Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3003/2024 31.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi “mənzilə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) “mənzilə dair iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 31 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Departamentinin xx.xx.2007-ci il tarixli 60 №-li əmrinə əsasən Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi 12 saylı evin sahəsi 35,5 kv.m olan 2 otaqdan ibarət 10-cu mənzilinin şəxsi hesabı 5 nəfər ailə üzvü ilə (özü, qızı-X2, anası-X8, bacısı-X12, bacısı qızı-X5) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsi bağlanılması, X14 adına olan şəxsi hesab vərəqinin bağlanılması və vətəndaş İddiaçı (bundan sonra – iddiaçı) adına yeni şəxsi hesab vərəqəsinin açılması MKXD-nin 19 saylı MİS-nə tapşırılması əmr edilmişdir. Həmin mənzildə iddiaçının ailə üzvləri X8 (xx.xx.1952), X3 (xx.xx.2006), X4 (xx.xx.2002) və X6 (xx.xx.1993) pasport qeydiyyatındadırlar və yaşayırlar. X8, X4, X6 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, mübahisəli mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etmirlər. İddiaçı mübahisəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedci sənəd təqdim ediləmişdir…”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 12 saylı evin sahəsi 35,5 kv.m olan, 2 otaqdan ibarət, 10 saylı mənzili iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, mənzilin icarədarı X11muşdur. Aqişev Ravil xx.xx.2005-ci il tarixində vəfat etdiyi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin xx.xx.2007-ci il tarixli, 60 saylı əmri ilə şəxsi hesab dəyişdirilmiş və mənzilin şəxsi hesabı iddiaçının adına dəyişdirilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, mənzilə dair təqdim edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin 60 nömrəli Əmri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun deyil. İddiaçının İdarəyə müraciəti zamanı təqdim etdiyi orderdə möhür oxunmadığından orderin hansı orqan tərəfindən verildiyini müəyyən etmək mümkün olmamış və orderin arxiv arayışı təqdim edilməmişdir. İddiaçının İdarəyə müraciəti zamanı küçə “E.Əzimov” qeyd edilmiş, lakin təqdim edilən sənədlər “E.Əzizov” küçəsində yerləşən mənzilə aiddir. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş xx.xx.2023-cü il tarixli yerli müayinə zamanı mənzilin ümumi sahəsinin faktiki ölçüsü 45 kv.m olduğu və 2 mərtəbəli yaayış binasının 1-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək iştirakı olmadan işə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə yaşayır. Həmin mənzil Dövlət Neft Şirkətinin balansında olmuş və mənzilə dair şəxsi hesab vərəqəsinin iddiaçının adına dəyişdirilməsi ilə bağlı ARDNŞ Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Departamentinin xx.xx.2007-ci il tarixli 60 №-li əmri mövcuddur. Hazırda iddianı qaldırmaqda iddiaçının hüquqi marağı həmin mənzilə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın verilməsinə yönəlmişdir. Cavabdeh mənzilə dair iddiaçının hüquqmüəyyənedici sənəd təqdim edilməməsi əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Bu növ iddialarda ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsi və işin hallarının həmin normanın dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.11-ci maddələri və Mənzil Məcəlləsinin 146-cı maddəsi təşkil edir. Həmin normalara görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Sadalanan normalardan göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahələri; 1) müvafiq icra hakimiyyəti orqanının (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları) sərəncamı; 2) order; 3) və ya mənzil kirayəsi müqaviləsi ilə verilir və qeyd edilən hər üçün sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Məhkəmə qeyd edir ki, hər üç sənəd birlikdə deyil, ayrı-ayrılıqda hüquqmüəyyənedici sənəd hesab edilir. İddiaçı mənzillə bağlı orderə və ARDNŞ-in əmrinə istinad edir. İddiaçının əslini məhkəməyə təqdim etdiyi orderdən müəyyən edilir ki, 227 № li, 2.12.1934-cü il tarixli orderə əsasən Neft şirkətində sürücü işləyən Şərif Aqişevə 35.5 kv.metr sahəsi olan 10 №-li mənzil verilmişdir. Cavabdeh İdarə həmin orderi mötəbər sənəd kimi qəbul etməyərək bildirmişdir ki, orderin hansı orqan tərəfindən verildiyi məlum deyildir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqdim edilən sübut, yəni 227 saylı order işdə olan digər sübutlarla yanaşı qiymətləndirildikdə həmin orderin mötəbərliliyi şübhə doğurmur. Belə ki, mənzilin əvvəlki balanssaxlayıcısı olan ARDNŞ tərəfindən mənzilin şəxsi hesab vərəqəsinin iddiaçının atası X15 adından iddiaçının adına dəyişdirilməsi, iddiaçının atasının mənzilin əvvəki icarədarı olması təqdim edilən orderin həqiqətən mövcud olması, mübahisəli mənzilin iddiaçının və ailə üzvlərinin sahiblik və istifadəsində olması, həmçinin hazırkı balansaxlayıcı olan müvafiq icra hakimiyyətinin orqanları tərəfindən iddiaçını mənzilə sahiblik və istifadə hüququnun tanınması təqdim edilən orderin həqiqətən də verildiyini və mənzillə bağlı iddiaçının hüquqlarının mövcudluğunu təsdiq edir. Həmçinin iddiaçının mübahisəli mənzillə bağlı hüquqları mənzildə 2009-cu ildən əvvəl yaranmışdır. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. Məhkəmə cavabdehin iddiaçının müraciəti zamanı mübahisəli mənzilin yerləşdiyi küçənin “E.Əzimov” qeyd edilməsi bağlı qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 12 saylı evin sahəsi 35,5 kv.m olan, 2 otaqdan ibarət 10 saylı mənzilə dair iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi tələbini irəli sürmşdür. Qeyd edilən hal texniki səhv olmaqla tələbin dəqiqləşdirilməsi ilə aradan qalxmışdır. Cavabdehin etirazında qeyd etdiyi mənzilin faktiki ölçüsünün 45 kv.metr təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdə mənzilin sahəsi 35.5 kv.metr olduğundan iddiaçı həmin sahəyə uyğun olaraq tələb irəli sürmüşdür. Mübahisəli mənzilə hüququn dövlət reyestrində qeydə alınarkən mövcud vəziyyətə uyğun olaraq hüquqmüəyyənedici və texniki sənədlərin tərtib edilməsi cavabdehin vəzifəsi olmaqla, göstərilən hal iddiaçının müraciətini təmin etməkdən imtina üçün əsas deyildir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, E.Əzizov küçəsi, 12 saylı evin sahəsi 35,5 kv.m olan, 2 otaqdan ibarət, 10 saylı mənzilinə dair İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-3003/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3003/2024
31.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver