Məhkəmə qərarları › İş №2-1(112)-2995/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2995/2025

11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2995/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12nin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs “X11” Şirkəti) qarşı “arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12nin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubda göstərmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontarkt ərazidə, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Bundan başqa, təqdim edilmiş texniki pasportda göstərilən istinadlar (qonşuluqlar və yollar) faktiki sahəsinin istinadlarından fərqlidir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-3066/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış və “X11” şirkətinin istifadəsinə verilmiş ləğv edilmiş neft quyularının mühafizə zonası daxilində yerləşir. Qeyd olunanlara əsasən istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması yolverilməzdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 111 ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların miras qoyan X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 111 ünvanında yerləşən 98 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun miras qoyan X6 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə “X11” Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, X7 06 aprel 2000-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra Bakı şəhəri 26 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında 062 nömrəli şəhadətnaməyə əsasən iddiaçı Zəkəriyə Xairovun vərəsəsi müəyyən edilmişdir. 1964-cü ilin mart ayında X4 adına verilmiş texniki pasporta əsasən Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 111 ünvanda yerləşən 98 nömrəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi ona məxsus olmuşdur. Lakin X7 fərdi yaşayış evinə və torpaq sahəsinə əldə etdiyi mülkiyyət hüququna dair çıxarış almadan ölmüşdür Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********88 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontarkt ərazidə, ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşir. Bundan başqa, təqdim edilmiş texniki pasportda göstərilən istinadlar (qonşuluqlar və yollar) faktiki sahəsinin istinadlarından fərqlidir. Yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya cavab olaraq 14-2/2-3066/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, həmin torpaq sahəsi neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış və “X11” şirkətinin istifadəsinə verilmiş ləğv edilmiş neft quyularının mühafizə zonası daxilində yerləşir. Qeyd olunanlara əsasən istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən: -Mart 1964-cü il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən 490 kv.metr sahəsində yerləşən 40.9 kv.metr sahəsi olan fərdi yaşayış evi X5 məxsusdur. -Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynovun xx.xx.2022-ci il tarixli X-34 saylı məktubundan görünür ki, X7-in xx.xx.2000-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsələri, vərəsəlik işinin açılması üçün Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş və mərhumun vərəsəsi İddiaçı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 490.2 kv.m, otaqların sayı 1, fərdi yaşayış evinin sahəsi 40.9 kvm, faktiki torpaq sahəsinin ölçüsü 496.6 kv.m, otaqların sayı 3, ümumi sahəsi 64.1 kv.metrdir. Torpaq sahəsi mişar daşı ilə hasara alınmışdır. Yaşayış sahəsi 23.2 kv.metr artırılmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinin 3- 21-3-30/2-50526/2024 nömrəli, 13 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadatsr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Binəqədi Oyl ƏŞ). Sahədən 38, 49 metr və 32 metr məsafələrdə ləğv olunmuş neft quyularının baza məlumatı var. -SOCAR-ın 14-2/2-1799/2025 nömrəli, 24 Aprel 2025-ci il tarixli məktubundan görünür ki, həmin koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X11” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmin koordinatlarda yerləşən torpaq sahəsi 236005, 236006 və 230835, 236047 saylı ləğv olunmuş neft-qaz quyularının müvafiq olaraq 33, 38, 49 və 58 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 1 saylı Bakı Ərazi İdarəsinin 3- 21-3-30/2-34752/2025 nömrəli, 6 avqust 2025-ci il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisi tərəfindən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 496.9 kv.m təşkil edir. Sahə üzərində fərdi yaşayış evi inşa olunmuşdur (tikintialtı sahəsi 82.0 kv.m) Vahid elektron kadatsr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisidir (Binəqədi Oyl ƏŞ). Sahədən təqribən 30 metr məsafədə ləğv olunmuş neft quyusu baza məlumatı mövcuddur. İddiaçı hazırda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta istinad edərək, 98 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüququnun mərhum Z.Xairova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. İşdən görünür ki, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair yuxarıda qeyd edilən hüquqmüəyyənedici sənədi, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən mart 1964-cü ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 2-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir Göründüyü kimi, qanunverici Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə siyahısı müəyyən edilmiş sənədləri daşınmaz əmlaka hüququn qeydə alıbması üçün o zaman hüquqmüəyyənedici sənəd qismində qəbul edir ki, əmlaka həmin hüquq yaranarkən, yəni dövlət qeydiyyatına alınarkən daşınmaz əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməsin. Hazırkı işin məhkəmə tərəfindən araşdırılan hallarından isə müəyyən edilir ki, mübahisəli daşınmaz əmlak SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən "X11” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir və hazırda 236005, 236006 və 230835, 236047 saylı ləğv olunmuş neft-qaz quyularının müvafiq olaraq 33, 38, 49 və 58 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göstərilənlərdən müəyyən olunur ki, iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə müəyyən edilən bütün hallar hazırkı iş üzrə mövcud deyil. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar