Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2996/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı kompensasiya tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xarici valyutada olan əsas kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən edilmiş qaydada qiymətləndirilməklə cavabdeh tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə ödədiyi artıq məbləğin kompensasiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdə ‘‘Bank Respublika” ASC ilə 15007-2245/487413 saylı kredit xətti müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən, iddiaçıya beynəlxalq ödəniş sisteminin kredit kartlarından istifadə etməklə 12 (on iki) ay müddətinə illik 9,69 (doqquz tam yüzdə altmış doqquz) faiz dərəcəsi ilə 1650 (bir min altı yüz əlli) ABŞ dolları məbləğində istehlak krediti xətti açılmışdır. Qeyd edilmiş kredit müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş və iddiaçının bank qarşısında icra edilməmiş heç bir öhdəliyi qalmamışdır. İddiaçı bildirir ki, devalvasiyanın baş verdiyi tarixlərdən sonra, 25.04. 2016-ci il tarixdə müqaviləyə əsasən 700 ABŞ dolları məbləğində əsas kredit borcu və faiz dərəcələri üzrə ödəniş etmişdir. İddiaçı "xxxx" ASC ilə bağlanmış kredit xətti müqaviləsinin 2015-ci ilin fevral 6-da bağlandığını və 10000 ABŞ dollarınadək xarici valyutada kredit götürdüyünü nəzərə alaraq, müvafiq kompensasiyanın ödənilməsi üçün 2019-cu ilin 17, 19, 23, 25 aprel tarixlərində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına elektron müraciət etmişdir. Lakin 28 sentyabr 2019-cu il tarixdə Palatanın Apellyasiya Komissiyası tərəfindən ərizəyə cavab olaraq bildirilmişdir ki, bank tərəfindən kredit tarixçəsi barədə uçot düzgün aparılmamış və Mərkəzi Kredit Reyestrinə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin nömrəli, xx.xx.2019-cu il tarixli Fərmanı qüvvəyə mindiyi xx.xx.2019-cu il tarixədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar olaraq sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim edilmiş müqavilələrin həqiqiliyinə məhkəmə icraatı nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim edilmiş ərizədə göstərilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair qeydlər daxil edilmədiyindən, habelə həmin bank tərəfindən bu müqavilə barəsində ləğv olunmuş Maliyyə Bazarlarında Nəzarət Palatasına vaxtında hər hansı məlumatlar təqdim olunmadığından vətəndaşın adı Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bununla belə məhkəmə sərənamının icrası məqsədilə Mərkəzi Bank tərəfindən sözügedən müqavilə ilə bağlı "xxxx" ASC-yə müvafiq sorğu edilmişdir. Sorğu ilə bağlı təqdim edilmiş sənədlərdən isə aydın olmuşdur ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit xətti müqaviləsinə əsasən sonuncuya 1.650 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçı tərəfindən həmin kredit məhsulundan istifadə edilmiş və onun həm xx.xx.2015-ci il tarixində, həm də xx.xx.2015-ci il tarixində devalvasiyaların baş verdiyi günlərə 1.641,97 ABŞ dolları məbləğində əsas kredit borcu yaranmışdır. Borclu sözügedən kredit borcunu xx.xx.2016-cı il tarixdə tam şəkildə icra etmişdir. Sonda Fərmanın 1.3-cü bəndi nəzərə alınmaqla, vətəndaş İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə cəmi 1.395,67 manat kompensasiyanın hesablanmasına etiraz etmədiklərini bildirdi. (Ərizənin 5-ci abzasında "xxxx" ASC ifadəsi səhvən "xxxx" ASC kimi göstərildiyindən cavabdehin nümayəndəsi həmin texniki səhvin nəzərə alınmasını və "xxxx" ASC sözlərinin "xxxx" ASC kimi oxunmasını xahiş etdi. Məhkəmə ərizənin 5-ci abzasında "xxxx" ASC ifadəsinin "xxxx" ASC kimi oxunmasını qəbul etdi). Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə cəmi 1.395,67 manat kompensasiyanın hesablanmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE 06221581 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci ildə Ağdam rayonunun Dadaşlı kəndində doğulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş 684 saylı, xx.xx.2019-cu il tarixli arayışın surətindən müəyyən edilir ki, İddiaçı ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında bağlanmış 06 fevral 2015-ci il tarixli 15007-2245/487413 saylı kredit xətti müqaviləsinə əsasən 1650 (bir min altı yüz əlli) ABŞ məbləğində kredit xətti açılmışdır. 11 noyabr 2019-cu il tarixində kredit xətti üzrə borc İddiaçı tərəfindən tam ödənilmişdir və onun kredit xəttinə xitam verilmiş, "xxxx" ASC-nin Nəsimi filialı qarşısında heç bir öhdəliyi yoxdur. İddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə kompensasiyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasına çoxsaylı müraciətlərin edilməsinə baxmayaraq kompensasiyanın hesablanması ilə bağlı məsələnin müsbət həlli mümkün olmamış, yuxarıda göstərilmiş əsaslara görə ona imtina edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-dən xx.xx.2015-ci il tarixdə 1650 (bir min altı yüz əlli) ABŞ dolları məbləğində kredit götürmüş və həmin kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmişdir. İddiaçının həmin müqavilə üzrə öhdəlikləri yuxarıda qeyd olunan Fərmanın tətbiq dairəsinə düşür və ona 1.395,67 manat kompensasiya ödənilməlidir. Cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin edilməsinə etirazının olmamasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə ödədiyi artıq məbləğin kompensasiyasının hesablanması öhdəliyi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2015-ci il tarixdə "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə ödədiyi artıq məbləğin kompensasiyasının (1.395,67 manat məbləğində) hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-2996/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2996/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver