Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3007/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.04.2017-ci il tarixdə ona təyin olunmuş ikinci dərəcəli əlillik qrupunun müddətinin müddətsiz olaraq təyin edilməsi haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEK-nın qərarı ilə ona 14.04.2017-ci il tarixdə 5 illik müddətdə - 14.04.2022-ci ilədək 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. O isə hazırda DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında 2008-ci ilin noyabr ayından yaşa görə əmək pensiyası alır. Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 №-li Qərarı ilə təsdiqlənmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.3-cü bəndinə əlillik dərəcəsidən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Göstərilənlərə əsasn iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının əlillik vəziyyəti Bakı Dəmir yol xəstəxanasının 14.04.2017-ci il tarixli 4083003AAB6K saylı göndərişi əsasında baxılmış və Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik qeyd edilməklə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4-cü bəndinə uyğun olaraq birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən isə 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir. İddiaçıya 14.04.2017-ci il tarixində ilkin əlillik təyinatı aparılmışdır, yəni ona müddətiz ikinci dərəcə əlilliyin təyin edilməsi üçün qanunvericiliklə tələb olunan fasiləsiz əlillik müddəti iddiaçının vəziyyətinə şamil olunmur. Həmçinin həmin Əsasnamənin 4-cü bəndinə uyğun olaraq ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda müddətsiz təyin edilir. Lakin iddiaçıya əlillik təyinatı aparılmasına əsas olmuş diaqnoz və xəstəlik qeyd olunan xüsusi hallar içərisində olmadığından iddiaçiya sözügedən əsasla da müddətsiz əlilliyin təyin edilməsi mümkün olmamış, iddiaçıya mövcud sağlamlıq vəziyyəti və qanunvericiliyin tələbləri nəzərə alınmaqla qanuni və əsaslı olaraq beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə doğulmuşdur. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 23.07.2021-ci il tarixli məlumatdan görünür ki, İddiaçı 14.04.2017-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik qeyd edilmişdir. Diaqnoz: Bronxial astma, infeksion allergik forma, tez-tez boğulma tutmalarla. Hormondan asılı. TÇ İİ, ağ ciyər emfizeması. Ürəyin xroniki işemik xəstəliyi, gərginlik stenokardiyası fs İİ, koronarokardioskleroz. Hipertoniya xəstəliyi İİ m, somatogen mənşəli İİ-li ensefalopatiya. Xroniki hepatit, xroniki pankreatit. Düz bağırsağın fistulasının ləğvi əməliyyatından sonrakı vəziyyət. Qeyri-spesefik prostatit, prostat vəzinin daşı, soltərəfli lyumboişalgiya, reaktiv poliartrit. İş materiallarında olan Əlillik altsistemindən çıxarışlardan görünür ki, İddiaçı ilkin olaraq 14.04.2017-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Səbəbi – hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik. Forma 88 - 4083003AAB6K, Bakı Dəmir Yol Xəstəxanası. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 17.11.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin 07.10.2021-ci il tarixli 2-1(112)-11230/2021 nömrəli sorğunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildiririk ki, İddiaçı əlillik vəziyyəti Bakı Dəmiryolu Xəstəxanasının 4083003AAB6K nömrəli göndərişi əsasında 14.04.2017-ci ildə qiymətləndirilmiş və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, rəsmiləşdirilmiş göndərişdə qeyd edilən “Bronxial astma, infeksion allergik forma, tez-tez boğulma tutmalarla, hormondan asılı. TÇ İİ, ağ ciyər emfizeması. Ürəyin xroniki işemik xəstəliyi, gərginlik stenokardiyası fs İİ, koronarokardioskleroz. Hipertoniya xəstəliyi İİ m, somatogen mənşəli İİ-li ensefalopatiya. Xroniki hepatit, xroniki pankreatit. Düz bağırsağın fistulasının ləğvi əməliyyatından sonrakı vəziyyət. Qeyri-spesifik prostatit, prostat vəzinin daşı, soltərəfli lyumboişalgiya, reaktiv poliartrit" diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəii qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq beş il müddətinə ikinci dərəcə əlillik təyininə əsas verir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus pensiya işində olan sənədlərdən görünür ki, 18.11.2008-ci ildə ömürlük yaşa görə (xidmət illər) əmək pensiyası təyin edilmişdir. Həmin sənədlərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən DSMF-na təqdim olunan Məlumat Vərəqinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 17.11.2008-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) əsasən tərxis olunmuşdur, təqvimi xidmət illəri 26 il 02 ay 22 gün, güzəştli xidmət illəri 08 il 10 ay 13 gün, cəmi iş stajı və xidmət illəri 35 il 01 ay 05 gün təşkil edir. İş materiallarında olan DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 4821 saylı arayışından görünür ki, İddiaçı yaşa görə 1994,78 manat məbləğində pensiya ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın; 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir; 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir; 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. O, 17.11.2008-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) əsasən hərbi xidmətdən tərxis olunmuşdur və 18.11.2008-ci ildə ona ömürlük yaşa görə (xidmət illəri) əmək pensiyası təyin edilmişdir. İddiaçının əlillik vəziyyəti Bakı Dəmiryolu Xəstəxanasının 4083003AAB6K nömrəli göndərişi əsasında 14.04.2017-ci ildə qiymətləndirilmiş və ona “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar" səbəbindən beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən tibbi göstəriş olan xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir, eləcə də ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir, bundan başqa, əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz müəyyən edilməsi üçün tibbi göstəriş olan xüsusi hal mövcud deyildir, bununla əlaqədar müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir. Bundan başqa, iddiaçıya ikinci dərəkə əlillik ilkin olaraq 14.04.2017-ci ildə təyin edilmişdir, həmin tarixdən 10 ildən az vaxt keçmişdir, iddiaçıya ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 ildən çox təyin olunması halı da mövcud deyildir. Hazırda iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.3-cü bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatan şəxs kimi ona əlilliyin müddət göstərilmədən təyin edilməsini xahiş edir. Qanunvericiliyin qeyd olunan normasından isə göründüyü kimi, bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatma tələb olunur. Lakin iddiaçıya 14.04.2017-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir və həmin tarixdə iddiaçı tələb olunan yaş həddinə çatmamışdır, qeyd olunan tarixdən sonra isə əlilliyin təyini olması üçün müvafiq tibb müəssisəsinin göndərişi verilməmişdir, təyin olunmuş əlillik isə 14.04.2022-ci ilədək qüvvədədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 4.3-cü bəndinin tələblərindən göründüyü kimi, əlillik dərəcəsindən asılı olmayaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. İddiaçı isə xx.xx.1964-cü il təvəllüdlü olmaqla (hazırda 57 yaş) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası almaq hüququ verən yaş həddinə çatmamışdır. İddiaçı hərbi qulluqçu olmuşdur və 17.11.2008-ci ildə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə (xəstəliyə görə) əsasən hərbi xidmətdən tərxis olunmuşdur, təqvimi xidmət illəri 26 il 02 ay 22 gün, güzəştli xidmət illəri 08 il 10 ay 13 gün, cəmi iş stajı və xidmət illəri 35 il 01 ay 05 gün təşkil edir və iddiaçıya 18.11.2008-ci ildə ömürlük yaşa görə (xidmət illəri) əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3007/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3007/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver