Məhkəmə qərarları › İş №2-1(112)-2996/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2996/2024

19.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2996/2024 19.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçılar İddiaçı1 Mirzəli oğlunun, İddiaçı3 Mirzəli qızının, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə3, üçüncü şəxsin nümayəndəsi (vəkili) Nümayəndə1 iştirakları ilə, iddiaçılar İddiaçı1 Mirzəli oğlunun, X6 və İddiaçı3 Mirzəli qızının cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3-cü şəxs: "xxxx" VQM MMC) “kompensasiyanın ödənilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Mirzəli oğlu, X15 və İddiaçı3 Mirzəli qızı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı ünvan 1 ünvanında yerləşən 30 saylı mənzilin sökülməsi ilə əlaqədar onlara kompensasiya olaraq yeni inşa edilən binada eyni sahəyə malik mənzil verilməsi və yaxud bazar qiymətlərinə uyğun pul kompensasiyasının ödənilməsi tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 90 №-li xx.xx.1993-cü il tarixli sərəncamına əsasən X16 5 nəfər ailə tərkibi üzrə (özü, həyat yoldaşı - X22 və 3 uşağı-Aslanova Nahidə, İddiaçı1 və Aslanova Nailə) Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq (indiki S.Bəhlulzadə küçəsi) küçəsində yerləşən 23 saylı, 4 otaqlı, 30 saylı mənzilinə order verilmiş, sonradan yuxarıda adı qeyd edilən ünvan Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilərək Binəqədi rayonu ərazisinə daxil edilmiş və S.Bəhlulzadə küçəsi 23 saylı yaşayış binası adlandırılmağa başlandırılmışdır. Həmin sərəncam əsasında iddiaçılar qeyd edilən ünvana istifadə hüququ əldə etsələrdə, onların həmin hüquqları məhdudlaşdırılmışdır. Belə ki, məlum hadisələrlə əlaqədar onlara ayrılmış mənzil məncubri köçkünlər tərəfindən zəbt olunmuş və onlar həmin mənzildə yaşamaqdan məhrum olmuşdurlar. Buna əsas Azərbaycan Respublikası Prezidentinin o dövrə xass sərəncamı olmuşdur ki, həmin sərəncamdan irəli gələn hərəkətləri yerli İcra Hakimiyyəti icra edə bilməmiş və bunun nəticəsində onlar evsiz yaşamağa məcbur olmuşdurlar. Qeyd edilməlidir ki, onlara ayrılmış mənzil yataqxanada deyil, yaşayış binasıdır. 1994-cü ildən hazırki vaxtadək onlar məcburi köçkünlərin həmin mənzildən çıxarılmasını gözləmişdirlər ki, onlar həmin mənzilə köçsünlər. Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yaşayış binası 17 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 17 avqust 2018-ci il tarixli texniki vəziyyət haqqında aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xəttlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və giriş-çıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən həmin binada məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailələri 17 avqust 2018-ci il tarixdə Qaçqınların və X36 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “QobuPark”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yaşayış binasında məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018 — 2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yaşayış evi istismara tam yararsız olduğundan sökülmüşdür. Belə ki, bundan əvvəl Bakı ŞİH-in vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə ünvanlanmış 7/1417 saylı 26 aprel 2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 sayda qəzalı yataqxana binalarından ilkin olaraq 17 yataqxana tipli binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırıq verilmişdir. Bunlardan ünvan 5 ünvanlarda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və hər bir 30 kv.m qədər olan mənzillərə 30.000 manat, 30 kv.m. cox olan mənzillərə hər kv.m. 1.000 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən hallardan biri kimi ifadə olunan FHN-nin və İcra Hakimiyyətinin birgə komisiyyası anlayışı müvafiq qanuna zidddir. Belə ki, İcra hakimiyyəti öz səlahiyyətlərindən kənar FH Komisiyyasını əraziyə daxil etmiş, həmin ərazini yararsız elan olunmasına şərait yaratmış (hansı ki bu halı FHN-i və Əmlak Komitəsi eləcədə orderi olan vətəndaşların razılığı əsasında birgə şəkildə həyata keçirə bilər), tez bir zamanda mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozaraq çoxmənzilli binanı sökmüşlər. Bunun üçün ayrılıqda yaranmış vəziyyət müzakirə olunmadan öz ixtiyari işlərini həyata keçirmişlər. Göründüyü kimi iddiaçılara ayrılmış mənzildən məcburi köçkünlər köçürüldükdən sonra yaşayış binası qəzalı elan edilmiş və onlara məlumat verilmədən, kompensasiya ödənilmədən sökülmüşdür. Dəfələrlə rayon icra hakimiyyətinə və digər instansiyalara müraciət edərək pozulmuş hesab olunan mülkiyyət hüquqlarının bərpa edilməsi, sökülmüş mənzilin əvəzinə onlara başqa eyni sahədə və həmin ərazidə yeni mənzil verilməsini tələb etsələr də, onlara rədd cavabı verilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatın0a daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə AR Maliyyə Nazirliyi və "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 Mirzəli oğlu, İddiaçı3 Mirzəli qızı və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə3 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdilər və tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçıların prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüquqlarının olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddianın mahiyyəti üzrə isə məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, X24 ilə X8 nikahı haqqında 21 oktyabr 1982-ci il tarixdən 740 №-li akt qeydi tərtib olunmuşdur. -2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X25 26 mart 2016-cı ildə ölmüşdür. -2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X24 23 iyul 2022-ci ildə ölmüşdür. -2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlardan görünür ki, X11, X15 və İddiaçı1 valideynləri X26 və X17r. -Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 90 nömrəli Sərəncamı ilə 44 №-li Tikinti İdarəsinin müdriyyətinin və həmkralar Komitəsinin xx.xx.1993-cü il tarixli 4 №-li birgə qərarı təsdiq edilmiş, 19-cu dağlıq küçəsində yerləşən 23 №-li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X18 verilmişdir. X1, X8, X4, İddiaçı1 Mirzəli oğlunun, X6 adlarının yazılması nəzərdə tutulmuşdur. -011789 №-li orderin surətindən görünür ki, 19-cu dağlıq küçəsində yerləşən 23 №li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X18 verilmişdir. X1, X8, X4, İddiaçı1 Mirzəli oğlunun, X6 adları qeyd olunmuşdur. -2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş məlumatlara əsasən X12 ailə tərkibi: İddiaçı3, İddiaçı1 və İddiaçı2dır. -ASAN-Gəncə tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 389 №-li, xx.xx.2024-cü il tarixli arayışıdnda qeyd olunmuşdur ki, ünvan 6 ünvanında yaşamış xx.xx.1949-cu il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X12 vərəsələri oğlu İddiaçı1 və qızları – İddiaçı3 oğlu, İddiaçı2 mirasın qəbulu barədə ərizə ilə müraciət etmişdir. -Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 17 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur:

1. 02 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X9 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

2. 02 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X13 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

3. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X27 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

4. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X29 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

5. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X2 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

6. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X3 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

7. 13 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X30 və ailə üzvlərinə ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

8. 13 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən Məmişov Təmiraz Usub oğluna ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

9. 19 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X19 və ailə üzvlərinə ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

10. 23 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X14 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

11. 26 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X5 və ailə üzvlərinə ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.

12. 03 aprel 2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X20 və X7 ünvan 7 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər. -"xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsindəki (indiki Səttar Bəhlulzadə küçəsində) yaşayış binalarında mənzilin 1kv.m orta real bazar dəyəri 10 sentyabr 2024-cü il tarixinə 1400 manat – 1600 manat arası təşkil edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İstinad olunan Məcəllənin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri sayılır. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Nəzərə alınmalıdır ki, AR İPM-nin 14-cü maddəsinə uyğun olaraq kompensasiya növündə hazırkı iddianın təminini konkret istisna edən halların müəyyən edilməsi cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh isə həmin halları sübut edə bilməmişdir. Belə ki, iş materiallarından da görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 90 nömrəli Sərəncamı ilə 44 №-li Tikinti İdarəsinin müdriyyətinin və həmkralar Komitəsinin xx.xx.1993-cü il tarixli 4 №-li birgə qərarı təsdiq edilmiş, 19-cu dağlıq küçəsində yerləşən 23 №-li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X18 verilmişdir. Mənzilin ayrılması barədə X1 adı ilə yanaşı həmçinin, X8, X4, İddiaçı1 Mirzəli oğlunun, X6 adları qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, X24 vəfat etdiyindən, onun övladları İddiaçı1, İddiaçı3 və İddiaçı2 vərəsələr qismində çıxış edərək cavabdeh tərəfindən aparılmış söküntü nəticəsində gözlənilən hüquqlarından məhrum olmuşdurlar ki, həmin əmlakdan məhrum olmuşdursa və məhrumiyyət publik sferada hərəkət edən inzibati orqanın hərəkətləri ilə bağlı olmuşdursa buna uyğun ödənişlər də həyata keçirilməlidir. Əks halda konstitision hüquq kimi mülkiyyət hüququnun pozuntusu öz təsdiqini tapar. Bu zaman nəzərə alınmalıdır ki, mənzilin ayrılması ilə bağlı sərəncam order ləğv edilməmiş, qüvvədə olmuşdur. Orderdən də göründüyü kimi əmlakın ölçüsü məhz 71,6 kv.m olmuşdur ki, ödəniş də məhz həmin kv.m nəzərə alınmaqla həyata keçirilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət ehtiyacları üçün geri alınması ilə əlaqədar olaraq alınmanın təsirinə məruz qalan şəxslərə uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir. Kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün isə şəxslərin alınma nəticəsində məruz qaldıqları itki və məhrumiyyətlərin real vəziyyətinin nədən ibarət olduğu aydınlaşdırılmalıdır. Geri alınma bir qayda olaraq şəxsə məxsus olan daşınmaz əmlakın tamamının və ya onun bir hissəsinin faktiki olaraq itirilməsi ilə nəticələnir. Bununla yanaşı, faktiki olaraq daşınmaz əmlakın itirilməsi ilə nəticələnməsə də, onun dəyərinin və ya faydalılığının azalmasına gətirib çıxaran hərəkətlər də dövlət ehtiyacları üçün geri alınma proseduru çərçivəsində qiymətləndirilməklə müvafiq kompensasiya ödənilməsinə əsas verə bilər. Bu mənada, hazırkı mübahisə üzrə aydınlaşdırılmalı məsələ sökülmə nəticəsində iddiaçıların gözlənilən mülkiyyət hüquqları olmuş mənzilin tamamilə itirilmiş olması və tələb edilən kompensasiya məbləğinin məhz bu itkinin əvəzi olub-olmaması araşdırılmalıdır. İddiaçılara məxsus əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də onlara ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və iş üzrə ekspertiza təyin edilmişdir. Doğrudur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bu imtina binanın sökülməsi və yerində yeni yaşayış binasının tikildiyi ilə əsaslandırılmışdır. İddiaçılar isə kompensasiya məbləğinin məhz "xxxx" MMC tərəfindən verilmiş arayış əsasında müəyyən edilməsini tələb edirlər. Buna uyğun olaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayış hazırki mərhələdə iddiaçılara ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsində obyektiv dəlil qismində qiymətləndirilmir. Belə ki, binanın söküntüsü ilə əlaqədar olaraq, binanın sakinlərinə ödəniləcək kompensasiya məbləği hər 1 kv.m görə 460 manat hesablanmaqla müəyyən edilmişdir. Bu zaman məhkəmələr qərarların qəbul edilməsi prosesində ekspert rəylərini nəzərə almışdırlar. Belə ki, oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 185-Ə saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi 23 saytlı yataqxana binasını Binəqədi RİH-in və Fövqəladə Hallar Nazirliyinin 17 avqust 2018-ci il tarixli aktına əsasən istismar üçün yararsız olmasını, binanın yataqxana tipli olmasını, yaşayış və köməkçi sahələrin özəlləşdirilmədiyini, dövlət mülkiyyətində olmasını, yəni mənzil bazarında tam mənada müvafiq bazar dəyərinə malik olmadığını nəzərə aldıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi 23 saylı yataqxana binasında yerləşmiş əsas yaşayış sahələrinin 2022-ci ildə bir kv.m üçün orta bazar dəyəri – 460 manat, köməkçi sahələrin hər kv.m üçün 2022-ci ildə orta bazar dəyəri – 430 manat. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1496/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli ekspert rəyinə istinad olunmuşdur ki, həmin rəyə əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460 manat məbləğində müəyyən edilmişdir ki, bunun əsasında da sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləği hər 1 kv.m üçün 460 manat olmaqla müəyyən edilmişdir. Göründüyü kimi bu yanaşma eyni binanın bütün sakinlərinə tətbiq edilərək vahid məhkəmə təcrübəsi kimi formalaşmışdır. Belə olan halda, hazırkı iddiaçıların analoji hüquqi vəziyyətdə olan digər şəxslərlə müqayisədə fərqli kompensasiya məbləği ilə təmin edilməsi, onların bərabər hüquqluluq prinsipinin pozulması ilə nəticələnə bilər. Bu isə mülkiyyət hüququ və bərabərlik prinsiplərinə uyğun gəlməyərək hüquqi qeyri-müəyyənlik və haqsızlıq yarada bilər. Buna əsasən, iddiaçıların da həmin vahid məbləğ üzrə kompensasiya ilə təmin olunması ədalət prinsipinin tələblərinə cavab verir. Məhkəmə, orderə əsasən mənzilin ümumi ölçüsünün 71,6 kv.m olmasını nəzərə alaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla iddiaçılara kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçıların ikinci tələbləri ilə bağlı qeyd edir ki, iddiaçılar ilkin tələb kimi sökülmüş mənzilin əvəzinə yeni mənzillə təmin edilmələrini göstərsələr də, bu tələb alternativ xarakterli əlavə tələb kimi qiymətləndirilməlidir. İddiaçılar əsas olaraq real bazar dəyərinə uyğun kompensasiya tələb etmiş və həmin hissədə iddiaları təmin edilmişdir. Eyni zamanda, hüquqi normalarının tətbiqi baxımından qeyd edilməlidir ki, alternativ tələblərin irəli sürülməsi iddiaçıların seçim hüququna xidmət edir, lakin alternativ tələblərdən birinin təmin edilməsi digərinin təmin edilməsini istisna edir. Bu kontekstdə, iddiaçıların real bazar dəyərinə uyğun kompensasiya alınması məqsədinə nail olmaları digər alternativ tələbin – yeni mənzillə təmin edilmə tələbinin hüquqi əsasını aradan qaldırır. Buna görə də, iddianın həmin hissəsi təmin edilmir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1 Mirzəli oğluna, X10 və İddiaçı3 Mirzəli qızına ünvan 1 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar