Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3005/2023 11.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciətin aidiyyəti üzrə göndərildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qadınlar üçün pensiya yaş həddi xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 62 yaş 6 ay müəyyən edilmişdir. Təqdim edilən əmək kitabçası və diplomun surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı dövr) 21 il 5 ay 26 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 9 ay 26 gün sığorta stajına uyğun olaraq 9613,20 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək 6401,24 manat olmaqla, ümumilikdə 16014,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1980-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının aktına əsasən əmək kitabçasının surətində qeyd edilmiş 3 nömrəli Horadiz qəsəbə şəhər kitabxanasının xx.xx.1980-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək sənədləri X6 İdarəsinin Füzuli rayon Mədəniyyət Şöbəsində saxlanılmadığı üçün əməkhaqqı ödənişlərini yoxlamaq mümkün olmadığından həmin dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajınının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006- cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. İddiaçıya xx.xx.2017-ci il tarixindən yaşa görə sosial müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir.
2. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona hüququnun yarandığı 20 may 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Füzuli rayonunda doğulmuşdur. Kitabxanaçılıq texnikomunu bitirdikdən sonra xx.xx.1980-ci ildə Füzuli rayonu mərkəzi kitabxanasında kitab işləmə şöbəsində kitabxanaçı vəzifəsində əmək fəaliyyətinə başlamış, xx.xx.1987-ci ildə Horadiz qəsəbə uşaq kitabxanasının müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə 3 saylı Horadis şəhər kitabxanasının müdiri vəzifəsindən azad edilmişdir, bu barədə əmək kitabçsında da qeydiyyatlar vardır. Hazırda pensiya yaşına çatdığına görə pensiya almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmiş, lakin xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi sənədlər X6 İdarəsinin Füzuli rayon Mədəniyyət şöbəsində saxlanılmadığı üçün həmin illər onun sığorta stajına daxil edilməmişdir. Hazırda sənədləri işğal altında olan ərazidə qaldığından və həmin illərdə işləməsini başqa yolla təsdiq etdirə bilmədiyindən məhkəməyə müraciət etmişdir.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinim təmin edilməməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı və ona əlavəni müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
9. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində qadınların yaş həddi 1 iyul 2021 – 30 iyun 2022 üzrə 62 yaş 6 aydır.
10. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2021 – 30 iyun 2022 üzrə qadınlara yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 62 yaş 6 ayının tamam olması 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması.
11. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə doğulmuş, 62 yaş 6 ayı xx.xx.2022-ci ildə tamam olmuşdur.
12. Deməli, iddiaçı ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş tələbini ödəyir.
13. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsi ilə bağlı məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11 il 9 ay 26 gün sığorta stajına uyğun olaraq 9613,20 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 6401,24 manat olmaqla, ümumilikdə 16014,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir (əmək kitabçasında qeyd olunan bütün dövrlər qəbul edildikdə belə, bu məbləğ tələb olunan pensiya kapitalından azdır).
14. Belə olan halda aydındır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2022-ci il tarixə azı 25 il sığorta stajı olmalıdır.
15. İşdə olan 604990 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1978-1980-ci illərdə Bakı kitabxanaçılıq texnikumunda təhsil almış, xx.xx.1980-ci ildə kitabxanaçılıq işi ixtisası üzrə tam kursu bitirmişdir.
16. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə X5 kitabişləmə şöbəsinə kitabxanaçı təyin edilmiş, xx.xx.1987-ci ildə Horadiz qəsəbə uşaq kitabxanasının müdiri vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.
17. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;...
18. İstinad olunan normalar nəzərə alınmaqla iddiaçıya məxsus sənədlərdəki dövrlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumilikdə 25 ildən çox (27 il 4 ay 1 gün) ümumi sığorta stajı vardır (üst-üstə düşən dövrlərdən yalnız biri nəzərə alınmaqla).
19. xx.xx.2006-cı ildən sonra qüvvəyə minmiş ƏPQ-nin 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
20. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin.
21. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək, xx.xx.2008-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək, xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək, 01,04.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək, xx.xx.2011-ci il tarixindən 01.01,2012-ci il tarixinədək, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək, xx.xx.2013-cü il tarixindən 0.01.2014-cü il tarixinədək, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək, xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək olan əmək fəaliyyət dövrü 9 il 8 ay təşkil edir.
22. Belə olan halda aydın olur ki, iş materiallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 4 ay 1 gün, xx.xx.2006-cı ildən xx.xx.2017-ci il tarixədək isə 9 il 8 ay iş stajı olmaqla, ümumilikdə 37 il 1 gün iş stajı mövcuddur.
23. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməyərək, 3 nömrəli Horadiz qəsəbə şəhər kitabxanasının xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək sənədləri X6 İdarəsinin Füzuli rayon Mədəniyyət Şöbəsində saxlanılmadığı üçün əməkhaqqı ödənişlərini yoxlamaq mümkün olmadığından həmin dövrü iddiaçının sığorta stajına daxil etməmiş və nəticədə iddiaçının 25 ildən az sığorta stajının olmasına istinad edərək, ona imtina cavabı vermişdir.
24. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Dövlət Sosial Müdafiə X13 Filialının Füzuli rayon qəbul şöbəsinin baş mütəxəssisi Elgiz Muxtarlı, Füzuli Rayon X2 direktoru Lətif Xudaverdiyev və X10 İdarəsinin Füzuli rayonu üzrə böyük mühasibi Cəmilə Əliyevanın iştirakı ilə akt tərtib edilmişdir ki, İddiaçı xx.xx.1980-ci il tarixdə X7 və xx.xx.1987-ci il tarixdə isə Horadiz qəsəbə kitabxanasına müvafiq vəzifələrə təyin edilməsi barədə əmrlər, 1988-ci ilədək olan əmrlərin işğal zonasında qalması ilə əlaqədar olaraq Füzuli rayon X2 arxivində saxlanılmadığı üçün doğruluğunu yoxlamaq mümkün olmadı. İddiaçı xx.xx.1996-cı ilədək əmək haqqı alması faktının doğruluğunu isə işğal dövrünə aid sənədlərin X6 İdarəsinin Füzuli Rayon Mədəniyyət şöbəsində saxlanılmadığı üçün yoxlamaq mümkün olmadı. İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əmək haqqı alması faktının doğruluğu KRMİ-nin Füzuli RMŞ-də həmin dövrə aid saxlanılan aylar üzrə əmək haqqı cədvəllərinə əsasən yoxlanıldı və təsdiq edildi.
25. Göründüyü kimi, cavabdehin nümayəndələri yerində yoxlama aparmış, lakin xx.xx.1980-ci il tarixdən xx.xx.1996-cı il tarixədək sənədlər olmadığından iddiaçının həmin dövrdə əmək haqqı alıb almamasını müəyyən edə bilməmiş, buna görə də həmin dövrləri sığorta stajına daxil etməkdən imtina etmişlər.
26. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən zəruri sorğular verilmiş, X15 filialı xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, iddiaçının 1980-ci ildə işlədiyi Füzuli Rayon Mərkəzi Kitabxanasının, 1987-ci ildə işlədiyi Horadiz qəsəbə uşaq bağçasının sənədləri və Rayon Mədəniyyət Şöbəsinin 1980-2002-ci illərə aid sənədləri X15 filialına təhvil verilməmişdir.
27. Lakin işdə olan X6 İdarəsinin Füzuli Rayon X2 xx.xx.2023-cü il tarixli 3 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.2017-ci il tarixədək Füzuli rayon X3 işləmiş və əmək haqqı almışdır.
28. Həmçinin Füzuli Rayon X2 xx.xx.2023-cü il tarixli 4 nömrəli məktubunda qeyd edilmişdir ki, 1993-cü ildə məlum səbəbdən Füzuli rayonunun işğalı zamanı X4 məxsus əmr kitablarının işğal olunmuş ərazilərdə qalması səbəbindən iddiaçıya məxsus əmək kitabçası Mədəniyyət şöbəsinin xx.xx.2002-ci il tarixli 64 saylı şahidçilik aktı ilə təsdiq edilmişdir.
29. Məktuba əlavə edilmiş həmin aktdan görünür ki, Füzuli Rayon X2 işçiləri X9, X14 və X11 xx.xx.2002-ci il tarixdə akt tərtib etmişlər ki, həqiqətən X12 xx.xx.1980-ci il tarixdən Füzuli rayon MKS-nin kitabişləmə şöbəsində kitabxanaçı və xx.xx.1983-cü il tarixdən isə Horadiz qəsəbə Uşaq kitabxanasının müdiri vəzifələrinə təyin olunmasına şahid olmuşlar.
30. Məhkəmə qeyd edir ki, Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cü maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
31. Həmin normaya əsasən qəbul edilmiş və aktın tərtib edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
32. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Əsasnamənin 16-cı bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir.
33. İşdən görünür ki, iddiaçının 1980-1993-cü illərdəki iş stajı barədə sənədlərini hərbi əməliyyatlarla əlaqədar əldə etmək mümkün deyildir.
34. Belə olan halda həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının müvafiq iş stajı Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilməli olduğu halda, işdən görünür ki, bu dövr xx.xx.2002-ci ildə İddiaçı işlədiyi müəssisənin işçiləri tərəfindən tərtib edilmiş akt əsasında müəyyən olunmuş və buna uyğun olaraq əmək kitabçasında müvafiq qeyd aparılmışdır.
35. Məhkəmə hesab edir, iddiaçının əmək kitabçasındakı qeydlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən deyil, müəssisənin işçiləri tərəfindən şahid aktı əsasında müəyyən edilməsi onun səlahiyyətində və məsuliyyətində olmamışdır.
36. İddiaçının işlədiyi müəssisə, həmin akt, həmçinin 1996-cı ildən etibarən mövcud olan əmək haqqı cədvəlləri onun əmək kitabçasındakı qeydlərin həqiqətə uyğun olduğunu təsdiq edir.
37. Məhkəmə qeyd edir ki, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır.
38. Lakin iş materialları ilə əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilmir, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut təqdim edilməmişdir.
39. Bundan əlavə, Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1020/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı).
40. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.1980xx.xx.1996-cı illərdəki əmək fəaliyyəti dövrünü şübhə altına alan heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, onun həmin dövrü iddiaçının sığorta stajına daxil etməməsi qanunsuz olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
41. Həmin dövrü sığorta stajı kimi qəbul etdikdə isə müəyyən olunur ki, iddiaçının xx.xx.2022-ci il tarixə 25 ildən çox, 37 il 1 gün sığorta stajı mövcuddur. Deməli, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan hər iki şərti ödəmişdir.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 62 yaş 6 ayının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova