Məhkəmə qərarları › İş №2-1(112)-2995/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-2995/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-2995/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum Əlizadə Hüseynova məxsus olmuş, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən mebellərin təmiri firmasının fəaliyyətinin dayandırlıması, obyektin sökülməsi nəticəsində onlara ödənməmiş qalan 200 manat kompensasiyanın, 540 min manat əldən çıxan faydanın, cəmi 740 min manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, X2 həyat yoldaşı, Ülvi isə mərhumun oğludur. X1 rayonu, ünvan 2 ünvanında yerləşən mebellərin təmiri firmasını 87414000 manata satın almış, dövlət büdcəsinə ******* manat pul köçürmüşdür. Ümumi sahəsi 366.0 kvm olan obyektin Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə tərtib edilmiş texniki pasportundan göründüyü kimi tikilinin bünövrəsi, damı, bəzəkləri, suyu, kanalizasiyası və işığı olmuşdur. Başqa sözlə, obyekt tam olaraq istifadəyə yararlı olmuş, müntəzəm gəlir gətirmişdir. Fəaliyyətin müntəzəm vergisi verilmişdir. Obyekt 192 kv.m ümumi əsas, 174 kv.m ümumi köməkçi - cəmi 366 kvm olmuşdur. Texniki Paportda binanın istismarına dair dəqiq məlumatlar, habelə tikintinin və həyətin planı əks olunmuşdur. Torpaq sahəsi üzrə eksplikasiya 469 kv.m, tikinti həcmi 1509 kv.m olmuşdur. İddiaçının həyat yoldaşı həyatda olduğu müddətdə obyekt ailəsinə hər ay 3 min manat gəlir vermişdir. Sonra həyat yoldaşı xəstələnmiş və xx.xx.2008-ci il tarixdə Obyekt plana düşərək sökülmüşdür. Həmin vaxtdan real dəyəri 300 min manat obyektə görə iddiaçılara 100 min manatdan az olmaqla pul ödədilər, sonra isə söz versələr də, heç nə etmədilər. Beləliklə, iddiaçılar hesab edirlər ki, yaranmış vəziyyətə cavabdeh təşkilat olaraq ailələrinə ödənməmiş qalan 200 min manat və 300 min manat əldən çıxan fayda Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən ödənməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibət (etirazı) təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək tikilinin 2009cu il tarixdə sökülərək yerində Qış parkı salındığını, söküntünü əvəzində onlara müəyyən qədər vəsait ödənildiyini, ödənişin tanımadığı şəxs tərəfindən edildiyini bildirmiş, ötən müddət ərzində hazırkı tələblə bağlı müraciət etmədiklərini qeyd etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Qeyd olunan Plenum qərarının 2.3-cü bəndində vurğulanır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İstinad olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Baxılan işin hallarından və iddiaçının izahatından müəyyən olunur ki, iddiaçıların hüquqi marağı onlara məxsus tikilinin 2009-cu ildə sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmişdir. Lakin iddiaçılar cavabdeh inzibati orqana qarşı təxminən 14 il sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmədə tələb irəli sürmüşlər. Məhkəmə hesab edir ki, iddiaçılar bununla da, mübahisələndirilən hərəkətlərin baş verdiyi dövrdə qüvvədə olan qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Hazırkı iddia ilə mübahisələndirilən məsələ hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki, yəni 01 yanvar 2011-ci ilə qədərki dövrə aiddir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci Fəslinin (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) müddəaları əsasında həll olunurdu. Adıçəkilən Məcəllədə də inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Belə ki, həmin Məcəllənin 298-ci maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 299.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə tərəfindən 1 ay müddətində şəxsin qərar və hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İcra hakimiyyəti orqanları və bələdiyyələrin cavabdeh olduğu işlərə baxılmasının bəzi məsələləri barədə” 18 iyul 2018-ci il tarixli, 2-411 nömrəli icmal məktubunda məhkəmələrə tövsiyə edilmişdir ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları və ya hərəkətləri ilə bağlı iddialara baxılarkən həmin aktların və hərəkətlərin mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Göründüyü kimi, söküntünün baş verdiyi dövrdə (2009-cu ildə) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi müvafiq icra hakimiyyəti və ya yerli özünüidarə orqanlarının hərəkətlərini mübahisələndirmək üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi. Hazırkı iş üzrə iddiaçılar onlara məxsus olmuş tikilinin sökülməsi barədə söküntünün aparıldığı vaxtdan, yəni 2009-cu ildən məlumatlı olduqlarını inkar etmirlər. Belə olan halda isə iddia müddəti ötürüldüyündən iddiaçıların hazırkı iddianı qaldırmaq imkanı istisna olunur. Digər tərəfdən iddiaçı tərəf söküntünün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mübahisə açan iddiaçılar həmin mübahisənin yarandığı dövrdə qüvvədə olan qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından həmin aktlarda qeyd edilmiş müddətlərdə istifadə etmədikləri halda, 1 yanvar 2011-ci il tarixədək inzibati orqan tərəfindən həyata keçirilmiş hərəkətin mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmək müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar hüquqlarını pozan həmin hərəkətləri artıq yeni qanuna istinadla mübahisələndirə bilməzlər. İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə də, uzun müddət mövcud olan mübahisəyə qarşı zamanında iddia qaldırılmaması həmin hüququn itirilməsinə, o da öz növbəsində iddianın mümkünsüz sayılmasına gətirib çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar