Məhkəmə qərarları › İş №2-1(112)-3007/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3007/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3007/2023 12.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətifoğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 1958-ci ildə Qubadlı rayonunda doğulmuşdur. 1978 – 1980-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən təxris olunduqdan sonra 1981 – 1991-ci illər ərzində Qubadlı Rayon Xəstəxanasında sürücü işləmiş, 1991-ci ilin may ayından könüllü olaraq N () saylı hərbi hissədə xidmətə başlamışdır. Xəstəxanada işləyərkən xidməti istifadəsində olan “Niva” markalı avtomobillə birlikdə onu Qubadlı rayonunda yerləşən N sayh hərbi hissəyə köçürmüşlər. Hərbi hissədə xidmət edərkən əsgərlərin keşik çəkdiyi yerlərə 1 iyul 1991-ci il tarixdə ərzaq məhsulları apararkən erməni dəstələri tərəfindən atəşə tutularaq hər iki qolundan və bədəninin müxtəlif yerlərindən güclü yanıq xəsarətləri almış və onu Qubadlı Rayon Xəstəxanasına, ertəsi gün isə Bakı şəhəri 5 saylı Xəstəxananın yanıq şöbəsinə yerləşdirmişlər. İki aydan artıq müalicə olunduqdan sonra Xəstəxanadan buraxılmışdır. Bir neçə ay yaralarının sağalmasını gözlədikdən soma yenidən hərbi hissəyə qayıdaraq N və N saylı hərbi hissələrdə hərbi xidmətimi davam etdirmişdir. 17 fevral 1992-ci il tarixdə iddiaçı ona təhkim olunmuş silahları ordudan təxris olunduqdan sonra aidiyyəti üzrə təhvil vermiş və bu barədə hərbi biletində müvafiq qeydlər aparılmış və möhürlə təsdiq olunmuşdur. Orduda xidmət etməsi, yaralanması barədə olan faktlar Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4838/2017 saylı iş üzrə 29 dekabr 2017-ci il tarixli qətnaməsi ilə də müəyyən olunmuşdur. “Müharibə veteranı” adı və müvafiq vəsiqənin verilməsi üçün qətnamə Müdafiə Nazirliyinə göndərilmiş, lakin Müdafiə Nazirliyi qətnaməni icra etmədən geri qaytararaq qətnamədə “müharibə veteranı” adı və müvafiq vəsiqənin verilməsi barədə Müdafiə Nazirliyi üzrərinə öhdəlik qoyulmadığı səbəbindən icra olunmadığını bildirilmişdir. İddiaçı ona “müharibə veteranı” adı və müvafiq vəsiqələrin verilməsi öhdəliyinin Müdafiə Nazirliyi üzərinə qoyulması tələbi ilə məhkəmədə iddia qaldırmış, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2264/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarı ilə onun iddiası təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2264/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarında göstərilir ki, tərxis olunma barədə hərbi biletdə qeyd yoxdur. Hərbi hissəyə qəbul barədə hərbi biletdə qeyd olmadığı halda çıxış necə ola bilər? İddiaçının hərbi xidmət keçməsi məhkəmə qərarı ilə müəyyən olunmuşdur. Həmin qətnamə bu gün də qüvvədədir. Bakı Apellyasiya Məhkəməsi qərarnı həmin məsələni araşdırmadan qəbul etmişdir. Məhkəmələrin belə ikili standartlı qərar qəbul etməsi təəssüf hissi doğurur. Azərbaycan Respublikası Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin həmin qərarını dəyişdirmədən saxlamışdır. Kassasiya şikayəti Ali Məhkəmənin icraatında olarkən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivindən 13 mart 2020-ci il tarixə imzalanmış 9/2-3409 saylı arxiv arayışı alınmışdır. Bu barədə Ali Məhkəməyə məhkəmə prosesində şifahi məlumat verilsə də ona bildirilmişdir ki, yenidən məhkəməyə müraciət etsin. İddiaçı həmin arxiv arayışının əslini bir daha Müdafiə Nazirliyinin nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərmişdir. Arxiv çıxarışı və arxiv arayışının əsli ona qaytarılmadan aldığı şablon cavab yenə iddiaçını qane etmədi. O, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Hərbi Prokurorluğuna və digər yuxarı instansiyalara müraciət etmişdir. Göstərilənlərə və «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin müddəalarına, İPM-in 2.2, 2.2.2, 33.1, 33.2, 35.1-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsaslanaraq, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə bildirilir ki, İddiaçı daha əvvəl analoji tələblə məhkəməyə müraciət etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2264/209 saylı iş üzrə 30 oktyabr 2019-cu tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təmin edilərək, birinci instansiya məhkəməsinin 30 oktyabr 2019-cu tarixli qərarı ləğv edilmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1689/2020 saylı iş üzrə 19 avqust 2020-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Beləliklə də, eyni tərəflər arasında, eyni predmet və eyni əsas üzrə iş artıq məhkəmə tərəfindən araşdırılmış və yekun qərar qəbul edildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsaslanaraq və İPM-nin 35, 47.2 və Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1,2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. MPM-in 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Həmin Məhkəmənin 2- 1(82)-2264/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-217/2020 saylı iş üzrə 16 yanvar 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin sözügedən 30 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1689/2020 saylı iş üzrə 19 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlanmış ərizəsinə baxılmış və ona 26 oktyabr 2020-ci il tarixli cavab məktubu ilə qaldırılan məsələnin (müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə) həllindən imtina olunmuşdur. Məktubda aşağıdakılar bildirilir: - Mərkəzi Arxivin 13 mart 2020-ci il tarixli 9/2-3409 nömrəli arayışına əsasən 17 aprel 1993-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə arxiv arayışlarında məlumat aşkar olunmadığına, Bakı şəhəri Xəzər Rayon Məhəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsində Müdafiə Nazirliyi tərəf kimi cəlb olunmadığına və üzərinə icrası məcburi olan öhdəlik qoyulmadığına, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə Müdafiə Nazirliyinin üzərinə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulmasına dair iddianın təmin edilməsi barədə qərarının ləğv edilməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin qərarının dəyişdirmədən saxladığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə və qeyd hissəsinə müvafiq olaraq komissiyanın 27 iyun 2018-ci il, 7 avqust 2020-ci il və təkrar 21 oktyabr 2020-ci il tarixli iclaslarında Sizə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildirilir ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Məhkəmə cavabdeh inzibati orqanın “iş üzrə icraata xitam verilməsi” ilə bağlı mövqeyi ilə razılaşmır və vurğulayır ki, hazırkı işin hallarına görə İPM-in 1.2-ci maddəsi və və MPM-in 261.0.2-ci maddələri tətbiq olunmaqla iş üzrə icraata xitam verilməsi yolverilən sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, işin halları ilə bağlı mübahisənin mümkünlük məsələsinə qiymət verilməsi üçün İPM-in müddəaları yetərlidir. Məhkəmə hazırkı işin faktiki hallarını mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək aşağıdakıları diqqətə çəkir: - İnzibati məhkəmə icraatında iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş bütün şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər, eləcə də inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Bu şərtlərdən biri də iddianın qanunla müəyyən edilmiş müddətdə verilməsidir. Ona görə də, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, iddianın iddia müddətinə dair normalara riayət olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. İPM-də “məcburetmə haqqında” iddialara münasibətdə iddia müddəti nəzərdə tutulmuş və bu müddət inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müəyyən edilmişdir. Hazırkı iş üzrə imtina barədə cavabdehin məktubu 26 oktyabr 2020-ci il tarixlidir və iddiaçıya həmin məktubun həmin ərəfədə deyil, daha sonralar təqdim edilməsi il bağlı məhkəmə icraatında hər hansı xüsusat ortaya çıxmır (iddiaçı bu barədə bildirməmişdir). Belə olan halda, iddia 1 il 11 aydan artıq müddət sonra qaldırıldığından, iddia müddəti ötürülmüş qiymətləndirilir. İPM-in 13-cü maddəsi baxımından buraxılmış prosessual müddətin bərpasına gəldikdə isə, hazırkı iş üzrə İPM-in 24.4-cü maddəsində göstərilən hallar (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar) olmadığından, müddətin bərpası barədə vəsatətin təqdim edilməsi iddiaçıya tövsiyə olunmamışdır. - İddiaçı əvvəllər də cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı eyni tələbi irəli sürərək eyni əsaslarla iddia qaldırmış və birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərarla iddia təmin olunsa da, yuxarı instansiya məhkəmələri tərəfindən həmin qərar ləğv edilmiş və iddia əsassız qiymətləndirilərək rədd edilmişdir. Cavabdeh inzibati orqan Müdafiə Nazirlıiyinə İddiaçı yenidən müraciət etməsinə baxmayraq, cavabdeh tərəfindən onun müraciəti üzrə yeni xüusatlar qiymətləndirilməmiş və yenidən icraat aparılmamışdır, əvvəlki məhkəmə mübahisəsinin nəticələri vurğulanaraq məsələnin həllindən imtina olunmuşdur. Belə olan halda, İPM-in 78-ci maddəsinin tələbi baxımından, iddiaya yenidən baxılması yolverilən sayılmır. İddiaçının təqdimetdiyi yeni sübuta gəldikdə isə, nəzərə alınmalıdır ki, bununla bağlı müvafiq ərizəyə İPM-in Xİİ fəslində təsbit edilmiş “yeni açılmış hallar üzrə icraat”la bağlı müddəalar üzrə baxıla bilər. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 15.5ci bəndində qeyd edilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar