Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3004/2023 10.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 1969cu ildən əmək fəaliyətinə başlamış və müxtəlif təşkilatlarda, o cümlədən 1973-cü ilin oktyabr ayından 1983-cü ilin sentyabr ayınadək 10 il müddətində Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin Əsaslı Tikinti İdarəsində mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. Əmək kitabçası itdiyindən, onun dublikatını almışdır. Lakin dəfələrlə həm Bakı ŞİH-ə, həm Milli Arxiv İdarəsinə müraciət etsə də, arxiv sənədini ala bilməmişdir. Hər iki qurumdan bildirilmişdir ki, 1973 – 1983-cü illərə dair arxiv sənədləri saxlanılmır. 19 dekabr 2008-ci il tarixdən 25 yanvar 2022-ci il tarixədək olan dövr ərzində isə Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsində dövlət qulluqçusu kimi məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2002-ci il tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları»nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısının 1-ci bəndinə əsasən aparılmışdır. Adıçəkilən Siyahının 1.20-ci bəndində Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aparatında mövcud olmuş bütün ixtisaslardan mühəndis vəzifəsi İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Bakı ŞİH başçısı Aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. İddiaçı Fövqəladə Hallar Nazirliyinin Əsaslı Tikinti İdarəsindən pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduqdan sonra ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin 1973 – 1983-cü illərin dövlət qulluqçusu kimi stajına əlavə olunmasından DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtina etmişdir. Əmək kitabçasının dublikat olmasına və təsdiqedici arxiv sənədini əldə edə bilməməsinə əsaslanaraq «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 23.2-ci maddəsinə əsasən mənim dövlət qulluğu stajı 15 ildən az (yalnız Fövqəladə Hallar Nazirliyində çalışdığı 13 il 1 ay 6 gün) olması qeyd olunaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmamışdır. Göstərilənlərə əsaslanaraq, iddiaçıya onun 1973 – 1983-cü illər üzrə iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarına uyğun olaraq, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən təsdiq olunması üçün müvafiq məhkəmə qərarının qəbul olunması xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını göstərməklə iddianın «iddiaçının 1973 – 1983-cü illər üzrə iş stajının dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini (dəqiqləşdirilməsini) qəbul etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filailının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdehin 11 may 2022-ci il tarixli məktubla ona bildirilmişdir ki, iddiaçının dövlət qulluğu stajı qanunvericiliklə tələb olunan 15 ildən az (13 il 1 ay 6 gün) təşkil etdiyi üçün ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericilik baxımından mümkün hesab edilməmişdir. Mərkəzi Filial hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11.1 və 20.11.2-ci maddələrinə və «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Təqdim edilən sənədlərə əsasən, İddiaçı dövlət qulluğu stajı 13 il 1 ay 6 gün (xx.xx.2008-xx.xx.2022) hesablanmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə görə şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmah, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya.orqanlarında xidmət etmiş olmalıdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İKnın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmamışdır. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanin arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İmtina məktubunda qeyd edildiyi kimi, göstərilən səbəblərdən iddiaçının 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis işlədiyinə dair qeydlər ona məxsus əmək kitabçasında öz əksini tapmadığından, onun dövlət qulluğu stajı 15 ildən az təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh inzibati orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 20.1 və 20.1.7-ci maddələrinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinin əvvəllər qüvvədə olmuş (Azərbaycan Respublikasının 23 fevral 2023-cü il tarixli Qanunu ilə yeni redaksiyada verilmişdir) tələblərinə görə bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: (8.1.3) əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı (2-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.6-cı bəndinə görə həmin Qanunun 8.1.3-cü maddəsində nəzərdə tutulmuş (3.6.1) Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir, (3.6.2) müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları, onlara bərabər tutulan orqanlar (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında X5 üzrə İdarələrarası Komissiyanın Katibliyi) və Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.15-ci bəndində 1991ci il oktyabrın 18-dək “Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatlarında”kı müəyyən vəzifələrin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda “Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında” müvafiq vəzifələrə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Həmin Siyahının 1.20-ci bəndinə əsasən 1991-ci il oktyabrın 18-dək Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin aparatında bütün ixtisaslardan olan böyük mühəndislər və bütün ixtisaslardan mühəndislər “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”nda Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə uyğundur. İş materiallarında olan iclas protokolundan görünür ki, hazırkı iş üzrə 17 aprel 2023cü il tarixli iclasında şahid qismində ifadə verən X7 qeyd etmişdir ki, İddiaçı ilə birlikdə 1977-ci ildən 1983-cü ilədək Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləmişlər. İddiaçı həmin İdarədə mühəndis işləmişdir. İş materiallarında olan X4 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1978 – 1989-cu illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləmişdir. İş materiallarında olan iclas protokolundan görünür ki, hazırkı iş üzrə 17 aprel 2023cü il tarixli iclasında şahid qismində ifadə verən X6 qeyd etmişdir ki, özü Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində şöbə rəisi işləmişdir, İddiaçı onun rəhbərlik etdiyi şöbədə 1978-ci ildən 1983-cü ilədək çalışmışdır. İddiaçı tutduğu vəzifə həmin İdarənin böyük mühəndisi olmuşdur. İş materiallarında olan X3 məxsus əmək kitabçasının surətindən görünür ki, o, 1979 – 1987-ci illərdə Bakı Şəhər XDS İk-nın Əsaslı Tikinti İdarəsində işləmişdir. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli dublikat əmək kitabçasının surətindən görünür ki, kitabçada onun 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis işləməsi barədə qeyd aparılmışdır. İş materiallarında olan İddiaçınnun əmək kitabçasından çıxarışın surətindən görünür ki, onun Bakı Şəhər XDS İK Əsaslı Tikinti İdarəsində 1973 – 1979-cu illərdə mühəndis işləməsi barədə qeydlər aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 26 may 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. İş materiallarında olan Bakı ŞİH başçısı Aparatının müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 20 iyun 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsinin 1973 – 1983-cü illərə dair sənədləri Bakı ŞİH-in arxivində saxlanılmır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”yə görə: - (1-ci bənd) Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. - (3-cü bənd) İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır; - (İİİ bölmə, 17-ci bənd) İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Məhkəmə qeyd edir ki, qanunvericiliyin normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara pensiya hesablanarkən onun işlədiyi hər hansı işin müddətini də nəzərdə tutur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq əmək fəaliyyəti dövründən (1973 – 1983-cü illər) sonrakı vaxtda, yəni 25 noyabr 1992-ci il tarixdən (AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qəbul edildikdən) qüvvədə olan qanunvericilik əmək kitabçası və ya onda müvafiq qeydlər olmadığı hallarda iş stajının digər vasitələrlə, o cümlədəm arayışlar, şahid ifadələri müəyyən edilməsini mümkün saymışdır. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı qüvvədə olmasa da, məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq, həmin norma iddiaçıya münasibətdə tətbiq edilməlidir. Məhkəmə vurğulayır ki, iddiaçıya məxsus əmək kitabçasında həmin sənəd “dublikat” olsa da, onun 1973 – 1983-cü illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis və böyük mühəndis vəzifələrində işləməsi əksini tapmışdır. Həmin qeydlərin hansı əsaslarla aparıldığı hazırda dəqiq müəyyən edilməsə də, məhkəmə icraatındakı şahid ifadələri müvafiq məlumatların həqiqiliyinə olan şübhələrin aradan qaldırılmasına da xidmət edir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçıya məxsus əmək kitabçasının dublikatındakı qeydlərin vaxtilə şahid ifadələri, arayışlar və ya digər vasitələrlə aparılması istisna olunmur və bu hal qanuna zidd də sayıla bilməz. Bundan başqa, iddiaçının təqdim etdiyi arayışın – əmək kitabçasından çıxarışın surəti də onun 1983 – 1979-cu illərdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində işləməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Bunlarla yanaşı məhkəmə xüsusilə diqqətə çəkir ki, pensiya təyinatı üzrə mübahisəli dövrün iş stajına hesablanmasını istisna edə biləcək xüsusat kimi müvafiq dövrdə Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində çalışmış şəxslərin siyahısı bu və ya digər şəkildə aşkar olunmamışdır. Belə olan halda məhkəmə işdə olan sübutları, o cümlədən şahid ifadələrini qiymətləndirərək belə qənaətə gəlir ki, İddiaçı Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində mühəndis kimi çalışması barədə ona məxsus əmək kitabçasındakı qeydlər qeyri-mötəbər sayıla bilməz. İddiaçıya məxsus olmuş əmək kitabçasından çıxarışın surətində onun 1973 – 1979cu illərdə həmin İdarədə işləməsi barədə qeydləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 17-ci bəndinin tələbləri nəzərə alınmaqla, iddiaçının əmək kitabçasındakı 1973 – 1983-cü illər üzrə stajının 1973 – 1979-cu illərə aid hissəsi (Əsasnamənin 17-ci bəndinə müvafiq olaraq, pensiya təminatı üçün tələb olunan iş stajındanın yarısından az həddədir) cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən 13 il 1 ay 6 gün dövlət qulluğu stajına əlavə edildikdə, onun dövlət qulluğu vəzifəsində 15 ildən artıq iş stajı toplanmış olur. Məhkəmə mübahisənin xarakterini, təqdim olunmuş sübutların ayrılıqda yükünü və işin digər hallarını nəzərə almaqla iddiaçının “dublikat” əmək kitabçasında Bakı Şəhər XDS İK-nın Əsaslı Tikinti İdarəsində 1973 – 1983-cü illərdə işləməsi barədə qeydlərin 1980 – 1983-cü illərə aid hissəsinin iş stajına daxil edilməsini məqsədəmüvafiq saymır. Lakin bütün bunların məcmusunda belə nəticə yaranır ki, İddiaçı 15 ildən artıq dövlət qulluğu vəzifələrində çalışmış şəxs kimi yaşa görə əmək pensiyası hüququ yaranır. Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqanın imtinası qanuna, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 11, 12, 24-cü maddələrinin tələblərinə zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı 1973 – 1979cu illər üzrə iş stajı dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia qismən təmin edilsin. İddiaçı 1973 – 1979-cu illər üzrə iş stajı dövlət qulluğu vəzifəsində iş stajı kimi qəbul edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3004/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3004/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver