Məhkəmə qərarları › İş №2-1(112)-2995/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2995/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2995/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdeh Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı – doğum haqqında şəhadətnamənin verilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdeh Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı – cavabdehin imtinasının qanunsuz hesab edilməklə, onun 14.08.2020-ci il tarixdə doğulmuş oğluna doğum haqqında şəhadətnamə verilərkən adının “Mühamməd” kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X1 birgə nikahından 14.08.2020-ci il tarixdə bir oğlan uşaqları doğulmuşdur. Uşağın doğumu tibb müəssisəsində olmuş və ona doğum haqqında tibb şəhadətnamə verilmişdir. Uşağına doğum haqqında şəhadətnamə almaq üçün 5 saylı Bakı Cavabdeh Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə müraciət edərək, oğluna “Mühamməd” adının verilməsini xahiş etmişdir. Lakin, cavabdeh qeydiyyat şöbəsi 11.11.2020-ci il tarixli, 1992-05/26 saylı məktubla imtina edərək, AMEA-nın ədəbiyyat institutu tərəfindən tövsiyyə olunmuş adlar siyahında qeyd olunan adın “Məhəmməd” kimi göstərilməsi və uşağına “Mühamməd” adının verilməsinin “Dövlət dili haqqında” Qanuna uyğun olmadığı üçün tövsiyyə olunmadığını bildirmişdir. Lakin, hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə 28.01.2021-ci il tarixli, 05/76-120 nömrəli və 02.04.2021-ci il tarixli, 05/76-629 nömrəli məktublar ünvanlayaraq şöbədə iş yükünün çox olması ilə əlaqədar olaraq məhkəmədə iştirak etmək imkanlarının olmadığının nəzərə alınmasını və işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İşdə olan AZE seriyalı, 16633688 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 21.08.1979-cu il tarixdə anadan olmuşdur. İşdə olan ЖГ seriyalı, 326696 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 10.01.1998-ci il tarixdə rəsmi nikaha daxil omuşlar. Nikah bağlandıqdan sonra, ərə - Kərimxanov, arvada – Kərimxanova soyadı verilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 nömrəli X10 Hüquqi Şəxsi tərəfindən verilmiş TQS-103 Formalı Doğum haqqında Tibbi Şəhadətnamədən görünür ki, 14.08.2020-ci il tarixdə Bakı şəhərində X2 ilə İddiaçı oğlu anadan olmuşdur. İşdə olan 5 saylı Bakı Cavabdeh Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının müraciətindən imtina edilməsi barədə 11.11.2020-ci il tarixli, 1992-05/76 nömrəli məktubdan görünür ki, iddiaçının 14.08.2020-ci il tarixdə doğulmuş uşağının doğumunun qeydə alınması və uşağa “Mühamməd” adının verilməsi barədə 5 saylı Bakı “Asan xidmət” X8 daxil olmuş 10.11.2020-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Rspublikasının 30.09.2002-ci il tarixli “Dövlət dili haqqında” Qanunun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adı, soyadı və ata adı dövlət dilində yazılır. Eyni zamanda bildirirlər ki, AMEA-nın ədəbiyyat institutu tərəfindən tövsiyə olunmuş adlar siyahısında qeyd olunan ad “Məhəmməd” kimi göstərilmişdir. Göstərilənlərə əsasən, uşağa “Mühamməd” adının verilməsi “Dövlət dili haqqında” Qanuna uyğun olmadığı üçün tövsiyyə olunmamışdır. İşdə olan notarial qaydada təsdiq edilmiş X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X2, övladına “Mühamməd” adının qoyulmasına etiraz etmir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uşağa ad valideyinlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından göründüyü kimi, fiziki şəxsin adının və soyadının, atasının adının verilməsi, dəyişdirilməsi (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı) müvafiq qaydalarla müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulmuş həmin Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-dır ki, həmin Qaydaların 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir; 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları valideynlər arasında mübahisə olmadıqda uşağın adının verilməsi ilə bağlı birbaşa məhdudiyyət nəzərdə tutmur. Belə olan halda, məhkəmə cavabdehin imtinasını əsaslı saymayaraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanuni sayıla bilməz. Belə ki, nəzərə alınmalıdır ki, uşağın valideynləri arasında onun adı ilə bağlı fikir ayrılığı olması barədə inzibati icraat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir sübut, dəlil təqdim edilməmiş və cavabdeh inzibati orqan məsələnin həllindən imtina edərkən hər hansı normativ hüquqi aktın müddəasına istinad etməmişdir. Bu hal isə, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktlar və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiysinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 10-cu maddəsinə görə isə, uşağa ad valideynlərin qarşılıqlı razılığı ilə, valideynləri olmadıqda isə qəyyumluq orqanlarının razılığı və ya göstərişi əsasında verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 14.08.2020-ci il tarixdə doğulmuş uşağının “Mühamməd” adı ilə qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi 5 saylı Bakı Cavabdeh Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar