Məhkəmə qərarları › İş №2-1(112)-2994/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2994/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2994/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,əmək kitabçası üzrə işlədiyi iş illərinin sosial sığorta stajına daxil edilərək ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun barəsində əmək kitabçası xx xxxxxxxx 1973-cü ildə hələ SSRİ vaxtında açılmışdır. İlk əmək fəaliyyətinə 1973-cü ildə qənnadı sexində fəhlə kimi başlamışdır. Daha sonra hərbi xidmətə getmişdir. xx.xx.1977-ci ildən Bakı Mərmər Məmulatları zavodunda əmək fəaliyyətinə başlamışdır. Həmin zavodun adı sonradan dəyişdirilərək Bakı Üzlük Materialları kombinatına çevrilmişdir. xx.xx.1983-cü ildən isə Bakı Şüşə Zavodunda əmək fəaliyyətini davam etdirmişdir. Daha sonra bu zavodlar ləğv edilərək “xxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Həmin Cəmiyyətdə müxtəlif vəzifələrdə (mühəndis, şöbə rəisi) çalışmışdır. xx.xx.2003-cü ildə isə öz ərizəsi ilə işdən azad edilmişdir. Beləliklə, adı çəkilən müəssisələrdə 26 ildən artıq əmək stajı olmuşdur. Bu, əmək kitabçasında öz əksini tapmışdır.Bu yaxınlarda Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə müraciət edərək ona pensiya təyin edilməsini xahiş etmişdir. Həmin idarədən ona verilən xx.xx.2020-ci il tarixli imtina məktubunda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajı olmadığından ona pensiyanın təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı qeyd olunmuşdur. Halbuki əmək kitabçasına əsasən onun 25 ildən artıq iş stajı qeydə alınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaşlara pensiya təyin edilərkən qanunun 21-ci maddəsinin tələblərini yerinə yetirən əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınır. ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi,sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 4.2.7 bəndinə əsasən zəruri hesab edilən hallarda vətəndaşların sosial sığorta stajı yerində qarşılıqlı yoxlanılır. İddiaçının işlədiyi xx.xx.1983cü ildən xx.xx.2003-cü ilədək “xxxxxxxxxxxxxx” ASC-dəki əmək stajının qarşılıqlı araşdırılması mümkün olmadığından həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Bu səbəbdən iddiaçının 25 il əmək stajı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, bu olmadıqda isə azı 25 il əmək stajı olduqda təyin edilir. Fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajınız olmadığından sizə pensiyanın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020ci il tarixli 5/104 saylı məktubdan görünür ki, Bakı mərmər məmulatları zavodunun, Bakı üzləmə materiallarının və X1 zavodunun arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindənməhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 5/831 saylı məktubdan görünür ki, Bakı mərmər məmulatları zavodunun, Bakı üzlük materialları kombinatının, Bakı şüşə zavodunun və «xxxxxxxxxxxxxx»ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində “XİRDALAN-ÜZLÜK” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə D-2775 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi və X1 zavodunun hüquqi varisi olması barədə məlumat mövcuddur. “XİRDALAN-ÜZLÜK” Açıq Səhmdar Cəmiyyəti təsisçilərinin qərarına əsasən ləğv edilmiş və xx.xx.2009-cu il tarixdə dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan İddiaçı məxsus NZ № ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cu il tarixdən xx.xx.1976ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiqedilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Qənnadı sexində fəhlə işləmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1977-ci ildən Azərbaycan SSR TMSN Bakı mərmər məmulatları zavodunda Bakı mərmər sexinə cilaladıcı tələbəsi qəbul olunmuş,xx.xx.1977-ci ildə həmin sexin 3-cü dərəcəli frezerçi keçirilmiş,Azərbaycan SSRTMSN xx.xx.1978-ci il tarixli əmri ilə Bakı mərmər məmulatları zavodunun adı dəyişdirilib Bakı Üzlük materialları kombinatı olmuşdur, xx.xx.1979-cu ildən ona 2-ci peşə verilir 3-cü dərəcəli mərmər kəsicisi, xx.xx.1981-ci ildə 2 saylı Bakı sexinə 3-cü dərəcəli daş frezerçisi keçirilmiş işləmiş, xx.xx.1983-cü ildə öz istəyi ilə işdən azad olunmuş, xx.xx.1983-cü ildə Bakı şüşə zavodunun şüşə qabları sexinə doldurucu şagirdi qəbul olunmuş, xx.xx.1983-cü ildə verilir 3-cü dərəcəli şixta dolduran işləmiş, xx.xx.1983-cü ildə öz istəyi ilə tutduğu vəzifədən azad olunmuş, xx.xx.1983-cü ildə Azərbaycan SSR TMSNX1 kombinatına Üzlük sexinə 3-cü dərəcəli mişarçı qəbul olunmuş, xx.xx.1994-cü ildə baş mexanik energetik texniki təhlükəsizlik və nəqliyyat şöbəsinə nəqliyyat üzrə mühandis keçirilmiş, xx.xx.1994-cü ildə müvəqqəti olaraq şöbə rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1995-ci ildə Üzlük tavanlar istehsalı sexinə rəis vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr xx.xx.2019 - xx.xx.2020, kişilər üzrə pensiya yaşı 64 il 6 ay. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. O, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədəkhərbi xidmət keçmiş, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək Qənnadı sexində, xx.xx.1977-ci ildən xx.xx.1983-cü ilədək Bakı mərmər məmulatları zavodunda, xx.xx.1983-cü ildə xx.xx.1983-cü ilədək Bakı şüşə zavodunda, xx.xx.1983-cü ildə xx.xx.2003-cü ilədək X1 kombinatında işləmişdir. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaş 6 ayının tamam olduğu vaxtdan - xx.xx.2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyini və azı 25 il əmək stajı olmadığını əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Lakin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı 28 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 64 yaş 6 ayı xx.xx.2020-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən (64 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar