə qədər ki, binanın istismarına icazə verilərkən faktiki vəziyyəti yoxlanılmış və icazə verilmişdir, yəni sonradan binada rekonstruksiya işləri aparılmamış, hər hansı mərtəbə və başqa artırma işləri görülməmişdir, bina həmin vəziyyətdə də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı idi. Odur ki, iddiaçı hazırkı tələbində haqlıdır. Hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair X2 müraciətinin olması barədə cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, qeyriyaşayış binasının əvvəlki mülkiyyətçisi X2 binanın zirzəmisinə hüququn qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi ilə bağlı məhkəməyə verdiyi iddia Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1766/2021 saylı 09 aprel 2021-ci il tarixli qərardadı ilə mümkün sayılmamış və həmin hüququn hazırkı iddiaçıya məxsus olması göstərilmişdir. Cavabdehin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qaraçuxur İNM) istifadəsinə verilmiş ərazidə yerləşməklə, yaxınlığından orta təzyiqli yeraltı və yerüstü qaz xətlərinin keçməsi barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, həmin dəlillər hazırkı iddianın rədd edilməsinin əsası kimi çıxış edə bilməz. Belə ki, hazırkı iddia sözügedən qeyri-yaşayış binasının ilkin qeydiyyatı ilə bağlı deyildir. Həmin bina artıq daşınmaz əmlakın dövlət reyestrində qeyd edilmişdir. Hazırkı mübahisə həmin bina qeydiyyata alınarkən belə mövcud olan kürsü mərtəbəsi (zirzəmisi) ilə bağlıdır. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektinin qeydiyyatdan kənar qalan kürsü mərtəbəsinə (zirzəmisinə) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı: "xxxx" İKB ASC) (reyestr nömrəsi **********10-6301) mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi 2D ünvanında yerləşən, ümumi sahəsi 1732,2 kv.m. olmaqla, 2 mərtəbəli qeyri-yaşayış binasının tərkib hissəsi olan kürsü mərtəbəsinin (zirzəmisinin) üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı: "xxxx" İKB ASC) (reyestr nömrəsi **********10-6301) mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Ayvazov küçəsi 2D ünvanında yerləşən, ümumi sahəsi 1732,2 kv.m. olmaqla, 2 mərtəbəli qeyri-yaşayış binasının tərkib hissəsi olan kürsü mərtəbəsinin (zirzəmisinin) üzərində İddiaçı ASC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar