Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2998/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qarabağ müharibəsi iştirakçısı” vəsiqəsinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1978-ci ildən daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləməklə 2012-ci lldə polkovnik leytenant rütbəsi ilə təqaüdə çıxmışdır. 1991-ci ilin yanvar ayında Xətai rayon Polis İdarəsinin azyaşlılar üzrə sahə inspektoru vəzifəsində çalışarkən Daxili işlər Nazirliyinin İstintaq İdarəsinin əmri ilə Füzuli rayon X2 bölməsinə ezam olunmuşdur. İxtisasca müstəntiqdir. Qeyd etdiyi rayonun istintaq bölməsində işlərin çox olması nəzərə alınmaqla İstintaq İdarəsi tərəfındən ezam olunmuşdur. 1991-ci ilin fevral ayından 1992-ci ilin fevral ayına kimi Füzuli rayon Polis Şöbəsində müstəntiq əvəzi kimi fəaliyyət göstəmişdir. Bu müddət ərzində şöbənin müstəntiqləri və digər əməkdaşları kimi döyüş əməliyyatlarda iştirak etmək üçün xidmətə cəlb olunmuşdur. Füzuli rayonu ilə həmsərhəd olan ermənilərin yaşadığı Hadrut rayonun Tuğ kəndi ilə həmsərhəd olan postlarda dayanmaqla döyüşlərdə iştirak etmişdir. 1991- 1992-ci illərdə Qarabağ bölgəsinin Füzuli rayonunda gedən döyüşlərdə iştirak etdiyi üçün veteran vəsiqəsini almaq məqsədilə işlədiyi Xətai rayon Polis idarəsinə ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, guya adına olan ezamiyyət vəsiqələrinin sürəti kadrlar şöbəsində qalmamışdır. Odur ki, o, məcbur olaraq Daxili işlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. Daxili İşlər Nazirliyinin X5 İdarəsinin 09.05.2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, guya arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə konkret məlumat olmadığından müharibə veteranı adı və vəsiqənin verilməsi münkün hesab edilməmişdir. DİN-nin cavab məktubunda arxiv sənədlərində döyüş əməlliyatlarında iştirakı barədə məlumat olmadığını qeyd etdiyi üçün o arxiv idarəsinə müraciət etmişdir. Arxiv idarəsində araşdırılma aparılarkən məlum olmuşdur ki, ezam olduğu Xətai rayon Polis İdarəsi 1990- 1991-ci illərdə sənədləri ümumiyyətlə arxiv idarəsinə verməmişdir. Bu səbəbdən də onunla əlaqədar verilən əmr və ezam vərəqələri arxiv idarəsində aşkar edilməmişdir. Erməni qəsbkarlara qarşı Füzuli rayonunda gedən döyüşlərdə iştirakını iş yoldaşları təstiq edə bilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o məhkəmə iclaslarına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. İddiaçı Yadulla oğlunun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi aparılmış araşdırma zamanı təsdiqini tapmadığından komissiya tərəfindən ona «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X5 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 024-20340Q-3219 №-li, 09.05.2019-cu il tarixli məktubdan görünür ki, arxiv sənədlərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakları barədə konkret məlumat olmadığından ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə əsasən mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X5 İdarəsinin 024-4452-1220 №li, 17.12.2020-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş İddiaçı arxiv şəxsi işinin surətindən görünür ki, İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X5 İdarəsi təərfindən məhkəməyə ünvanlanmış 17.12.2020-ci il tarixli, 024-4461-1220 nömrəli məktubdan görünür ki, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 16.12.2020-cu il tarixli, 012-25589-1220 nömrəli məktubda İddiaçı arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun DİN-in 23.12.1988-ci il tarixli, 546 nömrəli əmrilə keçmiş SSRİ Prokurorluğunun briqadasına müstəntiq vəzifəsinin icrası ilə bağlı 3 ay müddətinə Gəncə (keçmiş Kirovabad) şəhərinə ezam olunduğu göstərilsə də, lakin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparımış döyüş əməliyyatlarında iştirakı barədə heç bir qeydiyyat aşkar edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının təmin edilməsi məqsədəuyğun deyildir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X5 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 024-78-1221 №-li, 12.01.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakının müəyyən edilməsi məqsədilə Daxili jşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu verilmişdir. Həmin Baş İdarənin 02.05.2019-cu il tarixli, 012-12630-1219 nömrəli məktubunda İddiaçı 22.06.1978-ci ildən 21.09.2012-ci ilədək daxili işlər orqanlarında xidmət etdiyi müəyyən olunsa da, arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında ıştirakı barədə məlumat aşkar edilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən müharibə veteranı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin bəndin Qeyd hissəsinə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd olunan Əsasnamədə göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı faktı müəyyən edilmədiyindən ona müharibə veteranın adının və vəsiqəsinin verilməsindən imtuna edilməsi barədə cavabdeh inzibati orqanın qərarı qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-2998/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2998/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver