Məhkəmə qərarları › İş №2-1(112)-3005/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3005/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3005/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 2017-ci il tarixində 57 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya hüququnun yarandığı vaxtdan bu günədək ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində 57 yaşının 2012-ci ildə tamam olduğunu, texniki yanlışlıq olaraq, iddia ərizəsində 2017-ci il kimi qeyd edildiyini, iş fəaliyyətinin 1973-cü il sentyabr ayından başladığını, 1973-1974-cü illərdə Sabunçu Neft-Qaz çıxarma İdarəsində, Neft-Qaz Buruqlarında qazmaçı köməkçisi vəzifəsində işlədiyini göstərərək, qeyd olunanlara əsasən onun zərərli iş stajının 14 il 09 ay olmasının nəzərə alınaraq, ona 57 yaşının tamam olduğu 10.10.2012-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona, yəni xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) tərəfindən 10.04.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş yaşa görə əmək pensiyasının, təyin olunma vaxtının dəyişdirilməklə, ona 57 yaşının tamam olduğu 10.10.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və təyin olunduğu tarixdən 10.04.2020-ci il tarixədək yaranmış pensiya fərqinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 23 may 1974-cü tarixindən işə qəbul olmaq haqqında 413/k saylı əmrlə əmək fəaliyyətinə başlayaraq, işdən azad olma haqqında 15 noyabr 1974-cü il tarixli 1043/k saylı əmrlə “Leninneft” “Neft-Qaz Çıxarma İdarəsində” operator vəzifəsində, hərbi xidmətdə olduğu 27.11.1974-03.12.1976-cı ilə kimi müddət də daxil olmaqla, 24.03.1977-ci il tarixindən 23/c saylı əmrlə 22/s saylı 13.05.1987-ci il tarixli əmrlə 13.05.1987-ci il tarixinə kimi BBTİ 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində 3-cü, 4-cü dərəcəli çilingər (yeraltı su, qaz, istilik xətlərinin çəkilməsi üzrə), tikinti ustası və iş icraçısı vəzifələrində, 274-k saylı 25.05.1987-ci il tarxli əmrlə Bakı “Ulduz” hərbi zavodunda mühəndis vəzifəsinə qəbul olunub, 313-k saylı 29.03.1989-cu il tarxli əmrlə 31.03.1989-cu il tarixinə kimi həmin hərbi zavodda mühəndis, 03.04.1989-cu il il tarxindən 31.03.90-cı il tarixli, 45 saylı əmrlə X2 X5 Zavoduna daxil olub, 31.08.1990-cı il tarixli 97 saylı əmrlə 31.08.1990-cı ildə həmin zavoddan işdən azad olunana kimi mühəndis vəzifəsində işləmişdir. O, 1974-cü ildən 1990-cı ilə kimi onun zərərli sahələrdə 13 il 09 aydan artıq, ümumi iş stajı isə 32 ildən artıq olmaqla təşkil edir. “Əmək Pensiyaları haqqında” Qanunun tələblərinə əsasən 2006-cı ilə qədər ümumi əmək stajı 25 il və həmin stajın 12 il 06 ayı əmək fəaliyyəti zərərli işlə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarının 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Onun 57 yaşı 2012-ci ildə tamam olmuşdur. Onun ümumilikdə əmək stajı hal-hazırda 47 ildən artıqdır. Əmək stajının güzəştli sahələrdə müddəti 13 il 09 aydan artıq olduğundan onun 2006-cı il tarixində kifayət qədər əmək stajı vardır ki, 57 yaşında güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. O, 23.05.1974-cü il tarixindən hərbi xidməti də daxil olmaqla 31.08.1990-cı il tarixinə kmi “Leninneft” “Neft-Qaz Çıxarma İdarəsində”, 12 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində, Bakı “Ulduz” hərbi təyinatlı zavodunda və X2 X5 Zavodunda operator, çilingər, mühəndis vəzifələri üzrə fəaliyyət göstərmişdir. O, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraçiətinin nəticəsi barədə 10 sentyabr 2021-ci il tarixində rəsmi cavab məktubu almış və həmin məktubda güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 17.10.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Üçüncü şəxs tərəfindən idda tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair **********7 №li 11 aprel 2022-ci il tarixli yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Belə ki, hazırki iş üzrə iddiaçı X4 ilk dəfə 10.06.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən 02.09.2021-ci il tarixli **********5 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatı üçün sənədlərin təqdim olunması haqqında” məktub göndərilmiş və sənədlərin təqdim olunmasının zəruriliyi qeyd edilmişdir: Şəxsiyyət vəsiqəsinin surəti; Ümumi iş stajını təsdiq edən sənədlərin əsli; “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə əmək fəaliyyəti ilə məşğul olunmasına dair iş yerinin arayışının əsli; Pensiya təyin edilməsi ilə bağlı ərizə. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə əmək fəaliyyəti ilə məşğul olunmasına dair iş yerinin arayışının əslini təqdim etməmişdir, arxiv arayışı tələb olunan məlumatları (vəzifənin uyğunluq təşkil etdiyi bənd, kodu) özündə əks etdirmədiyi üçün həmin arayışı əvəz etmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1955-ci ildə doğulmuş İddiaçı Bakı şəhəri, Binəqədi rayounda qeydiyyatdadır. Azərbaycan SSR Nazirlər Sovetinin X8 Təhsili Komitəsi tərəfindən 20.05.1974-cü ildə verilmiş 4057 №-li atestatın notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1973-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin X8 Təhsili Komitəsinin Bakı şəhəri texniki məktəbinə daxil olmuş və 15 may 1974-cü ildə texniki məktəbin Quyuların əsaslı təmiri üzrə qazmaçının köməkçisi sənəti üzrə tam kursunu bitirmişdir. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı 27.11.1974-cü ildən 27.11.1976-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Notarial qaydada təsdiq və tərcümə edilmiş 05.11.1974-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı “Leninneft” neft-qazçıxarma idarəsinə işə girənədək 01.09.1973-cü ildən 22.05.1974-cü ilədək X8 Təhsili Komitəsinin Bakı şəhəri texniki məktəbində təhsil almışdır. 23.05.1974-cü ildə “Leninneft” neftqazçıxarma idarəsinin 11 saylı rayon mühəndis-texnoloji xidmətində üçüncü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsinə qəbul edilmişdir (Əmr № 413/k, 23.05.1974); 14.11.1974-cü ildə Sovet ordu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir (Əmr № 1043/k, 15.11.1974); 27.11.1974-cü ildən 03.12.1976-cı ilədək hərbi xidmətdə olmuşdur; 24.03.1977-ci ildə “Bakıbaştikinti” Trestinin 12 nömrəli Təmir Tikinti İdarəsində 3-cü dərəcəli çilingər-santexnik vəzifəsinə qəbul edilmişdir (Əmr № 23/s, 24.03.1977); 08.05.1980-cı ildə maddi məsuliyyət müəyyən edilməklə müvəqqəti olaraq iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr № 28/k, 06.05.1980); 04.07.1980-ci ildə 4-cü dərəcəli çilingər vəzifəsinə keçirilmişdir (Əmr № 46/k, 24.07.1980); 15.05.1981-ci ildə maddi məsuliyyət müəyyən edilməklə müvəqqəti olaraq iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr № 34/k, 13.05.1981); 02.07.1984-cü ildə Tikinti ustası vəzifəsinə keçirilmişdir (Əmr № 34, 11.07.1984); 15.04.1985-ci ildə 4-cü dərəcəli çilingər-santexnik vəzifəsinə keçirilmişdir (Əmr № 38/k, 29.04.1985); 01.08.1986-cı ildə tikinti ustası vəzifəsinə keçirilmişdir (Əmr № 56, 29.07.1986); 19.05.1987-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 22/s, 13.05.1987); 25.05.1987-ci ildə Bakı “Ulduz” zavoduna mühəndis vəzifəsinə qəbul edilmişdir (Əmr № 274/k, 19.05.1987); 01.04.1988-ci ildə Quraşdırma məhsulları və geri qaytarma materialları ferritlər bürosunun müdiri vəzifəsinə keçirilmişdir (Əmr № 260/k, 29.03.1988); 31.03.1989-cu ildə keçirülmə qaydasında işdən azad edilmişdir (Əmr № 313/k, 29.03.1989); 03.04.1989-cu ildə “Ulduz” zavodundan keçirilməklə ETTİ “Neftqazçıxarma” Təcrübə Eksperimental zavoduna müdir müavini vəzifəsinə qəbul edilmişdir (Əmr № 45/, 31.03.1989); 31.08.1990-cı ildə “Arzu-2” kooperativinə keçrilməklə işdən azad edilmişdir (Əmr № 97/k, 31.08.1990); 31.08.1990-cı ildə “Arzu-2” kooperativinin sədri vəzifəsinə təyin edilmişdir (Əmr № 1, 31.08.1990); 01.07.1995-ci ildə işdən azad olunmuşdur. (Əmr № b/n, 01.07.1995); 01.07.1995-ci ildə “Gate East” Holdinq Beynəlxalq SC-də menecer-dekloraçıyaçı vəzifəsinə təyin olunmuş (Əmr № 3006/3-1, 30.06.1995); 14.05.1996-cı ildə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 1305/3-1, 13.05.1996); 15.05.1996-cı ildə AR DGK-nin “Azərterminalkompleks” Xarici iqtisadi birliyində Bəyanetmə üzrə Bakı şöbəsinin Xocahəsən bölməsinə bölmə rəisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 35, 15.05.1996); 07.07.2000-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 203, 07.07.2000); 12.07.2001-ci ildə “Azərtrans-1” Holdinq şirkətində Deklorasiya şöbəsinə şöbə müdirinin müavini vəzifəsinə qəbul edilmişdir (Əmr № 1207/1, 12.07.2001); 20.08.2002-ci ildə “Azərtrans-1” HŞ "xxxx" QSC adlandırılmışdır (Əmr № 2008/1, 20.08.2002); 10.01.2011-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 1001/01, 10.01.2011); 11.01.2011-ci ildə "xxxx" MMC-yə bölmə müdiri vəzifəsinə qəbul edilmişdir (Əmr № 03, 11.01.2011); 07.01.2014-cü ildə MMC-nin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisi vəzifəsinə keçirilmişdir (Əmr № 23/k, 07.01.2014); 17.03.2016-cı ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 17k, 17.03.2016); 18.03.2016-cı ildə "xxxx" MMC-yə kompyuter operatoru vəzifəsinə qəbul edilmişdir (Əmr № 09k, 18.03.2016); 01.10.2016-cı ildə MMC-də Bəyannamə tərtibatı üzrə müətəxəssis vəzifəsinə keçirilmişdir (Əmr № 23c, 01.10.2016); 05.02.2018-ci ildə "xxxx" MMC-dən öz xahişi ilə azad olunmuşdur (Əmr № 03k, 05.08.2018); 05.02.2018-ci ildə "xxxx" MMC-yə Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir (Əmr № 03, 05.02.2018); 12.03.2020-ci ildə "xxxx" MMC-dən öz xahişi ilə vəzifəsindən azad edilmişdir; 01.05.2020-ci ildə "xxxx" MMC-yə direktor vəzifəsinə qəbul olunmuşdur (Qərar, 01.05.2020). Azərbaycan Respublikası 11 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, “ünvan ixtisaslaşdırılmış Tikinti idarəsi bu fəaliyyət sahəsi olan Az. Res. Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarının 2№-li əlavə “Əmək Şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 2290000b-24441 iş icraçıları bəndinə əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 19.05.2021-ci il tarixli BA-02019-2021 №-li məktubda qeyd olunmuşdur ki, BBTİ 12 saylı Tikinti İdarəsinin natamam arxiv sənədlərinin şəxsi vərəqələrində xx.xx.1955-ci il təvəllüdlü İddiaçı oğunun 24.03.1977-ci il tarixli 23/s saylı əmrlə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul olunması, 13.05.1987-ci il tarixli 22/s saylı əmrlə 13.05.1987-ci il tarixdən öz xahişi ilə idən azad olması barədə məlumatlar mövcuddur. Əsas: Fond-BBTİ 12 saylı Tikinti İdarəsi, siy. 3s. iş 19, v.42. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 01.04.2022-ci il tarixli **********7 nömrəli məktubla məhkəməyə təqdim olunmuş İddiaçı aid 010761 №li pensiya işinin surətindən müəyyən olunur ki, ona 65 yaşının tamam olması ilə əlaqədar 10.04.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı 08.04.2021-ci il tarixli müraciətinə cavab olaraq, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 25.05.2021-ci il tarixli **********6 saylı məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22- 1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Təqdim etdiyi 05.11.1974-cü il tarixində tərtib edilmiş əmək kitabçasının surətində qeyd olunmuş 01.01.1992-ci il tarixindən 01.07.1995-ci il tarixinədək “Arzu-2” kiçik müəssisəsindəki və 01.07.1995-ci il tarixindən 14.05.1996-cı il tarixinədək “Gate East” Holdinqindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən sözügedən araşdırma nəticələndikdən sonra onun əmək pensiyasının yenidən hesablanmasına baxıla bilər. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat İdarəsi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli **********5 №li imtina məktubunda göstərilmişdir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti; ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; (əmək kitabçası, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanlar nəzərə alınaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) 10.10.2012-ci il tarixdə çatmışdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının əmək kitabçasındakı qeydlər, təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №li Qərarı ilə (23.01.2007-ci il tarixədək qüvvədə olmuş)“Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr: “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsində nəzərdə tutulmuşdur: 10.2. Neft, qaz və qaz kondensatının hasilatı- a) fəhlələr: neft və qaz hasilatı üzrə operatorlar; bundan əlavə “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi” adlanan 29-cu bölməsində nəzərdə tutulmuşdur: Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər a) bəndi tikinti çilingərləri b) bəndi “mütəxəssislər” tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 10.10.2012-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 02 sentyabr 2021-ci il tarixli **********5 №li məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana 10.06.2021-ci ildə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqi cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 iyun 2021ci il) əvvəlki illər üçün, yəni 10 iyun 2018-ci ildən 10.04.2020-ci il tarixədək hesablanaraq, ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 10.04.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada təyin olunmuş yaşa görə əmək pensiyasının, təyin olunma vaxtı dəyişdirilməklə, İddiaçı 57 yaşının tamam olduğu 10.10.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və iddiaçıya ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 iyun 2021-ci il) əvvəlki illər üçün, yəni 10 iyun 2018-ci ildən 10.04.2020-ci il tarixədək hesablanaraq, ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar