Məhkəmə qərarları › İş №2-1(112)-2999/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-2999/2023

07.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-2999/2023 07.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olmuş 52 nömrəli qaraja görə 15 000 manat və 92 nömrəli qaraja görə 15 000 manat, ümumilikdə 30 000 manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinin və Cavabdeh2 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiləşdirilməsinə dair ərizə təqdim edərək İddiaçı məxsus olmuş 52 nömrəli qaraja görə 15000 manat və 92/13 №li qaraja görə 15000 manat, ümumilikdə 30000 manat kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmiş və Bakı şəhəri Cavabdeh2 iş üzrə icraatda cavabdeh kimi prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 Bakı Komissarı adına rayon X3 İcraiyyə Komitəsinin 22 may 1987-ci il tarixli 99/9080 saylı qərarı ilə iddiaçıya “Kaspiyets-İİ” Kooperativində maşın yeri (boks) almaq icazəsi verilmişdir. Həmin icazə əsasında iddiaçı tərəfindən 52 və 92 nömrəli maşın yeri (boks) alınmışdır. Bundan sonra, həmin yerdə iddiaçı tərəfindən 2 ədəd qaraj tikilmiş və 2008-ci ilədək cavabdehlər tərəfindən sökülənə kimi qaraj kimi istifadə etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2504 nömrəli sərəncamının icrası ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısı xx.xx.2008-ci il tarixli 580 nömrəli sərəncam vermişdir. Bu sərəncamla, ərazidə olan qarajların və digər tikililərin sökülməsi Cavabdeh2nə həvalə edilmişdir. Lakin həmin qarajlar sökülən zaman iddiaçıya kompensasiya ödənilməmişdir. İddiaçı qeyd edir ki, o vaxt onun mülkiyyətində olmuş qarajın qiyməti 15 000 manat təşkil etmişdir. Bununla əlaqədar olaraq 18 iyun 2022-ci il tarixində ərizə ilə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Cavabdeh2nə müraciət etmişdir. Hər iki müraciətində, ona məxsus olmuş 52 nömrəli qaraja görə 15 000 manat və 92 nömrəli qaraja görə 15 000 manat, ümumilikdə 30 000 manat kompensasiyanın ödənilməsi istənilmişdir. Cavabdeh2 başçısı Aparatının 01 avqust 2022ci il tarixli, 10-B-45-149 nömrəli cavab məktubunda məsələnin araşdırılması məqsədilə aidiyyatı üzrə müvafiq tapşırıqlar verildiyi, qaldırılan məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının 04 avqust 2022-ci il tarixli, B-170-150 nömrəli cavab məktubunda iddiaçının müraciətinin araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh2nə göndərildiyi qeyd edilmişdir. Cavabdeh2 Başçısı Aparatının 30 avqust 2022-ci il tarixli, 10-B-45/2-149/2-t/l nömrəli cavab məktubunda kompensasiya ödənilməsinə köməklik göstərilməsi barədə Cavabdeh2nə ünvanlanmış B-170-150 saylı, xx.xx.2022-ci il tarixli müraciətə baxıldığı, qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyatı üzrə müvafiq tapşırıqların verildiyi, qaldırılan məsələ ilə əlaqədar rayon İcra Hakimiyyətinin arxivində hər-hansı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. İddiaçı göndərilən cavab məktublarını faktiki olaraq imtina kimi qəbul edir, hesab edir ki əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, iddia cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olduğundan işə inzibati məhkəmə icraatı qaydasında baxılmaldır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli oxşarməzmunlu məktublardan görünür ki, iddiaçının ona məxsus qarajların sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsinə dair müraciətinə cavabdeh tərəfindən baxılaraq müraciətin araşdırılıb müvafiq tədbirlərin görülməsi üçün Cavabdeh2nə göndərildiyi bildirilmişdir. -26 Bakı Komissarı adına rayon X3 İcraiyyə Komitəsinin 22 may 1987-ci il tarixli 99/9080 saylı qərarından görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/197 nömrəli, xx.xx.1987-ci il tarixli tarixli qərarı əsasında Səbail rayonunun Ş.Mehdiyev küçəsində X1 zabitlərinə məxsus avtomobillər üçün “Kaspiyets-İİ” Kooperativi təşkil edilmiş və Kooperativin üzvlərinin siyahısı və nizamnaməsi təsdiq olunmuşdur. -Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilən Dövlət Reyestrindən 15 yanvar 2014-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı Ağababa oğlu “Kaspiets-2” Qaraj Kooperativinin 2 paydan ibarət payçısıdır. -“Kaspiyets-2” qaraj kooperativi üzvlərinin iclasının xx.xx.2005-ci il tarixli, 5 nömrəli protokolunun çıxarışından görünür ki, kooperativin üzvü olan N.Q.Verdiyeva yaşayış yerini dəyişməsi ilə əlaqədar kooperativ üzvlüyündən çıxarılmış və İddiaçı kooperativin üzvlüyünə qəbul edilməklə ona 52 nömrəli qaraj sahəsi ayrılmışdır. -“Kaspiyets-2” Kooperativi tərəfindən verilən “kooperativ payçılarının avtomobilləri üçün kollektiv qarajların tikintisi və istismarı”na dair K-2 seriyalı 52 №li arayış-orderdən görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı üzvlərin yığıncağının 5 nömrəli, xx.xx.2005ci il tarixli qərarına uyğun olaraq ona 52 №li qaraj ayrılmışdır. -“Kaspiyets-2” Kooperativinin üzvlərinin xx.xx.2008-ci il tarixli dəqiqləşdirilmiş siyahısından görünür ki, İddiaçı kooperativin üzvlərindən biri kimi qeyd edilmişdir. -“Kaspiets-2” Kooperativi tərəfindən xx.xx.2008-ci il tarixdə İddiaçı məxsus 52 və 92 nömrəli qarajların planı təsdiq edilmişdir. -“Kspiyets-2” Kooperativi tərəfindən xx.xx.2008-ci il tarixdə təsdiq edilmiş qarajların ümumi plan-sxemində 52 və 92 nömrəli qarajların mövcud olduğu görünür. -“Kaspiyets-2” qaraj kooperativi üzvlərinin iclasının xx.xx.2005-ci il tarixli, 6 nömrəli protokolunun çıxarışından görünür ki, kooperativin üzvü olan A.Q.Nağıyeva yaşayış yerini dəyişməsi ilə əlaqədar kooperativ üzvlüyündən çıxarılmış və İddiaçı kooperativin üzvlüyünə qəbul edilməklə ona 92/13 nömrəli qaraj sahəsi ayrılmışdır. -“Kaspiyets-2” Kooperativi tərəfindən verilən “kooperativ payçılarının avtomobilləri üçün kollektiv qarajların tikintisi və istismarı”na dair K-2 seriyalı 92/13 №li arayış-orderdən görünür ki, ünvan 3 ünvanda yaşayan İddiaçı üzvlərin yığıncağının 6 nömrəli, xx.xx.2005ci il tarixli qərarına uyğun olaraq ona 92/13 №li qaraj ayrılmışdır. -Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2008-ci il tarixli 580 №li Sərəncamından görünür ki, sərəncam Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli, 2504 saylı Sərəncamının icrası barədə verilmişdir. Həmin sərəncamla ərazidə olan qarajlar və digər obyektlərlə bağlı Bakı şəhər İcra Hakimiyyəti və rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamların ləğv edilmiş, ərazidə olan qarajların və digər qanunsuz tikililərin sökülməsi Cavabdeh2nə həvalə edilmişdir. -İddiaçı məxsus 52 və 92 №li qarajların (boks) bazar dəyərinin müəyyən edilməsi barədə rəyin verilməsinə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 01/23-132-1 və 01/23-132-1 nömrəli mütəxəssis rəylərindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, iddiaçı məxsus olan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 28.8 kv.metr olan 52 saylı qeyri yaşayış binasının 2023-cü il tarixə olan bazar dəyərinin 50 000 (əlli min), ümumi sahəsi 20.4 kv.metr olan 92 saylı qeyri yaşayış binasının 2023-cü il tarixə olan bazar dəyəri 48 000 (qırx səkkiz min) manat təşkil edir. Ekspertizanın aparılması üçün hər rəy üzrə 300 (üç yüz) manat xidmət haqqı təyin edilmişdir. Xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. İşin faktiki hallarına əsasən yuxarıda sadalanan sənədlərə əsasən iddiaçıya məxsus qarajlar sökülmüş və həmin qarajlara görə kompensasiya məbləği ödənilməmişdir. İddiaçı sözügedən qarajların sökülməsi nəticəsində ona kompensasiyanın ödənilməsini xahiş etsə də, sonuncu tərəfindən müxtəlif səbəblərlə imtina edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” Qanunun 21-ci maddəsinin 3cü bəndinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar göstərilmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüququ münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatı həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yeni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Beləliklə, məhkəmə hesab edir ki, qaraj sahələri iddiaçının qanuni istifadəsində olmuşdur. Ona görə də, iddiaçının mübahisəli 52 və 92/13 saylı qarajlar üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması onun cavabdehə qarşı hazırkı məzmunda tələb irəli sürmək hüququnu aradan qaldırmır. İşin halları ilə müəyyən edilir ki, iddiaçıya məxsus qarajların sökülməsinə görə cavabdeh tərəfindən ona heç bir kompensiya ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddiaçıya məxsus olmuş qarajların "xxxx" MMC-nin qiymətləndirmə hesabatındakı bazar qiymətini real saymır və analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş 2(102)-2620/2012, 2-1(102)- 3440/2019 saylı qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq həmin ərazidə qarajların hər kvadrat metrinə görə kompensasiyanın məbləğinin 300 manatdan hesablanmasını məqsədəuyğun hesab edir. Belə olan halda məhkəmə, ümumi sahəsi 28,8 kv.metr olan 52 nömrəli qaraja görə 8640 manat (28,8 x 300) və ümumi sahəsi 20,4 kv.metr olan 92/13 nömrəli qaraja görə 6120 manat (20,4 x 300) olmaqla, ümumilikdə 14.760 manat məbləğində dəymiş ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qənaətinə gəlir. İddia 15240 manat kompensasiyanın tutulması hissəsində təmin edilməməlidir. İş materiallarından görünür ki, qarajların bazar qiymətinin müəyyən edilməsi və müvafiq rəyin verilməsi üçün iddiaçı tərəfindən "xxxx" MMC-yə ümumilikdə 600 (altı yüz) manat xidmət haqqı ödənilmişdir. İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən, proses iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, iddiaçı vurulmuş ziyana görə cavabdeh inzibati orqana müraciət etməsinə və müvafiq mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsinin olmasına baxmayaraq, cavabdeh tərəfindən müraciəti əsassız olaraq təmin olunmadığından məhkəməyə müraciət etməsi nəticəsində prosessual xərclər yaranmışdır. Bu baxımdan həmin prosessual xərclərin ödənilməsi də cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia qismən təmin edilsin. “Kaspiets-2” kooperativində yerləşən İddiaçı məxsus olmuş ümumi sahəsi 28,8 kv.metr olan 52 nömrəli qaraja görə 8640 manat, ümumi sahəsi 20,4 kv.metr olmuş 92/13 nömrəli qaraja görə 6120 manat olmaqla, iddiaçıya ümumilikdə 14.760 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə yaranmış 600 manat prosessual xərc cavabdeh Bakı Şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar