Məhkəmə qərarları › İş №2-1(112)-30/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-30/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-30/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X8, X9, X5, X6, X1, X2 və İddiaçı və X4) “paylı mülkiyyətdə olan fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Üçüncü şəxslər X4 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8, X9, X5, X6, X1, X2 və X4) “paylı mülkiyyətdə olan fərdi yaşayış evinə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan iddiaçıya məxsus 2b mənzilinə ayrıca çıxarın veriməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ev iddiaçının və qeyrilərinin paylı mülkiyyətindədir. İddiaçının müraciətinə sasən onun payına düşən evə Bakı şəhər İH tərəfindən ayrıca ünvan verilmişdir. (Neftçi küçəsi,2b ) Bildirmişdir ki, onun payında olan fərdi ev digərlərindən tam təcrid olunub onlarla heç bir əlaqəsi və aidiyyətı yoxdur. İddiaçı ona ayrıca çıxarış verməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh 25.04.19 tarixli məktubu ilə ona imtina cavabı vermişdir. Cavabdeh öz imtina cavabını onunla əsaslandırmağa çalışaraq bildirmişdir: “ünvan 4 ünvanda yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evinə ayrıca dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** nömrəl xx.xx.2016-cı il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən fərdi yaşayış evinin sizə məxsus hissəsi ilə digər payçıya məxsus hissə bir dam altında yerləşir. Nəzərinizə çatdırırıq ki, yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Həmçinin bildiririk ki, ərizəyə əlavə edilən Orjanakidze Xalq Məhkəməsinin 2- 287/1987-ci ıl tarixli qətnaməsi ilə 1 saylı Bakı Ərazi idarəsinin üzərinə öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. İddiaçı bu imtinanı inzibati orqanın qanunsuz hərəkəti hesab edir. Belə ki, hündürmərtəbəli evlərin də bir dam örtüyü və bəzi hissələrdə bir aparıcı divarları olur. İddiaçı ilə birgə pay sahibləri arasında dəfələrcə narazılıqlar yarandığından o, öz mülkiyyətindən qanuni istifadə hüquqlarından tam həcmdə istifadə edə bilmədiyini qeyd etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2349/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən X8, X9, X5, X6, X1, X2 və İddiaçı üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2349/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən X4 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2349/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-165/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir. 3-cü şəxs X8 məhkəmədən, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan iddiaçıya məxsus 2b mənzilinə ayrıca çıxarışın veriməsi və Ordjanakidze Xalq Məhkəməsinin 2-287 saylı xx.xx.1987 tarixli qərarını rəhbər tutaraq naturada bölgüsünün rədd edilməsini xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Şəhərsalma və Memarlıq Baş İdarəsinin xx.xx.2005-ci il tarixli məktubu; - cavabdehin inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtina edilməsi barədə xx.xx.2019-cu il tarixli imtina məktubu; - xx.xx.2017-ci i tarixli texniki pasport; - RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il tarixli çıxarışın surəti; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyi; - xx.xx.2022 ci il tarixli 10/4754 saylı ekspert rəyi

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırki mübahisə mahiyyət etibarı ilə ünvan 2 ünvanında yerləşən paylı mülkiyyətdə olan, ona məxsus ünvan 2B mənzilinə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq, xx.xx.2019cu il tarixli məktubunda qeyd etmişdir ki, sözügedən fərdi yaşayış evinin sizə məxsus olan hissəsi ilə digər payçılara məxsus hissə bir dam altında yerləşir. Yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarətdir. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün deyildir. İş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə fərdi yaşayış evinə ünvan təyin edilməsi ilə bağlı olaraq müraciət etmiş, müraciətinə cavab olaraq İdarə tərəfindən xx.xx.2005-ci il tarixli məktubla bildirilmişdir ki, Suraxanı rayonu, Əmircan qəsəbsi, Neftçi küçəsi, 2 nömrəli evin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Qeyd edilənləri nəzərə alaraq mülkün ünvanı dəyişdirilərək ünvan 7dilmişdir İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı adına Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçi küçəsi, ev nömrə 2 ünvanında yerləşən mənzilə dair DƏDRX tərəfindən xx.xx.2007-ci il tarixli texniki pasport tərtib edilmişdir. İş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın ümumi sahəsi 366,0 kvadrat metr göstərilmiş və həmin evdən mənzil almış şəxslərin (paylı mülkiyyətçilərin), həmçinin iddiaçının ( 2/8 payı olmaqla) adları qeyd edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, verilmiş RX seriyalı, ******* qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 366,0 kvadrat metr olan fərdi yaşayış evi (yerləşdiyi 0,04553 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü istifadə) paylı mülkiyyətində olmaqla 4 nəfərin adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Paylı mülkiyyətdə olan fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir və müvafiq qaydada təsdiq edilmiş bölgü sxemi mövcud deyildir.Həmçinin paylara müvafiq olaraq bölgüyə dair digər payçıların (üçüncü şəxslərin) razılıqları mövcud deyildir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, texniki baxış zamanı məlum oldu ki, “A” literli fərdi yaşayış evi bir dam altında yerləşir və vahid konstruktiv yükgötürən divarlara malikdir. Ümumi ərazi mişar daşı ilə bir neçə hissəyə bölünüb. Hər hissənin küçəyə ayrıca giriş-çıxışı var. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən ayrı-ayrılıqda ünvan verilməsi mümkün deyil. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4754 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, - Texniki baxış zamanı məlum oldu ki, “A” literli fərdi yaşayış evi bir dam altında yerləşir və vahid konstruktiv yükgötürən divarlara malikdir. Ümumi ərazi mişar daşı ilə bir neçə hissəyə bölünüb. Hər hissənin küçəyə ayrıca giriş-çıxışı var. Konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən ayrı-ayrılıqda ünvan verilməsi mümkün deyildir. İş materiallarında olan Ordjanakidze Xalq Məhkəməsinin 2-287 saylı xx.xx.1987-ci il tarixli Qərarına əsasən İddiaçı ilə cavabdeh X3 məxsus yaşayış evinin həyətindən istifadə qaydası müəyyən edilmişdir. Həyət daş hasarla iki hissəyə ayrılmışdır. İş materiallarında olan Əzizbəyov Xalq Məhkəməsinin xx.xx.1984-cü il tarixli qərarına əsasən Bakı şəhəri,Suraxanı rayonu, Əmircan qəsəbsi, Neftçi küçəsi, 2 nömrəli evin ¼ payı üzərində İddiaçı şəxsi mülkiyyət hüququ tanınmışdır. Həmin evdən payına uyğun olaraq 3 otaqlı yaşayış otağı real istifadə üçün İddiaçı ayrılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aparılması zamanı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməlidir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsinin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin “Qaydalar”ın 3.2-ci bəndinə əsasən daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə müvafiq olaraq əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, ünvan 10 ünvanında yerləşən paylı mülkiyyətdə olan fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşdiyindən, konstruktiv cəhətdən vahid olan bina iki əsas tikiliyə bölünə bilmədiyindən, yəni tənasübsüz zərər vurulmadan ayrılması mümkün olmadığından, həmin əmlakın bölünməsinə dair digər payçıların razılığı olmadığından, müvafiq qaydada təsdiq edilmiş bölgü sxemi olmadığından iddia tələbi təmin oluna bilməz. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyətdə olan iddiaçıya məxsus 2b mənzilinə ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasınına dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar