Məhkəmə qərarları › İş №2-1(112)-2993/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2993/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2993/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 09 iyul 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtmobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması barədə müraciətindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 94 saylı qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsinin xx.xx.2023-cü il tarixindən etibarən məhdudlaşdırılması əsası ilə imtina olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtomobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtomobilin Azərbaycan Respublikasının ərazisinə buraxılması və həmin avtomobilin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi (ləğv olunması) vəzifəsinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə ərizələrlə ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini əsl cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edərək, xx.xx.2023-cü il tarixdə Belçikanın Antverpen şəhərindən İddiaçı adına göndərilmiş “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtomobilə dair gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və həmin avtomobilin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi (ləğv olunması) vəzifəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş və əsl olmayan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əsl cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının adına xx.xx.2023-cü ildə Belçikanın Antverpen şəhərindən MS "NORDİÇ ANA" yük gəmisi vasitəsilə "MAZDA-3" markalı, buraxılış ili 2008-ci il, şassi nömərəsi JMZBK**********05 olan avtmobil göndərilmişdir. Gəminin qəzaya uğraması səbəbindən yükün gətirilməsi bir neçə ay ləngimişdir. Nəhayət avtomobil iyul ayının 14-də Batumi limanına çatdırılmışdır. Lakin həmin avtomobilin Azərbaycana gətilməsinə icazə verilmir. Həmin vaxtdan avtombilin saxlanılması üçün cərimə hesablanır. İddiaçı həmin avtomobilin ölkə ərazisinə buraxılması üçün ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etmişdir. Dövlət Gömrük Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-33/2-H-001013/1-10/2023 saylı cavab məkubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək xahişindən imtina edilməsi göstərilir. Bu tamamilə əsassızdır. Belə ki, həmin avtomobil onun adına bu qərar qəbul edilməmişdən əvvəl yola salınmışdır. Qəza nəticəsində avtomobilin Azərbaycana çatdırılması ləngimişdir. "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 94 saylı, 29 mart 2023-cü il tarixli Qərar qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Belçikanın Antverpen şəhərindən İddiaçı adına “MAZDA-3” markalı, buraxılış ili 2008-ci il, şassi nömrəsi JMZBK**********05 olan avtmobil göndərilmiş, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarına istinad edərək avtomobilin istismar müddətinin 10 ildən çox olmasına əsasən avtomobilin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsindən imtina edilmişdir. İddiaçı avtomobilin xx.xx.2023-cü il tarixdə göndərilməsi və gəminin qəzaya uğramasını əsas gətirərək adıçəkilən qərarın ona şamil edilməməli olduğunu qeyd edir. Tətbiq edilən hüquq: "İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarı:

1. Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın.

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Məhkəmənin mövqeyi: Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 94 saylı, 29 mart 2023-cü il tarixli Qərarında göründüyü kimi, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılmış, həmin qərar xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. İddiaçı tərəfindən idxal edilən mübahisə predmeti minik avtomobil isə həmin qərar qüvvəyə mindikdən sonra Azərbaycan gətirilmişdir. İddia sözügedən minik avtomobilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad edilən qərarının qəbul edilməsindən əvvəl alıdığını bildirsə də, buna dair hər hansı rəsmi sənəd (invoys və s.) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının təqdim etdiyi və üzərində hər hansı imza və möhürü olmayan “FACTUUR” adlanan sənəd isə avtomobilin alışını təsdiq edən sənəd qismində qəbul edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının digər “avtomobilin dayanacaqda saxlanılması üçün hesablanmış və hesablanan cərimənin silinməsi” ilə bağlı tələblərinin hüquqi müqəddəratı yuxarıda qeyd edilən tələbdən asılı olduğundan, “avtomobilə dair gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi” barədə tələbin təmin edilməməsi bu tələbin də təmin edilməməsini şərtləndirir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar